Minimalizm: Azın gətirdiyi çoxluq

Minimalizm fəlsəfəsini ən gözəl izah edən fikirlərdən biri Platona məxsusdur: “Əsas məsələ, çox şeyə sahib olmaq deyil, az şey istəməkdir”. Bir çox insan tərəfindən ümumiyyətlə bilinməyən bu fəlsəfi baxışın formalaşma tarixi XIX əsr kimi göstərilsə də, əslində bundan daha əvvəlki dövr fəlsəfəsində də minimalist fikirlərə, ideyalara rast gəlinir (Platonun fikrindən də göründüyü kimi).

Məhşur filosof Diogeni ilk minimalistlərdən biri hesab etmək olar. Bundan başqa, Buddizm, Stoisizm, Taosizm, Xristianlıq və digər bir çox din və cərəyanlarda minimalist həyat tərzinin elementlərinə rast gəlmək mümkündür.

Bəs minimalizm nədir?
XIX əsrdə ilk növbədə sənət sahələrində özünü göstərən minimalizm, daha sonralar həyat tərzinə çevrilməyə başlamışdır. Bu fəlsəfi baxışın əsas ideyaları “Az çoxdur” şüarına əsaslanır. Minimalizm fəlsəfəsinin tərəfdarları sadəliyi tərənnüm edirlər. Ancaq bu sadəlik bəsitlik kimi başa düşülməməlidir. Əksinə, maddi asılılıqlardan imtina etmənin gətirdiyi mənəvi rahatlıq və ucalıq kimi anlaşılmalıdır.

Müasir dövrdə texnlogiyanın inkişafı, məhsul çeşidliliyi və s. kimi imkanlar insanları çoxsaylı seçimlərə vadar edir. Bu seçimlər istər əxlaqi, istərsə də vaxtın dəyərləndirilməsi baxımından çox vaxt faydasız olur.

Minimalizmin əsasında, maddiyyatçılıqdan imtina dayanır. İnsanların maddi nemətlərə (paltar, yemək, texnoloji avadanlıqlar və s.) olan asılılığı onların özlərini həqiqətən qiymətləndirməsinə imkan vermir. Belə ki, biz pul qazanmaq üçün çox işləyirik, buna görə də özümüzə ayırmaq üçün vaxt tapa bilmirik. Halbuki, maddi olanlardan imtina edib, özümüzü dəyərləndirməyə başlasaq həyat daha da mənalı olacaq.

Əgər dünyada maddi olan hər şey müvəqqətidirsə, onda qısa olan ömrünüzdə vaxtınızı və enerjinizi onlara xərcləməyə dəyərmi? Maddiyyatçı düşüncəyə sahib insanlar ömür boyu işləyir, yaşamaq əvəzinə işləməyə qurban etdikləri həmin saatların əvəzində aldıqları pulları isə müvəqqəti olanlara xərcləyirlər.

Bu fəlsəfi baxış həyatınızdakı hər şeydən imtina etməyi deyil, sadəcə həqiqətən ehtiyacınız olan şeyləri istifadə etməyi ifadə edir. Bu fəlsəfəni öz həyat tərzinə çevirən insanlar adətən, yalnız ehtiyacları olan şeylər üçün pul ödəyirlər. Ancaq, ucuzluq naminə keyfiyyətsiz məhsullardan istifadə heç də düzgün deyil. Belə ki, onlar gələcək vaxtlarda sizin üçün daha böyük xərc və problemlərə səbəb ola bilər. Minimalist həyat tərzi sizə hər mənada keyfiyyətli və mənalı bir həyat təklif edir.

minimalizm
Minimalizm fəlsəfəsini həyatınızın istənilən sahəsində tətbiq edə bilərsiniz. Evinizdə, işinizdə, nitqinizdə, düşüncə tərzinizdə və s. Bəs bu fəlsəfi baxışı necə vərdişə çevirə bilərik? Bu fəlsəfə sadəliyin fəlsəfəsidir. Buna görə də, onu mənimsəmək və həyat tərzinə çevirmək üçün maddiliyə olan asılılığımızı aradan qaldırmalıyıq. Həddindən artıq paltara, əşyaya sahib olmamalı, danışığımızda və düşüncələrimizdə sadə olmalıyıq. Vaxtımızı mənasız yerə xərcləyən fəaliyyətlərdən uzaq dayanmalı, yeyib-içməyə, pul xərcləməyə aludə olmamalı, pul yığmaq əvəzinə dost yığmalıyıq.

Bəs biz necə edirik? Qonşunun qızı Iphone 8 alıb, mən də almalıyam və yaxud, filan mağazadakı donu alıb, universitetdəkilərlə “yarışmalıyam”, bu məkanda şəklim yoxdur, orda oturaq və s. kimi düşüncələrə qapılırıq. Ancaq, əslində əşyaların formasına yox, məzmununa dəyər verməliyik.

Telefon, paltar və yaxud yeməyin real funksiyası nədir? Bu cür mənasız və maddiyyatçı mübarizələr bizə stressdən başqa nə qazandırır? Ətrafınızda vaxtınızı, pulunuzu və enerjinizi xərclədiyiniz bir çox şeyin əslində dəyərsiz olduğunu görmək o qədər də çətin deyil.

Bütün bu fikirlərdən elə bir təsəvvür yarana bilər ki, bu fəlsəfi baxış xəsislik və ya aşağı həyat səviyyəsi deməkdir. Xeyr, əksinə minimalizm sizə həyatı düzgün və mənalı formada dəyərləndirməyə və yaşamağa kömək edir. Həddindən artıq əşyadan, paltardan və s. xilas olmaq, stressdən xilas olmaq deməkdir.

 
Ramilə Bayramova

0 şərh