Münasibətləri qoruya bilmirsiniz?

Əgər sizin şəxsi həyatınızda daimi partnyorlar kaleydoskopu varsa və siz heç cürə ikinci yarınızı tapa bilmirsinizsə, bunda sizin ananızın günahkar olması mümkündür. ABŞ-ın Ohio Universitetinin alimlərindən ibarət qrup bu nəticəyə gəlib. Bu məlumatlar Plos One elmi saytında dərc olunub.
24 il ərzində 7 min adam arasındakı romantik münasibətləri araşdıran sosioloqlar yetkin kişi və qadınların həyatları boyu sahib olduqları partnyorların, onların analarının sevgi əlaqələrinin sayı ilə əlaqəli tendensiya aşkar ediblər.
Münasibətləri qoruya bilmirsiniz?
Alimlər müəyyən ediblər ki, ana ilə hər yeni romantik münasibət onun övladlarının partnyorlarının sayını orta hesabla 6% artırır. Daha əvvəl aparılan araşdırmalarda boşanmış valideynlərin övladlarının tam ailədə böyüyənlərlə müqayisədə böyük ehtimalla boşanacaqları qeyd olunub. Lakin indi məlum olub ki, böyük uşaqların davranışına və həyat seçiminə valideynlərin boşanmasından çox, analarının davranışı təsir göstərir.
«Bəlkə də ola bilər ki, partnyorlarının sayı dəqiq olmayan analar yaxşı ünsiyyət qurmağı bacarmır, münaqişəli vəziyyətlərin öhdəsindən gələ bilmir və ya psixi pozuntularla bağlı problemləri var. Yuxarıda sadalananlardan hər biri münasibətləri poza və həyatda qeyri-sabitliyə gətirib çıxara bilər», — deyə araşdırmanın rəhbəri Claire Kamp Dush «Times»a müsahibəsində açıqlayıb.
«Hər konkret vəziyyətdə mexanizm nə olursa olsun, analar bu xüsusiyyətləri övladlarına ötürə bilərlər. Bu isə öz növbəsində uşaqların gələcəkdəki romantik münasibətlərini daha az sabit edir», Kapm Dush belə fikirləşir.
Nikaha meyllilik
Ailə münasibətləri və ailə problemləri ilə məşğul olan psixoloqlar və sosioloqlar çoxdandır ki, bəzi insanların digərlərinə nisbətən «nikaha daha meylli» olduqlarını iddia edirlər. Yəni, burada söhbət həmin insanların onları potensial partnyorları üçün daha cazibədar edən xüsusiyyətlərə sahib olmasından gedir.
Və bu məsələdə valideynlər sonuncu rolu oynamır, çünki onlar bizə öz genlərini ötürürlər və bizim üçün müəyyən həyat şəraiti yaradırlar, cütlük münasibətlərinin qurulmasında da ilk nümunə onlardır. Araşdırma zamanı Ohio Universitetinin alimləri müəyyən ediblər ki, depressiyadan əziyyət çəkən anaların uşaqları öz emosiyalarının öhdəsindən pis gəlirlər, digər insanlarla münasibətləri bərbaddır, onlarda empatiya (özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı) aşağıdır və onlarda mənfi münasibət (guya «bütün kişilər əclafdır» və ya «bütün qadınlar axmaqdır») üstünlük təşkil edir.
Bütün bunlar nəticədə depressiya əlamətlərinin yaranmasına gətirib çıxara bilər.
Bu cür əlamətlərə sahib olan insanların isə daha az sabit münasibətləri olur.  Xarakter xüsusiyyətləri irsən keçdiyinə görə, möhkəm münasibətlər qurmağı bacarmayan ana xüsusiyyətləri övladlara da ötürülə bilər.
Bununla yanaşı, üzüyumşaq, səmimi, mehriban, vicdanlı və əsəbi olmayan şəxslər arzuolunan partnyor olurlar və daha tez-tez sabit cütlük formalaşdırırlar.
Sosioloqların müəyyən etdiyi kimi, boşanmış valideynlərin övladları yetkinlik çağlarında evlənmək əleyhinə olmayıblar. Evlənməyə tələsməyənlər isə öz partnyorları ilə könüllü şəkildə birgə yaşayırdılar. Həmçinin qeyd olunub ki, kənardan münasibətləri yaxşı görünən ər-arvad nəticədə boşanıbsa, onların övladları da böyük ehtimalla onların yolunu davam etdirməyə hazırdırlar.
Lakin valideynləri arasında "çətin, amma sabit münasibətlər" şəraitində böyüyən uşaqlar nəticədə boşanmaya daha az meylli olurlar.
Münasibətləri qoruya bilmirsiniz?
Ayrılıq ağrısı ütü yanığına bərabərdir?
Nəyə görə, maliyyə aspektini nəzərə almasaq ayrılıq narahatlıq gətirir? Əgər münasibətlər pozulubsa və ya bitibsə, məgər ayrılıq yüngüllük gətirməməlidir?
Məsələ ondadır ki, Kolumbiya Universitetinin nevrobioloqları tərəfindən aparılan digər araşdırmada məlum olub ki, beynimiz münasibətlərin pozulmasını fiziki ağrı kimi qəbul edir.
Məsələn, yanıq zamanı yaranan ağrı kimi. Lakin bu o demək deyil ki, sevgilisindən ayrılmaq insana ütü yanığı kimi ağrı verir. Bu o deməkdir ki, beynimiz bunun da mühüm olması barədə informasiya ötürür. Alimlər hesab edir ki, bunun arxasında təkamül səbəbləri dayana bilər: ağrı fiziki təhlükə barədə xəbərdarlıq edir və bizi müdafiə tədbirləri qəbul etməyə məcbur edir.
Psixoloq Melanie Greenberg-in qeyd etdiyinə görə, heyvanlar dünyasında, tək olmaqdansa özü kimilərlə bir qrupda olaraq müdafiə olunmaq daha asandır. Buna görə də uzaq əcdadlarımızın dövründə sosial təcrid fərdin fiziki yaşaması üçün həmçinin təhlükə yarada bilərdi və biz bu günə qədər bunu öz rahatlığımız üçün təhlükə kimi qəbul edirik. Bununla yanaşı, statistika göstərir ki, Qərb ölkələrində boşanmaların və nigahsız yaşayanlar arasında ayrılıqların sayı artmaqda davam edir.
Hal-hazırda birgə yaşamaqdan imtina etməyin əsas səbəbləri hansılardır?
2010-2012-ci ildə Britaniyada keçirilən cinsi üstünlüklər və həyat tərzi barədə araşdımanın təhlilinə əsasən, ən geniş yayılmış səbəblər siyahısında aşağıdakılar yer alıb: münasibətlərin eroziyası, yadlaşmaq, qalmaqal və mübahisə, xəyanət, hörmət və anlayışın olmaması.
Bütün bu səbəblər münasibətin növündən, yəni qeydə alınmış nigah və ya sadəcə birgə yaşamaqdan asılı olmayaraq qeydə alınıb. Daha sonra səbəblər arasında ümimi maraqların olmaması, cinsi həyatda çətinliklər, uşağın olmaması, spirtli içki problemi və ya digər asılılıq yer alıb.
Ailədaxili zorakılıq münasibətlərin pozulmasında qadınlar tərəfindən səbəb kimi 4 dəfə artıq səslənib. Qadınların 15,9 faizi, kişilərin isə 3,7 faizi bunu səbəb kimi göstərib. 
 
 
Mənbə: bbc.com
 

0 şərh