İlk atom sualtı qayığı suya necə buraxıldı?

  • Hərb
21 yanvar 1954-cü ildə, tam 67 il əvvəl sualtı donanma irəliyə doğru böyük bir addım atdı. Həmin gün dünyanın ilk atom sualtı qayığı Konnektikut ştatındakı «Qroton» tərsanəsini tərk etdi. ABŞ prezidenti Duayt Eyzenhauer gəminin suya buraxılışında şəxsən iştirak etdi. Gəmi 1870-ci ildə yazılan Jül Vernin elmi fantastik romanındakı sualtı qayığın şərəfinə «Nautilus» adını aldı. Hazırda gəmi Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələrinin Sualtı Qüvvələrinin Muzeyinə çevrilib və «Qroton» limanında əbədi dayanacaqda saxlanılır. Hər il yüz minlərlə turist gəmini ziyarət edir.
İlk atom sualtı qayığı suya necə buraxıldı?
İlk dəfə məşhur fransız yazıçısı Jül Vern məşhur «Dənizin altında 20 min lye» adlı romanında sualtı gəminin döyüş istifadəsi ideyasını təbliğ edib. Bundan əvvəl məşhur intibah dahisi Leonardo da Vinci belə bir gəmi haqqında düşünmüşdü. 1870-ci ildə Jül Vern romanında suüstü gəmiləri xüsusi buynuzun köməyi ilə məhv edə bilən «Nautilus» adlı sualtı qayıq təsvir etmişdi. Elmi fantastika romanında nə torpedalar, nə də gəminin göyərtəsinə yerləşdirilə biləcək başqa silahlardan bəhs edilməyib.
Qeyd etmək lazımdır ki, sualtı qayıq hazırlamaq cəhdləri kifayət qədər uzun bir tarixə malikdir. Belə bir gəminin ilk modeli, 1620-ci ildə hollandiyalı mühəndis Kornelius van Drebbel tərəfindən ingilis kralı Ceymsin göstərişi ilə inşa edilib. Gəmi Londonda hazırlandı və Temzada uğurla sınaqdan keçirildi. I Pyotr zamanında Rusiyada belə bir gəmi inşasına uğursuz cəhd edildi. Sualtı donanma yalnız I Dünya müharibəsinin başlanğıcında tam çiçəklənməyə başladı..
Bu zaman kütləvi şəkildə həm su səthində istifadə edilə bilən dizel mühərriki ilə təchiz edilən sualtı qayıqlar, həm də suyun altında hərəkət etmək üçün hazırlanan elektrik mühərrikli qayıqlar meydana çıxdı. Gəminin batareyalarını doldurmaq üçün lazım olan elektrik enerjisini istehsal edən generator, gəminin dizel mühərrikinə qoşulurdu.
Birinci Dünya müharibəsi dövründə sualtı qayıqların sürətli inkişaf tempi bu döyüş gəmilərinin dənizdə çox nəhəng bir silaha çevrilməsinə səbəb oldu. Ümumilikdə, Birinci Dünya müharibəsi illərində döyüşən ölkələrin 600 sualtı qayığı 55 iri döyüş gəmisini (kreyser və linkorları), 105 esminesi və 33 sualtı qayığı batırdı. İkinci Dünya müharibəsi dövründə sualtı donanma daha böyük güc əldə etdi və bütün dəniz zolaqlarında fəal istifadə edildi.
II Dünya müharibəsi başa çatdıqdan sonra sualtı donanmanı yeni bir dövr gözləyirdi. Atom enerji stansiyası ilə təchiz olunan sualtı qayıqlar meydana çıxdı. İlk atom sualtı qayığı ABŞ-da inşa edildi. 21 yanvar 1954-cü ildə «Nautilus» gəmisi suya buraxıldı və 8 ay sonra ABŞ donanmasının silahlanmasına qəbul edildi. Ümumi uzunluğu 97 metr və eni 8.2 metr olan «Nautilus» sualtı qayığı dörd min tondan çox sututumuna malik idi. Bu sualtı qayıq suyun üzünə çıxmadan su altında qalmaq rekordunu (ABŞ Hərbi Dəniz Qüvvələri üçün) müəyyənləşdirdi və eyni zamanda 20 düyüm sualtı sürəti inkişaf etdirə bildi. Bundan əlavə, bu sualtı qayıq tarixdə ilk olaraq Şimal Qütbünün buzları altından keçməyi bacardı. Bu 3 avqust 1958-ci ildə baş verdi.

«Nautilus» sualtı qayığının tarixi
Əslində, sualtı qayığa ədəbi «Nautilus»un adı deyil, II Dünya müharibəsi döyüşlərində iştirak edən USS «Nautilus» (SS-168) adlı başqa bir ABŞ sualtı qayığının adı verilib. Yeni sinif sualtı qayığın inşasına ABŞ-da «atom donanmasının atası» olaraq bilinən admiral Hayman Q. Rikover rəhbərlik edirdi. ABŞ-ın «Nautilus» sualtı gəmisi dünyada ilk atom sualtı qayığı oldu və sonradan ABŞ-ın bütün sualtı qayıqları belə adlandırıldı.
Sualtı qayığın ABŞ Hərbi Dəniz Qüvvələrinə daxil edilməsindən dərhal sonra, II Dünya müharibəsi zamanı sualtı qayıqlarla mübarizədə çox böyük rol oynayan radar və sualtı qayıq əleyhinə təyyarələrin, bu qayıqlarla mübarizədə təsirsiz olduğu ortaya çıxdı. Sualtı qayığın batma dərinliyini tez dəyişdirməsi, sürətlə hərəkət etməsi, eləcə də sualtı vəziyyətdə uzun müddət qalması sualtı müharibə taktikasına yenidən baxılmasına səbəb oldu.
«Nautilus» XXI tipli alman sualtı qayıqlarına bənzəyirdi. Sualtı qayıq eyni yuvarlaq buruna və korpus formasına malik idi, o həmçinin 2 pərdən istifadə edirdi. Qayıq 8.2 metrlik böyük bir diametrinə görə geniş daxili həcmə malik idi. Sualtı gəminin gövdəsi qismən ikiqat idi, quraşdırılan reaktor üçün bir az genişlənməsi mövcud idi.
Sualtı qayıq, ön hissədən, ekipaj otaqlarından, kambuzdan, qayıq idarəetmə mərkəzindən, güc qurğusundan və sükan hissəsindən ibarət idi. «Nautilus» sualtı qayığının suda qalma həddi 16% təşkil edirdi. Sualtı vəziyyətdə qayıq 23 düyüm, suüstü vəziyyətdə isə 20 düyüm sürət inkişaf etdirə bilirdi.
Gəminin suüstü su tutumu 4157 ton, sualtında isə 4222 tondur. Uzunluğu 97 metrdir. Gəminin göyərtəsində quraşdırılan atom elektrik stansiyasının ümumi gücü 13800 at gücünə bərabərdir. Sualtı gəminin silahlanması 533 mm çaplı 6 torpedo qurğusundan və onların 26 torpedosundan ibarət idi.
Sualtı qayıq inşa edilərkən onun göyərtəsinə RGM-6 «Regulus» raketlərinin quraşdırılması ehtimalı nəzərə alındı, lakin bu layihənin çox yüksək mürəkkəbliyi səbəbindən onun üzərində işlər aparılmadı. «Nautilus» sualtı qayığının ekipajı 13 zabit və 92 dənizçidən ibarət idi.
Tamamilə yeni olan hər bir sinifin gəmisində olduğu kimi, «Nautilus» gəmisi ilə də hər şey rəvan getmirdi. Demək olar ki, ilk istismar günlərində sualtı qayıqda həll olunmayan bəzi problemlər ortaya çıxdı, onların ən böyüyü dəhşətli səs-küydən ibarət idi, buna naməlum güclü dalğalanma səbəb olurdu. «Nautilus» tərəfindən yaradılan dalğalar, qayıq gövdəsinin titrəyiş göstəricisinin təhlükəli həddinə yaxınlaşaraq təxminən 180 Hz tezlikdə gəmi korpusunun titrəməsinə səbəb olurdu. Bu titrəmələrin üst-üstə düşməsi sualtı qayığın rezonansına və məhvinə səbəb ola bilərdi.
Bundan əlavə, 16 düyümdən çox sürətlə hərəkət edərkən gəmi gövdəsinin çox yüksək vibrasiyası qeydə alındı. Artıq 8 düyüm sürətdə yaranan səs-küy və titrəmə torpedaların normal buraxılmasına və idarə olunmasına maneə törədirdi. 15-17 düyüm sürətdə gəmidə olan insanlar qışqırıqla danışmaq məcburiyyətində qalırdılar, əks təqdirdə bir-birlərini eşidə bilmirdilər. Belə yüksək səs-küy səviyyəsi 4 düyüm sürətlə RLS-i artıq yararsız hala gətirirdi. Bundan sonra sualtı gəmi «kar» olurdu, əlavə olaraq belə bir səs-küy sualtı qayığın düşmən tərəfindən aşkarlanmasını asanlaşdırırdı. ABŞ mühəndisləri istismar zamanı qazandıqları bütün bu mənfi təcrübəni, sonrakı layihələrin gəmilərini hazırlayarkən nəzərə aldılar.
Olduqca maraqlı bir hekayə «Nautilus» sualtı qayığı ilə əlaqəlidir. 3 avqust 1958-ci ildə qayıq rekord qırdı. Təxminən 100 saatlıq yürüşdə 3400 km məsafəni qət edən sualtı qayıq tarixdə ilk dəfə Şimal Qütbünə çatdı. ABŞ sualtı dənizçiləri Arktika buzunun 100 m altındakı dərinlikdən keçdilər. Bundan əlavə belə bir səyahət heyət və gəmidən uzun hazırlıq tələb edirdi. Kampaniyanı yalnız 5-ci cəhddən həyata keçirmək mümkün idi. Gəminin ekipaj heyəti «Berinq» boğazından keçərkən ən böyük çətinliklə qarşılaşdı: boğazdakı buzun alt kənarının dərinliyi 18 metrə çatırdı. Boğazdan keçmək üçün ilk cəhd zamanı buz sahəsi və boğazın dibi arasında təmiz su olmaması səbəbindən qayıq geri dönməyə məcbur oldu. İkinci cəhd uğurlu oldu və boğazı keçərək Alyaska sahilləri boyunca Şimal Qütbünə çıxdı. Avqustun 3-də sualtı donanma tarixində ilk dəfə qayıq Şimal Qütbünü keçərək Qrenlandiya sahillərinə qayıtdı.
Soyuq Müharibə illəri, iki fövqəldövlətin davamlı texnoloji yarış illəri idi. SSRİ kosmik peykinin Yer ilk süni peyki olmasından sonra ABŞ "özünü bərpa etməyə" çalışırdı. Amerikalıların SSRİ-ni geridə qoyması şərəf məsələsi idi, lakin bu geridə qoymanın nədən ibarət olmasının ABŞ üçün heç bir fundamental əhəmiyyəti yox idi. Nəticədə, SSRİ-nin «Nautilus» sualtı qayığının ittifaqın Arktikadakı ərazi sularından keçməsi faktını rəsmi şəkildə tanımamasına baxmayaraq, ABŞ hərbçiləri sualtı yarışında 1-ci yeri tutmağı bacardı.
Ümumilikdə, «Nautilus» sualtı qayıqlar üçün bir neçə rekorda imza atdı. Əsas odur ki, 90 saatdan çox davamlı olaraq su altında üzə bildi. Su altında qalan gəmi bu müddət ərzində 1213 mil (2250 km) məsafə qət etdi. «Nautilus» sualtı gəmisi 1972-ci ilə qədər döyüş qüvvələrinin tərkibində oldu, bundan sonra isə yalnız təlim məqsədi ilə istifadə olundu. 6 iyun 1985-ci ildə isə muzeyə çevrildi.
Bu gün dünyanın 5 ölkəsinin öz nüvə enerjisi ilə işləyən sualtı qayıqları mövcuddur — bunlar ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çindir. Bu ölkələr 100-dən çox müasir atom sualtı qayıqları ilə silahlanıb. Bu cür silahlara sahib olan başqa bir ölkə, 2012-ci ildə Rusiyadan 10 il müddətinə 971 layihəli "Şuka-B" adlı ilk atom sualtı qayığını icarəyə götürən Hindistandır.
 
 

Müəllif: Dəyanət Ağalarlı
Mənbə: Ordu.az

0 şərh