Döyüş meydanında şəhid olan ilk Generalımız - Polad Həşimov

  • Hərb
Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur. Atası — İsrayıl Həşimov metallurq idi və Sumqayıt şəhərinin Alüminium zavodunda əvvəlcə mühəndis, sonra isə növbə rəisi və sex rəisi vəzifələrində işləmişdir. O, 2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Anası — Səmayə Həşimova isə həmin zavodda sıravi işçi olaraq işləmişdir. Polad Həşimovun babası 2-ci Dünya müharibəsinin veteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur.
Polad Həşimov
Polad Həşimov 1982-ci ildə Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul olmuş və 1986-cı ilə qədər orada təhsil almışdır. Yaşadığı ərazidə 33 nömrəli tam orta məktəbin inşa edilməsindən sonra o, 1986–1988-ci illərdə orada təhsil almışdır. Polad Həşimov 8-ci sinifdə riyaziyyat üzrə olimpiadada II pillənin sahibi olmuşdur. 1988-ci ildə isə ərazidə daha bir təhsil ocağı — M. Müşfiq adına 34 nömrəli tam orta məktəb inşa edilmişdir və Polad Həşimov təhsilini orada davam etdirmişdir.1992-ci ildə oradan məzun olmuşdur.
Anası onun hüquqşünas olmasını arzulayırdı. 1992-ci ildə Qarabağda şiddətli döyüşlərin olduğu bir dövrdə Polad Həşimov evə gəlir və hərbçi olmağı qərara aldığını bildirir. Anası çətin bir peşə olduğu üçün buna icazə verməsə də, atası artıq buna razılıq vermişdi. Həmin ilin avqustunda Polad Həşimov sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib.
1992-ci il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olan Polad Həşimov 1995-ci ildə oranı «Motoatıcı» ixtisası üzrə bitirib, 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil oldu və 2016-cı ildə «hərbi idarəetmə» üzrə magistr dərəcəsi almışdır.
Polad Həşimov 1992-ci ilin noyabr ayında Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərə qatılmışdır. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevral ayında Murovdağ əməliyyatı zamanı Murov dağı silsiləsində «Güzgü», «Koroğlu» və "Ömər" postları uğrunda gedən döyüşlərdə savaşmışdır.
Şəhid generalımızın dostu, tanınmış jurnalist İlham Tumas onun haqqında danışanda Polad Həşimovun gizli qalmağı sevdiyini, telefon işlətmədiyini, çox vaxt da buna biz də səni buna görə hərdən dostları tərəfindən məzəmmət edildiyini deyib.
Polad Həşimov 28 yaşı olanda «mayor» hərbi rütbəsi almışdır və 2003-cü il iyunun 24-də Azərbaycan Prezidenti Heydər Əliyevin 887 nömrəli Fərmanına əsasən «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilmişdir.
6 il sonra isə Polad Həşimov «polkovnik-leytenant» hərbi rütbəsi almışdır və 2009-cu il iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən «Vətən uğrunda» medalı ilə təltif edilmişdir. 2014-cü ilin iyununda o, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 575 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilmişdir.
 
Polad Həşimov 2003-cü ilin sentyabrda Ofeliya Salmanova ilə ailə həyatı qurmuşdur. Davud və Teymur adında oğulları, Aybəniz adında isə qızı var.

Deyilənə görə, P.Həşimov Bakıya ona verilən xidməti maşınla gəlirmiş. Amma şəhərə çatdıqdan sonra avtomobili Nazirliyə təhvil verir, şəxsi işlərini həll etmək üçün ictimai nəqliyyatdan istifadə edirmiş.
Talış yükəkliklərində 7 döyüş postu var. Onlardan biri «Polad postu» adlanır. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə bu cür adlandırılıb.
Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi xidmətlərinə görə Polad Həşimova mənzil hədiyyə edilmişdir. Kirayə mənzildə yaşamasına baxmayaraq Polad Həşimov həmin mənzili Aprel döyüşləri zamanı şəhid olan hərbçinin ailəsinə bağışlamışdır.
Polad Həşimovun əsgərlərindən olmuş gənc yazar Nicat Həşimzadə isə deyir ki, onun ən nifrüt etdiyi şey hansısa yüksək vəzifəli, yüksək rütbəli bir adamın bir əsgəri tapşırması idi. Çünki Polad Həşimov əsgərlər arasında fərq qoymurdu. Bir MAXE-nin məsuliyyətsizliyi üzündən əsgər ölümü olmuşdu. Polad Həşimovun rütbəsini vurmuşdular. Polkovnik-leytenant mayor olmuşdu. O, əvvəlki kürsüsünə əyləşmirdi, içində nələrsə qırılmışdı. Amma bu halında da əzəmətli, qürurlu idi. O, mayor rütbəsinə salınsa da, bütün hərbi hissədə balacadan böyüyə hər kəs yenə də ona «cənab polkovnik» deyə xitab edirdi.
2019-cu il iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin 1286 nömrəli Sərəncamına əsasən Polad Həşimova «general-mayor» ali hərbi rütbəsi verilmişdir. Bununla da Polad Həşimov XIX əsrdə yaşayan İsmayıl bəy Qutqaşınlıdan sonra Azərbaycanın tarixində Qəbələdən general rütbəsi alan birinci hərbçi olmuşdur.

İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid oldu. General-mayor Polad Həşimov da tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid oldu. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. O, II Fəxri Xiyabanda dəfn olunub.
Polad Həşimov ölümündən sonra Azərbaycan cəmiyyətində fenomenə çevrilən nadir şəxsiyyətlərdən biri oldu Polad Həşimovun şəhid olmasından sonra yeni doğulan oğlan uşaqlarının bir çoxuna «Polad» adı verildi. P.Həşimovun öz şəxsi vəsaiti hesabına cəbhədə postlar tikdiyini qeyd edənlər də var. O, sağ ikən adına post olan general idi.
Qəbələ, Quba və Sumqayıt şəhərlərində mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib. Həmçinin Türkiyənin Elazığ şəhərindəki küçələrdən birinə də Generalımızın adı verilib.

Ölümündən sonra haqqında kitablar yazıldı, mahnılar bəstələndi, filmlər çəkildi.
 
 
Mənbə:

0 şərh