Vaqnerin Liviya səyahəti: Muzdluların planşetində nə saxlanıb?

  • Hərb
Vaqnerin əməliyyatları bir çox ölkələri əhatə edir — muzdluların hökumət qüvvələrini müdafiə etdiyi Suriyadan tutmuş, onlarla brilyant ehtiyatlarını qoruduğu Mərkəzi Afrika Respublikasınadək.
O, Rusiyada ən gizli təşkilatlardan biridir və onun fəaliyyətli ilə bağlı etibarlı mənbə tapmaq çətindir.
BBC Ərəbcə ilə BBC Rus Xidmətinin birgə təhqiqatı nəticəsində Liviyadakı Vaqner muzdlularına aid olduğu deyilən planşet və bir neçə sənədə giriş əldə etmək mümkün olub.
Vaqnerin Liviya səyahəti Muzdluların planşetində nə saxlanıb?
Bu planşet və sənədlər qrupun Liviyadakı əməliyyatlarının miqyası barədə təsəvvür yaradır və onun yüksək səviyyədə dəstəkləndiyini iddia edir. Baxmayaraq ki, Rusiya rəsmiləri Vaqnerlə heç bir əlaqələrinin olmadığını bildiriblər.

Mina quraşdırılması və şərab hazırlanması təlimatları
Fevralın əvvəllərində bir axşam Liviyadakı mənbələrdən birindən bizə zəng etdilər: ölkənin qərbindəki döyüş bölgələrindən birində əsgərlər kiminsə unutduğu Samsung planşeti tapıblar.
Güman ki, bu planşet General Xəlifə Həftar tərəfindən vuruşmuş rus muzdlularından birinə məxsus olub. Muzdlular BMT-nin tanıdığı Milli Konsensus Hökumətinə (MKH) qarşı vuruşublar.
Planşeti Londona gətirərkən biz onu xüsusi bir qılafa qoyduq ki, onun yerini müəyyənləşdirmək və uzaqdan içindəkiləri silmək mümkün olmasın.
Cihazın yaddaşında çoxlu sayda məlumat saxlanmışdı, piyada əleyhinə minaların quraşdırılması təlimatından tutmuş, partlayıcı maddələrin hazırlanması və kəşfiyyatçı dronlarla çəkilişlərə qədər. Onun yaddaşında bir neçə kitab da var idi, Mein Kampf, Taxt Oyunları və necə şərab hazırlamaqla bağlı təlimat kitabları da daxil.
Lakin ən maraqlısı müharibə zonalarının rus dilində qeyd edilmiş hərbi xəritələridir. Bu qeydlərin əksəriyyəti Tripolinin cənubundakı Əyn Zara qəsəbəsinə aiddir — Vaqner döyüşçülərinin 2020-ci ilin fevral-may aylarında MKH-yə qarşı döyüşdüyü ərazilərə.
Xəritələr planşetdə Əyn Zaranın boş küçələrinin əks olunduğu dron görüntüləri ilə üst-üstə düşür. Həmin vaxta sakinlər artıq ərazini tərk etmişdilər.
Rəsmi olaraq Vaqnerin Özəl Hərbi Şirkəti mövcud deyil — muzdlu fəaliyyət Rusiyada və eləcə də beynəlxalq qanunlarla qadağandır. Lakin təxminlərə görə keçən yeddi il ərzində Vaqnerlə imzalanan azı bir kontrakt 10 min nəfərə yaxın insanı əhatə edib.
Planşetin yaddaşında mina və mərmilərlə bağlı təlimat var
«Müasir vikinqlər»
Qrupun liderinin kimliyi ilə bağlı planşetdə heç bir məlumat yoxdur. Lakin xəritəni yaxınlaşdırdıqda döyüşçülərin işarələrinə oxşar sözlər görmək mümkündür. Onlar muzdlu qrupun sahibinin silahdaşları ola bilərmi?
Biz bunu ukraynalı könüllülər tərəfindən tərtib edilmiş zəng işarələri ilə birlikdə iddia edilən Vaqner döyüşçülərinin adlarının göstərildiyi Mirotvorets bazası və eləcə də, qrupun Liviyada da olması ilə bağlı mediaya sızan BMT hesabatı ilə müqayisə etdik.
Beləliklə, planşetdən gələn «Süpürgə» adlı zəng işarəsinin əslən Şimali Qafqazdan olan 36 yaşlı Rusiya vətəndaşı Fyodor Metelkinə aid ola biləcəyini müəyyənləşdirdik.
Mirotvoretsin məlumat bazasına əsasən, onun şəxsi nömrəsi M-1913-dür və bu, çox güman ki, onun Vaqnerə uzun müddət əvvəl — beş və ya altı il öncə qoşulduğu mənasına gəlir. O zaman qrup şərqi Ukraynanın qondarma respublikalarında vuruşurdu.
Donbasdan sonrakı münaqişə nöqtələrinə edilən «biznes səyahətləri» Vaqnerlər üçün adi haldır.
Bizlə anonim şəkildə söhbət etməyə razı olan qrupun iki keçmiş döyüşçüsü də bu haqda danışırlar.
Onlardan biri deyir ki, 2019-cu ilin sentyabrından 2020-ci ilin iyuluna qədər olan aktiv hərbi əməliyyatlar zamanı 1000 Vaqner döyüşçüsü Liviyada olub.
Vaqnerin rəsmi qeydiyyatı yoxdur və muzdlular işə alınmırlar. Keçmiş döyüşçü izah edir ki, əvəzində onlar müəyyən iş üçün xırda şirkətlərdə qısamüddətli müqavilə imzalayırlar. Misal üçün neft quyularını qorumaq.
Muzdlular fiziki sağlamlıq və etibarlılıq testlərindən keçirlər və sonra onlar Krasnodara yaxın hərbi baza yanında yerləşən «Vaqner» qeyri-rəsmi təlim düşərgəsinə göndərilirlər.
BBC-nin əldə etdiyi məlumata görə, ötən altı ayda muzdlular üçün iki zəruri şərt yaranıb. İlk olaraq bütün muzdluların icbari Covid-19 peyvəndi olunmasıdır.
İkinci şərt isə sağlam dişlərdir. Əsgərlərdən birinin dediklərinə əsasən, hətta bəzi muzdlular Molkinoya səyahətdən əvvəl üç və ya dörd dişini çəkdirməli olurlar ki, tibbi komissiya problem aşkarlamasın.
Tibbi yoxlamanı keçdikdən, poliqraf və qısa fiziki məşqdən sonra, döyüşçülər xaricə müxtəlif münaqişə zonalarına göndərilirlər. Ödəniş biznes səyahətinin şərtlərinin təhlükə dərəcəsinə görə dəyişir.
Köhnə döyüşçülərdən birinin müsahibədə dediyi kimi ən az təhlükəli hesab olunan biznes səyahəti növü obyektlər və ya individual şəxslərə olan sayılır. Döyüşçülərin ölə biləcəyi yerlər isə «qırmızı» zona kimi qeydə alınanlardır. Muzdlular özləri də öldükləri halda cəsədlərinin vətənlərinə qaytarılma ehtimalının aşağı olduğunu bilirlər.
Keçmiş döyüşçülərdən biri vurğulayır ki, Vaqnerin həm ümumi, həm də xüsusi muzdlularının əsas motivasiyası puldur. Muzdluların əksəriyyəti buraya normal maaşlı işlərin çətin tapıldığı əyalətlərdən qoşulurlar.
Kiçik şəhərlərdə orta aylıq maaş 20-30 min rubl olsa da, Vaqnerdəki maaş, köhnə döyüşçüyə əsasən, şəhərdəki maaşdan 10 dəfə artıq ola bilir. O, həmkarlarını «müasir vikinqlər» adlandırır.
«Vaqnerdəki əsgərlər hərbi münaqişələrin baş verdiyi demək olar ki bütün ölkələr üçün „Kaş ki orada ola bilərdim,“ deyirlər. Çünki müqavilənin verildiyi hər ölkə pul deməkdir. Təbii olaraq, əgər müqavilə yoxdursa və sən ehtiyatdasansa, pul da qazanmırsan.»
Onun dediklərinə görə, bir çox Vaqner döyüşçüsünün kriminal keçmişi var. Buna görə də onlar adi ordulara qoşula bilmirlər və ya hüquq-mühafizə orqanlarında işə qəbul edilmirlər.
 
Espiada qətllər
Xəritədəki işarələnmiş yerlərdən biri də Tripolinin 45km cənubunda yerləşən Espia kəndidir. İki il əvvəl beş nəfərlik bir ailə burada qaçırılmış və onlardan üçü öldürülmüşdü. Qaçıranların rusca danışdığı məlum olsa da, hadisənin səbəbi hələ də naməlum olaraq qalır.
Bu ilin aprel ayında BBC çəkiliş heyəti sağ qalan iki nəfərdən biri ilə söhbət etmək üçün kəndə səfər edib. Təhlükəsizlik səbəbi ilə onun adını verə bilmirik.
Həmin şəxsə əsasən, 2019-cu il sentyabrın 23-ü axşam o, yolda havaya atəş açan bir qrup silahlı insanla qarşılaşıb. Onlar onu atasının evinə qədər təqib ediblər, o xatırlayır. Altı və ya yeddi xarici şəxs arxa qapıdan evə daxil olub.
Ailədə axtarış aparılıb və sonra ailə üzvləri evdən 20 dəqiqə maşın məsafəsi uzaqlığında yerləşən Bin Qəşir şəhərinə aparılıblar.
Onları əvvəlcə bir fermaya gətiriliblər və o xatırlayır ki, burada təxminən 20-35 nəfər başqa adam da olub. Burada onların əllərini və gözlərini bağlayıblar.
Hücumdan bu fermanın yalnız iki üzvü sağ qala bilib
Liviya rəsmiləri, Vaqnerin o vaxtkı bazasının Bin Qəşirdə olduğuna inanır. Sağ qalan kişinin dediyinə görə, ailəni daha sonra bir neçə saat soyuducu yük maşınında gəzdiriblər və sonra Espiaya gətiriblər.
O deyir ki, təxminən səhər saat altıda onlar qonşunun evinin kənarındakı kiçik anbara aparılıblar. Kişilərdən bəziləri maşına minib və əllərində Kalaşnikov olan iki nəfər isə binanın çölündə qalıb.
«Onlardan biri silahını qaldırdı və o an mən hər şeyi başa düşdüm. Mən bildim ki, bizi güllələyəcəklər. O, atəş açmağa başlayanda özümü yerə yıxdım və özümü ölülüyə vurdum.»
Həmin iki kişi açıq qapılardan onları atəşə tutublar. Onun qardaşlarından biri də sağ qalıb, lakin o ayaqlarından birini itirib.
Liviya hərbi prokuroru Məhəmməd Qaruda bildirib ki, Müdafiə Nazirliyi ailənin qətlini araşdırır.
Sağ qalan kişi onları qaçıranların üzlərini tanıya bilib. BBC müxbiri ona Bin Qəşirdə şəkili çəkilən bir neçə Vaqner döyüşçüsünün fotolarını göstərib və o, onlardan birini tanıyıb. O həm də hücumçulardan birinin adının Vladimir Andanov olduğuna inanır. Onun ad işarəsi «Vaxa»dır.

«Vaxa» ləqəbi ilə tanınan Vladimir Andanov
Hadisədən bir neçə saat sonra, hökumət əsgərləri Andanovun Bin Qəşirdəki şəklini internetdə yayıblar. Şəkildə tarix olmayıb. Mirotvoretsə əsasən, Andanov şərqi Ukraynadakı münaqişə əsnasında məhkumların məhkəmədən kənar qətllərində iştirak edib. Eyni mənbəyə görə, o, bu yaxınlarda Şimali Afrikada olub.
Sosial şəbəkələrdə özünü onun dostu adlandıran bir neçə nəfər Adanovun Vaqner tərkibində Liviyaya səyahət etmədiyini, Rusiyada evində olduğunu deyiblər.
BBC, Vaqner döyüşçülərinin ittiham olunduğu mülki şəxslərin qətllərindən də xəbərdardır. Bizim bildiyimiz bütün qurbanlar aktiv əməliyyatların baş verdiyi yerdə təsadüfən olanlardır.
Bizim söhbət etdiyimiz keçmiş muzdlulardan birinə əsasən, Vaqnerdə döyüşçülərin yerli əhali ilə münasibətini idarə edən qaydaları yoxdur: «Hər şey vəziyyətə və bu vəziyyətlərdə hər kəsin necə davranacağına, onların insafına qalır.»
Məhbuslara qarşı davranışdan söz düşəndə, keçmiş «vaqnerçilərdən» biri açıq şəkildə etiraf etdi ki, əgər məhbusun bir mənbə kimi dəyəri yoxdursa, o öldürülə bilər: «Heç kim onları yedizdirmək niyyətində deyil.»
 
Yeni minalar
Vaqnerin Liviyadakı başqa bir mirası da, bizə çatan planşetdə göstərildiyi kimi, minalı ərazilərdir.
Xəritələrdən birində biz qara nöqtələr tapdıq — minalanmış mövqelər. Onların bəziləri minaların adları ilə, məsələn OZM, bəziləri isə «minalanmış ərazi» kimi qeyd olunmuşdu. Bəzi hallarda bu mövqelər onlar üçün məsul döyüşçülərin işarələri ilə də göstərilmişdi. Bu mənada xüsusilə də Fyodor Metelkinin «Süpürgə» işarəsinə rast gəlinirdi.
Ümumilikdə biz, minalı hesab etdiyimiz xəritədə 35 mövqe hesabladıq və onların əksəriyyəti Əyn Zaranın yaşayış ərazilərində yerləşib.
Onlardan «MON-50», «POM-2» və «PMN-2» — bu növ minalar və digər analoqları Rusiya və ya Sovet istehsalıdır — kimi qeyd edilən altı minanın adı Human Rights Watch hesabatında da keçib. Hesabatda göstərilib ki, bu cür minalara Liviyada daha əvvəllər rast gəlinməyib və çox güman buraya yeni gətirilib.
Hərbi prokuror Məhəmməd Garuda-ya əsasən, POM-2 minaları ən çox yayılan növdür və 2020-ci ilin yayında Tripolidə elan edilən barışıqdan sonra evlərinə qayıdan insanlar üçün ən təhlükəlisidir. Yerlilər də bizə bu haqda dedilər və yaşayış ərazilərində gizlədilən minaların şəkil və videolarını göstərdilər.
BBC planşetdən əldə edilən minalı ərazilərin məlumatlarını Liviyada minalardan təmizlənmə işini görən bir qeyri-kommersiya təşkilatına göndərib.

«Təsdiqləyirəm — D.U.9-cu „
Planşetdən əlavə, biz həm də 19 yanvar 2020-ci il tarixli 10 səhifəlik silah və texnikanın qəbulu üçün ərizə sənədi də almışıq. Çox güman ki, liviyalıların əlinə Tripolinin cənubunda gedən döyüşlər zamanı keçən bu siyahı bizə Vaqnerin Liviyadakı əməliyyatlarını, xüsusilə də muzdluların paytaxta hücumunu öyrənən bir Liviya kəşfiyyat mənbəyindən verilib.
Siyahı çox genişdir və bir neçə hissəyə bölünüb.
“Texnika» hissəsində altı zirehli maşın, dörd tank, 12 yük maşını və 44 zirehli maşın üçün sifariş var.
«Silahlanma» hissəsində digər şeylərlə yanaşı, 270 Kalaşnikov avtomatı üçün bir müraciət yer alır.
Siyahıya optik alətlər, yüksək texnologiyalı radarlar, fərdi qoruyucu dəstlər və tibbi ləvazimatlar daxildir.
«Qəti şəkildə şübhə etmirəm ki, bu sənəddə göstərilən qədər dəstəkdən faydalanan başqa bir hərbi şirkət olsun. Əlbəttə ki Vaqneri hərbi şirkət adlandırmaq olarsa,» təhlükəsizlik üzrə mütəxəssis Chris Cobb-Smith deyir.
Ona görə, siyahıda göstərilən mövqelər yalnız Rusiya ordusuna xidmət edən müasir texnologiyalardır.
«Burada söhbət təkcə böyük büdcədən yox, həm də ən son və strateji əhəmiyyətli texnologiyaları tələb etmək səlahiyyətindən də gedir,» Cobb-Smith deyir. «Blackwater kimi özəl hərbi şirkətlər də ABŞ hökumətindən bir şəkildə dəstək ala bilər, lakin düşünmürəm ki, tanklar, artilleriya qurğuları və dronlar istəmək kimi səlahiyyəti olsun.»
 
Təhlükəsizlik mütəxəssisi Chris Cobb-Smith: sənədlər Vaqnerin müasir silahları əldə etmək imkanlarını göstərir
BBC tərəfindən təqdim olunan sənədlərin içində Mozambikdə baş verən qarşıdurmalar zamanı Vaqner qüvvələrinin zədələnmiş ləvazimatın əvəzlənməsi ilə bağlı 2019-cu ilin noyabrı tarixli ərizəsi də var.
Sənədin yuxarı küncündəki «Təsdiq edirəm» sözünün altında D.U. baş hərfləri və nömrə 9 işarəli imza var. Bu baş hərflərə Liviya sənədlərində də rast gəlinir və çox güman ki, Dmitri Utkin adlı bir nəfərə məxsusdur.
Rusiya Müdafiə Nazirliyinin xüsusi təyinatlılar bölməsi olan Baş Kəşfiyyat İdarəsinin keçmiş komandiri olan Utkin Vaqnerin təsisçisi və baş lideri hesab edilir və ona həm də «Doqquzuncu» deyə müraciət olunur. O, 19-cu əsrin görkəmli alman bəstəkarlarından biri Vaqnerin məşhur olduğu Nazi Almaniyasına marağına görə əvvəllər «Vaqner» ləqəbi (dəstənin də adı buradan qaynaqlanır) ilə tanınırmış.
Mozambik ərizəsinin ikinci səhifəsində yenə də D.U. imzası var, amma bu dəfə sənədin başındakı məktubun ünvanlandığı ad Euro Policy LLC-dir. Bu, Suriyada neft və qaz yataqlarını inkişaf etdirən bir Rusiya şirkətidir. Çoxsaylı jurnalist araşdırmaları Euro Policy-nin Sankt Peterburqlu biznesmen Yevgeni Priqojinlə əlaqəsi olduğunu aşkarlayıb. Müxtəlif Vaqner sənədləri də Liviya təklifi kimi «CEO»-ya ünvanlanıb. Mülahizə olunur ki, Priqojinə bu cür istinad edilə bilər. Priqojin dəfələrlə Euro Policy-in Vaqner ilə əlaqələrini təkzib edib. Eyni zamanda 2018-ci ilin noyabrında o, Rusiya Müdafiə Nazirinin liviyalı general Xəlifə Həftar ilə görüşündə iştirak edib. Səfərdən yayılan görüntülərdə danışıqlar masasındakı mülki geyimli şəxsə diqqət etməmək mümkün deyil.
Bizim keçmiş muzdlulardan olan müsahiblərimizdən birinin dediklərinə görə, «ofisin» özündə Priqojin müzakirə olunmur.
«Bir növ „Harry Potter“-dəki Voldermort kimi onun adı ucadan çəkilmir. Bu mövzu tabu sayılır. Bu haqda danışma. Əks halda, üzü əzilmiş şəkildə bir neçə həftə dəmir konteynerdə yaşamalı olarsan.»
BBC-yə şərhində Yevgeni Priqojin Euro Policy və ya Vaqner ilə heç bir əlaqəsi olmadığını təkrarlayıb. «Mən Liviyada rusiyalıların insan haqları pozuntusu törətməsi haqqında eşitməmişəm və əminəm ki, bu tamamilə yalandır,» o əlavə edib.
 
2020-ci ilin yanvarında prezident Vladimir Putin ona ünvanlanan Liviyada rusiyalı muzdluların olub-olmaması ilə bağlı suala belə cavab verib: "Əgər orada hər hansı rusiyalı vətəndaş varsa, onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər və Rusiya dövlətindən pul qazanmırlar."
Rusiya Xarici İşlər Nazirliyindən BBC-yə bildirilib ki, «bu mövzu ilə bağlı artıq bir neçə dəfə şərh verilib» və bu mənada əvvəlki bəyanata istinad edilib.
Onlar xüsusilə deyirlər ki, «Rusiya həqiqətən Liviyadakı böhranı aradan qaldırmaq üçün atəşkəs və siyasi həll yolunu dəstəkləyir. Liviyada Vaqnerin olması saxta məlumatdır və Rusiyanın Liviyadakı siyasətini nüfuzdan salmağa yönəlib».
 
Afrikaya biznes səfərləri
Vaqnerlər haqqında ilk dəfə 2014-c ildə şərqi Ukraynadakı döyüşlər zamanı xəbərlər yayılmağa başladı. O vaxt onlar, qondarma respublikaları dəstəkləyən özəl hərbi şirkətlər və könüllü briqadalardan biri idi. Lakin Vaqnerçilər haqqında söhbətlər 2016-cı ildən ciddiləşməyə başladı. Bu, Suriyanın "İslam Dövləti" qrupuna qarşı əməliyyatları dövrü idi.
Bundan əlavə, mediada Rusiyanın Euro Policy şirkəti ilə Suriya hökuməti arasındakı saziş barəsində məlumatlar dövr etməyə başladı ki, Vaqner döyüşçüləri Palmira regionunda neft yataqlarını ələ keçirib, nəzarət edirlər. Sazişin şərtlərinə əsasən, Euro Policy bu depozitlərdən əldə edilən gəlirin 25 faizini götürürmüş.
Bu ilin martında bir suriyalı kişi Rusiya İstintaq Komitəsinə müraciət edərək Vaqner qrupunun döyüşçülərinə qarşı cinayət işinin açılmasını tələb etmişdi. O inanırdı ki, 2017-ci ildə itkin düşən və öldürülən qardaşının qətlində döyüşçülərin əli var. İnternetdə yayılan videoda işgəncə edilərək rusdilli insanlar tərəfindən başı kəsilən bir kişi göstərilirdi.
Vaqner qrupunun əməliyyatları təkcə Liviya və Suriya ilə məhdudlaşmayıb. Mərkəzi Afrika Respublikasında (MAR) brilyant mədənlərini idarə etmək üçün yerli üsyançılarla mübarizədə onların gücündən istifadə olunur. Üç il əvvəl Vaqnerin fəaliyyətlərini araşdıran üç rusiyalı jurnalist MAR-da öldürülmüşdü.
Vaqnerin Sudan və Mozambik də daxil olmaqla başqa Afrika ölkələrində də mövcudluğu haqqında xəbərlər yayılıb. Misal üçün Mozambik nəqliyyat təchizatı ərizəsində yerli üsyançılarla ətraflı təsvirlər yer alır.
Lakin geri çəkilən muzdluların Tripoli ərazisində unutduğu planşet Vaqnerin əməliyyatları haqqında daha detallı təsəvvür yaradır.
Müəmmar Qəddafinin devrilməsindən sonra Liviyada başlayan vətəndaş müharibəsi 10 il davam etdi. Xarici dövlətlər tərəfindən dəstək alan bir-birinə müxalif iki orqanı əvəzləyən vahid keçid hökuməti yalnız bu ilin martında işləməyə başlayıb.
2020-ci il oktyabrında əldə edilən atəşkəsə əsasən, bütün xarici döyüşçüləri ölkəni tərk etməli idilər.
Həm əlimizə keçən planşetin sahibi, həm də onun dostları xəritədə qeyd edilən yerləri çoxdan tərk etmişdilər.
Amma Liviya mənbələri iddia edirlər ki, həm Vaqner qrupundan, həm də başqa təşkilatlardan olan müəyyən sayda xarici muzdlular hələ də Tripolinin dövlət tərəfindən idarə olunmayan ərazilərindədirlər.
Və liviyalı millət vəkili Rəbiyə Buras inanır ki, Rusiyanın maraq dairəsi onun ölkəsinin sərhədlərindən çox-çox kənaradır: «Rusiya üçün bu, təsir dairəsi uğrunda böyük rəqabətdir. Və o, təkcə Liviya uğrunda yox, eyni zamanda bütün Afrika qitəsinin taleyini həll etmək imkanı uğrunda mübarizə aparır.»
 
 
Mənbə: bbc.com
 

0 şərh