Qarışqalar

Elm adamları uzun illərdir qarışqaların qida axtarmaq üçün uzun məsafələr qət edib, sonra heç azmadan yuvalarına necə qayıtdıqlarını araşdırırlar. Xüsusilə Saxara səhrasında yaşayan səhra qarışqalarının günəş vasitəsilə istiqaməti müəyyən etdikləri məlum olsa da, onların bu diqqətçəkən xüsusiyyəti elm adamlarını bu sahədə daha dərin tədqiqatlara təşviq etmişdir.

Səhralarda istiqaməti müəyyən etməyə kömək edən heç bir iz və ya işarə olmadığı halda, ziqzaq xətt üzrə yem axtaran Saxara qarışqalarının yem tapdıqdan sonra gəldikləri ziqzaq yolun əksinə, düz xətt üzrə yüz metrlərlə yolu qət edib yuvalarına qayıtdıqları və bunun üçün Günəşdən istifadə etdikləri bundan əvvəl elmə məlum idi.

Ancaq Almaniyanın Ulm və İsveçrənin Sürix Universitetinin mütəxəssisləri tədqiqatlarını bir az da dərinləşdirdilər və sıx bitki örtüyünün olduğu yerlərdə qarışqaların yollarını necə tapdıqlarını tədqiq etməyə başladılar. Nəticədə, bu canlıların yuvalarına addımlarını sayaraq qayıtdığı məlum oldu. Bu kiçik canlıların belə bir xüsusiyyəti heyranedici idi. Catalglyphis fortis adlandırılan Saxara qarışqaları atdıqları addımları sayır və geri qayıdarkən eyni sayda addım ataraq yuvalarına çatırdılar.

Bu nəticəyə gəlmək üçün belə bir təcrübə keçirildi:
Elm adamları Saxara qarışqalarının yuvalarından yemə qədər düz xətt boyu yerimələrini təmin etdilər. Qarışqalar yemə çatdıqdan sonra, yəni yem ilə yuvaları arasındakı məsafəni əzbərlədikdən sonra qarışqaların yarısının ayaqlarına fiziologiyalarına uyğun material əlavə edilərək ayaqlarının boyunu uzatdılar. Yəni addımlarını böyütdülər.

Qarışqaların digər yarısının isə ayaqları bir əməliyyatla qısaldıldı, yəni addımları kiçildildi. Addımların ölçüsünün dəyişdirilməsində məqsəd qarışqaların yuvalarından çıxdığı andan etibarən öyrəndikləri məsafəni addımları ilə ölçüb-ölçmədiklərini müşahidə etmək idi.

Yenidən yuvalarına qayıtmaq üçün yola buraxılan qarışqalardan addımları böyük olanlar yuvalarının yanından keçib gedirdilər. Ayaqları qısa, addımları kiçik olanlar isə hələ yuvaya çatmadan dayanırdı. Ancaq qarışqalar tədricən yeni ayaq uzunluqlarına alışdıqdan sonra yuva-yem arasındakı məsafəni yenidən öyrənir və heç yanılmadan yuva ilə yem arasında gedib-gəlirdilər.

Bu təcrübə ilə Ulm Universitetindən neyrobioloq Harald Vulfun rəhbərlik etdiyi tədqiqat qrupu belə nəticəyə gəldi ki, qarışqalar addımlarını sayırlar.

Qarışqa şüuru, ağlı, qərar vermə, mühakimə etmə qabiliyyəti olmayan canlıdır. Şübhəsiz ki, bu canlının öz iradəsi ilə yuvasından çıxıb addımlarını sayaraq yemə doğru gedib, sonra yenidən addımlarını sayaraq yuvasına qayıtması qeyri-mümkündür. Saxara qarışqaları da digər bütün canlılar kimi yaradıldıqları andan etibarən Allah’ın ilhamı ilə hərəkət edirlər.

0 şərh