İncə yırtıcı

Elastik, incə, bədəni, yumru başı, uzun quyruğu və uzun ayaqları bu heyvana xüsusi gözəllik verir. Uzananda da, ayaq üstə duranda da, yeriyəndə də, ov üstünə atılanda da çox incə görünür… Amma şahanə yerişin sahibi, yüngüllük, zəriflik, çeviklik təcəssümü sayılan bu heyvan nə qədər incə olsa da, o, bir yırtıcıdır… Nəsli kəsilmək təhlükəsi ilə üzləşən yırtıcı… Bəli, bu heyvan gözəl, qamətli, şahanə yırtıcı bəbirdir.

 

O xal nə xaldır, qoşa düzdürmüsən?
Bəbir pişikkimilər fəsiləsinə aiddir. Bu fəsiləyə şir, pələng, vaşaq, meşə pişiyi və bizim ev pişikləri də daxildir. Amma bəbir onların bir çoxundan fərqli olaraq, nəsli kəsilməkdə olan yırtıcıdır. Həm də onu pişikkimilər fəsiləsinin ən superpişiyi, insanların dostu da adlandıra bilərik. Nə üçün? Bu barədə bir az sonra… Öncə bəbiri daha yaxından tanıyaq.

Əvvəllər bəbiri şir və panteranın hibridi hesab edirdilər: bu heyvanın latınca adı – leopard da bu fərziyyədən yaranıb: leo – latınca şir, pard isə pantera sözünün qədim variantıdır.

 

Bu incə vəhşinin bədəni parlaq və yumşaq xallı xəzlə örtülüdür. Bir bəbirin bədənindəki xallar digərlərinə oxşamır, elə onları da çox zaman xallarına görə ayırırlar. Xəzi başdan-ayağa qara rəngdə olan bəbirləri adətən qara pantera adlandırırlar. Amma əslində onların da dərisi xallıdır, sadəcə xallar o qədər də gözə çarpmır. Qara panteralara ən çox Cənub-Şərqi Asiyada rast gəlinir. Xəzlərinin tünd rəngi qara panteraları sıx kolluqlarda yaxşıca gizlədir. Qara panteralar digər bəbirlərə nisbətən daha aqressivdirlər. Amma öncə Azərbaycanda yaşayan bəbirlər barədə məlumat verək. Yəqin ki, bir çoxlarınız bəbirin yalnız ucu-bucağı görünməyən Afrika savvanalarında, keçilməz Asiya cəngəlliklərində yaşadığını düşünürsünüz. Elə isə agah olun ki, Hirkan meşələrində, Axar-Baxar dağ silsiləsində, Zəngəzur dağlarında da bu gözəl yırtıcı yaşayır. Amma gələcəkdə də yaşayıb-yaşamaycağı onların nə dərəcədə qorunmasından asılı olacaq. Çünki Azərbaycan ərazisində yaşayan bəbirlərin sayı 15 fərddən artıq deyildir. Bugün bəbirlərin, eləcə də nəsli kəsilməkdə olan heyvanların qorunmasında Ümumdünya Təbiəti  Mühafizə Fondunun (WWF) da üzərinə böyük yük düşür.

“Quyruğuma yağ çəkərəm…”
Azərbaycanda bəbirlərə aid ən qədim tapıntı bizim eradan 400-300 il əvvələ aiddir. Azıx mağarasından tapılan bəbir skeleti bu heyvanın hələ qədimdən Azərbaycanda yaşadığını göstərir. Azərbaycanın bir çox yerlərində, o cümlədən Qobustan və Gəmiqayada rast gəlinən bəbir təsvirləri də bu faktı sübut edir.

 

Bəbir obrazı hələ Orta əsrlərdə də bədii əsərlərdə tez-tez rast gəlinən personajlardandır. Hətta müxtəlif incəsənət sahələrində, o cümlədən xalçaçılıqda bəbir təsvirləri bütün dövrlərdə önəmli yer tutub. Bəs, görəsən, ədəbiyyatımızda, incəsənətimizdə geniş təsvir olunan bu güclü pişiyin xarici görkəmi necədir? Bəbir kifayət qədər iri heyvandır, bədən uzunluğu 120-170 sm, quyruğu 75-110 sm, çəkisi  32-60 kq-a çatır. Bəzən isə 100 kq ağırlığı olan bəbirlərə də rast gəlinir. Adətən erkək fərdlər dişilərdən iri olur. Bəbirin ayaqları uzun olmadığından o, alçaqboylu görünür.  Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını qoruyur. Maraqlıdır ki, quyruğunu itirmiş heyvan kiçik sıçrayışlar belə etməyə qadir deyil. O, çox zərifcəsinə hündür daşların üzərinə sıçrayır, sıçrayışlarının uzunluğuna (5-8 m) görə bir çox iri məməliləri geridə qoyur. Bəbirlər suda da yaxşı üzə bilir.

Bəbirin xəzi qısa və sıxdır. Qışda xəzi daha sıx, uzun və parlaq olur. Sarı və ya sarı-kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi, demək olar ki, ağdır. Cavan fərdlərin rəngi daha parlaqdır, onlar, əsasən, boztəhər sarı, bəzən də çirkli ağ rəngdə olurlar.

Quyruğu az tüklü olduğundan nazik görünür. Quyruğun hərəkəti yırtıcıların qarşılıqlı münasibətində xüsusi rol oynayır. Bu hərəkətlərə görə heyvanın əhvalı haqqında fikir söyləmək olar. Quyruğun sakitcə yan tərəflərə hərəkəti heyvanın həyacanlandığından və sıçrayışa hazırlaşdığından xəbər verir.

Pişiklərin ən mükəmməli
Bütün pişikkimilər fəsiləsinin nümayəndələri kimi, bəbirin də uzun, əyri dırnaqları yeriyərkən xüsusi kisələrə yığılır və ona görə də həmişə iti qalır. Bəbir ovunu əvvəlcə dırnaqları, sonra isə dişləri ilə tutur.

 

Bəbir, əsasən, qidasını yerdə ovlayır, lakin bəzən pusquda durmaq və ya dincəlmək üçün ağaclara da asanlıqla dırmaşır. Ovlayarkən yavaş-yavaş şikarına yaxınlaşır və üzərinə tullanaraq onu boğur. Lakin tuta bilmədikdə onu daha izləmir. Şikarı böyük ölçülü olduqda qalıqlarını digər yırtıcı heyvanlardan (kaftar, şir və pələng)  qorumaq üçün ağacda gizlədir. O, öz ölçüsündən 3 dəfə böyük heyvanı sürüyə bilir. Bu zaman adama elə gəlir ki, bəbirin dişləri arasında tutduğu çör-çöp dolu kisədir, dağ keçisi, ya da maral deyil. Ağzında ovunu tutan bəbir 2-3 metr hündürlüyə də asanlıqla tullanır. Bəbir saniyədə 16-18 metr sürətlə qaçır. Boş yerə bir çox alimlər və adlı-sanlı ovçular bəbiri pişiklərin ən mükəmməli hesab etmirlər ki!

“Özgənin artığı”na tamah etməyən qürurlu pişik
Bəbirlər gecə heyvanlarıdır. Əsasən, əhali məskunlaşan ərazilərə yaxın yerlərdə, tək-tək yaşayır və gecələr ova çıxır. Lakin gündüz, xüsusən də tutqun havalarda da ova çıxması halları qeydə alınmışdır. Bəbirlər istirahətlərindən də qalmırlar. Günün çox hissəsini ağacların budaqları üzərində, qayaların altında və ya otluqların arasında yatmaq və uzanmaqla keçirirlər. Əsasən, antilop, Asiya xallı maralı, cüyür və bəzən də meymunlar, yem qıtlığı zamanı isə gəmiricilər, quşlar, hətta sürünənlərlə də qidalanır. Bəzən ev heyvalarını da aparır (qoyun, qaramal, at və s), çox ac olduqda isə tülkü və canavarları da “menyu”ya daxil edir. Digər bəbirlərin və başqa yırtıcıların da şikarlarını oğurlayır. Adətən bəbirlər ova tək çıxırlar. Nadir hallarda ana bəbiri balaları ilə və ya erkək bəbiri dişi ilə birgə ova çıxmış görmək olar.

İri, ac bəbir orta böyüklükdə şikarını iki günə yeyir, amma əgər ac deyilsə, ovu hələ 10 gün ona bəs edir. Bu müddət ərzində şikarı iyləndiyindən bəbir leş də yeyir. Amma onun ovuna başqa bir yırtıcının ağzı dəyərsə, bəbir “özgəsinin artığı”nı dilinə belə vurmur. Qüruru mane olur, yoxsa iyrənir? Bilinmir…

Gözdən uzaq, könüldən iraq heyvan
Bəbirin qulağı da, gözü də itidir, hətta qatı zülmətdə də yaxşı görür. Kənarları sarı olan iri bəbəkli gözləri var. Özü yaxşı görsə də, özünü görünməz etməyi bacarır. Seyrək meşədə tərpənməz halda uzanan bəbirin yanından onu görmədən də ötüb keçmək olar. Çox vaxt təcrübəli və gözdən iti ovçu belə yoğun ağacın üstündə tərpənməz uzanmış bəbiri görməyə bilər. Çünki bəbir günəş şüaları altında bərq vuran ağacın gövdəsinə ustalıqla sarılır. Təkcə quyruğu superpişiyi ələ verir. Bəbirin çox vaxt yığışdırmağı “unutduğu” quyruğu sallanır, narahat olduqda isə quyruğunun ucu tərpənir.

 

Bəbirlər çox çətin əhliləşirlər. Demək olar ki, onlardan heç vaxt şir, vaşaq, puma kimi əl pişiyi çıxmır. Bəbir azadlıqsevərdir, o, zorakılığa dözmür, incikliyi bağışlamır. Bəbirin insanla münasibəti də maraqlıdır. Bu yırtıcı heyvan insan məskənlərinin yaxınlığında gəzib-dolaşır, bəzən aclıq onu üzəndə, ov tapmayanda ev heyvanlarına da hücum edir. Amma insana hücum etməyən bu qürurlu vəhşi özü çox zaman insanların qurbanına çevrilir. Yalnız bu zaman bəbir xasiyyətinə xilaf çıxaraq insana hücum edir, özü də məhz onu yaralayan insana…

Harada yemək, orada bəbir!
Bəbirlər qar örtüyü olan və soyuq iqlimli yerlərə uyğunlaşmayıb. Düşmənlərdən gizlənmək və şikarını güdmək üçün bəbirlərə ağaclar, qayalar, sərt yamaclı dərələr lazımdır. Çox vaxt bəbirin yayılma arealı onun qidalandığı heyvanlardan asılı olur. Talış dağlarında onların qidasını cüyürlər, çöl donuzları, tirəndazlar (oxlu kirpi), porsuqlar, Kiçik Qafqazda bunlardan başqa,dağ keçiləri, Naxçıvanda isə həm də dağ qoyunları təşkil edir. Qış aylarında bəbirlər dağların güney yamaclarında qarsız yerlərdə olur, istirahət etmək və şikarını güdmək üçün dərələrin dibində, daşların altında uzanırlar. Bəbirlər oturaq həyat tərzi keçirir. Yalnız gənc heyvanlar ailə dağıldıqdan sonra yeni ərazilər tapmaq üçün uzaqlara gedirlər.Bəbirlərin ailəsi yaşlı dişi fərddən və 2-4 baladan ibarət olur. Balalar 1-1,5 yaşlarında olanda bəbirlərin ailəsi dağılır. Yaşlı tənha bəbirlər yuvadan istifadə etmirlər. Onlar qayaların altında, dağların ətraf yaxşı görünən yerlərində istirahət edirlər.

“Azdanışan” bəbirlər eşqə düşəndə...
Digər pişikkimilər kimi, cütləşmə dövründə erkək bəbirlərin də nəriltisi ətrafı bürüyür. Amma adi vaxtlarda demək olar, ki bəbirlərin səsi çıxmır, “azdanışandır”. Bəbirlərin yerişi də səssizdir. Pəncələrindəki qalın tük yastığının olması və yeriyərkən öncə barmaqlarını yerə basmaları onların addımlarını səssiz edir.

Bəbirlərin cütləşməsi bütün il boyu müşahidə oluna bilər. Amma balaları daha çox yaz aylarında və ya payızın sonunda dünyaya gəlirlər. Cütləşmədə olan dişilər belləri üstdə ağnayır, bellərini əyərək quyruqlarını qaldırır, özünəməxsus səslər çıxarırlar. Bundan başqa, onlar müvəqqəti olaraq qidalanmır və ya az yeyirlər. Bir dişinin arxasında bu dövrlərdə bir-birləri ilə dalaşan və bərk səslər çıxaran erkəkləri görmək mümkündür. Bəbirin boğazlığı 1-3 ay davam edir, adətən 3 bala doğur. Ana bəbir adətən ölmüş balalarını yeyir. Balalar gözləri və qulaq dəlikləri yumulu halda dünyaya gəlirlər. Təzə doğulmuş balaların çəkisi 500-700 q, bədən uzunluqları isə 15 sm olur. 6-9 gündən sonra onların gözləri açılır. 12-15 günlərində balalar sürünməyə və hərdən ayağa qalxmağa başlayırlar. Bir aylığında onlar artıq sürətlə qaçır, qayalara dırmaşır, 35 günlüyündə isə hərəkətləri daha elastiki olur və tullanıb düşürlər. İki aylıq balalar yuvadan çıxıb ətrafda oynayırlar. Bu dövrdə onlar xırda heyvanları – çəyirtkələri, qurbağaları tutmağa çalışırlar. Ana balalarını 3 ay, bəzən isə 5-6 ay südlə bəsləyir. Beş aylıq balalar xırda heyvanları tutmaq üçün kifayət qədər cəld olurlar.

Onlar ova gedən analarını müşayiət edir və bütün hərəkətlərində ona oxşamağa çalışırlar. Bəbir balalarının ilk oyuncağı analarının quyruğunun ağ ucu olur. Onu tutmaq üçün balalar saatlarla çalışırlar. Balaların 1-1,5 yaşı olanda analarından ayrılırlar. Erkək balalar 3 yaşında yetkinliyə çatmasına baxmayaraq, ata bəbir onları analarının yanından qovur. Atılmış balalar ilk dövrdə bir yerdə yaşayır və valideyn cütlüyünün izi ilə hərəkət edib onların qida qalıqlarını yeyirlər. Yaşlı bəbirlər ilin böyük hissəsini tək yaşayırlar. Yalnız cütləşmə, hamiləlik dövründə və balalar təzə dünyaya gəldikdə bu yırtıcılar bir yerdə olurlar. Balalar hələ gözü yumulu olduqda ana bəbir adətən erkəyi yanından qovur.

Obyektivdə bəbirdir!
Bəzən qış sərt keçəndə bəbirlərin kəndlilərin mal-qarasına hücum etməsi barədə məlumatlar dolaşsa da, Qafqaz regionunda 50 bəbirdən 10-15 fərdinin Azərbaycanda yaşadığı iddia edilsə də, onları gözü ilə görən olmamışdı. Ümumdünya Təbiəti Mühafizə Fondu Azərbaycan meşələrində hələ də bəbirlərin yaşadığını sübut etmək üçün işə başlayır. Gizlənməyi məharətlə bacaran bu heyvanın izinə düşmək çox çətin olsa da, axırda nəticə əldə etmək mümkün olur. 2000-ci ildən başlayan ekspedisiyalar nəticəsində alim-ekspertlər bu ayıq heyvanın izlərini tapırlar. Nəhayət ki, 2007-ci ilin fevralında Talış dağlarının şimal ətəklərində quraşdırılan foto-tələlər bu ipə-sapa yatmayan vəhşinin şəklini çəkə bildi.

 

Ümumiyyətlə, Sovet dövründə “kənd təsərrüfatının ziyanvericisi” adlandırılan bəbirlər məhv edilirdi, nəticədə onların sayı kəskin şəkildə azalır. Azərbaycanda onun ovlanması 1967-ci ildən qadağan edilsə də, bu gün nəsli kəsilmək təhlükəsi olan bəbir Azərbaycanın “Qırmızı kitab”ına düşüb. Halbuki bəbir digər iri yırtıcılar kimi, xəstə və yarımcan heyvanları məhv etdiyi, bəzi zərərvericilərin artımını nizamladığı üçün əslində təbiətdə mühüm rol oyanır.

Bu gün bəbirin taleyinə 3 amil təsir göstərir: brakonyerlik, meşələrin qırılması və bəbirin əsas yemi sayılan dırnaqlı heyvanların sayının azalması. Bu bəlaların qarşısını isə məhz biz insanlar ala, bəbirləri qoruya bilərik!

Elşad Əsgərov, WWF Azərbaycan Nümayəndəliyinin direktoru

Sevinc Saruxanova, Əlaqələr və Əməkdaşlığın İnkişafı üzrə menecer, WWF Azərbaycan     

loading...

1 şərh

istorik_c
Bəli Talış meşələrində bəbir yaşayır. Hətta 7-8 il əvvəl bizim tərəfdə ovçulardan biri təsadüfən bəbir vurmuşdu. Onu külli miqdarda cərimə də etdilər. Amma 10-15 fərdin yaşaması real rəqəm deyil. Məqalədə bəbirin insan məskənlərinə yaxın yerdə yaşadığı qeyd olunur. Sonra uzun axtarışlar nəticəsində Talış meşələrində foto tələyə düşdüyü yazılır. Həmin foto insan ayağı dəyməyən meşənin ən dərin yerlərində çəkilib.