Pinqvinlər

Onlar haqqında hamının məlumatı var. Yaxından görməsək də, hər birimiz bu heyvanı çox sevirik. Dünyanın ən soyuq sevən heyvanları olmalarına baxmayaraq, onları görəndə insanın daxilində qəribə istilik, mülayimlik yaranır. Onlar haqqında saysız-hesabsız kinolar, cizgi filmləri mövcuddur, bir çox qurumun, ölkənin bayraq və gerblərini məhz bu sevimli heyvanların rəsmləri bəzəyir. Uçmağa qanadı olmasa da, dünyanın ən sevimli quşlarından biri olan pinqvinləri daha yaxından tanıyaq.

 

Pinqvinlərin bilmədiyimiz etimologiyası
Pinqvinlər  və ya latıncadan əsl adı ilə desək, Spheniscidae Pinqvinkimilər,  yəni Sphenisciformes dəstəsinə aid uçmayan quş fəsiləsidir. Maraqlıdır, bu qəribə, sevimli, bəzən də gülməli görünən, uça bilməyən quşların adının mənası nədir? Pinqvinin adının etimologiyası ilə bağlı üç əsas mülahizə mövcuddur. Qədim kelt dilində “pen” baş, “gwyn” isə ağ deməkdir. Qədim keltlər bu adla auklar ailəsinə aid və nəsli kəsilməkdə olan qanadsız auku adlandırırdılar. Dənizçilər pinqvinləri gördükləri zaman məhz xarici görünüşündən auka bənzətdiklərinə görə belə adlandırmışdılar. Antarktidanın kəşfinə qədər isə pinguinus  termini Avropada yalnız qanadsız aukun adı olaraq istifadə olunurdu. Bəzi tədqiqatçıların fikrincə isə söz ingilis dilindəki “pinwing”, yəni sancaq qanad sözündən götürülüb. Xatırladaq ki, ingilislər də ilkin olaraq, bu sözü məhz auklar üçün istifadə edirdilər. Amma ortaya sürülən versiya bir az şübhəlidir, çünki ingilis dilində pinqvin sözü “pinwing” yox, məhz “penguin” kimi yazılır. Latın dilindəki “pinguis” sözü isə gonbul, kök, dolu mənasını verir. Pinqvin sözü yalnız latın dilində deyil, bir çox Avropa dillərində də eyni mənanı bildirir.

 

Pinqvinlər harada yaşayır, bilirsiniz?

Pinqvinlərin əcdadları hələ Antarktida tam olaraq, buz parçasına çevrilmədən və burada mülayim hava şəraiti hakim olduğu zamanlar məhz bu ərazilərdə yaşayırdılar. Materiklər hərəkət edir, iqlim dəyişir, Antarktida Cənub qütbünə hərəkət edərək getdikcə tamamilə buzla örtülür. Əvvəl burada yaşayan heyvanlar ya Antarktidanı tərk edir, ya da ki soyuqdan məhv olurlar. Amma pinqvinlər yaşayış yerlərini tərk etməyərək yeni yaranmış iqlimə uyğunlaşırlar. 60 milyon il bundan əvvəl planetimizdə yaşayan pinqvinlərin 40-a qədər növü isə məhv olur. Aparılan axtarışlar zamanı kilosu 120, boyu isə insan boyuna çatacaq pinqvin növləri də tapılıb. Belə növlər Peru ərazisində tapılan İcadyptes salasi pinqvin növüdür. Hazırda Cənub qütbü, Yeni Zelandiya, Avstraliyanın cənubu, Cənubi Amerikanın sahil sularında, Folkner adalarından Peruya qədər, Cənubi Afrika və hətta Qalapaqos adalarının ekvatora yaxın sahillərində yaşayırlar. Pinqvinlər soyuq havanı sevirlər, buna görə də tropik iqlim qurşağına malik ərazilərə də yalnız soyuq cərəyanlar vasitəsilə gəlirlər. Məsələn, Cənubi Amerikanın sahillərinə Humbolt və ya Benqal cərəyanları vasitəsilə gəlirlər. Ümumilikdə götürdükdə isə pinqvinlər 45-60 dərəcə cənub enliyində, xüsusilə Antarktida və ona yaxın adalarda yaşayırlar. Pinqvinlərin məskunlaşdığı ən isti məkan isə ekvatorial iqlimdə yerləşən Qalapaqos adalarıdır.

 

Nə gözəl yaradıb yardan səni
Pinqvinkimilər ailəsinə 18 növ uçmayan quş daxildir. Bu ailənin bütün üzvləri yaxşı suya dalmaq və üzmək qabiliyyətinə malikdir. Böyüklük baxımından bu sevimli heyvanların ölçüləri 30-105 sm. arasında dəyişir, ən iri nümayəndə sayılan  İmperator pinqvinlərinin kilosu 45 kq, hündürlüyü isə 110-120 sm-ə qədər çata bilir. İsti bölgələrə doğru pinqvinlərin boyları kiçilir. Baxmayaraq ki, pinqvinlər də quşlardır, amma onların tükləri quş tüklərinə heç bənzəmir, kürəkləri qara və ya boz, qarın qisimləri incə ağ tüklərlə örtülüdür. Maraqlıdır ki, növlər bir-birindən başlarındakı tüklərin rənginə görə fərqlənirlər. Quyruqları qısadır və ayaqları bədənlərinin arxasında olduğundan rahatlıqla ayaq üstə dayana bilirlər. Digər uçmayan quşlardan fərqli olaraq, pinqvinlərin çox güclü döş sümüyü var və həmin sümüyün ətrafında möhkəm əzələ toplanıb. Heyvanın qanadları uçmağa yaramır. Amma uçmağa yaramayan əzələli və güclü qanadlar üzərkən çox qüvvətli üzgəc vəzifəsini görməklə yanaşı, buz üzərində sıçrayan və sinələrinin üzərinə yataraq çox yaxşı sürüşən pinqvinlərə “xizək kimi”  sürüşməyə köməklik edir. Bu üsulla pinqvinlər qaçaraq qurudan bir neçə yüz kilometr suyun içərisinə qədər girə bilirlər.

Pinqvinləri quşlardan fərqləndirən digər vacib cəhətlərdən biri də sümüklərinin quşlardan tamamilə fərqli olmasıdır. Belə ki, quşların sümükləri boruşəkillidir və bu onları daha yüngül edir. Amma pinqvinlərin sümükləri məməlilərdə (delfinlərdə və suitilərində) olduğu kimi sıx və içərisi çoxlu boruludur. Uçmayan quşların sinə əzələləri çox inkişaf  edib, bəzən ümumi bədənin 30%-ni təşkil edir ki, bu da digər ən güclü quşların sinə əzələlərindən qat-qat çoxdur. Quşların omba sümükləri çox qısa, diz oynaqları isə hərəkətsizdir.

Axı pinqvinlər niyə donmurlar?
Pinqvinlər unikal heyvanlardır. Belə ki, Cənub qütbü pinqvinləri 40 °C-lik bədən istiliyi ilə  -40 °C-lik Antarktika soyuğuna uyğunlaşma qabiliyyətinə malikdirlər. 80-88 °C-lik istilik fərqinə bədənlərindəki tük, yağ və qidalardan əldə etdikləri enerji hesabına tab gətirə bilirlər. Heyvanın dərisinin altında toplanan 2-3 sm qalınlığındakı piy qatı və 2 qatdan ibarət su keçirməyən, bir-birinə sıx yerləşmiş, bütün bədəni tamamilə örtən tük qatı onun soyuqdan ən birinci qoruyucularıdır. Bununla yanaşı, tüklərin arasında qalan hava qatı da suya daxil olarkən temperaturu özündə saxlayır və istiliyin itməsinə imkan vermir. Pinqvinlərin ayaqlarında bədən istiliklərini nizamlayan avtomatik bir mexanizm mövcuddur. Belə ki, ayaqlara gələn isti arterial qan öz istiliyini nisbətən soyuq olan venoz qana verir və yenidən geri bədənə qayıdır. Geri dönüm (axım) prinsipi adlanan bu proseslə bədəndəki istilik tənzimlənir. Normal şəraitdə buzun üzərində ayaqyalın gəzən və müəyyən müddətdən sonra donma təhlükəsi olan insandan fərqli olaraq, ömrü boyu buz üzərində gəzən, amma donmayan pinqvinlərin sirri budur. Bu qədər çox qorunma üsulu olan quş bəzən yağ təbəqəsi və tüklərlə birlikdə o qədər güclü istilik izolyasiyası yarada bilər ki, pinqvin günəşli bir gündə həddən artıq istilənə bilir. Ancaq Allah sanki yaşamaqları üçün pinqvinlərin bədənlərinin həddən artıq istilənməsinin qarşısını alan xüsusi vasitələr də yaratmışdır. Onların yalın  dimdikləri və ayaqları istilik itirilməsinə səbəb olur və bədənlərinin sabit temperaturda qalmasına şərait yaradır.

25 yaş nədir ki?
Pinqvinlərin bütün xüsusiyyətləri kimi görmələri, qidalanmaları və hətta yaşam müddətləri də digər quşlardan fərqlidir. Bu quşların gözləri suyun altında  üzməyə uyğunlaşıb, onların göz buynuzları düz olduğu üçün quruda yaxın görəndirlər. Suyun daha dərinliyinə baş vuran İmperator pinqvinlərinin suyun altına uyğunlaşmasının əsas cəhəti göz bəbəyinin dartılması və yığılmasıdır. Məhz bu xüsusiyyətə görə pinqvinlərin gözləri suyun 100 metr dərinliyində belə suyun müxtəlif işıqlanmasına uyğunlaşa bilir. Piqment tərkibinin analizinin nəticələri göstərir ki, uçmayan quşlar spektrin mavi hissəsində qırmızıdan daha yaxşı görür və hətta mümkündür ki, ultrabənövşəyi şüaları da qəbul edə bilirlər. Çünki spektrin qırmızı hissəsində işıq artıq suyun üst təbəqəsində yoxa çıxır, görünür, bu xüsusiyyət pinqvinlərdə yaşam şəraitinə uyğun adaptasiyanın nəticəsidir. Bir çox quşlar kimi pinqvinlərin qulaqları xüsusi bir formaya malik deyil. Suya dalan zaman onların qulaqları xüsusi lələklər vasitəsilə bağlanır və ora su daxil olmasının qarşısı alınır.



Daha dərinliklərə üzdüklərinə görə İmperator pinqvinlərinin qulaqları digərlərindən fərqlənir, belə ki, dərinliyə endikcə artan təzyiqdən orta və daxili qulağı qorumaq üçün onların üst qulaqlarının qapaqları daha iri və möhkəmdir. Suyun altında quşlar heç bir səs çıxarmırlar, quruda isə bir-birləri ilə qırıq-qırıq səslər vasitəsilə əlaqə yaradırlar. Amma hələ də bəlli deyil ki, onlar bu səslərdən qurbanlarına, yoxsa düşmənlərinə rast gəldikləri zaman istifadə edirlər. Yaxın görən, az səs çıxaran bu heyvanlar Antarktida gümüş balığı, krablar, dənizlərdəki qabıqlılar, balıq və mürəkkəbböcəyi, sardın, ançouslar vasitəsilə qidalanırlar. Maraqlıdır ki, eyni ərazidə yaşayan iki ayrı cins pinqvinin yeməyi bir-birindən fərqlənir. Məsələn, Antarktida pinqvini və Adel pinqvinləri eyni ərazidə yaşasalar da, yedikləri gümüş balıqlarının ölçüləri bir-birindən seçilir. Dənizdə saatda 10 mil sürətlə üzə bilərlər. Hətta lazım olduğunda bu sürətlərini iki qat artıra bilərlər. Birhüceyrəlilər vasitəsilə qidalanan pinqvin növləri balıqlarla qidalanan cinslərə nisbətən daha tez-tez qidalanmaya ehtiyaclar duyurlar. Baxmayaraq ki, birincilər ikincilərə nisbətən daha az enerji sərf edirlər. Balıqlarla qidalanan pinqvinlərə yem tapmaq üçün 10 cəhddən birinin uğurlu alınması bəs edir.

Amma balaca heyvanlarla qidalananlar suya bir dalışda ən azından 16 xərçəng tutmalıdırlar ki, gün ərzində həm öz enerji tələbatlarını təmin etsinlər, həm də balalarını doydursunlar. Bunun üçün də hər 6 saniyədən bir suya baş vurmalıdırlar. Pinqvinlərin yemək üçün suya baş vurma müddətləri ilin fəsillərindən də asılıdır. Məsələn, bala çıxarma dövründə Antarktida pinqvinləri suya 190 dəfə baş vurduqları halda, İmperator pinqvinlərində böyük köç zamanı bu say 860 dəfəyə çata bilir. Bəzən tük tökmə, bəzi cinslərdə isə ümumilikdə bala çıxarma dövründə yeməkdən imtina edirlər. Bu müddət müxtəlif cinslərdə 1 aydan 3 aya kimi dəyişə bilir. Həmin dövrdə donmamaq üçün öz piy ehtiyatlarından istifadə edən pinqvinlər çox arıqlayırlar. Onlar dəniz suyu içirlər. Suyun tərkibindəki duz gözün aşağısında yerləşən xüsusi vəzilər vasitəsilə xaric olunur. Bu dövr ərzində pinqvinlərin yaşama şansı daha çox onların piy ehtiyatından asılıdır. Məsələn, Adel pinqvinlərində bu 70-80% təşkil etdiyi halda İmperator pinqvinlərində 90%-dir.  Ümumilikdə isə pinqvinlər 25 il yaşaya bilirlər. Gün ərzində yemək arxasınca 27 km üzürlər, 80 dəqiqələrini isə suyun 3 metr dərinliyində keçirirlər. Dərinliyə dalma üzrə bəzi pinqvinlər rekorda belə imza atırlar, balaca cinslər, Papuan pinqvinləri su altında bir və ya iki dəqiqə dayanmaqla 20 metr dərinliyə, İmperator pinqvinləri isə suyun altında düz 18 dəqiqə dayanaraq 530 metr dərinliyə kimi gedə bilirlər. Sudan çıxdıqda isə 1.80 metr hündürlüyə atlana bilirlər. Pinqvinlərin ayaqları qısa olduğu üçün onlar yanlara basa-basa hərəkət edirlər. Araşdırmalar göstərir ki məhz bu cür yeriməklə enerjiyə qənaət edirlər. Quruda saatda 3-4 km məsafə qət edirlər. Buzun üstündə sürüşdükləri üçün suda olduğu kimi sürətlidirlər.

Gəz, üz, çoxal və yaşa!
Pinqvinlər çox sosial heyvanlardır, birlikdə isinir, birlikdə yaşayırlar. Tək-tək yumurtlamağı və bala çıxarmağı sevmirlər. Adətən onlar bunu bir yerdə on minlərlə cütlüyün toplandığı koloniyalarda edirlər. Yumurta qoymaq və balaları yemləməkdə hər iki cütlük iştirak edir. Balaca balalara isə valideynlərin onlara üyüdüb verdiyi balıq və balaca heyvan qırıqlarını həzm etmək, soyuqdan qorunmaq üçün valideynlərinin isti və yumşaq qarın qatlarında yatmaq qalır. Pinqvinlərin cinsi yetkinlik dövrü də növlərə görə dəyişir, məsələn, Subantarktika pinqvinləri 2, İmperator, Adel, Antarktida pinqvinləri 3, Qızılsaç pinqvinlər isə düz beş yaşında bu mərhələ üçün hazır olurlar. Əslində göstərilən rəqəmlər bir az orta statistikanı göstərir, həyatda isə çox vaxt pinqvinlər koloniyaya yalnız özləri hazır olduqları zaman getməyə başlayırlar. Koloniyaya getmək isə artıq quşun cütləşməyə hazır olduğunu göstərir. Yaş artdıqca pinqvinin koloniyada qalmaq müddəti də artır.  Əslində quşların yumurta qoyduğu dövrü hava şəraiti bəlli edir. Cənubi Qalapaqos pinqvinləri, balaca və uzunqulaq pinqvinlər ilin istənilən vaxtı yumurta qoya bilərlər, balaca pinqvinlər isə bəzən ildə iki dəfə yumurta qoya bilərlər. Ümumilikdə Subantraktidadan Antarktidaya qədər ərazidə yaşayan quşlar il ərzində iki dəfə – yazda və yayda yumurta qoya bilərlər. Bu pinqvinlər arasında fərqlənənlər isə İmperator pinqvinləridir, onlar payızda yumurta qoyurlar. Belə olduqda isə balaca quşcuğazların dünyaya gəlməsi -40 dərəcə Antarktida soyuqları dövrünə düşür və bu şərait onlara ətraf aləmə daha yaxşı adaptasiya olmağa kömək edir. Yumurta qoymazdan öncə erkək pinqvinlər dişidən tez koloniyaya gəlir və özləri üçün burada balaca yer götürərək yuva qururlar. Yalnız İmperator pinqvinləri belə sosiallaşmanın tərəfdarı deyillər və onlar özlərinə yuva qurmurlar, bu pinqvinlər yalnız öz tərəf müqabilləri və nəsilləri ilə yaxınlıq edirlər.

 

Pinqvinlər görüşəndə
Pinqvinlərin görüşü isə maraqlı olur. Dişilərin maraqlarını cəlb etmək üçün erkəklər səslər çıxarırlar. Əgər bu erkəyin ilk cəhdi deyilsə, o zaman keçən il birlikdə olduğu dişi ilə də yenidən birləşir. Pinqvinlərin evliliklərinin ömrü isə uzun olmur, ən çox birlikdəliyin ömrü 6-7 il olur. Hər il birlikdə olmanın nəticəsi isə cütlüyün keçən ili necə keçirməsindən asılı  olur.

Cütləşmədən sonra isə İmperator pinqvinləri öz pəncələri üzərinə bir yumurta qoyurlar, digər bütün pinqvinlər isə düzəltdikləri yuvanın içərisinə 3-5 gün ərzində iki yumurta qoyurlar. Yumurtalar ağ və ya yaşıl rəngli olur. Cavan cütlüklərin qoyduğu yumurtalar çox az hallarda uğurlu alınır. Yumurtalardan bala çıxması üçün uzun illərin təcrübəsi lazımdır. Qoyulan yumurtalar üzərində erkək pinqvinlər kürt yatır. Yumurtanın inkubasiya dövrü müxtəlif pinqvinlərdə bir aydan iki aya kimi davam edir. Çox vaxt birinci yumurta ikincidən böyük olur və yumurtadan daha tez çıxır. Valideynlər də çox zaman böyük quşları daha çox sevir, onu daha çox yemləyirlər, elə buna görə də adətən ikinci bala məhv olur. İkincinin məhv olması əslində valideynlərə də xeyirdir, bu həm vaxta, həm yemə, həm də enerjiyə qənaətdir. Valideynlər çox zaman birinci balanı sığortaya almaq üçün ikinci yumurtanı da qoyurlar. Birincinin yaşaması isə artıq ikinciyə olan ehtiyacı yox edir.

 

İmperator pinqvinlərindən valideynlərdən biri 6 ay körpəyə nəzarət edir, digəri isə yem dalınca gedir. Balacalar bir az böyüdükdən sonra isə onları “uşaq bağçası”na verib, hər iki valideyn yem dalınca gedir. Bağça adlandırılan bu birliklərdə bəzən bir deyil, bir neçə növdən körpə quşcuğazlar yaşaya bilər.

Quşların öz balalarını yemləməsi də fərqlidir, məsələn Subantarktik pinqvinlər balalarını hər gün, Adel və Antarktida pinqvinləri iki gündən bir, İmperator pinqvinləri isə ümumilikdə 4 gündən bir və ya daha gec yemləyir, amma buna baxmayaraq, sonuncular bir dəfəyə hamıdan çox qida alırlar. Digərləri gün ərzində 500 qr yem qəbul etdikdə, İmperator pinqvinlərinin balaları bir gündə 1 kq balıq yeyir. Buna görə də onların balaları 12 ay ərzində öz valideynlərindən də ağır olurlar. Tüktökmə zamanı pinqvinlərin çoxu koloniyanı tərk edir və bununla da demək olar ki, valideynlik vəzifələri sona çatır. Bundan sonra balalar müstəqil həyata atılırlar.

 Mənbə: "Discovery Azerbaijan" jurnalı 

 

0 şərh