Bakı Komendantlıq dövründə

Azərbaycan Rusiyanın tərkibinə keçəndən sonra xanlıqların əvəzinə əyalət və dairələr təşkil olundu və bu əyalətlərdə çarizmin hərbi-inzibati sistemi yaradıldı. Bu sistem komendant və idarə sistemi adlanırdı. Azərbaycanda altı əyalət: Bakı, Quba, Şəki, Şirvan, Qarabağ və Talış əyalətləri, Yelizavetpol və Car-Balakən dairələri, bunlardan başqa Qazax və Şəmşəddin distansiyaları təşkil olunmuşdu. Hər əyalətin başında komendant dururdu. Komendantlar Qafqazın baş komandanı tərəfindən etibarlı zabitlərdən təyin olunurdu. Komendant əyalətdə külli-ixtiyar sahibi idi. Onlar vəzifələrə məmurlar təyin edir, bəylərə torpaq sahəsi ayırır, lazım bildikləri zaman torpağı geri alır, vergilərin toplanması barədə sərəncamlar verirdi. Bakı komendantı neft və duz yataqlarını, balıq ovunu və s. iltizama (icarəyə) vermək hüququna da malik idi. Əyalətlər də öz növbəsində mahallara bölünür və onların başında naiblər dururdu. Komendantlar naibliyə çarizmə sadiq olan adamları təyin edirdilər. Kəndlərə kəndxudalar və yüzbaşılar cavabdeh idilər. Kəndxudalar öz yanlarında yasavul və onbaşılar saxlayırdılar. Vergi və mülkiyyətləri bölmək, onları vaxtlı-vaxtında yığmaq naiblərin vəzifəsi idi. Lakin adları çəkilən bu adamlar dövlətdən maaş almırdılar. Onlar toplanan vergilərdən ya müəyyən edilmiş miqdarda özlərinə pay götürür, ya da xidmətləri müqabilində komendantlar onlara torpaq və kəndli bağışlayırdılar.
1812-ci ildə Bakıda şəhər məhkəməsi (divan) yaradılır. Məhkəmənin sədri şəhərin komendantı idi. Məhkəmənin üzvlüyünə məmurlardan iki nəfər, şəhər əhlindən və bəylərdən də iki nəfər seçilirdi. Bəylərin, eləcə də əhalinin içindən məhkəməyə seçilənlər bir il işləyirdilər. Məhkəmənin iclaslarına bir nəfər molla da dəvət olunurdu. Ən ağır cinayətlərə hərbi orqanlardan təşkil edilmiş məhkəmə baxırdı. Bu zaman komendantın məhkəmədə iştirak etməyə ixtiyarı yox idi.
Hər əyalətdə ruhanilərin başında baş qazı dururdu. Qazıda mahal naibi kimi maaş əvəzinə 20 rəncbər mükafat alırdı. Baş qazı kəbin-talaq, vərəsəlik və s. bu kimi ailə məsələlərinə aid işlərlə məşğul olurdu. Ruhani məhkəmələri xalq içərisində böyük hörmət qazanmışdı. Bu ona görə idi ki, çar məmurları ən ağır və dolaşıq işləri ruhani məhkəməsinin ixtiyarına buraxırdılar.
Komendant sistemi dövründə də bəylər və keçmiş xanların adamları torpağı idarə etməkdə davam edirdilər. Xanlıqlar dövründə torpaqlar üç kateqoriyaya bölünürdü: xam torpaqlar, icma torpaqları və məskun torpaqlar. Keçmiş xanların külli miqdarda torpaqları çarizm xəzinəsinin ixtiyarına keçmişdi. Torpaqların böyük bir hissəsi isə feodalların əlində idi. Bunlar mülk, xalisə və tiyul torpaqdardan ibarət idi. Tyul torpaqlar vaxtı ilə xanlar tərəfindən bəylərə ömürlük verilmişdi.  Hətta  bu  torpaqlar  nəsildən-nəslə  keçirdi.  Lakin  tiyul  sahibi  onu başqasına satmaq hüququna malik deyildi. Lap əvvəllər tiyul torpaqlar Soyurqal adlanırdı. 18-ci əsrdə isə bu termin daha işlənmirdi. Torpağa yiyələnmənin başqa bir forması isə mülk idi. Tiyuldan fərqli olaraq, mülki satmaq və başqasına vermək də olardı. Bu, şəxsi mülkiyyətin daha mükəmməl forması idi. Mülk müxtəlif şəkildə olurdu. Onun bir forması «Xalisə» mülk idi. Xalisə mülklər vergilərdən azad olunurdu. Xam torpaqlar otlaq yerlərindən və meşələrdən ibarət idi. Bu torpaqlar ancaq xana məxsus idi. Xan bu torpaqları xüsusi şəxslərə müvəqqəti və ya da daimi istifadə üçün verirdi. İcma torpaqları isə kəndlilərin əlində idi. İcma bir ərazidə yaşayan kəndliləri birləşdirirdi. Bu sistem hələ xanlıq dövründə də vardı. Onlar feodal asılılığında olub, xan, komendantlıq dövründə isə bəylər tərəfindən təyin edilmiş kəndxudalar tərəfindən idarə olunurdu. Bəylər torpaqdan istifadə üçün kəndlilərdən vergi alırdı. Bunlardan başqa Vəqf torpaqlar da vardı. Belə torpaqlar, adətən, məscidlərə və sairə dini müəssisələrə aiddi. Vəqf torpaqların sahibləri hər cür imtiyazlardan istifadə edir və dövlət xəzinəsinə vergi verməkdən həmişəlik azad olunurdular. Məsələn, Bibiheybət məqbərəsi kimi… Kəndlilər iki cürdü: rəiyyət — torpağı olub bəydən asılı olan kəndlilər və ikincisi, torpaqdan və başqa kənd təsərrüfatı alətlərindən məhrum olan, ancaq günəmuzd işləyən rəncbərlər idi. Maaflar adlanan bir qrup adamlar da vardı ki, vergilərdən azad olsalar da xan və bəylərə hərbi xidmət etməyə borclu idilər. Xan tələb etdiyi zaman onun qoşunu sırasında vuruşmağa gəlməli idilər.


40-cı illərdə rus çarizmi bütün torpaqların xəzinənin hesabına keçirilməsi barədə tədbir hazırlamağa başlayır. Onlar deyirdilər ki, xanlıqlar dövründə bütün torpaqlar ayrı-ayrı adamların deyil, xanın əlində idi. Madam ki, xanlar yoxdur, demək, bütün torpaqlar xəzinəyə keçməlidir. Çar məmurları öz fikirlərini bununla əsaslandırdılar ki, Quran torpağa şəxsi mülkiyyəti inkar edir. Guya bütün torpaqlar Allahındır. Bu məqsədlə 1841-ci ildə imperatorun fərmanı çıxır. Bu fərmana görə bəylər kəndləri idarə etmək hüququndan məhrum edilirdilər. Bəylərə kəndlilərdən aldıqları vergi və töycü əvəzinə dövlət tərəfindən ömürlük pul mükafatı təyin olunurdu. Lakin bu vəziyyət çox davam etmir. İri torpaq sahibləri və məmurlar canişin Vorontsov qarşısında məsələ qaldırırlar ki, rus höküməti ilə xidmətləri əvəzində onlara imtiyazlar verilsin. Rus hakimiyyəti özü də hiss edirdi ki, kəndliləri idarə etmək üçün yerli varlı siniflərə böyük ehtiyacı vardır. Kəndlilər rus idarə sisteminə pis baxırdılar. Onları daim tabelikdə saxlamaq üçün möhkəm bir arxa lazımdı. Məhz buna  görə çarizm bəylərə güzəştə getməyə məcbur oldu. Rusiyada torpaq və kəndlilər mülkədarlar tərəfindən idarə olunduğu kimi çarizm Azərbaycanda da yerli əhali içərisində etibarlı bir arxaya dayanmalı idi.
1846-cı il dekabrın 6-da imperator xüsusi bir fərman verir. Bu  fərman əsasında mülkədar və bəylərin ixtiyarında olan və əcdadları tərəfindən istifadə edilmiş  bütün  torpaqlar  kəndlilərlə  birlikdə  daimi  olaraq  onların sərəncamına verilirdi. Bir sözlə, Rusiyada təhkimçilik hüququnun ləğv edilməsindən 14 il qabaq Azərbaycanda təhkimçilik qayda-qanunu yaradılır.
Bütün torpaqların feodal və bəylərin ixtiyarına keçirilməsi Azərbaycanda və o cümlədən Bakı kəndliləri içərisində böyük narazılıq və təşvişə səbəb oldu. Bu narazılıq az qala qiyama çevriləcəkdi. Qorxuya düşən çarizm guya kəndlilərin də vəziyyətini yaxşılaşdırmaq üçün 1847-ci ilin 20 aprelində təzə bir qərar qəbul etdi. Bu qərara əsasən torpaq sahibi 15 yaşına çatmış hər bir kəndli üçün 5 desyatindən az olmayaraq torpaq ayırmalı idi. Bunun əvəzində isə kəndlilər torpaqdan götürəcəkləri məhsulun onda bir hissəsini sahibkar üçün ayırmalı idi. Sonralar, yəni 1870-ci ildə verilmiş təzə fərmana əsasən kəndlilərin xüsusi mükəlləfiyyətlərinin ölçüsü xeyli azaldılır. Əslində isə bu tədbirlərin heç biri kəndliləri dilənçi vəziyyətindən çıxara bilmir. Müəyyən edilmiş qaydaya əsasən kəndlilər mülkədardan hökümət vasitəsilə torpaq ala bilməzdilər. Səbəb onu göstərirdilər ki, guya kəndlilərin əksəriyyəti köçəri həyat keçirdiklərinə görə torpaq pulunu vaxtında verə bilməzlər. Halbuki Rusiyada və habelə Gürcüstanda kəndlilər üçün belə məhdudluq qoyulmurdu.


Çar höküməti Qafqazda komendant sistemini hərbi-xalq sistemi adlandırırdı. Əslində isə bu hərbi-inzibati bir sistem idi. Əyalətlərdə xalqın divan bəyləri, naiblər, kəndxudalar tərəfindən talan edilməsi və məhkumiyyət altında saxlanmaları üçün komendantlar hər cür şərait yaradırdılar. Çinovniklərin özbaşınalığı və bürokratizm həddini aşmışdı. Çar komendantların vəzifə və hüquqları barədə heç bir rəsmi təlimat verməmişdi. Yalnız 1828-ci ilin iyun ayında Tiflis qubernatoru komendantların ixtiyaratı barədə Şəki və Qarabağ xanlıqlarına göndərdiyi gizli təlimatda komendantların vəzifələrindən danışarkən göstərirdi ki, komendant idarəsinin birinci vəzifəsi təsərrüfat, məhkəmə, polis və xəfiyyə işləri ilə məşğul olmaqdır. Komendant xəzinənin gəlirini artırmaq üçün əlverişli vasitələr axtarmalı idi. Bu məsələyə çar hökuməti xüsusilə böyük əhəmiyyət verirdi. Xanlıqlar Rusiyanın tərkibinə daxil olduqca çar xəzinəsinin gəliri və xüsusi mülkiyyəti daha da artırdı. Rusiyanın əleyhinə çıxan bəy və xanların da torpaqları müsadirə edilərək, xəzinənin hesabına keçirilirdi. Təbii sərvətlərin istismarı üzərində komendant nəzarəti getdikcə artırdı. Bakıda və Şirvanda neft quyuları və duz yataqları ya komendantların özləri tərəfindən, ya da icarədarlar tərəfindən istismar olunurdu. Komendantlar Xəzər və Kür sahilindəki balıq vətəgələrini müvafiq məbləğə icarəyə verirdilər.
Torpaqların və kəndlilərin çarizmə rəğbət bəsləyən və rus çinovniklərinə yarınan feodallara verilməsi nəinki komendantlar tərəfindən, hətta rütbəli çar məmurları tərəfindən də həyata keçirilirdi. Xan və bəylər tərəfindən çarizmə qarşı düşmənçilik hiss edildikdə torpaqları dərhal xəzinənin xeyrinə müsadirə edilirdi. Yerli əhalinin və o cümlədən bəy və feodalların çarizmə sədaqətini yoxlamaq və müntəzəm izləmək üçün komendantlar xəfiyyə işləri ilə də məşğul olurdular. Xüsusi çuğullar vasitəsilə əhalinin əhval-ruhiyyəsini öyrənməyə çalışırdılar.
Komendant idarəsinin özünün xüsusi ştatı vardı. Məsələn, 1824-cü ildə Bakı əyalət komendantlığı üçün aşağıdakı vəzifələr təsdiq edilmişdi: komendant, onun müavini, hərbi zabitlər, polismeyster və onun yerli əhalidən olan müavini, mülki çinovniklərdən bir nəfər katib, tərcüməçi, mirzə, atlı və piyada yasavullar.
Polis məmurları bəzən heç bir səbəb və əsas olmadan yerli əhalini sıxışdırır, onlardan öz xeyirlərinə olaraq qeyri-qanuni cərimələr alır, adamlara fiziki cəza verirdilər. Mütləqiyyətin müstəmləkəçilik siyasəti dərinləşdikcə, komendant (və bəylərin zülmü artdıqca əhali içərisində narazılıq çoxalırdı. 30-cu illərdə Bakıda və başqa şəhərlərdə müstəmləkəçiliyə qarşı kəndli çıxışları xeyli artmışdı. Çar
siyasətinə qarşı ən böyük üsyan 1837-ci ildə Qubada olmuşdu. Burada kəndlilər yerli çar məmurlarına qarşı açıq üsyana qalxmışdılar.
Komendant sistemi özünü bütün Qafqazda biabır etmişdi. Hətta yüksək rütbəli çar məmurları özləri etiraf edirdilər ki, bu sistem özünü doğrultmur. Azərbaycanın iqtisadi tərəfdən mənimsənilməsi təşəbbüsləri heç bir nəticə vermirdi. Çünki bu təşəbbüslərin həyata keçirilməsinə tamahkar komendantlar açıqdan-açığa mane olurdular. Bu baxımdan komendant sistemi iqtisadi cəhətdən ümumiyyətlə çarizm üçün əlverişli deyildi, çünki gəlirin çox hissəsi xəzinəyə daxil olmaq  əvəzinə  komendant,  hərbi xidmətçilər  və iri torpaq  sahibləri tərəfindən mənimsənilirdi. Rüşvətxorluq həddini aşmışdı.


1840-cı ilin 10 aprelində I Nikolayın təsdiqi ilə yeni bir reforma verildi. Bu reforma əsasında Zaqafqaziya ölkəsini idarə etmək üçün komendant sisteminin əvəzinə «Zaqafqaziya ölkəsinin işlərinə baxan idarə» yaradıldı. Reforma 1841-ci il yanvarın 1-dən həyata keçirilməyə başladı. Yeni reforma əsasında Zaqafqaziya iki hissəyə ayrıldı: Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayəti. Xəzər vilayətinə 7 qəza daxil olurdu: Şuşa, Nuxa, Lənkəran, Bakı, Şamaxı, Dərbənd və Quba. Gürcüstan-İmeretiya quberniyasının mərkəzi Tiflis, Xəzər  vilayətinin mərkəzi isə Şamaxı şəhəri təsdiq edildi. Quba və Dərbənd qəzaları çarizmə qarşı vuruşan Dağıstanla həmsərhəd olduqları üçün ayrıca bir okruqda birləşmişdilər.
Dağlılarla müharibəni tez qurtarmaq və Zaqafqaziyada  rus  hakimiyyətini daha da möhkəmlətmək məqsədilə çar höküməti Qafqazda rus inzibati idarəsini təkmilləşdirməyi qərara aldı. Qafqazda olan baş rəislik vəzifəsini ləğv edib, əvəzində 1844-cü ildə Qafqaz canişinliyi təsis etdi.
Qafqazda ilk canişin 63 yaşlı qraf M. S. Vorontsov oldu. O, I Nikolayın etimadını qazanmış sərkərdələrdəndi. Qafqazda bütün mülki və hərbi hakimiyyət onun əlində toplanmışdı. Canişin bilavasitə olaraq, çara tabe idi. Mərkəzi nazirliklərdən heç birinin onun işlərinə qarışmağa ixtiyarı yoxdu. Bütün məsələlər üzrə birbaşa çarın özünə müraciət edirdi.
Mülki və hərbi hakimiyyət sahəsində Vorontsovun böyük təcrübəsi vardı. O düz 40 il Sisianovun əlinin altında işləmişdi.


1845-ci ilin 25 martından Vorontsov öz vəzifəsinə başlayır. Etiraf etmək lazımdır ki, onun canişinliyi dövründə ölkədə mədəniyyətin inkişafı üçün əlverişli bir şərait yaradılmışdı. İmperiyanın ali məktəblərinə daxil olmaq üçün yerli əhalidən ötrü məktəblər məhz bu dövrdə təşkil olundu. Tiflisdə böyük kütləvi kitabxana açıldı, məktəblər yaradıldı. «Qafqaz» qəzeti və «Qafqaz kalendarı» çap olunmağa başladı. 1846-cı ildən çap olunmağa başlayan «Qafqaz» qəzetinin ilk redaktoru Konstantinov idi. Bunlardan əlavə Tiflisdə gözəl teatr binası tikildi. Araratın zirvəsinə çıxış da məhz bu illərdə olmuşdu. Xəzər dənizi ilə Qara dənizin səviyyələri, arasındakı fərq də Vorontsovun təşəbbüsü ilə hesablanmışdı. Romanovlar nəslindən şahzadə Aleksandr Nikolayeviç Qafqaza ilk dəfə məhz Vorontsovun canişinliyi zamanında gəlmişdi.
1846-cı ilin 14 dekabrında Vorontsovun əmrinə əsasən bütün Zaqafqaziya ölkəsi 4 quberniyaya bölündü: Tiflis, Qutayisi, Şamaxı və Dərbənd quberniyaları. Lakin bu bölgü heç bir prinsipə əsaslanmamışdı. Azərbaycan, Gürcüstan və Ermənistan torpaqlarını müvafiq quberniyalarda birləşdirmək əvəzinə onları daha da parçalamışdılar. Məsələn, Azərbaycan ərazisinin bəzi hissələri Tiflis, Yerevan və Dərbənd quberniyaları tərkibinə daxil edilmişdi.
1840-cı il reformasından sonra bütün idarələrdə işlər rus dilində aparılmağa başladı. Əvvəllər yerli əhalidən olan çinovniklər rus məmurları ilə əvəz olundu. Vergilər artdı.
Knyaz Vorontsovun dövründə də torpaqlar və kəndlər keçmiş xanların yaxın adamları tərəfindən idarə olunurdu. Böyük torpaq sahibləri olan bəylər bir qayda olaraq, şəhərdə yaşayırdılar. Kəndlərdə isə təsərrüfatı idarə edən darğalar və kəndxudalardı. Kəndli şəhərdə yaşayan bəyin ehtiyac duyduğu hər şeyi araba ilə və ya ulaq belində şəhərə daşıyırdı. Bəyin payını verəndən sonra yerdə qalan məhsulunu isə bazarda satırdı.


Bu illərdə İçərişəhərdəki bazar Şərq bazarlarından heç də geri qalmırdı. Bazar Cümə məscidinin yanından başlayaraq, Qız qalasınadək uzanırdı. Bu bazarın üstü örtülü olduğu üçün örtülü bazar adlanırdı. Örtülü bazarın bir qolu qoşa karvansaranın yanından Çuxur karvansarasına tərəf gedirdi. Varlı tacirlərin dükanları əsasən örtülü bazarda idi. Qız qalasının yanından başlayan ikinci bazar isə şimal qala qapısınadək uzanırdı. Burada taxtadan düzəldilmiş dükanlar yerin darısqallığından göbələk kimi sanki bir-birinin böyründə bitmişdilər. Bəziləri isə mallarını küçənin ortasında yerə sərərək, satırdı. Bu bazarlarda can dərmanı desən tapılardı. Adi paslı mıxdan tutmuş bahalı zər-baftayadək hər şey vardı. Aleksandr Düma Bakıda olarkən bu bazarda gəzmiş və bu barədə qeydlərini çap etdirmişdi. Düma Bakı bazarının təsvirini belə verir: «Burada hər bir şey bir-birinə qarışıb: bir yanda toz-torpaq, bir yanda tarakanlar, o yanda çirkab içində sürünən uşaqlar, başqa bir tərəfdə isə mis qabda dəmlənən, buğlanan xörəklərin ətri ətrafa yayılır.
Bəli, Şərq belədir. Ətirli yeməklər, daş-qaş, çirkab, toz-torpaq hamısı bir- birinin yanında.
Biz bazara yollandıq. Orada bir alış-veriş gedirdi ki, gəl görəsən. İran bəzəkləri, türk məxmərləri, Qarabağ xalıları, Lənkəran balışları, gürcü tikmələri. Tiflis baftaları, nə bilim daha nələr. Hər şey adama „gəl, gəl“ deyirdi. Hər şey adamı valeh edirdi. Dayanıb hər şeyə baxmaq istəyirsən».
Bakı bazarından Dümanın gözləri qamaşmışdı. Burada satılan ləl-cavahir, əlvan ipək parçalar və məxmərlər, şöhrəti dünyaya yayılmış Qarabağ və Şirvan xalıları, dəstəyi qızıl suyuna və gümüşə tutulmuş xəncərlər, o biri tərəfdən müştəri səsləyən satıcıların çığırtıları, minarədən müəzzinin günorta duasına çağıran qüssəli avazı bir-birinə qarışıb Dümanın xəyalında «Min bir gecə» əfsanələri kimi əlvan xəyallar doğurmuşdu. Bakı bazarında gözəlliklə çirkinlik doğrudan da bir yerdə idi. Belə bir yerdə satılan ən zərif incəsənət əsərləri fransız yazıçısını valeh etmişdi.
«Bizə „Min bir gecə“ nağıllarında təsvir olunan piyalələr göstərdilər. Mən hələ qadınlar  üçün baş örtüklərini, yalnız  cənnət gözəllərinin  - hurilərin taxa biləcəyi bel kəmərlərini demirəm. Bütün bunlar sadə alətlərlə — çəkic, biz və qayçı ilə gözəl sənətkarlar tərəfindən düzəldilmişdi. Əlbəttə, bu incəsənət nümunələrini Janize və Lemenyenin sexlərində hazırlanan məmulatla müqayisə etmək olmaz. Bununla belə burada gördüklərim nə qədər təzə və təkrarolunmazdır».
1884-cü ildə Bakıda olarkən İçərişəhərin küçələrini gəzmiş Skalkovski də şəhərin bazarlarında eyni mənzərəni görmüşdü. O, 1885-ci ildə Sankt-Peterburqda çap edilmiş «Yol qeydləri»ndə yazırdı: «Bakı bir neçə məhəllədən başqa tipik Şərq şəhəridir. O mənə Misirin ərəb məhəllələrini xatırlatdı. Bazarları da Şərq bazarları kimidir. Hədsiz-hesabsız xırda dükanlarda nəinki mal satılır, habelə müxtəlif dəmir, mis, dəri və şirniyyat məmulatı da hazırlanır. Bütün mallar göz qabağında, toz-torpaq içindədir. Dükanlar o qədər darısqaldır ki, bardaş qurub oturmuş tacir dükanın bütün sahəsini tutur. Bir sözlə, alver dükanın içində deyil, bayırda, qapının ağzında gedir».
Günorta namazının vaxtı çatdıqda, müəzzinin minarədən səsi eşidilən kimi dükanların çoxu bağlanır, bəziləri də satdıqları malları yerli-yerində qoyub şəhərin böyük məscidi hesab edilən Cümə məscidinə namaza gedirdilər.
O dövrdə bu kiçik şəhərdə 23-dən çox məscid vardı. Bunların içərisində ən məşhurları bunlardı: Cümə məscidi, Şah məscidi (bu Şirvanşahlar sarayının məscidi idi), Sınıq qala məscidi, Giley məscidi, Qasımbəy məscidi. Bu məscidlərdən başqa demək olar ki, hər məhəllədə təkyələr vardı ki, onlarda mərsiyə oxunardı. Mollalar və seyidlər məscidlərdən toplanan vəsaitin hesabına dolanırdılar. Onların əksəriyyəti İrandan gəlmə idi. Mollalar məscidlərdən aldıqları puldan başqa ətrafda olan kiçik mədrəsələrdə uşaqlara dərs də deyirdilər. Şəhərdə yuxarı zümrədən sayılan bəylər komendantlıq yanında xüsusi hörmətdə idi. O zaman şəhərdə 25 bəy ailəsi yaşayırdı. Bunlardan çoxu keçmiş xanların yaxın adamları idi. Tiyul sahibi kimi ətraf kəndlərdə böyük torpaq sahibləri vardı. Şəhərdə yaşasalar da, əsas gəlirləri kəndlərdən idi.
Bu illərdə Bakıda olmuş alim və səyyahlar şəhərin nəinki iqtisadi və ictimai vəziyyəti ilə maraqlanmış, habelə əhalisi ilə də yaxından təmasda olaraq, onlarla ünsiyyət bağlayaraq, xasiyyət və təbiətlərini yaxından öyrənmişdilər. Hamı bir ağızdan bakılıların qonaqpərəst olduqlarını dönə-dönə qeyd etmişdilər.
V. L. Veliçko 1904-cü ildə S. Peterburqda çap edilmiş külliyyatının birinci
cildində azərbaycanlıların həyat və xarakterinə aid geniş yer ayırmışdır. O yazırdı: «Azərbaycanlıların qanı, şübhəsiz ki, nəcib qandır. Onlar təbiətcə xeyirxah, cəsur, alicənab, ağıllı, əməyə, əxlaqi inkişafa müqtədir olublar.
Azərbaycanlıları tatar adlandırırlar, bu tamamilə səhvdir. ...Əsas mənşəyi etibarilə azərbaycanlılar türkdürlər, qədim oğuzların, səlcuqların… qan qohumudurlar...».
Daha sonra V.L. Veliçko Zaqafqaziyada müsəlmanlara (azərbaycanlılara -
Q. İ.) qarşı münasibətdən söhbət açaraq yazırdı: «Tatarlar (azərbaycanlılar — Q. İ.) ağıllı idarə olunan qüvvəni başa düşür və onu qiymətləndirirlər. Təriqətçilərin səyi nəticəsində rus adı tatarların yerləşdikləri  yerlərda həmişə uca tutulmuşdur. Tatarlar indi Zaqafqaziyada yerləşmiş ruslarla başqa qonşulardan daha yaxşı yola
gedirlər, hətta ruslarla bir dindən olan gürcülər də bəzən müsəlmanlara nisbətən ruslarla pis yola gedirlər. Bu məhz ona görədir ki, müsəlmanlar təbiətən və tarixən aldıqları dərslərin nəticəsində ruslara qarşı xeyirxah olmuşlar. Lakin bizim hakimiyyətimiz dövründə azərbaycanlıların bəxti gətirməmişdir. Hətta canişin knyaz Vorontsov öz şəxsi görüşləri baxımından təhkimçilik olmayan yerdə təhkimçilik hüququnu bərqərar etmək və tatar qəbilə dvoryanlığını irəli çəkməklə səhvə yol vermişdir. Savadlı müsəlmanlar hər cür fanatizmə yaddırlar. Bununla belə mətbuatda, xüsusilə erməni və Avropa mətbuatında müsəlmanlara qarşı lazımi ədalətli münasibət yoxdur. Heç bir əsas olmadan onlara çatdırırlar ki, guya ögeydirlər. Məsələn, onlar nə səbəbə öz vətənlərində bütün hüquqlar cəhətdən şübhəli və bəzən saxta yollarla gəlmiş xristianlarla, məsələn, siyasi və ictimai cəhətdən o qədər də etibarlı olmayan ermənilərlə bir gözdə tutulmasınlar. Nəyin xatirinə Qafqaz mətbuatında müsəlmanların ən müqəddəs etiqadlarına istehza etməyə icazə verilir, ermənilərin fitnəkarlığını ifşa etmək isə çətin olur? „Tiflisski listok“da təxminən aşağıdakı məzmunda belə bir məqalə dərc edilmişdi: „Yelizavetpol quberniyasının harasında isə rusların məskənləşməsi üçün boş torpaqlar vardır. Əvvəllər bu torpaqda ermənilər yaşayırdılar. İndi isə müsəlmanlar onları sıxışdırıb, aradan çıxarmış və özləri yaşayırlar. Bu torpaqlara rus kəndlilərini köçürmək olar“. Bu məqalə başdan ayağa cəfəngiyat idi. Çünki rus təbəəsi olan müsəlmanların yaşadıqları torpağı boş torpaq adlandırmaq olmaz. Açıq görünür ki, məqalə… müsəlmanlara nifrət doğurmaq məqsədilə yazılmışdı».
Bu sözlər ona görə xarakterik və qiymətlidir ki, Qafqazda müsəlmanlara qarşı baş vermiş bu hadisələri Veliçko burada işlədiyi müddətdə öz gözləri ilə görmüş və yaxından duymuşdu.
 
 
Böyük fransız yazıçısı Aleksandr Düma da Bakıda və Azərbaycanda olduğu zaman azərbaycanlıların insanpərvərlik və xeyirxahlığını yaxından duymuşdu. O «Qafqaz səfəri» kitabında yazırdı: «Bu xalq (Azərbaycan xalqı — Q. İ.) vaxtı ilə müzəffər olmuş və indinin özündə də daxilən döyüşkən olaraq qalır… Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur».
1856-cı ildə Bakıda olmuş məşhur rus yazıçısı A. F. Pisemski də azərbaycanlılar haqqında xoş sözlər yazmışdı: «Onlar (bakılılar — Q. İ.) Həştərxan tatarlarına oxşamadıqları halda mənə dedilər ki, tatardırlar. Dağlı, ləzgi xarakteri onların geyimlərində, bədən quruluşlarında  və  sifətlərinin  nəcib  hərbiçi cizgilərində ifadə olunurdu». A. Anisimovanın 1906-cı  ildə  çapdan  çıxmış «Qafqaz» kitabında azərbaycanlılar barədə aşağıdakı sözləri oxuyuruq: «Bunlar (azərbaycanlılar — Q. İ.) öz əxlaq və adətləri ilə gürcülərdən fərqlənirlər… Çox müstəqil xalqdırlar. Hamının sifəti ciddidir. Öz ləyaqətlərini başa düşəndirlər. Bir- birlərinə hörmətlə yanaşırlar. Onlarda elə düzlük görərsən ki, buna heç yerdə rast gəlməzsən. Qonaqpərvərdirlər. Bir bağban, bostançı, bir  əkinçi  kimi  Qafqaz əhalisinin hamısından üstündürlər. Çölü və bağı səylə işləyirlər».
Vaxtı ilə şəhərin ən hündür yerində tikilmiş və öz əzəməti ilə buraya gələn səyyahların diqqətini cəlb edən Şirvanşahlar sarayı artıq öz cah-cəlalını itirmişdi. Sarayın bəzi yerləri uçub tökülmüşdü. Bakı xanları sarayı bərpa etmək əvəzinə özləri üçün Şamaxı darvazası yaxınlığında imarət tikdirmişdilər.
Axırıncı dəfə bu imarətdə — xan sarayında Bakı xanı Hüseynqulu xan yaşamışdı. Xan sarayının məhz burada tikilməsi təsadüfi deyildi. Vaxtı ilə Xəzər dənizi şəhərin şərqində olan bu yerədək uzanırdı. İndiki Əziz Əliyev küçəsinin böyük bir hissəsi hələ də suyun altında idi. Su qalanın divarını yuyurdu. Beləliklə, xan sarayından birbaşa dənizə yol açmaq mümkündü. Bərk ayaqda həm su yolu və həm də quru ilə şəhərdən geri çəkilmək mümkündü. O zaman xan sarayı kompleksi yüzə yaxın otaqdan ibarət idi. Xana məxsus otaqlarla yanaşı xanın yaxın müqarribləri əmisi oğlu Əbdürrəhimbəy və qardaşı Mehdiqulu bəyin də otaqları bu kompleksə daxildi. İmarət iki mərtəbəli idi. Həyətin ortasında böyük bir bağ və bağın ortasında isə iri su hovuzu vardı. Komendantlıq dövründə şəhər komendantı və şəhərin başqa hakimləri bu binada yaşayırdılar.
 
18-ci əsrin əvvəllərində şəhərin maraqlı yerlərindən biri zorxana idi. 1796-cı ildə rus qoşunları ilə birlikdə Bakıda olmuş A. Araratski öz xatirələrində belə yazırdı: "Şəhərin küçələri ilə gəzişərkən birinci dəfə olaraq, şəhərin ehtiyac və yoxsulluğunu duydum. Sobaları qızdırmaq üçün odun və təzək çəki ilə satılırdı. Sonra şəhərin başqa bir binasından İran mahnısı eşitdim. Adamlar bir-birinin dalınca oraya girib-çıxırdılar. Maraqlanıb, soruşdum ki, ora nədir? Dedilər ki, zorxanadır. Oraya daxil olanda gördüm ki, hərə yaxınlaşıb, müxtəlif çəkilərdə olan daşları qaldırıb, musiqi təranələri altında yorulunca onları oynadırlar. Məni başa saldılar ki, bu əyləncə əzələlərin möhkəmlənməsinə, qanın təmizlənməsinə səbəb olur. O biri tərəfdən də hərə öz güçünü başqalarının yanında nümayiş etdirirdi. Bir saat burada qalıb küçəyə çıxanda soyuq küləkdən tüklərim ürpəşdi".
İçərişəhərdə hamar yer çox az idi. Bir-birinin böyrünə sığınmış evlərə, ensiz, darısqal küçələrə bir qayda olaraq, yoxuşla qalxmaq lazım gəlirdi. Torpağın qiyməti baha olduğu üçün evlərin demək olar ki, həyətləri yoxdu. «Jivopisnaya Rossiya» jurnalının «Xəzər gözəli» adlı məqaləsində yazılırdı: «Həyətlər və küçələr o qədər dar idi ki, atlı araba burada dönə bilməzdi. Bəzi evlərdə həyət yerli-dibli yoxdu. Yalnız zibil yeşiyi üçün ayrılmış kiçik bir yer vardı. Belə darısqallıq torpağın bahalığı ilə izah olunur. Şəhər idarəsi torpağı xüsusi adamlara satır və onlar da çalışırdılar ki, torpaqdan daha çox mənfəət götürsünlər. Buna görə də həyətə kiçik bir sahə ayırırdılar».
Çoxu ev tikərkən çalışırdı ki, küçə üçün ayrılmış sahədən də bir hissə qopartsın. Bunun nəticəsində küçələr daha da daralırdı. 1840-cı ildə Bakıda olmuş Berezin yazırdı: «Küçələr elə darısqal və dolaşıqdır ki, bir ay Bakıda yaşamağıma baxmayaraq, hər hansı bir küçəyə girərkən ondan necə çıxacağımı bilmirdim».
Berezindən on altı il sonra Bakıda olmuş görkəmli rus yazıçısı A.F. Pisemski də Bakı haqqında olan təəssürat dəftərində yazırdı: «Asiya şəhərlərində olmayan adam Bakı küçələrini təsəvvür edə bilməz… Bu pəncərəsiz divarların arası ilə ikilikdə gedirdik. Üçüncü adam olsaydı, küçəyə sığmazdıq. Başımızın üstündə ancaq bir parça səmanı, ayaqlarımızın altında isə peyin görürdük.
1887-ci ildə bir günlüyə Bakıya gəlmiş P.İ. Çaykovskiyə də şəhər kədərli bir təsir bağışlamışdı. Bakıya gəlmiş A.P. Çexov da şəhəri tez tərk etməyə çalışırdı. O şəhərin neft qoxuyan havasından, əlli dərəcəyə çatan istisindən, suyun şorluğundan, yaşıllığın olmamasından gileylənərək yazmışdı: „Mənə bir milyon da
versələr burada yaşamağa razılaşmaram“.
Şəhər su sarıdan əvvəlki kimi yenə də əziyyət çəkirdi. Evlərdə və bazarlarda natəmizlik artırdı. Əhalidən çoxu yağış suyunu yığıb istifadə edirdi. Yağışlar da az yağırdı. O biri, tərəfdən tozlu-torpaqlı xəzri küləklərinin tez-tez əsməsi nəticəsində əhali içərisində göz xəstəlikləri çoxalırdı.
 
İran hakimiyyəti altında qalmaq bakılılara az qala öz mənşələrini də unutdurmuşdu. XIX əsrin əvvəllərinədək çoxu bakılıları İranlılardan fərqləndirmirdi. Hamıya İranlı deyilirdi. İran hakimləri onların dillərini əllərindən almaq üçün ciddi tədbir görürdülər. Bütün fərmanlar və qanunlar ancaq fars dilində verilir, inzibati idarələrdə yazışmalar ancaq  fars dilində aparılır, əhalidən ərizələr də fars dilində qəbul edilirdi. Yeri düşəndə azərbaycanca danışmaq da qadağan olunurdu. Xanlıq dövründə divanlarda  işləmək üçün İranın başqa şəhərlərindən məmurlar dəvət olunurdu. Məişətdə işlənən adi əşyaların adları belə farsca idi. Məsələn: nəməkdan-duz qabı,  xəkəndaz-torpaq  götürən,  dud-keş-tüstüçəkən  və  s. Bu təsiri daha əyani görmək üçün Bakı kəndlərinin adlarını çəkmək kifayətdir. Bir neçə kənddən başqa bütün kəndlərin adları fars dili  tərkibi ilə  düzəlmişdi. Balaxana, Novxana, Zirə və s. Bunu ancaq onunla izah etmək olar ki, Bakı əsrlər boyu öz daş çanağına sığınıb, Azərbaycanın başqa şəhər və kəndlərindən ayrı düşmüşdü.
»İrşad" qəzetinin 1906-cı il 8 iyun tarixli nömrəsində Bakı müsəlmanları barədə belə yazılırdı: «Bakı müsəlmanları İran nüfuzu altında o qədər olmuşlar ki, ləhcələri, paltarları da büsbütün İranlı kimi olmuş, mərasim və adətləri də başdan- ayağa İranlı mərasim və adətidir. Toylarında, yaslarında, sair ümumi məclislərində, ailələri içərisində İranlıca davranırlar».
Skalkovski 1885-ci ildə nəşr edilmiş «Yol qeydləri» kitabında yazırdı: «Bakı Zaqafqaziyanın başqa şəhərlərindən tamamilə fərqlənir. Bakıda aşağı təbəqədən olan qadınlara rast gəlmək olar ki, onları bizim sözlərimizlə gözəl adlandırmaq olar. Onların üz cizgiləri çox düzgündür. İri gözləri sürmədən daha da canlanır. Ancaq onların gözəlliyi yalnız üzlərindən ibarətdir. Qızlar 13-14 yaşlarında artıq öz gözəlliklərini hifz edə bilmirlər. 20 yaşlarında çox oturmaqdan və qapalı həyat sürməkdən kökəlməyə başlayırlar. Bu qadınların çox orijinal geyimləri vardır və bu geyimlər onların gözəl sifətlərinə çox yaraşır. Hər şeydən qabaq onların əsas qüsurlarını — köklüklərini gizlədir. Geyimləri olduqca qısa tumandan və bellərindən azca aşağı salınmış qara qoftadan ibarətdir. Bunu köynəyə oxşatmaq olmaz. Üstündən də muncuqla bəzədilmiş qoşa kəmər bağlayırlar. Ayaqlarına qalın corab və dabanlarının yarısını örtən qaba başmaq geyirlər ki, bu da onların geyiminə uyğun gəlir. Başlarında isə çoxlu örtük olur. Qırmızı yelənli ipək örpəkləri qatran kimi qara şivə saçlarına çox yaraşır. Örpəyin altından bez yaylıq bağlayırlar. Nəhayət, bunların da üstündən dabanlarınadək uzanan yüngül örtük-çadra salırlar ki, bununla da kişi görəndə üzlərini gizlədirlər. Onu da sezdik ki, üzünü qırış basmış yaşlı qadınlar sifətlərini cavan qızlara nisbətən daha çox gizlədirlər».
Bakıda ticarət şəhəri kimi çoxlu peşə sahibləri yaşayırdı. Ən çox yayılmış peşələr bunlardı: malakeş, rəngsaz, daşyonan, daşçıxaran, baqqal, bəzzaz, kababçı, dəmirçi, qırçı, başmaqçı, dərzi, keçəçi, zərgər, dabbağ,  nalbənd, xalçaçı, boyaqçı,saatsaz, papaqçı, minasaz, kənkan, dəllək, dulusçu, cümədar, şatır, çayçı, halvaçı, suçu, sərraf.
Bakının yerli adətlərindən biri də adamlara təxəllüs verməkdi. Bunu da çox zaman ona görə eləyirdilər ki, eyni adda olan adamları bir-birindən fərqləndirsinlər. Məsələn, o illərdə dəbdə olan təxəllüslər bunlardı: Şirdan Ağadadaş, Şeytan Bağır, Axmaq nəvəsi İsrafil, Pota Bəxşəli, Xır-xır Əzim, Hapış Məmmədəli, Palto Abasqulu, İt Abutalıb, Part-part nəvəsi Hüseynbala, Şombulum Ələkbər, Xingəl nəvəsi İsmayıl, Şır-şır Dadaş, Mırığ Ağabala, Hoppataran nəvəsi Məcid, Tazı Hənifə, Cühud Zeynəlabdin, Çəkçəki Süleyman, Malbaş Yusif, Naqqal Seyfulla, Zıqqı Nəcəf, Gəvəzə Nuru və sairə.
Ruslar Bakıya gələndən sonra yerli şəhər əhlinin dili ilə fars dili arasındakı fərqi görür, onların fars olmadığını başa düşür və Azərbaycan dilinin tatar dilinə daha çox oxşarlığına görə azərbaycanlıları tatar adlandırmağa başlayırlar. İstər I Pyotr dövründə, istərsə də ondan sonra tatar və çuvaşlar Bakıya göndərildikdə isə onlara məlum olur ki, Azərbaycan dili tatar dili deyildir və onların arasında xeyli fərq vardır. Buna görə yerli tatarları, yəni azərbaycanlıları əsl tatarlardan fərqləndirmək məqsədilə onları Qafqaz tatarları və bir az sonra isə türk tatarları çağırırlar. Bakılıların azərbaycanlı adlandırılması sonrakı illərə — XIX əsrin ortalarına aiddir. Məsələ burasında idi ki, o zaman müxtəlif xanlıq və sultanlıqlara bölünmüş Azərbaycan torpaqları da Azərbaycan adlandırılmırdı. Bütün rus tarixi sənədlərində bu yerlər ancaq xanlıqların adları ilə tanınırdı. Şirvan  torpaqları, Muğan düzü, Xəzər sahili torpaqları və s. bu kimi adlarla vahid bir ölkənin əsl adı silinib aradan çıxmışdı. Xanlıqlar arasındakı daimi çarpışmalar da bunun üçün şərait yaradırdı. Xanlıqlar və ondan sonra ruslar tərəfindən vahid torpağın quberniyalara bölünməsi indiyədək aramızda qalmış yerliçilik kimi yoluxucu və təhlükəli bir xəstəliyin də yaranmasına səbəb olmuşdur.
Şimali Azərbaycan torpaqları İran şahları tərəfindən də Cənubi Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edilmirdi. Ağa Məhəmməd şah Qacar Azərbaycan xanlıqlarına göndərdiyi bir fərmanında yazırdı: "İranın ali hakiminin bu fərmanı ondan ibarətdir ki, mənim artıq İranda şahlığa layiq görüldüyümü və Azərbaycanın bütün xan və hakimlərinin mənə tabe olduğunu və indi də düşmənlərimə cəza vermək üçün qoşunla bu tərəflərə gəldiyimi sizə bildirim və nəzərinizə çatdırım". Ağa Məhəmməd şah Qacar bu fərmanı Şamaxını tutduqdan sonra başqa xanlıqları qorxuya salmaq üçün göndərmişdi. Buradan görünür ki, Şimali Azərbaycan torpaqlarını «bu tərəflər» adlandırmaqla onu Azərbaycanın bir hissəsi kimi qəbul etmirdi. İran hakim dairələri ta 1918-ci ilədək belə təsəvvürdə idilər. 1918-ci ildə  Azərbaycan Demokratik Respublikası elan edildikdə İran hakim dairələri etiraz edərək bildirdilər ki, sizin özünüzü Azərbaycan adlandırmağa ixtiyarınız yoxdur. Əsl Azərbaycan İran torpağıdır, siz qafqazlısınız. Rus mənbələrində də Azərbaycan sözünə ilk dəfə Burnaşovun 1786- cı ildə yazdığı məktubunda rast gəlirik. Polkovnik S. D. Burnaşov Gürcüstan şahı II İraklinin yanında rus dövlətinin səfiri olmuşdu. O yazırdı: «Hazırki vəziyyətə görə Azərbaycan adlanan torpaqlar şimaldan Gürcüstandan, daha doğrusu, Kaxetiya və Kartli şahlığından, şərqdən isə Xəzər dənizi və Gilan əyalətindən başlayıb, qərbdən Türkiyəyə, cənubdan İraq vilayətinədək uzanır...».
Azərbaycan rus çarizmi tərəfindən istila ediləndən sonra Bakıda bütün inzibati orqanlarda, kontorlarda və rəsmi yazışmalarda rus dili dövlət dili kimi qəbul edildi. Ərizələr rus dilində yazılır, qanun və fərmanlar rus dilində verilirdi. Beləliklə, Azərbaycan dili yenə də inkişaf edə bilmədi. Əksinə rus dilindən bəzi sözlər  jarqon  şəklində  gündəlik  danışığa  daxil  oldu.  Məsələn,  Becid-bejit
sözündən, birkes-bereqis sözündən, Atmaral-Admiral sözündən və sairə.
Beləliklə, Bakıda danışılan Azərbaycan dili xalq qaynaqlarından istifadə edilmədiyindən leksikon cəhətdən inkişaf etməmiş, zəngin çalarlardan məhrum və ifadəsiz bir dil olaraq qalmışdı. Yalnız 1905-ci il inqilabından sonra mətbuat və mədəniyyətin inkişafı ilə əlaqədar olaraq, xalqın zəngin dili ilə qaynaqlaşaraq, inkişaf etməyə başlamışdı.
O vaxtlar şəhər divarlarından xaricdə üç tikili vardı ki, bunları Bakı ilə əlaqəsiz təsəvvür etmək çətindi. Bunlar şəhərlə sanki bir kompleks təşkil edirdi.
Hər üç tikili şəhərin tarixi ilə sıx bağlı idi.
Bunlardan biri Bibiheybətdir. Bu tikili Bakının 5-6 kilometrliyində, dəniz sahilindən təxminən yarım kilometr aralıdakı dağın döşündə, Şıx kəndində inşa edilmişdir. Rəvayətə görə, burada 800-ci ildə Bağdadda xəlifə Harun əl-Rəşid tərəfindən öldürülmüş yeddinci imam Musayi Kazımın qızı Hökümənin qəbri vardır. Guya Hökümə atasının ölümündən sonra təqib olunduğu üçün qaçıb, burada məskən salmışdır. Burada ölmüş və burada da dəfn edilmişdir. Hökümənin Heybət ədlı bir xidmətçisi varmış. O, Höküməni bibi çağırdığı üçün bura o zamandan Bibiheybət adını almışdır. Sonralar onun qəbri yanında məscid tikilmiş və bu yer şiələrin ibadət yerinə çevrilmişdir. Təkcə Bakıdan deyil, başqa yerlərdən də adamlar axışıb, buraya səcdəyə gəlirlərmiş. Bu məqbərəni şeyxlər idarə edirdilər. Şeyxlərin məqbərə ətrafında saldıqları məskən sonralar Şıx kəndi adlanmağa başlayır. Şeyxlər əsasən məqbərənin gəliri hesabına yaşayırdılar.
Burada bir-birinin böyründə tikilmiş iki məscid vardır. Birincisinin cənub divarında olan yazısından məlum olurdu ki, o 1302-ci ildə ustad Mahmud İbn Saad tərəfindən tikilmişdir. Məqbərənin sol tərəfindəki məscidi isə sonralar, XX əsrdə Bakı varlılarından Ələkbər Dadaşov tikdirmişdir. Dəniz yolu ilə buraya ziyarətə gələnlər qayıqları sahildəki körpünün yanında saxlayır və yoxuşla salınmış pillələrlə yuxarı qalxırdılar. Bakılılar Bibiheybət burnunu Qırxqız da adlandırırdılar. Qədim bir əfsanəyə görə vaxtı ilə burada qırx nəfər qız qeyb olub.
 
Guya o vaxtdan sakit havalarda onların ağlamasını eşitmək olur. Qayaların arası ilə süzülən su da deyilənə görə onların göz yaşlarıdır.
Bibiheybət məqbərəsini adamlar, xüsusilə qadınlar ildə iki-üç dəfə cümə axşamı və cümə günləri ziyarətə gələrdilər. O zaman Çəmbərə kəndinin yuxarısında Pirvönzəli deyilən iri bir daş parçası da varmış. Yerlilər bu daşı müqəddəs hesab etdiklərindən dəstə-dəstə, xüsusilə qadınlar, buraya  gəlib onu ziyarət edir və sonra buradan təpənin yuxarısı ilə salınmış cığırla Bibiheybətə gedirdilər. Bibiheybətə nəzir aparan qadınların çoxu uşağı olmayan qadınlardı. Buraya gəlib gedəndən sonra doğurdularsa, ertəsi il məqbərəyə öz nəzirlərini gətirərdilər.
1877-ci ildə «Bakinski izvestiya» qəzeti özünün 77-ci nömrəsində Bibiheybəti ziyarətə gəlmiş bir nəfərin qeydlərini dərc etmişdir. Həmin qeydlərdə deyilir: «Hələ uzaqdan ətrafa səpələnmiş iri qaya parçaları arxasında gizlənən uzun minarə görünməyə başladı. Burada faytonumuz dayandı. İrəli getmək mümkün deyildi. Faytondan düşüb, daşların arası ilə aşağıya, dənizə tərəf enməyə başladıq. Burada Bibiheybət kəndi yerləşir. Cəmi 25 həyətdir. Kənddə 100 nəfərədək adam yaşayır. Kəndin qurtaracağında uçurum dəniz sahilində Bibiheybətin məscidi ucalır. Kəndin içərisinə gedən yolun hər iki tərəfinda üstü yazılı baş daşları ucalır. Alaqapının yanındakı qəbrin böyründə bir dərviş yerə dəsmal sərib, durmuşdu. Onun əlində təbərzin vardı, belindən isə kəşkül asılmışdı. Alaqapını bizə göstərib dedi: „Buyurun içəri“. Daşdan səliqə ilə yonulmuş qapı tağ şəklində idi. Ucları tağa bağlanmış iki yoğun zəncir yerdən azca hündürdə dururdu. Zəncirə çoxlu əski-üskü bağlanmışdı. Dərviş bizi başa saldı ki, bibiyə gətirilən nəziri içəri apararkən, bu zəncirdən nişan asırlar. Nəziri verəndən sonra nişanı çıxarmalıdırlar. Dərvişin müşayiəti ilə qapıdan içəri keçdik. İçəridə də zəncirli tağ vardı. Qarşıda hasarla əhatə edilmiş meydançada kiçik bir məscid vardı. Məscidə qədər olan yol qəbirlərlə dolu idi. Məscid dörd künclü bir bina idi. Sivri günbəzi vardı. Cənub- şərq tərəfində minarə ucalırdı. Məscidin pəncərələri daş şəbəkələrdən düzəldilmişdi. Nəhayət məscidin kiçik qapısından içəri girdik. Yarım dairəvi bir tar məscidi iki yerə ayırırdı. Girən kimi sağ tərəfdə bibinin qəbri idi. Məscidin ikinci böyük hissəsi isə dua və namaz üçün idi. Qarşıdakı divarda kiçik bir qapı görünürdü. Bu qapıdan dövrə pillələrlə minarəyə qalxırdılar. Məscidin yerliyinə qırmızı xalı döşənmişdi. Məscidin tən ortasında daş bir sandıqça vardır. Deyilənə görə, bir xanın qəbir daşıdır. Meyidin sümükləri isə çoxdan Kərbəlaya aparılmışdı. Tağın arxasındakı ikinci hissə daha qaranlıqdı. Ora zəif bir şam işığı ilə işıqlanırdı. Alaqaranlıqda dörd künclü hündür bir yer görünürdü ki, onun da üstü qara parça ilə örtülü idi. Bu, bibinin qəbri idi.
Haqqında söhbət gedən daş sandıqca A. A. Bakıxanovun qardaşı general- leytenant Cəfərqulu ağanın qəbir sandıqçası imiş. Onun sümükləri Kərbəlada dəfn edilmişdi. Fətəli xanın qəbri isə məscidin həyətində idi.
Bibiheybət yuxarıda deyildiyi kimi, bakılıların və uzaqdan ziyarətə gəlmiş azərbaycanlıların ibadət yeri idi. Buranı ömürlük seçilmiş on şeyx idarə edirdi. Onların başçısı mütəvəlli adlanırdı. Tarixdən bizə məlum olan ilk mütəvəlli Şeyx Bünyad olmuşdur. Ondan sonra isə bu vəzifəyə onun övladları və nəvələri keçmişdir. Keçmiş əsrlərdən qalmış sənəd və  fərmanlardan  görünür ki, Şirvanşahlardan başlayaraq, (Səfəvilərədək bütün hakimlər Bibiheybət məqbərəsini həmişə himayə altında saxlamışlar. Bu fərmanlardan biri I Şah Təhmasib tərəfindən 1547-ci ildə verilmişdir. Bu fərmanda Abşeron yarımadasının cənub- şərqində, Bakı şəhəri yaxınlığında yerləşən Zığ kəndinin əmlak və sərvətinin keçmiş dövrlərdən etibarən Bibiheybət məqbərəsinə vəqf olunması təsdiq edilir və həmin fərmanların hələ də öz güçünü itirmədiyi təsdiq olunur. I Şah Abbasın 1607- ci ildə verdiyi fərmanda isə deyilirdi: „Zığ kəndinin sərvət və əmlakını, asitanə dərvişlərinin 1000 baş və Zığ kəndi rəiyyətlərinin 500 başdan ibarət qoyunlarının çobanbəyliyini, malibağ vergisini, pambıq əkininin, habelə asitanə dərvişlərinin Duldərədəki taxıl əkininin üşürünü və üç neft quyusunun vergisini məbləğli və məbləğsiz olaraq, keçmiş qayda üzrə adı çəkilən idarəyə bağışladıq, mərhəmət buyurduq“. Başqa bir sənəd 1667-ci ildə şah Süleymanın verdiyi fərmandır. Bu fərmanda şah Şirvan vilayətinin bəylərbəyisi və Bakı hakiminin nəzərinə çatdırır ki, Bibiheybət məqbərəsinin mütəvəlli və dərvişlərinin vəqf yerlərinə və hüquqlarına təcavüz edilməsin».
Mərdəkan kəndində də Bibiheybət şıxlarının vəqf yerləri vardı. Bu yerlər Mərdəkandakı dairəvi qalanın ətrafındakı üzüm bağlarından ibarətdi. O vaxtdan burdakı girdə qala mərdəkanlılar tərəfindən Şıx qalası adlanır.
1845-ci ildə Bibiheybəti ziyarətə gələnlərdən biri də Xurşud Banu Natəvan idi. O uşağı olmadığı üçün əri Xasay bəy Usmiyevlə birlikdə buraya duaya gəlmişdi. 1858-ci ildə Natəvan ikinci dəfə Bakıya gələndə artıq iki uşağı vardı.
Həmin ildə onlar Bakıda olan Aleksandr Düma ilə də görüşmüşdülər. A. Düma bu
görüş səhnəsini çox geniş təsvir edir: «Səbirsizliklə gözlənildiyimiz, hörmətlə qəbul olunduğumuz bu məclisdə bizi görmək istəyən iki azərbaycanlı xanım və onlardan birinin — gənc xanımın əri də iştirak edirdi. Çadra örtmüş bu xanımlardan biri Qarabağın axırıncı xanı Mehdiqulu xanın arvadı, o biri isə qızı idi. Anaya qırx, qızına isə iyirmi yaş vermək olardı. Hər ikisi milli geyimdə idi. Qəşənglikdən daha çox bahalı olması ilə seçilən nazik paltarda cazibədar görünən gənc xanımın yanında iki uşağı da vardı. Anası kimi milli geyimdə olan üç-dörd yaşlı qız uşağı maraq dolu böyük qara gözlərini bizdən çəkmirdi. Beş-altı yaşlı oğlan uşağı isə nənəsinin dizlərinə sıxılmış və sövq-təbii ilə əlini belindən asılan xəncərin üstünə qoymuşdu».
Natəvan bu görüşdə, görünür ki, şair olduğunu A. Dümadan gizlətmişdi. Belə olmasaydı, Düma onun şairliyi və şerləri barədə də mütləq yazardı.
Natəvanın ikinci dəfə əri ilə Bakıya gəlişindən məqsəd iki uşaq anası olduğu üçün Bibiheybət məscidinə öz borcunu vermək idi. Məscidi ziyarətdən sonra iki övlad anası olması münasibətilə o məscidin narahat daşlıq yolunun bir hissəsini öz hesabına sahmana saldırmışdı.
Beləliklə, Bibiheybət dərvişləri, Şıx kəndi əhalisi əsrlər boyu onlara vəqf edilmiş torpaqlardan istifadə etmiş və hər cür vergilərdən azad edilmişdilər. Bakı xanları da Bibiheybətə köməklərini heç zaman əsirgəməmişdilər.
Şəhər divarları xaricində ikinci belə bir tikili Əbu Səid Əbülxeyir məqbərəsidir. Bu məqbərə indi yoxdur, uçub-dağılmış və yerlə yeksan edilmişdir. Bu məqbərə təxminən indi Respublika Prokurorluğunun yerləşdiyi binanın yerində idi. O zamanlar bu yerdə bakılıların qəbiristanlığı idi. Bu məqbərə şəhər əhalisi içərisində o zamanlar Xəlifə dam və ya da Xəlifə damı adlanırdı. Əbu Səidin şəxsiyyəti barədə A. A. Bakıxanov yazırdı: "Əbu Səid Bakuvi yoxsul olmasına baxmayaraq, kəramətlə tanınmış və son dərəcə əliaçıq bir dərviş olmuşdur. Bakı şəhərinin xaricində bir soməədə oturub, ibadətlə məşğul idi. Azacıq olan mədaxili ilə yanına gələnləri qonaq edərdi. Sultanların fərmanı əsasında Şübani neft və əkin yerləri onun türbəsinin məsarifinə məxsusdu. Axırda bu ölkənin vəziyyətində əmələ gələn iğtişaş nəticəsində onun məscid və mehmanxanası xarab olub, qəbri və itaət etdiyi yer torpaq altında qalmışdır. Bu yerdə olan bir neçə ev «Xəlifə damı» adı ilə məşhurdur".
Əbu Səid öləndən sonra onun yaşadığı bu yer müqəddəs yer hesab olunmuşdur. Şahlar tərəfindən buraya mütəvəllilər təyin edilmiş və məqbərə üçün vəqf yerləri ayrılmışdır. Həmin məqbərə ilə əlaqədar fərmanları T. M. Musəvi özünün «Bakı tarixinə dair orta əsr sənədləri» kitabında geniş izah edir. Hələ 1491- ci ildə Şirvanşah Fərrux Yasar Abşerondakı bir sıra mülklərini Əbu Səid Əbülxeyrin məqbərəsinə vəqf etmişdir. Vəqfnamədə deyilirdi: «Bu xoş saatlı vaxtlarda xeyir-dua etmək məqsədilə öz xalis malım hesabına Şübani əkinəcəyini, oradakı qatı neft quyusu ilə birlikdə Şüvəlandakı beş üzüm bağı sahəsini və meşə yerini, habelə Bilgəhdəki üzüm bağı sahəsini satın alıb, abad edərək, Badkubə yaxınlığında dəfn olunan seçilmiş pəhrizkar rəhmətlik Şeyx Əbu Səidin müqəddəs məzarına şəriətə müvafiq qayda üzrə vəqf və açıqcasına dini mühafizəyə verdim».
 
Fərrux Yasardan sonra Bakıya gəlmiş başqa hakim və şahlar da məqbərəyə verilmiş həmin vəqf yerlərini təsdiq etmişlər. Məqbərənin mütəvəllisi Şeyx Zahid öldükdən sonra onun yerinə 1673-cü ildə Xəlifə  Şeyx  Məhəmməd  təyin  edilir. Buna  əsasən  də  məqbərə  ətrafındakı  tikili  «Xəlifə  dam»  adlandırılmışdır.  Xəlifə Şeyx Məhəmməd də öləndən sonra məqbərəni onun övladları idarə edirdilər. XIX əsrin əvvəllərinə doğru, Bakıxanovun yazdığına görə, bu tikili tamam uçub dağılmışdır.
Bakı qala şəhəri ilə əlaqədar üçüncü  tikili şəhərdən çox uzaqda olsa da, Suraxana atəşgahıdır. Bu atəşgah, ya da atəşgadə XVIII əsrdə Hindistanın Moltanı vilayətindən olan tacirlər tərəfindən tikilmişdir. Yazılana görə,  Suraxanada özbaşına yanan qazların olduğunu eşidən hindlilər Qanqa və İnqa sahillərindən axışıb buraya ibadətə gəlirdilər. Bakıya ticarətə gəlmiş hind tacirləri geri döndükdə Suraxana atəşgədələrinin tərifini yaydıqca buraya gələn zəvvarların sayı daha da artırdı. Bu əsrdə hind tacirləri Həştərxan şəhərində də özlərinin xüsusi ticarət məhəllələrini yaratmışdılar. Hətta XVII əsrin əvvəllərində  hind  tacirləri Həştərxanda daşdan örtülü bazar da tikmişdilər. Tarixçi S. Aşurbəylinin fikrincə, Suraxana atəşgahı atəşpərəstlərin qədim məbədi yerində salınmışdır.  Guya Abşeron əhalisi İslam dinini qəbul etdikdən sonra bura hindlilərin müqəddəs yerinə çevrilmişdir. Müəllif hətta Suraxana sözünün də qədim Hindistanın sanskrit dilində təbərrük mənasında işlədilən «surakşam»  sözündən  alındığını  qeyd  edir.  Əlbəttə, bu, ehtimaldır. Çünki Balaxana, Kürdəxana, Novxana kəndlərinin adlarından, göründüyü kimi, Suraxana adının da fars sözlərindən yarandığına şübhə ola bilməz.
Atəşgah beş künclü hasarla əhatə edilmişdi. Giriş qapısının üstündə ikinci mərtəbədə bir otaq vardı. Bu, balaxana adlanırdı. Bu otaqda qonaqlar qəbul edilirdi. Bu otaqdan içəri tərəfə, yəni həyətə 14 pilləli daş pilləkənlə enirdilər. Balaxanın dörd tərəfində daş borular vardı ki, bunlardan alov çıxırdı.
Həyətin tən ortasında  məbəd  yerləşirdi.  Bu  da  dörd  künclü günbəzli bir tikili idi. Məbəd həyətin səthindən azca hündur olduğu üçün oraya üç-dörd daş
pillə ilə qalxırdılar. Məbədin dörd küncündə kvadrat şəklində borular vardı. Bunlardan alov çıxırdı. Həyətdə divar boyu 22 hücrə vardır ki, hamısının qapısı içəri açılırdı. Deyilənə görə bu hücrələr əvvəllər bir-birindən ayrı-ayrılıqda olan otaqlardı. Ancaq sonralar vahid bir hasarla birləşdirilmişdir. Hücrələr adama köhnə bir karvansaranı xatırladır. Həyətdə baş məbəddən başqa bir çox kiçik atəşgahlar
da  vardı.  1754-cü  ildə  Bakıda  olmuş  ingilis  səyyahı  Qonvey  yazırdı  ki,  bu məbədlərdən ən böyüyündə hindlilər ibadətlə məşğuldular. Burada 40-50 nəfərədək yoxsul hindli vardı. 1780-ci ildə Reyneqqs Bakıda səfərdə olarkən Suraxana atəşgahını gəzmişdir. Onun yazdığına görə torpaqdan alov çıxan bu yerdə hindlilər — gebrlər və başqa yoxsul adamlar özlərinə kiçik daş evlər tikmişdilər. Bu mənzillərdə torpaq döşəmə qalın gillə şirələnmişdir ki, qaz bayıra çıxmasın. Od yandırmaq lazım gəldikdə mənzil sahibi gildə deşik açır və qazı yandıraraq, qazanı həmin deşiyin üstünə qoyur. O zaman qazdan həm də mənzili işıqlandırmaq üçün istifadə edirdilər. Bunun üçün deşiyə içərisi gillə şirələnmiş qamış trubalar qoyur və oradan çıxan qaz şam kimi yanırdı. Reyneqqsin yazdığına görə o zamanlar burada Hindistandakı öz əyalətlərinin adı ilə adlandırılan moltanılar yaşayırdılar. Onlar bu mənzillərindən ötrü Bakı xanına hər il 50 tümən pul verirdilər. Hindlilər əsas etibarilə öz ölümlərinin yaxınlaşmasını gözləyən qocalar və özlərini dinə həsr etmiş gənclər idi. Burada onlar özlərini sınaqdan çıxarırdılar. Onlardan bəziləri on illər müddətində bir və yaxud hər iki qolunu qabağa uzatmış halda hərəkətsiz vəziyyətdə dururdular.
Suraxana atəşgahı Bakıda olmuş bütün səyyah və yazıçıların diqqətini həmişə cəlb etmişdir. Hətta ən qısa müddətə gəlmiş adamlar belə bu atəşgahı görməmiş Bakıdan getməzdilər.
1796-cı ildə Bakıda olmuş A. B. Araratski atəşgahı seyr edərkən hindlilərin sayı  xeyli  azalmışdı.  Bununla  belə,  o,  atəşgahın  geniş  təsvirini  verə  bilmişdir.
«Artemi Araratskinin həyatı» kitabında oxuyuruq: «Bu yer şəhərdən azı 20 verst aralı olsa da, gecələr onun alovu həmişə görünur. Yanar torpaq Avşaran adlanan ada ilə üzbəüz olan bir kəndin yaxınlığındakı təpələrdən birinin üstündədir. Avşaranın qayalıq və dayaz yeri dənizçilər üçün tez-tez fəlakət yerinə çevrilirdi. Çünki onlar gecə vaxtı torpaqdan qalxan bu alova aldanaraq ona yaxınlaşır və fəlakətə uğrayırdılar. Yolboyu rast gəldiyimiz gölməçələrdə suyun üstündə neft görünürdü. Neft Bakının bütün ətrafında çıxarılır və şəhərin başlıca sənayesidir.
Odlu yer, yaxud yanan torpaq uzunluğu azı yüz sajenə çatan divarla hörülmüşdür...
Hasarın içərisində qədim zamanlarda atəşpərəstlər tərəfindən düzəldilmiş hücrəyə oxşar otaqlar vardır ki, kəndin adamları qış vaxtı bu otaqlara köçüb, baharadək burada qalırlar. Hər hücrənin ortasında çuxur qazılıb. Çörək və xörək bişirmək üçün içinə gildən qayrılmış təndir qoyurlar. Çörək və ya xörək bişirmək lazım gəldikdə təndirin dibindəki torpağı azca eşələyib, yandırırlar. Böyük alov əmələ gəlir. Təndir qızandan sonra xəmiri kiçik kömbə şəklində onun divarlarına yapışdırırlar. Və beləliklə çörək tez bir zamanda bişir. Xörək bişirəndə isə təndiri yandırıb, torpağın üstünə qazan qoyurlar. Alov lazım olmayanda onun üstünə bir az torpaq töküb söndürürlər. Hücrənin tavanında nəfəslik — deşik açılmışdır ki, buradan içəri həm işıq düşür, həm də ocağı yandıranda bacanı əvəz edir. Həmişə yanan yerin dövrəsi dörd sajen olar. Burada torpaq ağ gildən ibarətdir. Alov ondan sanki küləklə üfürülub çıxır. Alovun yalnız yuxarı hissəsi görünür, o torpağın rəngini qətiyyən dəyişmir. Bir sözlə, divar arasına alınmış yerin yanma təbiəti var. Burada da alov yuxarıda deyildiyi kimi yandırılıb söndürülür. Bundan əlavə, gilli yer kimi onda da çat və yarıqlar əmələ gəlir. Bu nazik yarıqlardan həmişə odlu hava çıxır. Yerlilər bizə danışdılar ki, əgər otaqda nəfəsliyi və qapını bağlayıb od yandırsan, otaq o dəqiqə partlaya bilər. Bunu əyani olaraq, bizə göstərdilər: hasarın içərisində dərinliyi 7 sajın olan bir quyu qazılmışd, içərisində azca suyu vardı. Quyunun ağzı lay daşla örtülmüşdü. Daşın ortasında bir arşın uzunluğunda deşik vardı. Deşiyi keçə ilə tutdular və uclarını daşa mıxladılar. Sonra azı bir pud
 
ağırlığında olan bir daşı onun üzərinə qoyub, yanan bir talaşanı keçənin altından quyuya tulladılar. Bərk gurultu eşidildi. Gurultu getdikcə şiddətləndi və bir-iki dəqiqə davam etdi. Sonra keçə parçalanıb, üstündəki daş hasarın o tərəfinə atıldı. Onların göstərişi ilə biz quyudan uzaqda təhlükəsiz bir yerdə durmuşduq. Bundan sonra orada oda sitayiş  edən hindliləri bizə  göstərərək, dedilər ki, onlar buraya gələrək, müqəddəs saydıqları  bu oddan, yəni  yuxarıda  dediyimiz  çatlaqlardan qalxan od nəfəsli havanı dərilərə doldurub, öz  yerlərinə  aparırlar.  Orada  dərini nazik bir şeylə deşir və deşiyə od yaxınlaşdırdıqda deşikdən nazik alov dili qalxmağa başlayır. Bununla da öz dini ayinlərini yerinə yetirirlər. Bunu  isbat etmək üçün onlar bir dəriyə od nəfəsli havanı doldurub, iynə ilə deşdilər və yandırdılar. Dərinin gözlə sezilməyən deşiyindən nazik bir alov qalxmağa başladı. Və dəri boşalanadək yandı.
1770-ci ildə akademik Qmelin də atəşgahda olmuşdur. O yanar odlardan bəhs edərkən yazırdı ki, suraxanalılar burada odun üstündə xörək hazırlayırlar. Bundan başqa, əhəng yandırılmasında da oddan istifadə edirlər. Qədim gebrlərin nəslindən olan bəzi hindlilər burada özlərinə məskən salmışlar. Onlar burada daim yanan odların ətrafında daş ibadətgahlar tikiblər… İbadətgahlarda mehrablar vardır. Hazırkı zamanda ancaq bir ibadətgahdan istifadə edirlər. Mehrabın yanında iki fut
hündürlüyündə boru vardır ki, onunla göy-qırmızı alov qalxır. İbadətgahın yanında
yaşayış mənzilləri tikilmişdir.
Qmelinin orada olduğu vaxtlarda bu mənzillərdə skeletə oxşayan üç hindli yaşayırmış. Qmelinin çəkdiyi şəkildən görünürdü ki, bu tikililər hələ ümumi bir hasarla  birləşməmişdi.
1803-cü ildə Suraxanada olmuş S. Bronevski daha maraqlı məlumatlar vermişdir. O yazırdı ki, o vaxtfar burada 63 nəfərədək adam toplaşmışdı. Bunlar 25 yaşından tutmuş 70 yaşınadək olan hindlilər idi. Onların hamısı başdan-ayağa çılpaq idilər. Ancaq qabaq hissələrini əski parçası ilə örtmüşdülər. Onların dediyinə görə 70 yaşlı qoca bir hindli 30 il imiş ki, əllərini qabağa uzadaraq, hərəkətsiz vəziyyətdə durub. Bir dəfə də olsun qollarını yanına salmayıb. Bunun nəticəsində qolları elə qurumuşdu ki, özü istəsəydi də onları yanına sala bilməzdi.
Başqa birisi sinəsinin dərisini kəsib, oraya qıfıl keçirmişdi. Qıfıl oradan asıla-asıla yarası qurumuşdu, Üçüncüsu isə boynunun hər iki tərəfindən dərisini sinəsinədək kəsərək, oraya məftil keçirmişdi. Məftil bəzi yerlərdə dərinin altında qalıb, örtülmüş, bəzi yerlərdə isə üzə çıxmışdı. Onlardan hər biri nəinki öz şəxsi günahlarından ötrü, hətta başqalarının da yerinə əzaba qatlaşırdılar.
1820-ci ildə fransız səfiri atəşgahda olmuş və sonralar Parisdə 1826-cı ildə çap etdirmiş kitabında öz xatirələrini yazmışdı. Kitabın bir yerində belə qeydə rast gəlirik. Bina (atəşgah — Q. İ.) dişli hasarla dövrəyə alınmışdı. İçəri atəşə sitayiş edənlərin monastırı idi. Həyətin ortasında məbəd ucalır. Oraya üç-dörd pillə ilə qalxmaq lazımdır. Monastırın divarlarında iyirmiyədək hücrə vardır».
Onun yazdığına görə o zamanlar burada bir hissə hindli və bir hissə İran geberləri yaşayırdı".
Fransız səfirindən beş il sonra Suraxanada olmuş alman Eyxvald burada cəmi on iki nəfər hindli görmüşdü. Onun yazdığına görə elə bu qədər hindli də Bakıda yaşayırmış. Səyyah burada atəşə ibadət edənlərin gebr, ya da əsl hindli olmaları ilə maraqlanmış və belə nəticəyə gəlmişdi ki, sitayiş edənlər istər öz milliyyətləri və istərsə də dilləri etibarilə əsl hindlidirlər. Hətta məbədin şimal qapısı üstündə 1810-cu ildən bəri hind dilində yazının da olduğunu qeyd edirdi.
Başqa səyyah və tarixçilərin xatirələrində Suraxana atəşgahında parsların da yaşadığı göstərilir. 1842-ci ildə atəşgahda Kazan darülfünunun professoru Berezin də olmuşdur. O öz qeydlərində atəşgahın təsvirinə daha geniş yer vermişdir. O yazırdı; «Həyətin şimal-qərb tərəfində dərin, susuz bir quyu vardır. Onun dövrəsinə ehtiyat üçün daşdan çəpər çəkilmişdir. Deyildiyinə görə çəpər çəkilməmişdən ev heyvanları buraya düşüb tələf olurmuşlar. Quyunun dibində cürbəcür rəngli alovlar oynaşır, kahada isə qaz görünür ki, daha güclüdür və bu qaz qırmızı rəngdə olur. Gecələr bu alov quyunun ağzından bayıra çıxır. Bu zaman daş çəpərin  yanında durmaq qorxulu olur… Yanar odların yanından keçib, hindlilərin mənzilinə keçdim. Bu mənzilləri öyrənmək mənim buraya səfərimin əsas məqsədini təşkil edirdi. Mən burada bu abidlərin bizə məlum olmayan cəhətlərini öyrənməli idim ki, onlar İran atəşpərəstlərinin — gebrlərin nəslidir, ya da Qanqa sahilindən gəlmiş hindlilərdir? Artıq gec idi. Gecə yarı olardı. Buna görə elmi tədqiqatlarımı  sabahadək  təxirə salmalı oldum… Bir başqa giriş qapısının üstündə  olan  Balaxanaya  yollandım… Bura olduqca rahat yer idi. Bütün həyət özünün sönməz alovları ilə, hücrələr buradan apaşkar görünürdü… Mürgü  vururdum.  Birdən həyətdə gördüyüm iyrənc bir kabus gözlərimdən yuxunu vurub çıxardı. Hücrələrdən birinin  qapısı  açıldı, ölüyə oxşar uca, arıq, iyrənc bir kabus ağır addımlarla müqəddəs oda yaxınlaşdı və çömbəlib oturaraq, qızınmağa başladı. Ən iyrənc cəhət orası idi ki, bu canlı məxluq həyətdə anadangəlmə lüt gəzirdi. Xeyli müddət ona baxdım… Ertəsi gün yuxudan oyandıqda hər şeydən qabaq həyətə baxdım. Kabus  çəkilib  getmişdi.  Ətraf sakitlikdi. Hücrələrin qapıları örtülü idi.
Hücrələrin çoxunda adam yaşamırdı. Başqa hücrələrin isə qapıları açılmışdı. Hücrələrin hamısı içəri tərəfdən ağardılmışdı. Bayır tərəfdən də təmiz  və səliqəli idilər… Qonşu otaqlardan birinə baxarkən, gecəki kabusu eyni lüt vəziyyətdə orada gördüm… Bu qoca çoxdan könüllü olaraq özünü axtalatdırmışdı».
Berezin dərin tədqiqatdan sonra belə nəticəyə gəlmişdi ki, Abşeron yarımadasında heç zaman gebr olmamışdır. Atəşgahdakıların hamısı hindlilərdir. Onların   təlim   etdikləri   adət-ənənələr,   bütə   sitayiş   etmələri,   dilləri,   nəhayət, görkəmləri də bunu təsdiq edirdi. Atəşgahda yaşayan hindlilər gebrlərdən fərqli olaraq öz ölülərini yandırırdılar ki, bu da onların hindli olmalarını bir daha sübut edirdi. 1671-ci ildə Şamaxıda olmuş səyyah Krüys belə bir əhvalatı təsvir edirdi: «Varlı hindlilərdən biri Şamaxıda ölür. Qardaşı pul verib, xandan icazə alır ki, meyiti yandırsın. Bundan başqa o qul olan yaşlı xristian bir qadını pulla alır ki, qardaşının meyiti ilə birlikdə yandırsın. Zavallı qadın bundan xəbər tutan kimi çığırmağa başlayır. Lakin buna əhəmiyyət verməyərək, onu şəhərdən kənarda yandırılmış tonqala qoyub, meyitlə birlikdə yandırırlar. Meyitlər tamam yanıb, qurtarandan sonra brahmanlar külü yığıb, çaya səpələyirlər. Bu hadisə 1671-ci ilin 16 yanvarında baş vermişdi. Həmin ilin 1 martında isə başqa bir hindlinin cəsədini yandırmaq lazım gəlir. Bu zaman gənc bir qız könüllü olaraq, özünün meyitlə birlikdə yandırılmasına icazə verir.
Gebrlər isə ta qədim zamanlardan öz ölülərini yandırmazdılar. Onların fikrincə, ölü murdar olduğu üçün onu yandırmaq olmaz.
Tarixdə çox zaman gebrləri hindlilərlə ona görə dolaşıq salıblar ki, onların hər ikisi odu müqəddəs sanıb, ona səcdə ediblər. Gebrlər əslən İranlılardır. İslam dinini qəbul etməzdən qabaq hamı atəşpərəst olublar. Lakin sonralar ərəb hakimiyyətinin  təzyiqi  altında  atəşpərəstlik  -  Zərdüşt  dini  aradan  qalxır.
Atəşpərəstlikdən əl çəkmək istəməyənlər isə təqib olunurlar. Onlardan bir hissəsi, yəni parslar gebr adı altında 15-ci əsrdə Hindistana köçürlər. Gebr — kafir deməkdi. Bombey şəhəri yaxınlığında indiyədək yüz minədək gebr-pars yaşayır. Belə bir ehtimal da vardır ki, Hindistandan Suraxanaya odlara səcdə etməyə gələnlərin əksəriyyəti keçmiş pars atəşpərəstlərinin nəslidir. Lakin səyyahların qeydlərindən görünür ki, onların içərisində elələri varmış ki, hind dilindən başqa heç bir dildə danışa bilmirlərmiş. Hər halda bu bir həqiqətdir ki, burada hindlilərlə  yanaşı gebrlər də yanar odlara səcdə edirlərmiş.
Qmelinin yazdığından görünür ki, Suraxanada hindlilərin sayı getdikcə azalırmış. O yazırdı ki, burada hindlilərdən cəmi üç nəfər qalmışdır. 1856-cı ildə rus yazıçısı A. F. Pisemski də Suraxana atəşgahında olmuşdur. Bu zaman hindlilər ona öz rəqslərini nümayiş etdirmişlər. Pisemski yazırdı ki, hindli zahidlərin rəngləri sapsarı, arıq və ayaqyalın idilər. Onlardan biri artıq bir neçə il idi ki, saçlarını daramamağı əhd etmişdi. Belə halda onun başının nə olduğunu təsəvvür etmək çətin deyildi.
III Aleksandrın arvadı Mariya Fyodorovna öz uşaqları ilə birlikdə 1888-ci ildə burada tamaşaya gələrkən atəşgahda cəmi üç nəfər hindli varmış.
XIX əsrin hələ qırxıncı illərində burada olmuş Koxun yazdığına görə atəşgahın hücrələrində 14 nəfərədək hindli yaşayıb. „İndi isə, — deyə yazırdı, — onlardan ancaq üç nəfər qalıb. Biri öz  qarşısına məqsəd qoyub ki, ömrünün axırınadək qıc vəziyyətdə yaşasın“.
Kox orada olarkən, həmin hindli artıq on altı ilmiş ki, belə yaşayırmış.
1888-ci ilin axırlarına doğru Suraxana atəşgahında artıq bir nəfər də hindli qalmamışdı. Onların axırıncı nümayəndələri knyaz Baratinskinin Qafqazda canişin olduğu vaxt qırılmışdı. Əhvalat belə olmuşdu. Bir gün dağlardan hücum çəkib gələn qaçaq dəstəsi hindlilərdə qızıl axtarmaq məqsədilə onların hamısını qırırlar. Ondan sonra atəşgah səcdəgah kimi öz əhəmiyyətini itirir. 1898-ci ildə B. Brandt da bunu təsdiq edir. O yazırdı: „Suraxanada olan atəşgah indi bomboşdur. Çünki rus höküməti burada ibadət etməyi qadağan etmişdir“.
Atəşgahda axırıncı alovlar 1902-ci ilin 6 yanvarında söndürulür. Bundan bir az sonra atəşgah yaxınlığında Mirzəyev — Benkendorfun Bakı Neft Şirkəti mədənində ilk qaz fantanı vurur. 1903-1904-cü illər-də daha 15 quyu qazılır və Suraxanadan Balaxanaya, daha sonra Ramana və Qara şəhərə qaz kəmərləri çəkilir. Burada sutkada 500 min kubmetr qaz çıxarılırdı. Getdikcə qaz çıxarılması daha da artırdı.
Suraxana kəndinin şimal-şərqində qayalıqlar vardır. O zamanlar qayalıqların arasından da qaz çıxırdı. Suraxanalılar burada əhəng yandırardılar. Bakıda olmuş Kempfer əhəngin yandırılmasını təsvir etmişdir. Onun yazdığına görə, yerli əhali ətrafdan əhəng daşını toplayaraq, qayalıqların yarğanı üstündə bir- birinin üstünə düzür və onları əhəng olanadək üç gün yandırırdılar. O zaman Suraxana Bakıda əhəng yandırılan yeganə yer idi. Sonra hazır əhəng Bakıya, buradan da gəmilərlə başqa yerlərə göndərilirdi. Əhəng inşaat materialı kimi çox əhəmiyyətli idi. Komendantlıq dövründə əhəngdən gələn gəliri nəzərə alaraq, şəhər komendantı burada əhəng bişirmək üçün xüsusi saldatlar ayırmışdı. Onlar ancaq bu işlə məşğul olurdular.
Bakıya səyahətə gəlmiş adamlar üçün şəhərin daha iki görməli yeri vardı. Bunlardan biri Bayıl yaxınlığında suyun altından çıxan qaz sahəsi, o biri isə „Qurd darvazası“ (»Volçi vorot") idi. Hər iki yer həmişə şəhərin qonaqlarına göstərilirdi. Bayıl burnu yaxınlığında dəniz səthinin kiçik bir kibrit odu ilə alovlanıb yanması, gözəl bir mənzərə təşkil edirdi.  Bakıda olmuş hər bir adam bu səhnədən böyük təəssüratla ayrılırdı. 
 
Səyyahlar üçün Bakının ikinci maraqlı bir yeri «Qurd darvazası» («Volçi vorot») adlandırılan yerdir. «Qurd darvazası» o zamankı Bakının 5 kilometrliyində yerləşirdi. Buranın «Qurd darvazası» adlandırılması təsadüfi deyildi. İndiki Alatavanın üstündə dərəyə gedən sıldırım yoxuşun başlanğıcında o zaman iri bir qaya varmış. Müttəsil əsən xəzri küləkləri bu qayanın içərisini sovurub, kiçik bir ovuq açmışdı. Bu ovuq aşağıda uzanan vadiliyə baxırdı. Ovuq o qədər kiçikmiş ki, oradan ancaq canavar keçə bilərmiş. Buna görə də xalq içərisində onun adı «Qurd darvazası» qalır. İndi bu qaya yoxdur. Onu uçurub, sıldırım enişin sinəsindən üzü aşağı yol salmışlar. «Qurd darvazası» indi Qaradağ rayonun başlandığını göstərən lövhənin vurulduğu yerdə imiş. Aleksandr Düma 1858-ci ildə bu yeri belə təsvir edirdi: «Qurd darvazası»na gəldikdə isə deməliyəm ki, bu başqa aləmdir. Bu qəribə kaha Bakıdan 5 kilometr aralıda bir qayanın döşündə yerləşir. Etna vulkanının xarabazara çevirdiyi Siciliya çökəkliyinə çox oxşayan bir dərəyə baxır. Təkcə Etna ətrafa yayılan lavaları ilə bu qəmgin, ürəksıxıcı mənzərəni andıra bilər: boz və çılpaq torpaq, durğun su gölməçələri, iki dağ arasında vadi, uçurum, heç bir bitki izi görünməyən yerlər. Budur «Qurd darvazası»nın başından görünən mənzərə".
***
Bakı Şamaxı quberniyasının qəza mərkəzinə çevrildikdən sonra şəhərdə inzibati idarələrin sayı gündən-günə artmağa başladı. Qala divarları içərisində gözəl binalar ucaldı. Lakin şəhərin sahəsi yeni binaların tikilişi üçün çox darısqal idi. Buna görə alçaq, yastı-yapalaq evlər sahiblərindən çox ucuz qiymətə alınıb, sökülür,  əvəzində  inzibati  idarələrin  binaları  ucalırdı.  Evsiz-eşiksiz  qalmış adamlara qala divarlarından xaricdə yaşamaq təklif olunurdu.
Hələ 1839-cu ildə Sahil küçəsində açılmış gömrükxana üçün xüsusi taxta körpü quruldu. Bu, gömrükxananın binası ilə üzbəüz idi. Gömrükxanadan dövlət xəzinəsinə böyük gəlir daxil olurdu. İranla ticarət əlaqələri genişləndikcə xəzinənin gəliri də artırdı. Gömrükxana təşkil olunduğu ilk illərdə İran tacirləri gömrükxana haqqının çoxluğundan narazı qaldıqları üçün mallarını Bakıya çox zaman gizli yollarla gətirirdilər.
Bakı gömrükxanasının heyəti gömrükxananın işlər müdirindən, üzvlərindən, nəzarətçi və katibdən ibarət idi. Bakıda eyni zamanda karantin idarəsi də yaranmışdı. Bu müəssisə təxminən indiki Qoqol küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişdiyi yerdə yerləşirdi. 1847-ci ildə isə karantin ləğv olundu, daha doğrusu, gömrükxana ilə birləşdi.
Şəhərdə qəza məhkəməsi vardı. Burada şəhər əhlindən Hacı Süleyman Məşədi Qurbanəli oğlu, kənd əhlindən isə praporşik Həsənbəy Səlimxanov iclasçı idilər. Qəza rəisinin nəzdində bir sıra inzibati idarələr vardı ki, bunlar şəhərin müxtəlif yerlərində yerləşmişdilər. Şəhərdə birinci sima qalabəyi hesab edilirdi. Qəza prokuroru da onun nəzdində idi. Bunlardan başqa qəza hakiminin yanında qəza həkimi, qəza xəzinədarı və qəza yerölçəni vardı. Xüsusi pristavlar şəhərin duz mədənlərinə nəzarət edirdilər. Suraxana və Balaxana neft quyularına nəzarət edən pristavlar isə ayrıca idi.

Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
 

0 şərh