Cırcırama

Cırcırama qədimdən bəri mövcud olan həşəratlardan biridir, onun qalıqları yur dövrünə aid daş kömür çöküntülərində qalıb. Alimlər hesab edirlər ki, cırcıramalar təxminən 350 milyon il əvvəl yaranıb. Bu gün cırcıramanın 4500-dən çox növü siyahıya alınıb, onların əksəriyyəti subtropik və tropik ərazilərdə yaşayır. 

Bu zərif həşəratların nəinki nəsli kəsilməyib, eyni zamanda, onlar dünyanın hər yerinə yayılıblar. Cırcıramalar ən sürətli uçan həşərat hesab olunur. Onların sürəti 57 km/saata çata bilər. 

Öz yırtıcı təbiətinə sadiq qalan cırcıramalar bir sıra həşəratlarla da qidalana bilirlər. Onlar adətən xırda milçək və ya ağcaqanadla – yüngül “qənimət”lə qidalanırlar, lakin əgər kəpənəyi tutub öldürə bilsələr, onda bunu da məmnuniyyətlə yeyəcəklər. Yayda davamlı olaraq milçək tutan cırcıramalar gündə təqribən 40-dək milçək yeyir. Onlar hörümçəyi öz “ov” torundan qamarlaya bilir. Cırcıramalar zərərli həşəratları yeməklə insana fayda gətirir.

Cırcıramanın bədən quruluşu çox maraqlıdır, lakin onların gözlərinin konstruksiyası xüsusilə heyrətamizdir. Onların hər birində 30 min faset var – bu, özlüyündə həşəratlar aləmində rekord rəqəmdir – məsələn, milçəyin gözündə “cəmi” 6 min element var. Fasetlərin öz funksiyası olur – aşağıda yerləşənlər yalnız rəngi seçməyə qadirdir, yuxarıdakılar formanı müəyyən edir. Onların köməyilə cırcırama əhatə olunduğu mühitdə istiqamət götürə bilir. 

Bir qayda olaraq, dişi cırcırama erkəkdən böyük olur. İstisna azdır, o cümlədən ən böyük “Megaloprepus caerulatus” cırcıramasının qarıncığı 100 millimetr və qanadlarının kənar nöqtələri arasındakı məsafə 190 millimetrdir. Cırcıramaların əksəriyyəti cəmi 1-3 həftə yaşayır, daha böyüklər yarım ildən bir ilədək, ən böyükləri isə vəhşi təbiət şəraitində 7 ilədək yaşaya bilir.

Bu həşəratların ən fərqləndirici xüsusiyyətlərdindən biri onların qanadlarının necə işləməsidir. Cırcıramaların qanadları bir-birindən asılı olmayaraq işləyir, ona havada helikopter kimi hərəkət etməyə imkan yaradır — havada asılı qala bilir, irəli, arxaya, yan tərəfə uça bilir və lazım gələrsə, uçuş istiqamətini bir andaca dəyişə bilir. Cırcıramalar dünyada bu cür mütəhərrik qanadı olan yeganə həşərat növüdür. 



Cırcıramaya yaponlar xüsusi hörmət bəsləyir, onlar bu həşəratı cəngavər rəşadətinin rəmzi hesab edirlər. Əfsanəyə görə, Xonsyu adası cırcırama adası adlandırılıb. Yaponiyada cəsurluğun rəmzi olan tombo cırcıraması isə xoşbəxtlik və uğur gətirir. Onların davranışından havanın dəyişəcəyini gözləmək olar.

Cırcıramalar Malayziyada gözəgörünməzliyin, Amerika hindilərində cəldliyin, fəallığın rəmzidir. Onlar qıvraqlığın, zərifliyin, iti hərəkətin də rəmzidir. Cırcıramalar da kəpənəklər kimi ölümsüzlüyü, dirilməni və bərpa olunmaq qabiliyyətini təcəssüm etdirir.

azertag.az
 

0 şərh