İlanların insan üçün faydaları

İnsanlarda müxtəlif yolxucu xəstəliklər törədən və yayan, kənd təsərrüfatına ziyan vuran gəmirici heyvanların sayının tənzimlənməsində ilanlar və digər sürünənlər böyük rol oynayır. İlanların sayı təbiətdə azaldıqca, bu gəmiricilərin sayının artmasına əlverişli şərait yaranır. Müasir dövrümüzdə ilanların sayı təbiətdə azaldığı üçün insanlar gəmirici heyvanların sayca artmasından əziyyət çəkirlər. Ona görə də, insanlar ziyanverici və xəstəlik törədicisi olan gəmirici heyvanlarla mübarizə aparmaq üçün müxtəlif üsullardan, o cümlədən zəhərli kimyəvi maddələrdən istifadə etməli olur. İnsanlar lap qədim zamanlardan ilanlardan faydalanmağa çalışmışlar. Qədim Romada bəzi ailələr öz həyətlərində, evlərində ilanlar bəsləyib saxlayarlarmış ki, xəstəlik törədən, ziyan verən siçanların, siçovulların kökü kəsilsin.
Amma ilanlardan, onların müxtəlif orqanlarından və məhsullarından, xüsusilə zəhərindən xalq təbabətində lap qədim zamanlardan başlayaraq geniş istifadə olunmuşdur. Müasir təbabətin rəmzi nişanında kasaya sarınmış zəhərli ilanın təsvir olunması da təsadüfi deyildir. Bu gün də tibbi-əczaçılıq və kosmetika sənayesində ilan zəhəri qiymətli tibbi xammal kimi geniş tətbiq olunur. İlan zəhərindən istifadə etməklə qaİlanlardan niyə qorxuruqn-damar, əsəb, dəri-əzələ sistemi xəstəliklərinin müalicəsində, cərrahiyədə işlədilən müxtəlif dərman preparatları istehsal edilir. Müasir dövrdə ilan zəhərinin yeni tətbiq prespektivlərini araşdırmaq üçün bir çox ölkələrdə geniş elmi tədqiqat işləri davam etdirilir.
Qədim xəstəxanalarda ilan dərisinin üst qabığından diş və göz xəstəliklərini, müxtəlif yaraları müalicə etmək, dəmir qəlpələrini yaralardan çıxarmaq üçün istifadə edirmişlər.
Karpatın bəzi rayonlarında, o cümlədən Azərbaycanda ilan dərisinin üst qabığından insanlar indi də saçlarını möhkəmləndirmək üçün istifadə edirlər. Azərbaycanın xalq təbabətində əzələ boşluğu, radikulit və müxtəlif ağrıların müalicəsi üçün ilanın piyindən və dəri qabığından istifadə etməklə xüsusi məlhəmlər hazırlanır. Qədim dünyamızın böyük təbibi İbn Sinanın bir çox müalicə reseptlərində ilanın müxtəlif orqanları dərman vasitəsi kimi göstərilir. O özünün “Təbabət elminin qanunları” kitabında ilan sancmış xəstələrə bişmiş gürzə ətini məsləhət görür və habelə göstərir ki, küncüt yağında bişirilmiş ilan ətindən hazırlanan məlhəm dəri xəstəliyi (dəmrov), “düz bağırsağın zəifləməsi” (babasil) xəstrəlikləri zamanı kömək edir. Rusiyanın tayqa ərazilərində yaşayan əhali öz təsərrufatlarındakı donuzların qurd xəstəliklərinə qarşı dözümlü olmaları üçün qadyuka ilanlarını qurudaraq üyüdür (əlbəttə, zəhərli baş hissəsini kəsib atdıqdan sonra) və heyvanların yeminə qatırlar. Şərqi və Cənubi-Şərqi Asiya ölkələrinin xalq təbabətində müxtəlif sürünən heyvanlardan, o cümlədən ilanlardan bu gün də istifadə edilir. Bu ölkələrdə müxtəlif kərtənkələ və ilanların spirtli cövhərini hazırlamaq geniş yayılmışdır. Bunun üçün kərtənkələ və ya ilan yuyulub təmizləndikdən sonra bütöv halda spirtin içərisində şüşə bankada bir müddət saxlanılır və sonra dərman vasitəsi kimi işlədilir. Koreyada, Çində, Vyetnamda və sair ölkələrin əczaxanalarında içərisində ilan və ya kərtənkələ olan bankalarda belə çövhərlərin satılması adi haldır. Koreyada isə insanlar orqanizmi gümrahlaşdıran vasitə kimi ilanın qanını isti-isti kokteyl əvəzinə içirlər. İlan dərisi, eyni zamanda, müxtəlif dəri məmulatları hazırlamaq üçün qiymətli xammal hesab olunur.
İlanlardan niyə qorxuruq?
Hər birimiz həyatımız boyu təbiətdə müxtəlif heyvanlarla rastlaşırıq, çox vaxt da dayanaraq onları seyr edir, daha yaxından tanımağa cəhd edirik. Lakin ilanlarla rastlaşanda qorxumuzdan özümüzü ititrir, donub qalırıq!
Bəli, ilanlardan qorxuruq, çünki onların bəziləri zəhərlidir və sancdiqca insan həyatı üçün təhlükə yaranır. İlanlar haqqında məlumatı az olan və onlarla davranmağın qaydalarını bilməyən insanlarda bu qorxu hissi daha çox olur. Təəssüf ki, ilanlar haqqındakı təsəvvürlərimiz və onlara qarşı münasibətlərimiz çox hallarda həqiqi biliklərə deyil, mifoloji təsəvvürlərə, rəvayət və şaiələrə əsaslanır. Ona görə də, ilanlardan qorxmağımızın səbəbi onları yaxşı tanımamağımızdır!
Yaşından, savadından asılı olmayaraq əksər adamlar ilanları çox qəddar və təhlükəli heyvan hesab edirlər. Bəzi adamlar isə o dərəcədə qorxurlar ki, hətta, “ilan” sözünü eşitdikdə belə vahimələnir, gecə yuxusunda da ilan görür. Əslində, rəvayətlərin çoxunda ilanların müqəddəsliyindən, mərdliyindən bəhs edilir. Misal üçün söylənilir ki, evə girmiş ilan bərəkər, ruzi nişanəsidir və onu öldürmək olmaz, əks halda həmin evdən ruzi və bərəkət çəkilər. Bu söyləmdə müdrik əcdadlarımızın məqsədi də elə o olmuşdur ki, insanlar ilanlara düşmən kimi baxmasınlar. Başqa bir rəvayətdə isə ilanların “yeddi qardaş” olmasından bəhs edilir və xəbərdarlıq edilir ki, bu “yeddi qardaşlardan” birini öldürən hər kəsdən digər “qardaşlar” nə vaxtsa hökmən qisas alacaqlar. Göründüyü kimi, hər iki rəvayətdə insanlara ilanları öldürməmək barədə xəbərdarlıq edilir. Lakin bu xəbərdarlıq, həm də, insanlarda ilanlara qarşı qorxu hissləri aşılayır: evindəki ilanı öldürmə, yoxsa, evindən bərəkət, ruzi çəkilər! Rast gəldiyin ilanı öldürmə, yoxsa, “qardaşları” səndən intiqam alar! Bu təbiidir, çünki, ta qədim zamanlardan (təəsüfki, bəzən müasir dövrümüzdə də) insanları hər hansı pis əməldən çəkindirmək üçün ən güclü vasitə qorxu hissi yaratmaq olmuşdur.
İlanların insan üçün faydaları
İlanlara qarşı münasibəti formalaşdıran bir sıra sərt aforizimlər də vardır. Məsələn, “ilanın ağına da lənət, qarasına da” və yaxud “ilanı görənə də lənət, görüb öldürməyənə də” və s. Əlbəttə, əcdadlarımızın səhv etdiklərini demək düzgün olmazdı. Lakin “ilanın ağına da lənət, qarasına da” deyən əcdadlarımızın bu söyləmlərini düzgün başa düşmək gərəkdir. Əcdadlarımız bu “lənət”lə, əslində, insanları çağırır ki, ilanlardan ehtiyatlı olun, onlardan özünüzü qoruyun, onları bir-birindən fərqləndirməyi bacarın! İlanların “ilanların ağına da, qarasına da” deməklə, əslində, inlanlardan bəzilərinin zəhərsiz, digərlərinin isə zəhərli olmasına işarə edilir. Əcdadlarımız həm də, etiraf ediblər ki, “ağ” və “qara” ilanların hansının zəhərli, hansının zəhərsiz olduğunu tanımaq çətindir. Ona görədə ilanları “lənət”ləməklə, əslində, ilanların hər ikisindən həm “ağından”, həm də “qarasından” qorunmağı məsləhət görüblər. “İlanı görəni də və görüb öldürməyəni də lənətləmək”, əslində, insanları “ilan görməməyə”, yəni onlardan mümkün qədər uzaq olmağa bir çağırışdır.
Təəssüf ki, bu söyləmlərdəki həqiqi mənanı dərk etməyən və ya səhv başa düşən, ilanlara düşmən kəsilən, yerli-yersiz onları məhv etməyə hazır olan adamlar da çoxdur. İlanlar haqqında düzgün məlumatı olmayan belə adamlar dərk etməlidirlər ki, rastlaşarkən ilanları öldürməyə cəhd etməklə, öz həyatlarını da təhlükə qarşısına qoyurlar, çünki belə hallarda ilan özünü müdafiə edərək sancmağa çalışır.
İlanların “ağına və qarasına” fərq qoymadan məhv etməyə hazır olan insanlar, ümumiyyətlə, təbiətin qədrini bilməyənlərdir. Təbiətə, onun yaratdıqlarına bu cür münasibətlə rastlaşdıqda düşünürsən: nə yaxşı ki, təbiət belə insanların ümidinə qalmayıb, yoxsa, Tanrı təbiət düşmənlərinin cəzasını gecikdirməzdi. Təbiət onun qanun və qaydalarını pozanları hökmən cəzalandırır.
İnsan əməllərinin ekoloji mahiyyəti və nəticələri hələ 1400 il öncə, islam dininin ideyalarında öz əksini tapmışdır. Qurani Kərimin “Rumlular” surəsinin 41-ci ayəsində buyrulmuşdur: “ — İnsanların öz əlləri ilə etdikləri pis əməllər (öz günahları) üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zəhərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar.” Beləliklə, Tanrı insanları hər cür bəd, o cümlədən təbiətə zidd əməllərdən çəkinməyə, “tövbə” etməyə çağırır. Göstərir ki, suda, quruda baş verən fəsadlar, fəlakətlər pis əməllərinə görə insanlara Tanrı tərəfindən göndərilən cəzadır.
İlanlar haqqında az və ya çox məlumatı olan hər kəs yalnız zəhərli ilanları insan üçün təhlükəli hesab edir. Davranış xüsusiyyətlərini, instiktlərini, həyat tərzi qaydalarını bildikdə, hətta zəhərli ilanlarla da təhlükəsiz davranmaq mümkündür.
Doğrudan da, ilanların heç də hamısı insan üçün təhlükəli deyildir. Təhlükəli yalnız zəhərli ilanlardır. Təbii ki, belə ilanlar əgər təsadüfən insanı sancarsa, müxtəlif fəsadlar törədər, hətta insanın ölümünə də səbəb ola bilər. Zəhərsiz ilanlarda sə zəhər aparatı olmadığından onların sancması insan üçün təhlükəli deyil. Lakin, yadda saxlamaq lazımdır ki, ilanların, o cümlədən zəhərli ilanların insanlarla heç bir “düşmənçiliyi” yoxdur, çünki bu düşmənçiliyə səbəb də yoxdur. İlanların həyatı üçün insanlar heç bir əhəmiyyət kəsb etmir və onların insanlara heç bir ehtiyacı yoxdur. Əksinə, ilanlar adətən, insan olan yerlərdən uzaq olmağa meyllidirlər. “Düşmənçilik”, əslində, insan tərəfindən baş verir və bu zaman ilan təbiətin ona bəxş etdiyi üsullardan istifadə etməklə (gizlənmək, xəbərdarlıq etmək və nəhayət sancmaq) özünü müdafiə etməli olur.
Bəzi insanlar isə ümumiyyətlə, heç bir ilandan qorxmadığını bildirir. Əgər hesab etsək ki, belə düşünən adamda ilanlara qarşı yerli-dibli qorxu hissi yoxdur, onda bu münasibəti qeyri-ciddi və ya qeyri-sağlam düşüncə məhsulu kimi qəbul etmək lazımdır. Çünki bu cür münasibət yalnız iki qism adamlarda ola bilər: birincisi, hələ dil açmamış və dünyanı, ətraf aləmi hələ dərk etməyən körpə uşaqlarda. İkincisi isə qeyri-sağlam şüur sahibi olan yetkin insanda. Təsadüfi deyil ki, hələ nitqi formalaşmamış və ətrafındakı heç bir əşyanı tanımayan, lakin onu yoxlamağa cəhd edən uşağın körpəlik dövrünü xalq arasında “ilan boğan vaxtıdır” deyə adlandırırlar. Çünki, körpəlik yaşında olan uşaq hələ ilanın nə olduğunu dərk etmir və buna görə də heç bir qorxu hissi keçirmədən digər əşyalar kimi, ilanı da əlinə götürmək, hətta “dadını yoxlamaq” məqsədilə ağzına da aparmaq istəyir. İlanlar haqqında heç bir məlumatı olmayan, lakin rastlaşdıqda onu tutmağa və ya öldürməyə cəhd edən yetkin adam da həmin körpə uşağa bənzəyir.
İlanlara qarşı sağlam qorxu hissinin nədən ibarət olduğunu başa düşmək üçün bəzi müqayisələr aparmaq olar. Biz gündəlik həyatımızda insan üçün qorxulu hesab oluna biləcək saysız-hesabsız əşyalarla, müxtəlif alət və vasitələrlə təmasda oluruq. Məsələn, hər gün istifadə etdiyimiz elektrik cərəyanı, iti ülgüc və ya bıçaq, avtomobillər və s. düzgün istifadə olunmadıqda, onlarla qaydasında davranmağı bacarmadıqda həyatımız və sağlamlığımız üçün ən müxtəlif təhlükələr törənə bilər. Belə ki, elektrik cərəyanına düşə bilərik, ülgüc əlimizi kəsər, avtomobildə qəzaya uğrayarıq və s. Ancaq bu əşya və vasitələr barədə biz lazımi biliklər əldə edirik, onlarla düzgün davranış qaydalarını öyrənirik, heç bir təhlükəyə məruz qalmadan və qorxmadan onlardan istifadə edirik.
İlanlara da eyni cür yanaşsaq, onları yaxından tanısaq, düzgün davranma qaydalarını öyrənsək, qorxmarıq və nəticə də öz təhlükəsizliyimizi təmin etmiş olarıq.


Mənbə: deyerler.org
 

0 şərh