Quru sulardan istifadə

İnsanlar ən qədim zamanlardan su hövzələrinin sahillərində məskunlaşmağa üstünlük vermişlər. Onlar çay və göl sularından suvarma, gəmiçilik, duz istehsalı və balıqçılıq məqsədilə istifadə etmişlər. Çaylar təsərrüfatın inkişafı üçün enerji mənbəyi rolunu oynayır. Bulaq və yeraltı sular isə insanların içməli suya olan tələbatını ödəyir.
Quru suları, xüsusilə çaylar çoxməqsədli istifadəsinə görə seçilir. Çaylar axdığı dərə boyunca süxurları yuyur. Bu zaman dağ çaylarının dərələrində faydalı qazıntılarla zəngin olan süxurlar aşınır, səpinti halında olan qızıl, platin, almaz və s. minerallar üzə çıxır və suya qarışır. İnsanlar belə faydalı qazıntıları əldə etməyə daim maraq göstərmişlər.
Geoloji cəhətdən daha qədim çay yataqlarında faydalı qazıntıların hasil edilməsinə maraq müasir dövrdə də aktuallığını itirməyib.
İqlim şəraitinin sərt olduğu ərazilərdə su hövzələri ilin çox hissəsində buzla örtülü olsa da, onlar mühüm təsərrüfat əhəmiyyətinə malikdir.
Qış aylarında donan Lena, Ob, Yenisey, Peçora, Nelson, Makkenzi, Yukon və bu kimi çayların  üzəri avtomobillərin hərəkəti üçün “şose” rolunu oynayır. Buz örtüyü əridikdən sonra isə həmin çaylardan gəmiçilik  məqsədilə istifadə olunur.
Meşə tədarükü olunan ərazilərdəki düzənlik çayları oduncağın daşınmasında mühüm rola malikdir. Şalbanlar sal şəklində bir-birinə bərkidilir və çay boyunca axıdılır
 
Çay subasarları axar suyun gətirdiyi allüvial çöküntülərlə örtülü olduğuna görə dərə boyunca humusla zəngin torpaq qatı yaranır. Nəmliyin kifayət qədər olması çay subasarlarında ilboyu yaşıl ot örtüyünün olmasına imkan verir. Bu isə çay dərələri boyunca heyvandarlığın inkişaf etdirilməsi üçün təbii şərait yaradır. İqlimi quraq olan ərazilərdən axan tranzit çayların hövzəsində əhalinin sıxlığı yüksək olur. Bu ərazilərdə eyni zamanda suvarma əkinçiliyi üçün geniş imkanlar vardır.
 
Kənd təsərrüfatı ilə yanaşı, çaylardan enerjinin əldə olunmasında, sənaye müəssisələri və əhalinin su təchizatında, çay turizmində geniş istifadə olunur. Çaylar həmçinin balıqçılıq məqsədi daşıyır. Zambezi, Müq. Lavrenti, Mekonq, Ob və d. çayların balıqçılıq əhəmiyyəti böyükdür. Kür çayında balıqçılıq tarixən mövcud olsa da hazırda su anbarları və süni göllərdə daha çox balıq yetişdirilir.
 
Quru sularının bir növü olan bataqlıqlar qurudulduqda kənd təsərrüfatı üçün yararlı torpaq sahəsi yaranır. Özünəməxsus ekosistemə, yəni canlı və cansız komponentlərin bir-biri ilə sıx əlaqədə olduğu mühitə malik olan bataqlıqlar bitki və heyvanlar aləmi ilə zəngindir.
 
Quru sularının bir növü olan bulaqlar yeraltı suların təbii halda, xüsusən tektonik sınma zonalarında üzə çıxmasıdır. Suyun mineral tərkibindən asılı olaraq bulaqlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
 
Quru sularının digər geniş yayılmış növlərindən biri göllərdir. Göllərin suyunun tərkibinin şirin və ya şor olması onların təsərrüfat məqsədilə istifadəsinin müxtəlifliyinə imkan yaradır. Şor göllərdən (Masazır, Hacıhəsən və s.) duz istehsalında, şirin sulu göllərdən (Göygöl, Maralgöl, Batabat və s.) istirahət, içməli su təchizatı, balıqçılıq və s. məqsədlərlə istifadə olunur.

Müəllif: Nərminə Seyfullayeva,Zaur İmrani,Yelena Şabanova
Mənbə: Coğrafiya 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Coğrafiya fənni üzrə Dərslik

0 şərh