Təhlükəli Hidroloji hadisələr və onlarla mübarizə

Sunami — təbii fəlakətlər arasında miqyasına və vura biləcəyi ziyana görə xüsusilə fərqlənir. Onlar, əsasən, seysmik zonalarda baş verir.
Çaylarda yaranan daşqın və sellər də böyük dağıntılar törədir. Azərbaycanın xüsusilə Böyük Qafqaz çaylarında müşahidə olunan sellər palçıqlı-daşlı və daşlı olur.
Yer kürəsində baş verən hidroloji hadisələr (daşqın, sel, subasma və s.), adətən, iki fərqli hadisə və ya proses arasında aralıq mövqeyə malik olur. Bu hadisələr təbii və antropogen təsirlər nəticəsində baş verir.
Onlar hər hansı bir təbii hadisənin nəticəsi və eyni zamanda digər bir hadisənin səbəbi olduğuna görə təbiətdə geniş yayılmışdır. Hidroloji hadisələr
Hidroloji hadisələrin növləri çoxdur. Okean və dənizlərdə baş verən təhlükəli hidroloji hadisələrə sunamilər, gücü 5 baldan çox olan dalğalar, erkən buz örtüyünün yaranması, hərəkətsiz qalın buz qatı, aysberqlərin yaranması və s. aiddir. Bu hadisələr balıq ovuna, dəniz təsərrüfatına (neft və qazın hasilatı, duzun istehsalı və s.) və dəniz nəqliyyatına mənfi təsir edir.
Qlobal istiləşmə sonda örtük buzlaqlarının əriməsinə və dəniz sularının səviyyəsinin qalxmasına gətirib çıxarır.  Quruda baş verən ən mühüm hidroloji hadisələrdən biri daşqın və subasmalardır. Onları yaradan səbəblər müxtəlifdir:
1) uzunmüddətli yağışların yağması — musson iqlimə malik olan Şərqi, Cənub-Şərqi və Cənubi Asiya ölkələri üçün səciyyəvidir;
2)qar örtüyünün sürətlə əriməsi — mülayim iqlim qurşağında yerləşən Avropa, Şimali Amerika, Şimali Asiya ölkələri üçün səciyyəvidir;
3) texnogen amillər — su anbarında bəndin dağılması və s.
Daşqın və subasmaların təsirini azaltmaq üçün müxtəlif tədbirlər həyata keçirilir: çay deltası lildən təmizlənir, meandrlaşan ərazilərdə çayın məcrası düzləndirilir, sahilboyu bəndlər tikilir, aşağı axarlarda su kanalları çəkilir.  Hidrometeoroloji hadisələrdən biri seldir. Sel dağ çaylarının yatağında leysan tipli yağışların yağması, buz və ya mövsümi qarın sürətlə əriməsi nəticəsində yaranan palçıqlı, daşlı və daşlı-palçıqlı axındır. Sellərdə 1 m3 su kütləsinin təxminən 65-70%-ni bərk materiallar, qalanını su təşkil edir.
Sellər, adətən, qəflətən yaranır, böyük sürətlə hərəkət edir, əksər hallarda 30-40 dəq.-dən bir neçə saatadək davam edir. Sel zamanı yaranan kütlənin hündürlüyü bəzən 15 m-ə çatır. Sel axını güclü gurultu ilə müşayiət olunur, yolunun üstündəki hər şeyi, o cümlədən bina və qurğuları dağıdır, əkin sahələrini yararsız hala salır, torpaqların məhsuldar (humus) qatını yuyub-aparır, çay yatağında olan mal-qaranı məhv edir, insan tələfatına səbəb olur. Azərbaycanda fəlakətli sel hadisələri Şin (1510-cu il), Kiş (1901-ci və 1982-ci illər), Kürmük (1921-ci il) və s. çaylarda baş vermişdir. Sellərin qarşısını tam almaq mümkün olmasa da, təhlükəni nisbətən azaltmaq olur. Bunun üçün çaylar üzərində hidrotexniki qurğuların (selötürən, selqırıcı və s.) tikilməsi, fitomeliorativ, xüsusilə meşə meliorativ işlərinin aparılması və s. tədbirlərin görülməsi tələb olunur. Təhlükəli hidroloji hadisələr təbii, iqtisadi, sosial problemlərin əmələ gəlməsi ilə nəticələnir. Onları qabaqcadan proqnozlaşdırmaq qismən mümkün olduğuna görə əhalinin təxliyəsini təşkil etmək, təsərrüfat sahələrinə dəyə biləcək ziyanı (heyvandarlıq komplekslərindən mal-qaranın köçürülməsi, ərzaq anbarlarında və supermarketlərdə məhsulların qorunması vəs.) azaltmaq mümkündür.


Müəllif: Nərminə Seyfullayeva,Zaur İmrani,Yelena Şabanova
Mənbə:Coğrafiya 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Coğrafiya fənni üzrə Dərslik

0 şərh