Dünya okeanı

Bir-biri ilə əlaqədə olan bütün okean və dənizlər birlikdə dünya okeanını təşkil edirö bu ad məşhur rus okeanoloqu Yuli Mixayloviç Sokalovski tərəfindən ilk dəfə verilmişdir. Şərti olaraq dünya okeanı dörd hissəyə ayrılır: Sakit, yaxud Böyük, Atlantik, Hind və Şimal Buzlu okeanları, 361 mln km2 sahəyə malik olan dünya okeanı materiklərin sahilləri və onların ucqar nöqtələrindən keçən meridianlarla ayrılır. Bu meridianlar Cənubi Amerikada Horn, Afrikada Iynə və Tasmaniya adasında Cənub burnundan keçir.
Dünya okeanının dib relyefi çox mürəkkəb xarakter daşıyır. Qurunun relyefini xatırlatsa da onun öyrənilməsi görünmədiyindən çox çətindir. Buna baxmayaraq öyrənilmə baxımından dünya okeanı şərti olaraq bir neçə iri relyef formalarına ayrılır.
Şelf — dayaz, materikin su ilə basılmış hissələridir. Dünya okeanının 8%-ə yaxınını tutur. Adətən 200 m dərinliyə qədər olan sahələr bura Aid edilir. Şelf aid olduğu materikin relyefinə uyğun, dayaz, zəif meylli düzənliklərə deyilir. Dünya okeaının bu hissəsi elə bir sahədir ki, gətirmə materiallarının əsas hissəsi burada toplanır. Geoloji baxımdan şelf materiklərə aid edilən yer kürəsinin bir hissəsi sayılır.
Materik yamacı (batiol) — meyilliyi daha yüksək, kifayət qədər parçalanmış, pilləvari, sualtı dağlar, tirələr, yüksəkliklər və çökəkliklərdən ibarət olub, dünya okeanının 12%-i təşkil edir. Zona suyun zəif hərəkəti, temperaturun aşağı olması, qaranlıq olması, özünəməxsus heyvanat aləminin olması ilə xarakterizə olunur.
Abissal — okeanların dərin (3000 m>) hissələridir. Dünya okeanının 80%-i təşkil edir. Ideal düzənliklərdən ibarət olmayan bu zonada silsilələr, vadilər, qrabenlər, çökəkliklər, sualtı vulkanlar yayılmışdır.
Dəniz suları 44 elementin həll olunmuş məhlulundan ibarətdir. Əsas rol sularar duzluluq verən xörək duzuna və acılıq verən maqnezium duzna məxsusdur.
Dünya okeanında orta duzluluq 35%0, maksimum quru passatlar zonasında 36%0, ekvatorial zonada yağıntılarla əlaqədar olaraq bir qədər aşağı olur.
Daxili hissələrdə çayların tökülməsi ilə bağlı olaraq duzluluq daha çox fərqli olur. Baltik dənizində bu fərq 20-3%0, Qara dənizdə 14-19%0, Xəzərdə 3-13%0 arasında təşkil edir. Şaquli istiqamətdə isə duzluluq 1500 m dərinliyə qədər dəyişir, bu dərinlikdən aşağı isə sabitləşir.
Dünya okeanı sularında həll olunmuş şəkildə qazlardan oksigen, azot, karbon, ammiak və metan üstünlük təşkil edir. Suyun sıxlığı duzluluq və dərinlik artdıqca, temperatur isə aşağı düşdükcə artır. Hər 10 m dərinlikdə 1 atmosfer təzyiq artır. Dəniz suyunun rəngi amillərdən asılı olaraq mavidən sarımtıl-qəhvəyiyə qədər dəyişir. Suyun duzluluğu Seggi adlanan diski ilə ölçülür. Sarqas dənizində sular daha duru olmaqla görünmə həddi 66 m təşkil edir. Suların temperaturu yerləşdiyi en dairəsindən, ərazini əhatə edən iqlimin xüsusiyyətlərindən, cərəyanlardan, onu dövrəyə alan səhralardan asılı olur. Belə ki, Qırmızı dənizdə 340C, Iran körfəzində isə 35,60C təşkil etməsi buna əyani sübutdur. Mülayim qurşaqda bu bir qədər fərqli olaraq fəsillər üzrə, az miqdarda isə sutka ərzində dəyişir.
Son dövrə qədər belə güman edilirdi ki, dünya okeanında suyu günəş şüaları 300-350 m dərinliyə qədər qızdıra bilir. Lakin rus alimləri məyyən etmişdilər ki, Yapon dənizində qızma dərinliyi 4000 m-dir. Deməli dənizlərin müxtəlif dərinlikdə qızması dünya okeanı slarının enliklər üzrə qanunauyğun qarışmasına əks təsir göstərir.
Dövrümüzdə dünya okeanının öyrənilməsi günün aktual məsələlrindən bir sayılır. Bəşəriyyət gələcəkdə yaşamaq ümidini dünya okeanına bağlamışdır. Bizimsə onu öyrənməkdə məqsədimiz mineral və biologji sərvətlərindən düzgün istifadə etmək, həmçinin çirklənmədən qorumaqdan ibarətdir.
Dünya okeanı iri enerji mənbəyidir. Qolfstrim və Kurosio cərəyanlarından enerji mənbəyi kimi istifadə olunması artıq yaxın gələcəyin işidir. Rusiya və Fransa artıq qabarma-çəkilmə erjisindən istifadə edən ölkələrdirö digər ölkələr isə bu sahədə işlər aparmaqdadırlar. Çünki qabarma enerjisinin ehtiyatı, çayların enerji ehtiyatından 1,5 dəfə çoxdur.
Qabarma düzgün, qarışıq və düzgün olmayan kimi üç yerə bölünür. Bunlardan ayın yer kürəsi ətrafında bir tam dövrü ərəfəsində, başqa sözlə 24 saat 50 dəqiqə ərzində baş verən düzgün qabarmadan enerji istehsalı üçün istifadə daha əlverişli sayılmalıdır.
Dünya okeanı sərvətlərinin tədricən insanları özünə cəlb etməsi okeanologiya elminin medana gəlməsinə səbəb olmuşdur. Bu elm dünya okeanında fiziki, kimyəvi, bioloji və geoloji prosesləri öyrənən elmi fənlərin məcmusudur. Okeanologiya sahilləri, relyefi, dib quruntları, radioaktivliyi, dəniz axınlarını, qabarmaları, dalğaları, səviyyə təsadüfünü, bitki və heyvanat aləmini, dünya okeanının hissələrini, öyrənir. Bu məsələlərin öyrənilməsi süni peyklər, təyyarələr, hidroloji stansiyalar və bir sıra müasir aparatların köməyi ilə həyata keçirilir. Müxtəli dövlətlərin okeanoqrafiya müəssisələri tərəfindən göstərilən fəaliyyət YUNESKO-nun Dövlətlərarası okeanoqrafiya komissiyası tərəfindən əlaqələndirilir. Aparılmış tədqiqatlardan alınan məlumatlar dünya okeanoqrafiya kataloqlarında toplanılır ki, bu da öz növbəsində okeanların müxtəlif sahələrinin xəritələrinin tərtib olunmasına imkan verir.
Aparılmış elmi tədqiqatlar göstərir ki, dünya okeanında yayılmış fauna və floranın miqdarı, həmçinin paylanması bir sıra amillərlə yanaşı ora düşən şüaların xarakterindən də asılıdır. Günəşdən suya qırmızı, narıncı, yaşıl və göy rəngli şüalar daxil olur. Qırmızı və narıncı ilk metrlərdə, yaşıl rəng 500 m-ə qədər dərinliklərdə udulur. Ancaq göy şüalar 1500 m dərinliyə çata bilir. Bitkilər, planktonlar qırmızı və narıncı şüalara daha tələbkar olduğundan əsasən okean və dənizlərin şelf zonasında yayılmışdılar. Heyvanat aləmi isə bitki aləmindən fərqli olaraq mühitə uyğunlaşdığından okeanların ən dərin yerində belə yayılmışlar. Dünyanın ən dərin çökəkliyi Mariann 1957-ci il avqsustun 23-də «Vityaz» gəmisi tərəfindən ölçülmüşdür. 1960-cı il yanvar ayının 23-də isə Jak-Pikar öz köməkçisi ilə «Triyest» batiskafında Mariann çökəkliyinə düşərək burada 30 dəqiqə qala bilmişdir.

Dünya okeanı relyefinin öyrənilmə tarixi


Mövcud dörd okeanın hər biri dünya okeanının bir hissəsidir. Bu okeanların vəhdəti ilk dəfə olaraq 1522-ci ildə Magellanın dünya səyahəti nəticəsində müəyyən edilmişdir. Bir sıra alimlər fərqli olaarq Antarktida sahillərinin sularının fiziki-kimyəvi xüsusiyyətlərini fərqləndirərək beşinci okean kimi ayıraraq Cənub Buzlu okean adlandırırlar.
Vaxtılə dəniz nəqliyyatının inkişafı tədricən okean və dənizlərin dərinliklərini dib relyefinin öyrənilməsini günün vacib məsələlərindən birinə çevirdi. Çünki, onun öyrənilməsi ölkələr arasında ucuz nəqliyyat vasitəsinin daha sürətlə inkişafına təkan verə bilərdi. Lakin bu məsələnin həlli çox çətin idi. Materiklərlə müqayisədə okeanların relyefinin öyrənilməsi çox mürəkkəb xarakter daşıyır. Ona görə də müəyyən edilmiş hər hansı bir dərinlik, silsilənin uzunluğu və tutduğu sahə, silsilələrin maksimum hündürlüyü materiklərdən fərqli olaraq ehkam, yaxud mütləq deyil. Ölçülmüş dərinlik və yüksəkliklərin gəmilərin yırğalanması ilə əlaqədar olaraq düzgün alınmaması da xəritələrə köçürmə zamanı təhriflərin baş verməsinə səbəb olur. Qeyd olunan çətinliklərə baxmayaraq bu gün bu gün gəmilərin hərəkətini tənzimləmək üçün dəniz dibinin relyefi haqda elmi tədqiqatlara əsaslanan kifayət qədər məlumatlar vardır.
Dünya okeanının öyrənilmə tarixi əsasən XIX əsrin ortalarından başlayır. Okean dibinin relyefi haqqında olan fikirlər müxtəlif olmaqla bir-birindən kəskin fərqlənir. Bir qrup alimlər onun sahildən mərkəzə doğru zəif meylli olmaqla tədricən artması fikrini irəli sürür, digərləri quru və okean dibinin relyefinin oxşar olduğunu qeyd edirlər. Bəzi alimlər isə hətta sualtı materik və adaların olması fikrini çəkinmədən irəli sürürlər.

Sakit okean


Sahəsi 178 mln.684 min km -dir. Ən böyük və ən dərin (Marian çökəkliyi 11022 m) okeandır. XIX əsrin 60-cı ilinə qədər Sakit okeanın relyefi haqqında elmə məlum olan bir şey yox idi. Okeanın dərinliyi haqqında isə ilk məlumat 1866-cı ildə Oxot dənizində ölçü işləri aparan «Varyak» gəmisinin dənizçisi Konstantin Stepanoviç Stariçkiyə aiddir. O, Kuril tirəsinin şimal-qərbində 510 m-dən 640 mə qədər dərinlikləri müəyyən etmişdir. Şelixov körfəzinin cənubunda 100-150 m dərinliklərin təyin edilməsi də onun adı ilə bağlıdır.
1873- cü ildə «Tuskarord» gəmisi Vakkuver adasından (Kanadanın cənub qərbində) Yaponiyaya qədər böyük bir məsafədə ölçü işləri aparır.
1874- cü ildə «Çellencer» Yeni Zelandiyanın paytaxtı Vellinqtondan Avstraliyanın Sidney şəhərinə yola düşməklə ölçü işləri aparmaqla Tasmaniya çökəkliyinin relyefi haqqında düzgün məlumatlar verir. Sakit okeana müxtəlif marşrutlar etməklə onun relyefini tədqiq edən ən görkəmli alimlərdən biri Ç.U.Tomson olmuşdur.
«Diskoveri-II» gəmisi cənubi Sakit okean silsiləsini aşkar etməklə onun 2000 km uzunluğunda olduğun müəyyən etdi.
1950-ci ildə «Xorayzn» («Üfüq») gəmisi Flippinin şimal-şərqində yerləşən sahənin dib relyefini öyrəndi.
1950-1954-cü illərdə Berinq dənizində Şirşov silsiləsi (3000 km), Obruçev-Kuril adaları çərçivəsində «Vityaz» silsiləsi aşkar edildi və Obruçevlə Havay silsilələrinin əlaqəli olması müəyyənləşdirildi. 1960-cı illərin əvvəllərində isə Sakit okeanın cənubunda 3000 km uzunluğa malik çat olan Eltanine müəyyən edildi.

Atlantik okeanı


Sahəsinə görə Sakit okeandan sonra ikinci okean olub tutduğu ərazi 91 mln 655 min km -dir. XIX əsrin ortalarından ardıcıl olaraq dərinliklərin ölçülməsi relyefin müasir forması haqqında müxtəlif fikirlərin formalaşmasına səbəb olmuşdur.
Atlantik okeanının dərinlikləri haqqında ilk məlumatlara Amerika qitəsinin Ameriqo Vespuççinin şərəfinə adlandırılmasının həqiqi mənada tərəfdarı olan Martin Valdzemyüllerin xəritəsində (1507) rast gəlinir. Con Ross Baffin körfəzində 1000 m, Ceyms Ross isə 1840-cı ildə 27030^ cənub enliyində, 17030^ qərb uzunluğunda 4425 m dərinliklər müəyyən etmişdilər. Avropa ilə Amerika arasında 1850-ci ildə çəkilən teleqraf kabel xətti layihəsi, okeanın şimal hissələrinin relyef xəritəsinin daha dəqiq öyrənilməsinə səbəb olmuşdur. 530 şimal, 100 cənub enlikləri arasının batimetrik xəritəsini tərtib etdi. O, həmçinin Böyük Nyufaundlend, Azor, Bermud, Kanar və Yaşıl burun adalarından ibarət çıxıntıları müəyyən etməklə yanaşı 200-300 qərb zunluqları arasında 3300 km meridian istiqamətində uzanan silsiləni müəyyən etməyə müvəffəq oldu. Bu silsilə «Delfin çıxıntısı» adlanan, sonradan isə Orta Atlantik kimi coğrafiyada özünə yer tapan silsilə idi.
1868-1870-ci illərdə Avropanın qərb sahillərində Çarlz Tomsonun rəhbərliyi altında bir sıra cihazlar təkmilləşdirildi. Bu isə onda dünya okeanında tədqiqat işləri aparmaq üçün ekspedisiya təşkil etmək fikri yaratdı. Fikri müdafiə edən Ingiltərə ekspedisiya üçün «Çellencer» hərbi gəmisini ayırdı. Mart ayının sonunda 9218 m dərinliyə malik Puerto-Riko çökəkliyi müəyyən edildi. Ilk dəfə Cənubi Atlantika silsiləsinin mövcud olmasını aşkar etdi və Folklent çıxıntısının (qalxanının) aşkar olunmasının əsasını qoydu, 500 şimal enliyi ilə 400 cənub enliyi arasında bütövlükdə müxtəlif dağ sistemlərinin olmasını müəyyənləşdirdi.
1874-cü il iyun ayının 21-də Almaniyanın «Qazel» gəmisi okeanoloq Neymayerin rəhbərliyi altında Baltik dənizinin Kilya limanından çıxaraq, Yaşıl burun adalarına istiqamət götürərək 400-200 şimal en dairəsində 2700 km məsafədə 46005700 m dərinliklər müəyyən etdi.
1877-ci ildə ABŞ-ın sahil geodeziya xidməti Aleksandr Aqassisanın rəhbərliyi altda «Bleyk» gəmisində Atlantik okeanına ekspedisiya təşkil etdi. Məqsəd Amerika dənizlərinin dib relyefini öyrənməkdən ibarət idi. Üç tədqiqatda Meksika körfəzi və Karib dənizinin dib relyefi öyrənildi. 355 ölçmə əsasında bu akvatoriya haqqında kifayət qədər düzgün məlumat əldə edildi.
1883-1886-cı illərdə Aqassisanın ekspedisiya işləri «Albatros» gəmisində davam etdirildi. Ekspedisiya Karib dənizinin mərkəzi və şərq rayonlarını öyrənməklə Kolumğbiya və Venesuela çökəkliklərinin müəyyən edilməsinin əsasını qoydu.
1877-ci ilin dekabrından 1978-ci ilin fevralına qədər «Esseko» gəmisində ABŞ Konqo çayının mənsəbində, Müqəddəs Yelena və Rio-de-Janeyro yaxınlığında ölçü işləri aparmaqla Afrika sahilləri ilə Müqəddəs Yelena adası arasında 5600 m dərinlik aşkar etdilər.
XIX əsrin ortalarında A.Barkerin başçılığı altında «Enterprayz» gəmisi 300 cənub enliyi və 350 qərb uzunluğu arasında 1000 m-dən dayaz sahə təyin etməklə Rui-Qrandi çökəkliyinin aşkar olunmasının əsasını qoydular.
1895-1896-cı illərdə Islandiyanın cənub-qərbində Danimarkanın «Inqolf» gəmisi Reykyanes silsiləsini müyyən etdi.
XIX əsrin sonu XX əsrin əvvəllərində Atlantik okeanında aparılan tədqiqat işləri təcrübi əhəmiyyətlə yanaşı (balıqçılıq, rabitə, naviqasiya) bir sıra okeanologiya, biologiya, geologiya, topoqrafiya, xəritəşünaslığın inkişafına səbəb oldu. Əldə edilmiş materiallar okeanların yaranması və inkişafı haqqında təsəvvürləri daha da genişləndirdi.
XIX əsrin 20-ci illərində okeanların dərinlikləri haqqında səpələnmiş məlumatlar okeanların relyefini səciyyələndirməyə imkan vermirdi. Lakin, 1919-cu ildə alman alimi A.Bemunun ixtira etdiyi exolot cihazı okeasn dibinin relyefini müəyyən etməyə və onun xəritəsinin tərtib olunmasına imkan yaratdı.
1925-ci il aprelin 16-da iki exolotla təmin olunmuş «Meteor» gəmisi Şimal dənizinin Vilhelmsxafen limanından
Buenos-Ayresə yola düşür. Hər 5 km-dən bir dərinlik marşrut üzrə ölçülürdü. Birinci ekspedisiya zamanı Argentina çökəkliyi və Cənubi Amerika çökəkliyi ölçüldü. 1926-cı ildə ekspedisiya 5 dəfə profil çıxarışı etdi. Atlantik okeanında meridian istiqamətində uzanan orta okean silsiləsinin cənubunda şərq istiqamətdə dönərək Hind okeanına doğru əyilməsi müyyən edildi.
1927-ci ildə 33 min ölçü işlərinin «Meteor» tərəfindən aparılması bir sıra batomatik xəritələrin tərtib edilməsinə, bu da öz növbəsində Atlantik okeanının dib relyefinin səciyyələndirilməsinə səbəb oldu.
1933-1938-ci illərdə «Bleyk» gəmisinin apardığı tədqiqat işləri Venesuela, Kolumbiya, Yukaton çökəkliklərini müəyyən etdi.
1946-cı ildə artıq gəmilərdə özüyazan exolotdan istifadə olunurdu. Bu exolotlar kanion şəklində çökəkliklərin daha dərin olmasını müəyyən etməyə imkan yaratdı.
1938-ci ildə «Altair» alman tədqiqat gəmisi 400-500 şimal enlikləri arasında Şimali Atlantika silsiləsində ensiz dərin çökəkliyin olduğunu müşahidə edir ki, sonralar bura rif dərəsi adlanır.
1956-cı ildə amerikan geoloqu Moris Yuinq okean yer qabığının qalınlığının 8 km-ə çatdığını müəyyən etməklə, yer kürəsinin okean və materik yer qabığından ibarət olduğunu müəyyən etdi. Bununla yanaşı Orta Atlantik silsiləsində seysmik zona müəyyən edildi.
1962-ci ildə «Pyotr Lebedyev» gəmisinin apardığı tədqiqatlara əsasən ru geoloqu Aleksandr Ilin Nyufaundlend çökəkliyində 400 min km sahəyə malik olan düzənliyi müəyyən etdi.
Yuxarıda bütövlükdə qeyd olunanlar Atlantik okeanının dib relyefinin xəritəsinin tərtib edilməsində mühüm əhəmiyyətə malik olmuşdur.

Hind okeanı


Sahəsi 76 mln 174 min km -dir. Hind okeanının əsas hissəsi cənub yarımkürəsində, bütövlükdə şərq yarımkürəsində yerləşmişdir. Orta dərinlik 3700 m, maksimum isə Yava çökəkliyində 7729 m-dir. Hind okeanın dib relyefi mürəkkəb və müxtəlifliyi ilə seçilir. Orta Hind okeanı silsiləsi şimal-qərb, cənub-qərb, cənub-şərq istiqamətlərə ayrılmaqla, müxtəlif çatlara malik olması, vulkanizmi və seysmikliyi ilə xarakterizə olunur.
Hind okeanının cənub hissələrində dərinliklərin ölçülməsi 17 dekabr 1873-cü il tarixindən dünya ekspedisiyasına çıxmış Temsonun «Çellencer» gəmisinin adı ilə bağlıdır. Göstərilən tarixdə gəmi Afrikanın cənub-qərbində Keyptaun limanından çıxaraq okeanın cənub hissəsində 1874-cü ilin fevral ayının əvvəllərində Xerd adası yaxınlığında 274 m dərinliyində dayaz sahə aşkar etdi. Bu həmin ərazidə sualtı silsilənin olması fikrinin əsasını qoydu.
1885-ci ildə ABŞ-ın «Enterpayz» gəmisi A.Barkerin komandanlığı altında dünya səyahəti davam etdirilir. 1900-cu ildə isə Q.Şott Hind okeanının kifayət qədər düzgün batimetrik xəritəsini tərtib edir.
1902-ci ildə almanların təşkil etdiyi Antarktida ekspedisiyası okeanın cənub-qərbində 5100 m dərinlik müəyyən etmiş, Xerd adasından cənubda suyun müxtəlif dərinliklərdə temperaturunun yüksəlməsini müşahidə etmişdir. Daha sonra alman Antarktida ekspedisiyasının (Qauss) rəhbərlik edən Erik Driqalski okeanın qərb və şərq hissələrindəki suların temperatur fərqini sualtı silsilələrin olması ilə izah edir.
1905- ci ildə ingilis «Silark» gəmisi coğrafiyaçı və okeanoloq Stenli Qardinyerin rəhbərliyi altında ekvatorial sahədə Şeyşel-Maskaren-Çaqos üçbucağı üzrə apardığı tədqiqat əsasında dib relyef quruluşu haqqında təfsilatı ilə məlumat topladı.
1906- cı ildə almanlar «Planeta» gəmisi ilə Vilhelm Brennekkenin rəhbərliyi altında Madaqaskarın cənubunda Madaqaskar silsiləsini, Sumatra və Yava adaları yaxınlığında isə dərin çökəklik müyyən etdilər.
1930-cu ildə Danimarka ekspedisiyası, okeanoloq Yoqanes Şmidtin rəhbərliyi altda Şri-Lanka adası ilə Kamor adaları arasında silsilə aşkar etdi və ona ekspedisiyanı maliyyələşdirən Karlsberqin adını verdi.
1932-ci ildə ingilislər «Diskoveri-II» gəmisilə Afrikanın cənub-qərbində Keyptaunla Antarktida materiki arasında Afrika-Antarktida çökəkliyinin davamını müəyyən etdilər. Daha sonra gəmi Avstraliyanın cənub-qərğbinə istiqamət götürməklə dib relyefinin öyrənilməsini davam etdirdi.
1960-cı ildə YUNESKO-nun təşəbbüsü ilə altı il müddətində başa çatmaq şərtilə Beynəlxalq Hind okeanı ekspedisiyası təşkil olundu. Ekspedisiyada 20 dövlətin nümayəndəsi iştirak edirdi.
Veniamin Qriqoryeviç Boqorovun rəhbərliyi altında rusların «Vityaz» gəmisinin aşkar etdiyi silsilə XV əsrdə Hindistana səfər etmiş Afanasi Nikitinin şərəfinə adlandırıldı. Britaniya alimləri isə 2750 km uzunluğa malik Ouen sınmasını müəyyən etdilər. Daha sonra Amerikan okeanoloqları öz tədqiqatlarına və dünya okeanı haqqında olan məlumatlara əsaslanmaqla xəritə tərtib etdilər, həmçinin Dünya okeanının vahid orta dağ sistemindən ibarət olması fikrinə gəldilər.
Beləliklə, 1919-cu ildə alman alimi A.Bemu tərəfindən exolotun hazırlanması, 1950-ci ilinəvvəllərində isə ABŞ alimi Bernard Saskin tərəfindən daha mükəmməl özüyazan exolotun düzəldilməsi okeanların dib relyefinin öyrənilməsində və xəritəlrin tərtib olunmasında mühüm əhəmiyyət kəsb etdi.

Şimal Buzlu okeanı


Sahəsi 14 mln 756 min km -dir və dünya okeanının 4%-i təşkil edir. Şimal Buzlu okeanı ilə Atlantik okeanı arasında sərhəd xətti Qrenlandiya ilə Skandinaviyanın cənub-qərb sahiləri arasında 600 m dərinlikdə uzanan Nansen astanası təşkil edir. O.K.Leontevin (1982) «Dünya okeanının fiziki coğrafiyası» əsərində Norveç və Qrenlandiya dənizləri Atlantik okeanına aid edilir. Avrasiya materiki sahillərində okean materik dayazlığında yerləşdiyindən digər okean sahillərindən dərinliyinə görə kəskin fərqlənir. Şimal Buzlu okean Sakit okeanla 50 m dərinlikdən keçən astana ilə sərhədlənir. Buxarlanmanın aşağı olması ilə əlaqədar olaraq dünya okeanında orta duzluluq 35%0 olduğu halda Şimal Buzlu okeanda 32%0-dir.
Okeanın tədqiq edilməsində 1733-cü ilin fevralında təşkil olunmuş «Böyük Şimal ekspedisiyası»nın mühüm əhəmiyyəti olmuşdur. Ekspedisiyanın rəhbəri Vitus Berinq (Danimarka mənşəlidir) Ağ dənizdən başlamış şərqdə Böyük Baranov burnuna qədər okean sahillərindəki bütün dənizlərin naviqasiya əhəmiyyətli dənizləri və bu istiqamətdə olan adaları öyrənmişdir.
Arktika hövzəsindən keçməklə Kanada arxipelaqına qədər uzanan Lomonosov silsiləsini müəyyən etmişlər.
Qrenlandiyanın şimalından Şpispergen adalarına qədər uzanan silsilə və Nansen çökəkliyi məşhur Arktika tədqiqatçısının adına verilmişdir. Şimal Buzlu okeanda apardığı tədqiqatlar bütövlükdə öz əksini «Buz və gecələr» əsərində tapmışdır.
Şimal Buzlu okean tədqiq edilərkən

Dünya okeanın öyrənilməsi tarixindən


Çellencerin dünya okeanının öyrənilməsində rolu


XIX əsrin 70-ci illərində dünya okeanı demək olar ki, öyrənilməmiş qalırdı. Dünya okeanının dib relyefini öyrənmək, fiziki kəmiyyəti, bioloji xüsusiyyətlərini və okeanların ayrılıqda özünəməxsus cəhətlərini aydınlaşdırmaq üçün ingilis alimləri okeanoqrafiya istiqamətində dünya ekspedisiyası təşkil etmək fikrinə gəlirlər. Ingilis Elmlər Akademiyasının təklifi ilə Britaniya admiralı «Çellencer» gəmisini dünya səyahətinə hazırladı. Gəmi çox böyük olmasa da hərtərəfli tədqiqat işləri aparmaq üçün zəngin laboratoriya ilə təmin olunmuşdur. Bir ildən yuxarı gəmi ekspedisiyaya hazırlandıqdan sonra nəhayət təcrübəli dənizçi Nersanın rəhbərliyi ilə ekspedisiyaya hazır vəziyyətə gətirilir. Ekspedisiyaya elmi cəhətdən rəhbərlik Uayvill Tomsona tapşırılır.
1872-ci ilin dekabrında gəmi Portsmutdan Cəbəlüttariq, oradan isə Afrikanın şimal-qərbində yerləşən Madeyra, Teneyrif adalarında olmaqla Kiçik Antil adalarına istiqamət götürür. Yol boyu gəmi müəyyən sahələrdə dayanmaqla müəyyən dərinliklər ölçmək və sudan analizlər götürərək laboratoriya şəraitində analizlər aparmaqla məşğul oldu. Ilk dəfə olaraq 5700 m dərinlikdə qəhvə rənginə oxşar qurunt götürülərək analiz edilməsi nəticəsində tərkibində yüksək miqdarda dəmirin olması müəyyən edildi.
Ilk dəfə olaraq Antil adaları yaxınlığında 7186 m dərinlik aşkar olundu. Bundan sonra gəmi yenidən Madeyraya üzməklə Afrika sahillərini tədqiq edib, ekvatordan 30 cənuba enməklə təkrar Atlantik okeanında qərbə üzərək Braziliyaya istiqamət götürür. Bu istiqamətdə 4500 m dərinlikdə okeanda ən aşağı (0,20C) müşahidə edilir.
Braziliya sahillərinin tədqiqindən sonra ekspedisiya Afrikanın cənub qurtaracığına istiqamət alaraq Hind okeanı sularına daxil olur. Cənub qütb en dairəsi yaxınlığında təhlükə qarşısında qalan «Çellencer» Avstraliyada özünəməxsus təbiətə malik olan Yeni Zelandiyaya üzməyi üstün tutur. Ekspedisiya Çin sahillərini tədqiq etməklə Yaponiyaya yaxınlaşır və üzdükləri müddətdə 8367 m dərinlik müəyyən edirlər. Havay adalarına üzməklə Kilayea vulkanının püskürməsinin şahidi olurlar. Havay adalarından gəmi Taiti adalarına, buradan isə Cənubi Amerikanın qərb sahilləri ilə cənuba doğru üzərək Magellan boğazından keçib Atlantik okeanına daxil olur və meridian istiqamətində Azar adalarına istiqamət götürərək əvvəlki məlumatların dəqiqliyini yoxlayırlar.
Ekspedisiyada üç il altı ay olmaqla «Çellencer» 1876-cı ilin may ayında Ingiltərəyə qayıdır. Bu müddət ərzində gəmi yer kürəsinin çevrəsindən 3 dəfə çox məsafə qətt etmişdir. 362 yerdə dərinlik ölçüldü, quruntun tərkibi, suların kimyəvi tərkibi ilə yanaşı, suyun müxtəlif qatlarında və dibində canlı aləm, dəniz axınları üzmə dövründə hava şəraiti də öyrənildi. Ekspedisiya dövründə toplanmış materiallar o qədər çox idi ki, 70 alim 20 il müddətinə onları ancaq araşdıra bilmişdilər. Nəticə və məlumatlara əsaslanmaqla 50 cilddən ibarət əsər nəşr olundu. Əsərlərin 8-i okean və dənizlərə, 2-si yolda gəmiyə rast gələn dəniz bitkilərinə, 40-ı isə dənizlərin heyvanat aləminə həsr olunmuşdur.
«Çellencer»dən sonra bir çox ölkələr okeanologiya sahəsində tədqiqatlannı genişləndirdilər. Almaniyanın «Qazel», amerikanların «Tuskarora», «Bleyk» «Albatros» gəmilərində apardıqları elmitədqiqat işlərini buna misal gətirmək olar. Rus tədqiqatçılarından bu sahədə fərqlənənlər isə XIX əsrdə Stepan Osipoviç Makarov və Yuliy Mixayloviç Şokalski olmuşdur.

Stepan Osipoviç Makarov (1848-1904)


Stepan Osipoviç Makarov görkəmli rus dənizçisi, okeanoqrafı və qütb tədqiqatçısıdır. Vitse admiral Makarov rus okeanoqrafiyasının ən görkəmli nümayəndələrindən biri kimi coğrafiya tarixində özünə yer tapmış tədqiqatçılardan biri sayılır. Onun fəaliyyətinin çiçəklənmə dövrü XIX əsrin ikinci yarısında Rusiyada yelkənli gəmilərin buxar gəmiləri ilə əvəz olunmasının son ərəfəsinə düşür. Rus dəniz donanmasının texniki cəhətdən inkişafında böyük zəhməti olan Makarov birinci rus buzqıran «Ermak» gəmisinin konstrukturu olmuşdur. O, ilk dəfə «Abrek» gəmisində üzmüş, sonra isə «Boqatr» gəmisinə keçirilmişdir. 1881-ci ildə «Taman» hərbi gəmisində komandir olarkən Qara dənizlə Aralıq dənizi arasında gedən su mübadiləsini öyrənməklə onların elmi izahını vermişdir. O, həmçinin Qara dənizdə bütün axını sisteminin izahını vermişdir. Bu işlərinə görə Makarov Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.
1885-ci ildə Makarov «Vityaz» gəmisinə komandir təyin olunur. 1886-cı ilin avqust ayında «Vityaz» gəmisi dünya səyahətinə çıxır. Əsas məqsəd dünya okeanını öyrənməkdən ibarət idi. Gəminin hidroloji müşahidələri artıq Baltik dənizindən başlayır. 70-100 m dərinlikdə suyun temperaturu 1,50C olduğu halda, daha dərində artaraq müsbət 40C olduğunu müşahidə edir. Bu müşahidə digər dənizçiləri də çox maraqlandır- dığından «Vityaz» gəmisi tədricən Üzən laboratoriyaya çevrildi. Sutkada altı dəfə suyun temperaturu ölçülməklə onun xüsusi çəkisi də təyin edilirdi. Bununla yanaşı axının sürəti öyrənilməklə quruntdan analiz üçün nümunələr də götürülürdü.
Atlantik okeanını arxada qoyaraq Magellan boğazından keçərək «Vityaz» Sakit okeana daxil olur və yeddi aydan sonra Yaponiyanın Iokoqam limanına çatır. Beləliklə, uzun müddət Kuril adaları rayonunda uzun müddət Sakit okean və Oxot dənizinin tədqiqinə başlayırlar. 993 gün üzdükdən sonra «Vityaz» Kronştadta qayıdır. Makarov topladığı zəngin materiallar üzərində işləməklə 1892-ci ilin may ayında ««Vityaz» və Sakit okean» əsərini tamamlayır.
Stepan Osipoviç Makarov bir müddət şimal qütbünə çatmaq və qütblə müntəzən əlaqə yaratmaq üçün qüvvətli buzqıran gəminin hazırlanması üzərində düşünür. Onun bu arzusu 1899-cu ildə yerinə yetir. Hazırlanmış gəmi «Yermak» adlandırılır. «Yermak» Fin körfəzində buzları yararaq Kronştadta yan alır. Bu münasibətlə Dmitri Ivanoviç Mendeleyev Makarova belə bir məzmunda teleqramma göndərir: «Siz qələbə çaldınız, təbrik edirəm. Eyni qələbəni qütb buzlaqlarında arzu edirəm. Professor Mendeleyev.»
1899-c ilin yayında «Yermak» Şpispergenə üzməklə buranı qütbə getmək üçün dayanacaq kimi seçir. Şpispergen yaxınlığında zədə almış, gəmi tezliklə düzəldilərək buzların hərəkt istiqamətini, həmçinin bu ərazilərin xəritəsi dəqiqləşdirilərək geri qayıdır. Geri qayıdarkən «Yermak» buzlar arasından «Admiral Naximov» gəmisini xilas edir.
1901-ci ildə Makarov «Yrmak» ikinci dəfə qütb istiqamətində üzməyə başlayır. Ekspedisiyanın qarşıya qoyduğu plan daha geniş olduğundan bu dəfə daha çox elmi işçilər cəlb olunmuşdur. Daha çox məsələləri həll etmək üçün Makarov Arktika buzları, Şimal Buzlu okeanın dərinlikləri, Arktikada yer maqnetizmi, adaların geoloji quruluşu haqqında məlumatlar toplayır. Novaya Zemlya torpağının daha dəqiq xəritəsini tərtib etməyə müvəffəq olan Makarov Şimal Buzlu okeanında 300-ə qədər sahələrdə stansiyalar təşkil etməklə su nümunələrini analiz etdirmişdir. Tarixdə ilk dəfə olaraq okeanoqrafiya sahəsində aparılan tədqiqatlarda Makarov kinoaparatdan istifadə etmişdir.
1902-ci ildə yorulmaz qütb tədqiqatçısı yenidən Arktikaya səyahət etmək üçün icazə almağa çalışır. Lakin ekspedisiyanın nəticələrini lazımınca qiymətləndirməyən çar hakimiyyəti növbəti səyahətin təşkil olunmasını məqsədəuyğn saymadığından icazə vermir.
1904-cü il martın 31-də rus-yapon mü haribəsində Makarov həlak olur.

Yuli Mixayloviç Şokalski (1856-1940)


Yuli Mixayloviç Şokalski görkəmli rus coğrafişünası, okeanoqrafı, kartoqrafı və pedaqoqu olmuşdur. O, 1856-cı ildə anadan olmuş, 1880-ci ildə dənizçilik akademiyasını bitirmiş və sonradan Baş geofizika rəsədxanasına daxil olmaqla dəniz meteorologiya bölməsinə rəhbərlik etmişdir. Pedaqoji fəaliyyətə dənizçilik məktəbindən başlamış, daha sonra Dəniz Akademiyasında və universitetdə davam etdirmişdir.
Hələ rəsədxanada işləyərkən Şokalski rus coğrafiya cəmiyyətinin həqiqi üzvü seçilmişdir. Həmin dövrdə cəmiyyətə Pyotr Petroviç Semyonov Tyan-Şanski rəhbərlik edirdi. Onun dövründə Coğrafiya cəmiyyəti rus coğrafişünaslarına şərəf gətirən bir sıra ekspedisiyalar təşkil etmişdir.
XIXə srin son onilliyində Rusiyada kapitalizmin inkişafı elm sahələrinə də öz təsirini göstərmişdir. Ölkədə bir tərəfdən dəmir yolları salınır, kanallar çəkilir, digər tərəfdən əraziləri daha dərindən mənimsəmək üçün elmi ekspedisiyalar təşkil olunurdu. Ekspedisiyalardan birinin qarşısında duran vəzifə Sibiri lə Rusiyanın Avropa hissəsini su yolu ilə birləşdirmək idi.
1890-cı ilin yayında Şokalski Arxanqelskidən Sibirə su yolu axtarmaq üçün ekspedisiya təşkil edir. Bu yol Şimali Dvina, Viçeqda və Kamanın qollarından ibarət idi. Davamını isə Ob çayınını qolları təşkil edirdi. Şokalski 650 km Viçeqda çayı ilə yuxarı axınla üzərək müxtəlif yerlərdə çayın dərinliyini və suyun sürətini ölçür. O, yuxarı axında Kama çayına köhnə, istifadə olunmayan kanala keçərək Çerdin şəhərindən Permə qədər üzür. Bundan sonra Şokalski Ural dağlarını keçməklə quru yolla səyahətini davam etdirir və Obun hövzəsinə Aid olan çaylarla üzərək Sibirlə Avropaı birləşdirən yolu axtarır.
Tyan-Şanskinin ölümündən sonra 1914-cü ildə Şokalski Rus coğrafiya cəmiyyətinin vitse-prezidenti seçilir. Burada onun fəaliyyəti 58 il davam edir. Inqilabdan sonrakı fəaliyyətini cəmiyyətin prezidenti kimi davam etdirir.
1897-ci ildən başlayaraq dörd il müddətində Şokalski Ladoqa gölünün tədqiqatı ilə məşğul olmuşdur. O bu müddətdə gölün sahəsini, dərinliyini, suyun həcmini, istilik rejimini tədqiq etmişdir. Coğrafiyanın müxtəlif sahələri ilə məşğul olan alimi okeanoqrafiya və kartoqrafiya daha çox maraqlandırırdı. 1907-ci ildən dünya okeanının öyrənilməsinə rəhbərlik edə Şokalski ilk dəfə olaraq «Dünya okeanı» terminini elmə gətirmişdir. Ilk dəfə olaraq o dəniz meteorologiyasının işini yüngülləşdirmək məqsədilə özüyazan cihazlar gətirmişdir. Onun hərtərəfli elmi fəaliyyətini nəzərə alaraq coğrafiya cəmiyyəti Şokalskini bütün dünya coğrafiya konqreslərinə nümayəndə kimi göndərmişdir. Xarici dillərdə gözəl bilməsi həm onun başqa ölkələrdə görülən işlərdən vaxtında xəbər tutmasına, həm də Rusiyada görülən işlərin beynəlxalq səviyyəyə çıxarılmasına kifayət qədər kömək etmişdir. Şokalski özünün çoxillik elmi fəaliyyətini «Okeanoqrafiya» əsərində verməklə 1917-ci ildə nəşr etdirmişdir. O saat qurşaqlarının beynəlxalq sistem üzrə təşkil olunmasında komissiyanın üzvü olmaqla, Rusiyada saat qurşaqlarının 1919-cu ildə müəyyən edilməsində yaxından iştirak etmişdir.
1923-cü ildə Şokalski çoxdan arzu etdiyi Qara dənizə ekspedisiya tşkil edir. Ekspedisiya üçün ayrılmış gəmi müasir cihazlarla təmin olunduğundan dənizin səthindən başlamış dibinə qədər öyrənmə imkanlarına malik idi. Dənizdə su və qurunt nümunələri ilə yanaşı canlı aləmin öyrənilməsi də mühüm əhəmiyyət kəsb etdiyindən onun yayılmasının aşağı sərhəddi də müəyyənləşdirilmişdir. Beləliklə, Qara dəniz ekspedisiyası 1935-ci ilə qədər davam etmişdir. Ekspedisiya müddətində götürülmüş nümunələrin analiz nəticələrini araşdırmaqla əvvəllər məlum olmayan nəticələr əldə edilmişdir. Müəyyən edilmişdir ki, daxili dəniz olmasına baxmayaraq Qara dənizin sularında duzluluq okeanındakından xeyli aşağıdır, ən dərin yeri 2245 m-dir.
Ekspedisiyanın nəticələri əsasında Qara dənizin ilk dəfə olaraq dib xəritəsi tərtib edildi. Dənizdə saat əqrəbinin əksi istiqamətində suyun dairəvi axını, canlı aləmin 200 m dərinliyinə qədər yayılması, Qara dənizin yaranma tarixinin aydınlaşdırılması da bu ekspedisiyanın müvəffəqiyyətləri sayılır.
Şokalski kartoqrafiya sahəsində də dünya əhəmiyyətli işlər görmüşdür. O, fəaliyyətinin ilk dövrlərində rus Avropasının relyef xəritəsinin tərtib olunmasında A.A.Tillonun yaxın köməkçisi olmuşdur. 1899-cu ildə Tillonun ölümündən sonra, Şokalski Rusiya coğrafiya cəmiyyətinin nəzdində olan hibsometrik (horizontallarla relyef göstərilən xəritə) komissiyaya rəhbərlik edir. Ayrı-ayrı quberniyaların xəritələrinin tərtib olunmasına rəhbərlik etməklə yanaşı, Tillonun başladığı Rusiyanın Asiya hissəsinin xəritəsini Şokalski tamamladı. 1905-ci ildə onun redaksiyası altında «Böyük ümumdünya stolüstü atlas» əsəri işıq üzü gördü. Qütbə aid bir çox xəritələr, hətta bəzi orta məktəb xəritələrinin tərtib olunmasında da Şokalskinin böyük xidmətləri olmuşdur. Onun nəticəsidir ki, Severnaya Zemlya arxipelaqında iki ada arasındakı boğaz, Kanin yarımadasında göl, Novaya Zemlya torpağının şimalında adada buzlaq, Barens dənizində Şpispergenə gedən isti cərəyan Şokalskinin adına verilmişdir. 1500 elmi iş Şokalskidən gələcək nəslə yadigar qalmışdır.
 
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu
 

0 şərh