Oliver Kromvel

Demək olar ki, müasir dünya parlamentar demokratiyasının banisi Oliver Kromvel(Oliver Cromwell) Böyük Britaniyanın bu günə qədər məğlubiyyət nə olduğunu bilməyən hərbi qüdrətinin də yaradıcısıdır. O, Hantinqdonda zadəgan ailəsində doğulmuş, gəncliyində Avropa ölkələrində muzdlu döyüşçü kimi gün keçirmişdi. Kromvel Puritan dini tərbiyəsinə bütün ömrü boyu sadiq qalmış və qətiyyətlə bu dini prinsipləri ölkəsində tətbiq etmişdir.

Bir sərkərdə kimi isə o, dühasını çox gec - 40 yaşından sonra göstərmişdi. Əlbəttə, o vaxt İngiltərə parlamenti ilə kral I Karlın konflikti başlamasaydı, Kromvel bəlkə də Hantinqdonda öz zəmilərində əkinçiliklə məşğul olacaqdı. Lakin kral parlamenti buraxanda bir deputat kimi bu Kromveli də narazı saldı. Beləliklə, parlament tərəfdarları ilə royalistlər (kral tərəfdarları) arasında vətəndaş müharibəsi başlandı. Bu hadisə tarixdə çox vaxt İngiltərə Burjua inqilabı adlanır. Royalistlərdən fərqli olaraq parlament tərəfdarları uzun saç saxlamadıqlarına görə onları girdəbaşlar adlandırırdılar. Əvvəllər bütün qraflıqlarda toqquşmalar gedirdi. Sonralar bu könüllü hərbi dəstələr qruplaşaraq həlledici qüvvəyə çevrildilər. Əvvəl parlament dəstələri əsasən muzdlulardan ibarət idi. Hətta onların generalları da pulla tutulurdu. Buna görə bu dəstələr həvəssiz vuruşur, istədikləri vaxt döyüş mövqelərini tərk edirdilər. Nəhayət, müxalifət liderlərinin tələbi ilə az keçməmiş güclü nizamı parlament ordusu yaradıldı və onun ürəyini Kromvelin süvariləri təşkil edirdi.
İlk döyüş (23 oktyabr 1642) heç-heçə qurtarsa da, kral I Karl maneəsiz Londona daxil ola bildi. Lakin noyabrın 13-də yeni toqquşmadan sonra royalistlər məğlub oldu və kral Oksforda çəkildi.
1643-cü ilin sentyabrın 20-nə qədər ölkənin bütün qraflıqlarında baş verən toqquşmalarda gah bu, gah da digər tərəf üstünlük qazanırdı. 1643-44-cü illərdə isə üstünlük yavaş-yavaş parlament qoşunlarının tərəfində oldu. Lakin həlledici qələbə çalmaq tərəflərin heç birinə nəsib olmurdu. Bütün bu saysız toqquşmalardan bezən və bu yolla qəti qələbə əldə etməyin çətin olduğunu görən Kromvel yanvar-mart aylarında ümumi və lordlar palatalarından ordunun yenidən təşkil edilməsi haqqında qanun keçirdi və 22 minlik bir ordu formalaşdırdı. Elə o zaman da məşhur qırmızı mundir tətbiq edildi. Parlamentin qərarı ilə orduda yüksək rütbə daşıyan bütün zabitlər parlamentin üzvü səlahiyyətlərindən məhrum edildilər. 1645-ci ilin iyunun 14-də Neyzbidə I Karlın ordusu girdəbaşların baş komandanı Tomas Ferfaksın başçılıq etdiyi sağ cinahı əzib təqib etməyə başladı. Bundan istifadə edən Kromvel öz süvariləri ilə royalistlərin piyadalarına divan tutub çoxlusunu əsir aldı. Şahzadə Rupertin süvariləri geri qayıdanda girdəbaşların süvariləri ilə döyüşə girməkdən imtina etdilər. Nəticədə kral Lesterə qaçdı. Kromvel royalistlərin bütün artilleriyasını ələ keçirdi. 10 iyul döyüşündə isə kral I Karl bütün ordusunu itirib Şotlandiyaya mərhəmət apardı.
Ernest və Trevor Düpilər Uinston Çörçillin "İngilisdilli xalqların tarixi" əsərindən belə bir sitat gətirirlər: "İkinci vətəndaş müharibəsində kral, Lordlar Palatası, Ümumi palata, lendlordlar və ticarətçilər, şəhərlilər və kəndlilər, yepiskoplar və presviterlər, Şotlandiya ordusu, Uels əhalisi və Britaniya donanması, hamısı yeni tipli ordunun əleyhinə idi. Və bu ordu hamısının öhdəsindən gəldi".
Kromvelin əleyhinə olan parlament üzvləri kralla danışığa girdilər. Bunu görən Kromvel Londona girib kralı həbs etdi və məhkəmə təşkil edib edam etdi. İngiltərədə krallıq ləğv edildi respublika elan olundu. Ancaq düpilərin yazığı kimi, bu daha çox hərbi diktatura idi. 1649-cu ildə royalistlər İrlandiyaya sığındılar və Kromvel bir-birinin ardınca İrlandiya şəhərlərinin əhalisini ucdantutma qılıncdan keçirib terroru başa çatdırdı. Kromvel Londona qayıtdı, bir az nəfəs dərib bu dəfə Şotlandiyaya girdi. İrlandiyaya etdiklərini burada da tətbiq etdi. Görünür, din adamları dinsizlərdən daha çox qəddar olur. Şotlandiyanı ram etdikdən sonra gözlənilmədən Kromvel ona təklif edilən krallıq taxtından imtina edib, özünü lord-profektor elan etdi və beş ildən sonra yenə gözlənilmədən vəfat etdi.
I Karlın Fransaya qaçan oğlu II Karl İngiltərəyə qayıdıb yeni kral seçildi. Kromvelin nəşi qəbirdən çıxardıb edam edildi və edam edildiyi yerdə də dəfn olundu.
Lakin parlamentin ölkə üzərində hakimiyyəti artıq əbədilik bərqərar olunmuşdu.

Mənbə: böyük insan Əlisa Nicatın "Dünya sərkərdələri" kitabı

 

3 şərh

papatürk
Bu bayram günlərində oxuyun dahilərin həyatından:) Sonra bir müddət saytda olmayacam.
IDEAL
Nədənsə bu sərkərdənin adını masonlar sırasında çəkirlər. Ancaq konkret bu fikri əsaslandıran hər hansı bir faktla rastlaşmamışam. Görəsən doğurdanmı o mason idi?
papatürk
IDEAL,bütün tarixi şəxsiyyətlərin adı masonlar sırasında çəkilir. Kimin olub-olmadığını artıq müəyyənləşdirmək olmur. Tarixçilər,dinşünaslar,paranoiklər,antisemitlər hamısı qarışıb bir-birinə. Ona görə də adam bilmir inansın ya yox.