Marşal Axromeyev

Sovet İttifaqı Marşalı Sergey Axromeyevin öz xidməti kabinetində asıldığını 1991-ci il avqustun 24-də saat 21.50-də Kremlin birinci korpusunun növbətçi mühafizə zabiti Korotayev vəzifə borcu ilə əlaqədar otaqlara baş çəkərkən görüb.
Tibbi ekspertizanın rəyinə görə, Axromeyev(Ахромеев, Сергей Фёдорович) özünü səhər saat 10 radələrində asıb və deməli, təxminən 12 saat göydən asılı qalıb.

68 yaşlı Sovet İttifaqı Marşalı, SSRİ prezidentinin hərbi müşaviri S.Axromeyevin özünü bu şəkildə öldürməsinə səbəb nə olmuşdu?
Moskvada dövlət çevrilişi və…
Xatırladaq ki, 1991-ci il avqustun 19-da SSRİ rəhbərlərindən bir qrupu M.Qorbaçov «xəstələndiyi» üçün ölkəni idarə edə bilmədiyini bəhanə gətirərək Fövqəladə Vəziyyətlər üzrə Dövlət Komitəsi (FVDK) yaratmış, xalqa müraciət etmişdi. Onlar ölkədə gedən demokratikləşmə proseslərini dayandırmaq, hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq niyyətində idilər. Lakin SSRİ-nin vitse-prezidenti G.Yanayevin rəhbərliyi ilə yaradılmış komitənin ölkədə dövlət çevrilişi cəhdi baş tutmamış, iki gün sonra komitə iflasa uğramış, onun üzvləri həbs edilmişdi. Həmin günlərdə komitənin üzvü, SSRİ daxili işlər naziri B.Puqo özünü güllə ilə vurmuş, Sov.İKP MK işlər idarəsinin rəisi N.Kruçina isə özünü iş otağının pəncərəsindən atmışdı. Onların hər ikisi DFVK ilə bilavasitə bağlı adam idi. Bəs marşal S.Axromeyev niyə özünü asmışdı?

Axromeyev DFVK-in üzvü deyildi. O, avqustun 19-da ailəsi ilə Soçidə istirahətdə olub. Moskvada baş verənlərdən xəbər tutan kimi paytaxta qayıdıb. Avqustun 20-də bütün günü Kremldə olub, hətta gecə də xidməti otağında qalıb.

Avqustun 21-də DFVK-nin iflasa uğradığı məlum olur, səhəri gün müdafiə naziri D.Yazov həbs edilir, M.Qorbaçov Moskvaya qayıdır.

Sonradan Axromeyevin yazı stolundan götürülmüş dəftərində həmin günlər barədə də qeydlər var: «Mən niyə Soçidən Moskvaya qayıtdım? Məni heç kim çağırmamışdı. Əmin idim ki, bu avantüra məğlub olacaq, Moskvaya qayıdan kimi buna bir daha inandım. Lakin 1990-cı ildən ölkəmiz məhvə doğru gedir. Qorbaçov mənə əzizdir, amma Vətən daha əzizdir! Qoy tarixdə qalsın ki, belə böyük dövlətin məhvinə qarşı çıxanlar olub». Axromeyev ölkənin «məhvinə qarşı» necə çıxmışdı? Özünü asmaqlamı?
«Ailəmi tək qoymayın»
Avqustun 23-ü axşamı Axromeyev qızı Natalyanın ailəsi ilə birlikdə bağ evində olub. Bütün ailə stol başında birgə əyləşib. Söhbət zamanı Natalya atasına deyib: «Sən həmişə deyirdin ki, bizdə dövlət çevrilişi mümkün deyil. Görürsən, çevriliş oldu, sənin müdafiə nazirin Yazovun da bu işdə əli var. Bunu necə izah edirsən?»
Marşal «mən özüm də başa düşə bilmirəm...» deyə konkret suala cavab verməkdən yayınıb…
Səhər saat 9-da evdən çıxanda isə nəvəsinə söz verib ki, nahardan sonra qayıdıb onu karuselə aparacaq. 9.35-də Natalya iş yerinə zəng vurub, anasının Soçidən qayıtdığını bildirib. O, atasının ovqatının pis olmadığını hiss edib.
Natalya sonradan istintaqçılardan öyrənib ki, atası özünü məhz həmin vaxt — saat 9.40-9.50 radələrində asıb.
Kabinetdə hər şey yerində olub, stol da, stullar da. Marşalın yazı stolundan öz xəttilə yazdığı bir neçə məktub tapılıb. Qrafoloji ekspertiza məktubların Axromeyevin öz xətti ilə yazıldığını təsdiq edib.
Birinci məktub ailə üzvlərinə ünvanlanıb: «Mənim üçün həmişə ən birinci şey əsgər və vətəndaş borcum olub. Siz ikinci yerdə idiniz. Bu gün mən ilk dəfə sizin qarşınızda borcumu birinci yerə qoyuram. Xahiş edirəm, bu günlər dözümlü olun. Bir-birinizə kömək edin. Düşmənlərin bədbəxtliyinizə sevinməsinə bəhanə verməyin...»

İkinci məktub Sovet İttifaqı Marşalı S.Sokolova və ordu generalı Lobova müraciətlə yazılıb ki, onun dəfninə kömək etsinlər, ailəsini bu ağır günlərdə tək qoymasınlar.
Heç kəsə ünvanlanmayan başqa bir qeyddə isə deyilir: «Vətənimin məhv olduğu və həyatımın mənası hesab etdiklərimin dağıdıldığı bir vaxtda yaşaya bilmərəm. Yaşım və keçdiyim ömür yolu mənə həyatdan getmək hüququ verir. Mən axıra qədər mübarizə apardım» (O, axıra qədər kimlə və necə mübarizə aparıb, anlamaq olmur. Bu cümlə ilə nə demək istəyib?).

Daha bir məktubun üstünə 50 rubl pul qoyulubmuş. Marşal xahiş edib ki, Kreml yeməkxanasına borclu qaldığı bu pulu çatdırsınlar…
İstintaq materiallarına görə, Axromeyev özünü əvvəl adi sintetik kəndirlə asmaq istəyib, lakin kəndir qırılıb. O növbəti dəfə kəndiri ikiqat edib...
Marşallar özünü asmır
Axromeyev həqiqətənmi özünü asmışdı? Aradan neçə illər keçməsinə baxmayaraq bu sualın dəqiq cavabı verilməyib. Tanınmış rus tarixçi və yazıçısı Nikolay Zenkoviç bu məsələ ilə bağlı araşdırmalar apararaq yazır ki, əvvəla, özünü asmaq bu səviyyəli hərbçi üçün xarakterik hal deyil. Təbii ki, marşalın tabel silahı, hələ bir üstəlik nə vaxtsa ona bağışlanmış tapançası olmalı idi. Belə olan halda Axromeyev niyə silahdan yox, kəndirdən istifadə edib?

İkincisi, özünü asmaq zabit, xüsusən də ikinci dünya müharibəsinin od-alovundan keçmiş marşal üçün biabırçı ölümdür. Tarix boyu adətən qorxaq və satqınları asmaqla cəzalandırıblar. Axromeyev bu həqiqəti bilməmiş olmazdı. Məgər marşal özünü satqın hesab edirdi?

Axromeyevin ölüm faktının istintaqını aparmaq həvalə olunmuş müstəntiqin uzun müddət hadisə yerinə buraxılmaması da şayiələr yaradıb. Hadisə yerinin müayinəsi zamanı müstəntiqə hal şahidi götürməyə də icazə verməyiblər. Bu məqsədlə həmin binada növbədə olan təhlükəsizlik xidməti əməkdaşlarından istifadə olunub.

Ailə üzvlərinin dediyinə görə, Axromeyev avqustun 23-də SSRİ Ali Sovetinin üç gün sonraya planlaşdırılmış sessiyasında çıxışı üzərində işləyib. Hətta bu barədə qızı ilə fikir mübadiləsi aparıb. Marşal bir sıra yüksək rütbəli məmurların dövlət mənafeyinə zidd olan satqınlıq faktlarını deputatların diqqətinə çatdırmağı planlaşdırıb. Bəlkə bu çıxışa hazırlıq kimlərisə qane etməyib?

Ölümə səbəb olan versiyalardan biri isə belədir: Axromeyevi həbs ediləcəyi, ailə üzvlərinin repressiya olunacağı ilə hədələyib və onu bu yolu seçməyə məcbur ediblər. Marşalın özünü asması üçün sintetik kəndirin də təşkilatçılar tərəfindən verildiyi güman olunur. Deyilənə görə, kəndiri ona verib kabinetin qapısını çöldən bağlayıblar. Çünki marşalın meyidi tapılanda kabinetin açarı qapının üstündə — çöl tərəfdə olub.

Dəfn

Prezidentin hərbi müşaviri generallar üçün Troyekurov qəbiristanlığında səs-küysüz dəfn edilib. Marşalı son mənzilə qohum və yaxınlarından ibarət kiçik bir qrup yola salıb. Dəfn zamanı qəbiristanlıqda avtomatlardan havaya atəş açılıb. Amma bu ənənənin marşala dəxli olmayıb. Qəbiristanlığın o biri tərəfində istefada olan general-leytenant Velikanov dəfn edilirmiş. Onu son mənzilə generala məxsus şöhrətlə yola salıblar. Fəxri karaul düzülüb, hərbi orkestr gəlib, rəsmi şəxslər xatirə nitqi söyləyib.

Sovet İttifaqı Marşalı, Sovet İttifaqı Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı S.Axromeyev isə bu şərəfə layiq görülməyib. Dəfn cəmi 40 dəqiqə çəkib…

Sentyabrın 1-dən 2-nə keçən gecə naməlum şəxslər qəbiri açaraq mərhumun marşal paltarını oğurlayıblar. Burada siyasi motiv axtarmağa ehtiyac qalmayıb. Məlum olub ki, eyni gecədə general-polkovnik Sredinin də qəbrini açıb paltarını aparıblar.
Hər iki hərbçini yenidən dəfn ediblər, bu dəfə adi kostyumda.
Nekroloq
Marşalın özünü asması barədə televiziya vasitəsilə avqustun 25-də xəbər verilib. Bir gün sonra isə bu barədə qəzetlərdə SSRİ Baş prokurorluğunun qısa məlumatı dərc olunub. Qəzetlərdə nekroloq verilməyib. Nə ölkə prezidenti, nə Müdafiə Nazirliyinin rəhbərliyi Axromeyevin ölümü ilə bağlı başsağlığı verməyi özlərinə rəva bilməyib.
Axromeyevlər ailəsi üçün son dərəcə ağır olan həmin günlərdə marşal barəsində mətbuatda xoş söz deyən tapılmayıb.

R.Reyqanın prezidentliyi dövründə ABŞ-ın Hərbi Qərargahlar Komitəsinin sədri olmuş admiral D.Krouv isə Sovet-Amerika danışıqlarında dəfələrlə görüşdüyü marşalın ölümünə biganə qala bilməyib. O Axromeyevin ailə üzvlərinə zəng vurmağa cəhd etsə də, alınmayıb. Sonra admiral Moskvadakı tanış amerikan jurnalistlərdən xahiş edib ki, onun başsağlığını marşalın arvadına və qızına çatdırsınlar. D.Krouvun xahişi ilə onun adından Axromeyevin qəbri üstünə əklil də qoyulub.

«Marşal Sergey Axromeyev mənim dostum idi. Onun özünü öldürməsi böyük faciədir. O, kommunist, patriot və əsgər idi. Güman edirəm ki, sağ olsaydı, özü də belə deyərdi.
...Axromeyev vətənpərvər və Kommunist Partiyasına sadiq olmaqla yanaşı, müasir insan idi və başa düşürdü ki, onun ölkəsində çoxlu səhvlərə yol verilib».

Bu fikirlər isə S.Axromeyev haqqında ilk geniş nekroloqdan götürülüb. Onu da admiral D.Krouv yazıb və «Taym» jurnalında dərc etdirib.

"...1987-ci ildə marşal Axromeyev ilk dəfə Vaşinqtona gəlmişdi. O Qorbaçovla orta və uzaq mənzilli raketlərin ləğvi barədə müqavilənin imzalanmasında iştirak edirdi. Mən onu Pentaqona dəvət etdim. İki gün sonra o səhər yeməyinə tək gəldi. Təsəvvür edin, sovet Baş Qərargahının rəisi düşmən düşərgəsinə mühafizəsiz gəlmişdi. Bu, özünəinamın nümayişi idi..."
Bu fikirlər də «Taym» jurnalındakı yazıdandır. Ömrü boyu ABŞ-a və bütövlükdə kapitalizm dünyasına qarşı müharibəyə hazır olan sovet marşalının faciəli taleyi haqqında amerikan admiralının yazısından...

Bu da bir taledir. Özününkülərin xoş söz deməyə cəsarəti çatmayanda bu sözü marşal barəsində «ideoloji düşmən» demişdi.

0 şərh