Türkmənistanın şərqşünası, Azərbaycanın cümhuriyyətçi generalı - Məhəmməd Sadıq bəy Ağabəyzadə

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkədən köçərək mühacir həyatı yaşamağa məcbur olan görkəmli şəxsiyyətlərin sırasında Məhəmməd Sadıq bəy Ağabəyzadənin də adı var. O, təkcə peşəkar hərbçi olmayıb, həmçinin şərqşünas alim kimi yazdığı dərsliklərlə, elmi əsərlərlə adını dilçilik elminin səhifələrinə yazdırıb. Məhəmməd Sadıq bəy Daxili işlər nazirinin müavini olaraq hüquq-mühafizə orqanlarında islahatlar aparan məmur kimi də tanınıb.

Buxara əmirinin mükafatı
Sadıq bəy Ağabəyzadə Bakı quberniyasının Göyçay şəhərində anadan olub. 1883-cü ildə Bakı Realnı məktəbini bitirib və Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olub. 1886-cı ildə Qafqazda podporuçik rütbəsində xidmət etməyə başlayıb. 10 il keçdikdən sonra, 1896-cı ildə imtahanlarını müvəffəqiyyətlə verərək baş ştab nəzdində, Sankt-Peterburq şəhərində Şərq Dilləri İnstitutuna qəbul olunur. Həmin institutu bitirdikdən sonra — 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilir.
Mənbələrdə qeyd olunur ki, o, Türkmənistanda, hərbi xidmət keçdiyi müddət ərzində, bir şərqşünas alim kimi xalq rəvayətlərinin, dastanlarının və əfsanələrinin toplanması ilə məşğul olur. Böyük əmək nəticəsində Sadıq bəy «Türkmən ləhcəsi” dərsliyini nəşr etdirir. „M.S.Ağabəyzadə əsərdə təqdim etdiyi nümunələrin transkripsiyasını və ərəb əlifbası ilə yazılışını da göstərir. Bu, dərslikdən istifadə edənlərin işini asanlaşdırırdı. Mətnlərdə işlənmiş sözlərin rus dilinə tərcüməsi də müsbət hal kimi qiymətləndirilirdi. Türkmən dilini və onun folklorunu diqqətlə araşdıran M.S.Ağabəyzadə zəngin materiallar toplayıb, kitabın sonunda ayrıca bir başlıq verib” — deyə tədqiqatçılar əsəri qiymətləndirirdi. Nəşrdə müəllifin topladığı 160 atalar sözü, məsəllər oxucuya təqdim olunur, rus dilinə tərcüməsi verilir. Bu əsər Məhəmməd Sadıq bəy Ağabəyovun gərgin əməyinin, yorulmaz fəaliyyətinin məhsulu idi. Folklor nümunələrinin ustalıqla, dəqiqliklə tərcüməsi, onların qarşılığının tapılması, hətta ən istedadlı tərcüməçiləri də razı salır. Məhəmməd Sadıq bəy əsərə böyük məsuliyyətlə, bu sahədə təcrübəsi olan əsl şərqşünas alim kimi yanaşmışdı. Bu illərdə Türkmənistanda 30-a yaxın dialekt və şivə var idi. Türkmənistanın mərkəzində teke dialektində, qərb və şimal vilayətlərində yomud dialektində, şərqdə, Amudərya ətrafında ərsarp dialektində, İran və Özbəkistanla sərhəd rayonlarda noxur, jevli, xasartlı, eski, çandır, bayat və s. dialektlərdə danışırdılar. Türkmən dilini tədqiq edəndə bu dialektləri fərqləndirə bilmək, konkret bir dialektə, ləhcəyə əsaslanmaq, onu təsvir etmək lazım idi. Birinci dərsliyin müəllifi P.Şimkeviç konkret bir dialektə əsaslanmırdı, onun gətirdiyi nümunələrin yeri, “ünvanı” göstərilmirdi. Məhəmməd Sadıq bəyin kitabı Türküstanda yaşayan və işləyən ruslara türkmən dilini öyrətmək və türkmən folkloru ilə tanışlıq məqsədilə yazılmış dərslik kimi dəyərli nümunə idi.
Məhəmməd Sadıq bəyin türkmən dili və onun folklorunu təsvir edən bu əsəri Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan (1859-1910) və onun vəliəhdi Seyid Alim xanın (1880-1944) nəzərindən yayınmadı. Buxara əmiri Əhəd xan elmi xidmətinə görə Məhəmməd Sadıq bəy Ağabəyzadəni əmirliyin ali mükafatı „Qızıl Ulduz” ordeni ilə təltif etdi. Çar ordusunda xidmət illərində M. Ağabəyzadə Buxara əmirliyinin fars “Şire Xorşid” ordeninə və əmirliyin daha iki ordeninə layiq görüldü.
Bu illərdə Məhəmməd Sadıq bəy Ayişə adlı bir özbək qızı ilə evlənir.
Türkmənistan Elmlər Akademiyasının həqiqi üzvü Muradgəldi Söyüqov Türkmənistanda türkologiyanın inkişafından danışanda türkmən dili və onun folklorunun öyrənilməsinə hələ XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlandığını və bu işdə şərqşünaslardan P.Şimkeviç və M.S.Ağabəyzadənin xidmətlərini, onların ilk kövrək addımlarını qeyd etməyi də unutmur. Məhəmməd Sadıq bəy Ağabəyovun bu dərsliyi Moskvada Rusiya Milli Kitabxanasında və Aşqabadda Türkmənistan Dövlət Kitabxanasında saxlanılır.
 
Yenidən cəbhəyə
Müsəlmanların əsgərliyə çağırılmadığı, onlara „etibar edilmədiyi” bir dövrdə 48 yaşlı Məhəmməd Sadıq bəy rus ordusunun ən ali hərbi rütbəsinə — general-mayor rütbəsinə layiq görülür. 1913-cü ildə isə Sadıq bəy bu rütbədə istefaya çıxır. M.S.Ağabəyzadənin ən böyük arzusu doğma rayonuna qayıtmaq, burada məktəb açmaq, azərbaycanlı balalarına təhsil vermək idi. Son vaxtlar səhhətindən də şikayətlənirdi. O, doğma Göyçaya qayıdır.
Ona elə gəlirdi ki, hərbi karyerası başa çatdı, ömrünün qalan hissəsini sevdiyi peşəyə, müəllimliyə sərf edə bilər, bilik, savad öyrədər. Lakin I Dünya müharibəsi onun həyatını dəyişir. Səhhətindən şikayət edib, tez-tez xəstələnsə də, əsgər andına sadiq qalaraq könüllü olaraq müharibəyə yollanır. M.S.Ağabəyzadə Qafqaz və Ukrayna cəbhəsindəki döyüşlərdə iştirak edir. Lakin müharibədə cəmi iki il iştirak edə bilir, ağır xəstəliyinə görə ordudan tərxis olunur. 1916-cı ildə Sadıq bəy vətənə qayıdır və Göyçay şəhərində valideynlərinin yanında yaşamağa başlayır.
1918-ci ilin 23 oktyabrında, Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Sadıq bəy Daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilir. Bu vəzifədə o, 1919-cu ilin dekabr ayına qədər fəaliyyət göstərir.
Sadıq bəy Ağabəyzadə tərəfindən polis işçi rütbələrinin təsnifat sistemi işlənib hazırlanır. 1919-cu ildə Azərbaycanda polis işçilərinin ümumi sayı 9661 nəfərə çatmışdı, onların 498-i 1-ci rütbəli şəhər polisi, 5089-u 2-ci rütbəli şəhər polisi, 242-si 1-ci rütbəli post polisi, 243-ü isə 2-ci rütbəli post polisi idi. M.S.Ağabəyzadənin gərgin əməyi ilə “Polis idarələrinin təşkili haqqında”, „Polis departamenti haqqında”, “Ümumi, qəza və şəhər polisi haqqında” və başqa normativ sənədlər hazırlanır və fəaliyyət üçün qəbul edilir.
General-mayor M. S.Ağabəyzadənin təşkilatçılığı ilə Bakıda İçərişəhərdə polis məmurları hazırlayan (qorodovoy) məktəb açılır. Nazir müavini işlədiyi vaxtda Məhəmməd Sadıq bəy daxili işlər orqanlarının təşkil edilməsində böyük fəallıq göstərir, ölkə daxilində nizam-intizam, qayda-qanun yaradılmasında, daxili işlər orqanları strukturunun formalaşdırılmasında, kabinetin fəaliyyətinin təşkilində yaxından iştirak edir.
1919-cu il oktyabrın əvvəlində, hökumətin tapşırığı ilə Sadıq bəy Batumi şəhərində ABŞ prezidentinin şəxsi nümayəndəsi general Ceyms Xarbortu qarşılayır. Sadıq bəy bir həftə müddətinə prezident nümayəndəsini müşayiət edir və onun mühafizəsinin təmin olunmasını peşəkarlıqla həyata keçirir. Bakıya gələrkən general Xarbort Hacı Zeynalabdin Tağıyevin evində qonaq olur. Deyirlər ki, general Harbord gəlişinə həsr olunmuş ziyafətlərin birində, müəyyən səbəblərdən ziyafətdə iştirak etməyən Sadıq bəyin sağlığına tost deyir. General öz tostunda Sadıq bəyi yüksək intellektual imkanlara malik olan bir insan kimi dəyərləndirir və hərbçilər arasında belə yüksək təhsilli və maraqlı insana rast gəlmədiyini qeyd edir.
 
Mühacir həyatı
1920-ci il yanvar ayının 23-də Məhəmməd Sadıq bəy Ağabəyzadə təqaüdə çıxır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan az əvvəl, 1920-ci ilin aprelində M.S.Ağabəyov Batuma getmişdi. Məqsədi müalicə üçün Almaniyaya yollanmaq idi. Vətəndə qalsaydı, onu Həmid Qaytabaşı, Həbib bəy Səlimov, Tətlan bəy Əliyarbəyov və başqa Azərbaycan generallarının acı taleyi gözləyirdi.
Artıq may ayının ortalarında qardaşları Rəhim bəy, Həzrət bəy Ağabəyovlar, habelə qardaşı oğlu Hüseyn bəy Ağabəyov „nazir müavinini gizlətmək”, xaricə qaçırtmaq adı ilə həbs edilmişdilər. Əmlakları da müsadirə olunmuşdu. Sadıq bəy ailəsi ilə birlikdə Türkiyəyə mühacirət edir. İstanbula — əmisi oğlu Əli bəy Hüseynzadənin yanına getdi. Həmin vaxt Əli bəy Hüseynzadə İstanbul Tibb Akademiyasının professoru idi. Əli bəyin uşaqları Məhəmməd Sadıq bəyə “baba” deyirdilər. Məhəmməd Sadıq bəy də onları öz balası kimi sevirmiş. Məhəmməd Sadıq bəyin öz övladı olmamışdı. Amma həmin dövrdə Türkiyədə də siyasi vəziyyət pis idi, yunanlarla müharibə yekunlaşmamışdı. İş tapmaq çətin idi. Daşnakların özbaşınalığı səngimirdi, sui-qəsdlər artmışdı. Behbud xan Cavanşir də daşnak gülləsinin qurbanı oldu. M.S.Ağabəyzadə doğma torpağa, Azərbaycana qayıda bilməzdi. Sovet Azərbaycanında onu nələrin gözlədiyini yaxşı bilirdi. Məhəmməd Sadıq bəy Ağabəyzadə pasportunu dəyişdi, İran pasportu aldı. Türkiyə pasportu ilə Yunanıstandan keçib Avropaya getmək çətin idi.
M.S.Ağabəyzadə İstanbulu tərk edib Parisə gəlir. Əvvəlcə Parisdə, sonra Fransanın cənubunda, Nitsada yaşayır. Uzun müddət işsiz qaldıqdan sonra Parisə köçür. Sorbon şəhərində fars və türk dillərini tədris etməsi isə onun üçün böyük təsəlli idi. Sonrakı illərdə Məhəmməd Sadıq bəy universitetdə ərəb dilini də tədris edir. Parisdə Sadıq bəyin istəkli həyat yoldaşı vəfat edir. O, Parisin müsəlman qəbiristanlığında dəfn olunur.
 
Şərqşünaslıq məktəbinin özəyi
Bu hadisədən sonra alimi Parislə heç bir şey bağlamır. O, 1927-ci ilin fevral ayında Ziqmunt Smoqojevskinin dəvəti ilə Lvov şəhərinə köçür. Alim Lvov Universitetinin fəlsəfə fakültəsində işləyir. Bu təhsil ocağında  Sadıq bəy bir sıra fənləri, o cümlədən türk dili (müasir və əski), fars, ərəb dilləri, ərəb qrammatikası, islamşünaslıq, müsəlman paleoqrafiya, kalliqrafiya və epiqrafiyası və s. tədris edir.
Ziqmunt Smoqojevski, V. Kotviç və Sadıq bəy Ağabəyzadə şərqşünaslıq məktəbinin özəyini təşkil edirlər. Bu məktəb sonralar Lvovsko-Peterburqskiy adlandırılır.
1931-ci ildə Sadıq bəy Ağabəyzadə polyak dilində özünün türk dili dərsliyini, 1932-ci ildə elementar ərəb dili qrammatikasını (fonetika və morfologiya), «Yeni ədəb dili qrammatikası” əsərlərini nəşr etdirir. Lvov şəhərində Sadıq bəyin bir sıra tələbələri olub. Onlardan Teofil Bolodimirski, Maryan Leviski, Omelyan Prisak, Tadeus Leviski, Frantişek Maxalski və başqalarını misal göstərmək olar.
Faşist işğalı zamanı hitlerçilər qocaman alimi öz mənzilindən çıxarırlar. O, soyuq, qızdırılmayan yerdə yaşamalı olur. Sadıq bəy Ağabəyzadə 1943-cü ildə ağır xəstələnir. Son günlərində tələbəsi Olqa Bak və onun əri alimin qayğısını çəkir.
Sadıq bəy Ağabəyzadə 9 noyabr 1944-cü ildə Lvov şəhərində vəfat edib. O, Lvovda, Liçakovski qəbiristanlığının 84-cü sırasında dəfn edilib. Lvovda adına küçə var.
Məhəmməd Sadıq bəyin mühacirət həyatı nə qədər ağrılı, acılı olsa da, o, öz ləyaqətini, məğrurluğunu, türklüyünü həmişə qoruyub.
 
Müəllif: Təranə Məhərrəmova
Mənbə: kaspi.az
 

0 şərh