Xora xəstəliyi

Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi — bütün orqanizmin xronik xəstəliyidir. Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xora qüsurunun əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəlik tsiklik gedişli olub, müxtəlif müddətli kəskinləşmə (residivlə) və remissiyalarla keçir.Xora xəstəliyi Geniş yayılmış xəstəliklərdəndir. Bu xəstəliyə kişilər qadınlara nisbətən 3-10 dəfə çox tutulur. Xora xəstəliyinin etiologiyasında ümumi sinir sistemi və hormonal tənzimedici mexanizmlərdəki pozğunluqlara, həmçinin mədənin özündə baş verən dəyişikliklərə (turşuluğun artması, selik ifrazının azalması) böyük əhəmiyyət verilir. Xora xəstəliyinə tutulanlarda mədə şirəsinin miqdarı və turşuluğu çoxalır, mədə şirəsini tənzimləyən azan sinirin tonusu artır. Xora xəstəliyi, irsi xüsusiyyətlərdən, qidalanma rejiminin pozulmasından, kəskin qidalar yedikdə, spirtli içkilər içdikdə, papiros çəkdikdə və sinir-psixi gərginlikdən baş verə bilər. 
Xəstəlik çox vaxt yaz və payız fəsillərində kəskinləşir. Xəstəliyin gedişində bəzi ağırlaşmalara təsadüf edilə bilər: qanaxma, xoranın qonşu orqanlara penetrasiyası (keçməsi), xoranın sərbəst qarın boşluğuna perforasiyası (deşilməsi), mədə çıxacının daralması (stenoz), xoranın xərçəngkə çevrilməsi və s. Mədə və ya onikibarmağ bağırsağın xorasının perforasiyasında qarında şiddətli ağrı olur, xəstəni soyuq tər basır, rəngi avazıyır, qan təzyiqi aşağı düşür. Xora xəstəliyi, zamanı qanaxma olduqda nəçisin rəngi qaralır, qanqusma halları baş verə bilər. Bu zaman xəstə ümumi zəiflikdən, ətraflarının soyumasından şikayətlənir, nəbzi sürətlənir, qan təzyiqi aşağı düşür. Düzgün diaqnoz qoymaq üçün rentgen müayinəsindən və qastroskopiyadan istifadə edilir.


Hər gün bunlara diqət etmək lazımdır. Bunlar mədəmizin düşmənləridir:

1- Tünd çay və çox qəhvə içmək: Əgər çay içməyi çox sevirsinizsə, gündə 2-3 stəkan açıq çay için. Çay və qəhvəni bitki çayları ilə əvəzləyə bilərsiniz.

2- Uzun müddət ac qalmaq: Az-az amma tez-tez yemək prinsipinə əməl edin. Bu cür qidalanmaq mədə üçün daha xeyirlidir.

3- Siqaret çəkmək: Xüsusilə ac qarına çəkilən siqaret mədə qanaması və xorasını sürətləndirir.

4- Tez-tez yemək yemək: Tələsik qidalanmaq turşu ifraz olunmasını və mədə hərəkətlərini artırır.

5- Acılı yeməklər: Qırmızı bibər, qara bibər və istiot kimi acı ədviyyatlar mədəyə ziyan vurur.

6- Çox duzlu qidalarla qidalanmaq: Gündə 6 qramdan çox duz istifadə etməyin.

Müalicəsi

Əsasən, pəhriz saxlamaq, mədə şirəsini artıran qidaları (ədviyyatlı və ekstraktiv qidalar, konservlər və s.) qida rasionundan çıxarmaq. Süd və süd məhsulları yemək, mədə turşuluğunu neytrallaşdıran (vikalin, almagel), mədə sekresiyasını azaldan (atropin, belloid), spazmı aradan qaldıran (noşpa, papaverin), sinir sistemini sakitləşdirən (brom preparatları), xoranın sağalmasını sürətləndirən preparatlardan istifadə etmək. Xəstəliyin kəskin dövrü keçəndən sonra sanatoriya-kurort müalicəsi (Yessentuki, Borjomi, İstisu) xora xəstəliyinin bəzi ağırlaşmaları (qanaxma, xoranın deşilməsi) zamanı təcili cərrahi müdaxilə.

Profilaktikası

Rasional pəhriz rejimi, papiros çəkməmək, qastriti vaxtında müalicə etmək.
 

6 şərh

asel
BU CÜR MELUMATLARINIZI DEYERLENDİRİREM. BİLMEDİKLERİMİ OYRENİREM.İMKAN OLANDA TEZYİQ HAQDA DA YAZSAZ SEVİNEREM
Medikamentoz
Mütləq yaxın zamanlarda yerləşdirərəm.Diqqətiniz üçün təşəkkürlər.
Zeyneb_Ehmedova
Xora xəstəliyinin müalicəsində 2 üsuldan istifadə edirlər.Konservativ və cərrahi 
Konservativ müalicə ağırlaşmamış xorada, cərrahi müalicə isə xoranın qanaxmaya penetrasiyaya və maleqnizasiyaya şübhə olduqda aparılır.Xora xəstəliyi aşkar olunan bütün xəstələr 20-30 gün müddətində stasionar müalicə almalıdırlar.konservativ müalicəyə bazis və individual terapiya daxildir.Xora əleyhinə müalicəyə dərman, fizioterapevtik və müalicəvi qidalanma aiddir.Ağırlaşma dövründə xəstəyə yataq rejimi təyin edilir.Xəstəliyin kəskin dövründə qida yumurta və yarma şorbalarından ibarət olur,duzlar məhdudlaşdırılır.Sonralar isə tədricən buxarda bişmiş ət və balıq yeməkləri əlavə olunur.Daha sonra kəsmik, xama, yağsız ət və balıq şorbaları, kök, kartof pürəsi kimi qidalara icazə verilir
Qida vitamin və mikroelementlərlə zəngin olmalıdır.Qida rasionundan qızardılmış yemeklər, piy tərəvəzlər, qazlı içkilər, alkoqol və kofe çıxarılmalıdır
Dərman müalicəsinin əsasını mədə şirəsinin turşuluğunu aşağı salan və mədə-bağırsaq traktının pozulmuş motorikasını normallaşdıran maddələr təşkil edir ve s…
Medikamentoz
Təşəkkürlər Zeynəb xanım,medikamentoz müalicəni də bu qədər əhatəli yazsa idiniz əla olardı.
Zeyneb_Ehmedova
Duodenal xorası olan xəstələrin əksəriyyəti medikamentoz müalicə edilir ki, bura mədə turşusunun ifrazını azaldan preparatlar, H. pilori infeksiyasının aradan qaldırılması və aspirin və QSİƏP-dan istifadə etməmə daxildir. H.Pilori infeksiyası adətən seroloji test, antral biopsiya (histologiya və/və ya ureaz testi) və/və ya karbon-nişanlanmış sidik cövhəri ilə nəfəslama testi ilə diaqnostika edilir. Son zamanlar nəcisdə H.pilori bakteriyasını antiqenin müəyyən edilməsi testi daha çox istifadə edilməyə başlanıb. Xüsusilə qeyd etmək lazımdır ki, karbonla-nişanlanmış sidik cövhəriilə nəfəsalma testi infeksiyanın ləğv edilib edilməməsini müalicədən sonra müəyyən etməkdə yardımçı ola bilər. Əgər H.pilori infeksiyası ləğv edilibsə və xəstə aspirin və QSİƏP-dan istifadə etmirsə, bu zaman mədə turşusunun azaldılması üçün istifadə edilən dərman preparatları 2 aydan sonra dayandırıla bilər. Bu hallarda duodenal xoranın yenidən əmələ gəlmə riski çox aşağıdır. Xoranın yenidən yaranma riski yüksək olan və ya xora nəticəsində ağırlaşmaları olmuş xəstələr proton nasosun blokatorları ilə müalicəni qeyri-müəyyən müddətə və ya ömürboyu davam etdirməlidir. Həmçinin, QSİƏP, aspirin, steroidlər və ya antikoaqulyant terapiyaya etiyacı olan xəstələr də proton nasosun blokatorlarında ömürboyu istifadə etməlidir. Xəstəxanaya duodenal xoranın ağırlaşması ilə qəbul edilmiş hər bir xəstə, xəstəxanadan evə yazıldıqda mədə turşusunun səviyyəsini azaldıcı preparatlardan qeyri-müəyyən müddət və ya uzun müddət istifadə etməlidir. 
Medikamentoz
Minnətdaram Zeynəb xanım.Çox kömək olursunuz.