Tariximizin açılmamış səhifələri Alban mədəniyyətinin izi ilə

Azərbaycan ərazisində yaranıb yayılan maddi və mənəvi dəyərlərin əhatə dairəsi geniş olduğu kimi, çeşidi də müxtəlif və rəngarəngdir. Mədəni dəyərlərin ilkin nümunələri olan daş kitabələr, mağara divarları və sütunları, qayaüstü Qobustan və Gəmiqaya təsvirləri, eləcə də folklor yaradıcılığının başlanğıcı olan ulu əcdadın psixoloji dərketməsinin ilkin bədii paradiqmaları — yuxular, miflər, əfsanələr, kiçik janr nümunələri, zəngin ənənələrə malik oyun və tamaşa mədəniyyətinin yaranma dövrünə və tarixinə nəzər saldıqda onların sivilizasiyanın başlanğıc mərhələsi ilə əlaqəsi üzə çıxır (Bax: G.Taylor. Pervobıtnaə kulğtura. M., 1989, s.71).

«Adət-ənənə və ritualların, mərasimlərin, ilkin məişət həyatının bir çox silsilə görüntülərinin insanın erkən həyatı ilə bağlılığı məlum olur» (Dj.Freyzer. Zolotaə vetvğ. M., 1987, s.49), bir çox mədəni dəyərlərin tarixi gen birliyi ilə bağlı olaraq yaranıb xalqların məişətinə səpələndiyi aydın görünür (A.Nəbiyev. Oxşar dəyərlərin gen qaynağı — Geneoloji nəzəriyyə. Bakı, 2009).


azıx mağarası


Mənəvi dəyərlərdən fərqli olaraq, aparılan arxeoloji qazıntılar insanın dünyaya gəlməsi, formalaşması, şüurlu həyata qədəm qoyma dövrü barədə daha müfəssəl məlumatları aşkarlayıb üzə çıxarır.
Antropoloq və teoloqlar sübut etmişlər ki, sivilizasiya dəyərlərinin yaranması təkamül prosesi keçən insanın özünün ayrı-ayrı inkişaf pilləsində yaratdığı dəyərlərdir. Bu dəyərlər müxətlif dövrlərin mədəniyyətləri kimi tarixə düşmüşdür və məhz onların öyrənilməsi yolu ilə də ilk insanın yaranma dövrünü, erkən məişət və məşğuliyyətini, nəhayət, yaşını müəyyənləşdirmək mümkündür. Çünki yaranmış bütün ibtidai mədəniyyətlər insanın təkamül prosesinin məhsuludur.

Antropoloqlar iddia edirlər ki, ilkin olaraq insan dünyanın beş mühüm antropogenez zonasında formalaşmış və Yer üzündə onların Avropa (yevropoid), Asiya (monqoloid) və zənci (neqroid) tipləri yaranmışdır (Levi-Stross. Strukturnaə antropoloqiə. M., 1989, s.102). İlk insanlar isə zağalarda, mağaralarda və qayaaltı mağara düşərgələrində yaranıb formalaşma mərhələsi keçmiş (Ə.Cəfərov. Azərbaycanın qədim insan düşərgələri. Bakı, 1989, s.3) və bu məskənlərdə də özlərinin ilkin mədəni dəyərlərini yaratmışlar. Belələrindən birincisi Şərqi Afrikada Olduvay düşərgəsidirsə, digərləri Avropada, Asiyada, eləcə də Şərqi Afrikanın Keniya, Tanzaniya, Efiopiya və başqa ərazilərindədir. Sonuncusu isə mühüm və daha qədim artopogenez zonalardan hesab ediləni Cənubi Qafqazda — Azərbaycandadır (Ə.Cəfərov. Azərbaycanın ilk sakinləri. Bakı, 2009, s. 46). Şərqi Afrikanın qədim insan düşərgələrində aparılan arxeoloji qazıntıların nəticələri əsasında YUNESKO-nun 1969-cu ildə keçirilmiş xüsusi konqresi insanın yaratdığı ilkin əmək alətlərinin hazırlanmasından 2,6-3 milyon il keçməsi barədə qərar versə də, yeni arxeoloji tapıntılar, xüsusilə Şərqi Afrikanın Keniya, Tanzaniya ərazisindən tapılmış ilk əmək alətləri və insan kəllələrinin yaşı 3-6 milyon il bundan əvvəlki tarixlərlə əlaqələndirilmişdir. Tarixçilər haqlı olaraq iddia edirlər ki, dünyada ilk insan tipi məşhur beş antropogenez zonalarındakı düşərgələrdə yaranmış, uzun yüzilliklər ərzində onlar bu məskənlərdə özlərinin ilkin mədəni dəyərlərini mağara divarları və sütunlarında əks etdirmişlər (M.Hüseynov. Azərbaycan arxeologiyası (daş dövrü). Bakı, 1975, s.37-39).Azərbaycan ərazisindəki mağara düşərgələrindən ən qədimi, dünya ərazisində ilkin insan tipi göstəricilərinin mükəmməl nümunələrindən birini özündə əks etdirən Azıx mağara düşərgəsidir.Azıx düşərgəsi Azərbaycan xalqının qədimdən yaşayıb yayıldığı tarixi dədə-baba torpaqlarında, tunc dövrü düşərgə məskənləri ilə zəngin olan Qarabağda — Füzuli rayonu ərazisində yerləşir. Xalqımızın erkən dövr yaranma və formalaşmasını qoruyub saxlayan, qədim dövrlər mədəniyyətimizi özündə əks etdirən çoxsaylı lay və təbəqələrin mövcudluğu, bu layların ən dərinində isə azıxantropun — Azıx adamının maddi qalığının aşkarlanması ötən əsrin 60-cı illərində Qarabağda arxeoloji qazıntılar aparmış görkəmli Azərbaycan arxeoloqu professor Məmmədəli Hüseynovun adı ilə bağlıdır.

Azıx düşərgəsində azıxantropun — Azıx adamının qalıqlarının aşkarlanması Azərbaycan və dünya antropologiyasında ölkəmizi, o cümlədən Qarabağı dünyanın qədim insanın yarandığı və formalaşdığı ərazilərdən biri kimi öyrənməyə imkan verən dünya əhəmiyyətli tapıntı idi.

Azıx düşərgəsinin və azıxantropun tapılması təsdiq etdi ki, bugünkü Azərbaycan ərazisi həqiqətən qədim insanın yaranıb formalaşdığı antropogenez zonalardan biri olmuşdur. On laydan — təbəqədən ibarət olan düşərgə təsdiqləyir ki, əcdadlarımız bəşər tarixinin qədim dövrlərindən başlamış bütün sonrakı inkişaf mərhələlərini burada yaşamış və mağara etnosuna məxsus məişət, məşğuliyyət sahələrini və mədəni dəyərlərini əks etdirən görüntü, qalıq və çöküntüləri qoruyub saxlamağa nail olmuşlar. Region ərazisindəki qədim insan düşərgə kompleksləri bugünkü Azərbaycan ərazisində Quruçay mədəniyyətini açıqlamaqla bəşər tarixində özünəməxsus yeri, vətəni, ərazisi və mədəniyyəti olan bir etnosun tarixi mövcudluğunu təsdiqləmişdir. Əslində, Quruçay mədəniyyəti dünyada mövcud heç bir əski mədəniyyətin oxşarı deyildir. Azıx adamı dünyadakı üç məlum insan tipinin heç birini təkrarlamır. O nə Avropa, nə Asiya, nə zənci tipiylə antropoloji oxşarlığa, eyniliyə, nə də qohumluğa malikdir. Azıx adamı Azərbaycan regionunun, eləcə də Cənubi Qafqazın ilk insanı, bu torpağın ilk sakini və ilk aborigen vətəndaşı idi. Azıx insan düşərgəsinin və azıxantropun aşkarlanması Azərbaycan xalqının etnogenezini, yeni tipli etnosun yaranma və formalaşma tarixini müəyyənləşdirən, onun ölkə ərazisində avtoxon hüququnu təsdiqləyən ilk maddi və hüquqi akt idi. Çünki Azıxdan tapılan qədim insan düşərgələrində təsadüfi hallarda rast gəlinə biləcək ilk insanın qismən mükəmməl strukturunu müəyyənləşdirməyə imkan verən yeganə tapıntı — alt çənə sümüyü idi. Bunun əsasında Azıx adamının ilkin robotunu, antropoloji strukturunu, boyunu, çəkisini və başqa göstəricilərini müəyyənləşdirmək isə tamamilə mümkün idi. Ancaq Azıx adamını öyrənmək sahəsində əldə olan məlumatlar göstərir ki, biz bu işdə çox lənglik göstərmişik. İndiyədək Azıx adamının nəinki ilkin robotu yaradılmış, heç ilkin antropoloji göstəriciləri də dəqiqləşdirilməmişdir. Bu gün ermənilərin işğal etdikləri Azərbaycan ərazisində yerləşən dünya əhəmiyyətli insan düşərgəsi Azıxda «beynəlxalq müşahidəçilər»in dəstəyi ilə «axtarışlar aparıb», düşərgəni yerlə yeksan etməsi bizi çox narahat edir. Düşərgə ilə yanaşı, hələ antropoloji strukturunu öyrənmədiyimiz azıxantropun taleyi də bizi düşündürür. Dünya əhəmiyyətli tapıntı hazırda Azərbaycan Tarixi Muzeyinin qızıl fondunda saxlanılır və mühafizə edilir. Ancaq bəşər tarixi — eləcə də Azərbaycan xalqının etnogenezisinin bərpası üçün böyük əhəmiyyəti olan Azıxın dünyanın bir çox başqa nadir maddi və mədəni sərvətləri kimi, bir gün saxlandığı qaynaqdan yox olacağına, yaxud məhv edilib sıradan çıxarılacağına heç kəs təminat verə bilməz. Çünki ermənilərin işğal etdikləri ərazidə axtarışlar aparmaqda əsas məqsədləri Azərbaycan xalqına məxsus qədim mədəniyyətin qorunub saxlandığı tarixi düşərgə kompleksini, nadir tapıntı kimi aşkarlanan Azıx adamının qaynaqlarını — layları tarmar edib sıradan çıxarmaqdır.

Erməni separatçılarının Azərbaycan xalqının qədim tarixinin açıqlanması, eləcə də ilk insanın yaranmasını öyrənən dünya elminə qarşı yönəlmiş dağıdıcı qazıntı işlərinin dayandırılması üçün zəruri tədbirlərin görülməsi ilə yanaşı, eyni zamanda Azıx adamının ilkin görüntüsünün yaradılması, antropoloji strukturunun bərpası və onun yaşının müəyyənləşdirilməsi də çox vacibdir. Təbii ki, bütün bunlar o qədər də asan məsələlər olmayıb, həlli böyük vəsaitlər tələb edir. Ona görə də Azıx adamının antropoloji strukturunun, yaşının və başqa göstəricilərinin öyrənilməsi azərbaycanlı mütəxəssislərlə yanaşı, dünya antropoloqlarının yeni istiqamətli araşdırmalarına və tədqiqat layihələrinə daxil edilməlidir.Bir daha xatırlatmaq vacibdir ki, erməni separatçılarının Azıxda, eləcə də Qarabağ torpaqlarında apardıqları talançılığın dayandırılması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirilə tədbirlər görülməlidir. Yol vermək olmaz ki, ermənilər xalqımıza məxsus dünya əhəmiyyətli qədim insan düşərgələrini axtarışlar adı altında yerlə yeksan edib xarabazara çevirsinlər. Bu, təkcə Azərbaycan xalqına qarşı növbəti fitnəkarlıq deyil, dünya antropologiyasına yönələn amansız qəsddir. Düşmənin riyakar əməllərinin qarşısının alınması üçün azıxantropun Beynəlxalq Antropoloqlar Cəmiyyətində qeydə alınması, antropoloji mərkəzlərin məsələyə müdaxiləsi çox vacibdir.

Yaxşı olardı ki, Azıx düşərgə kompleksində aparılan qazıntı işləri zamanı tapıntılar üzərində tədqiqatları davam etdirən və əldə olan nəticələri dünya elminə təqdim edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, eləcə də xalqımızın bir çox dəyərli maddi və mənəvi abidələrini kifayət qədər qorumaq səriştəsi və təcrübəsi olan, azıxantropu öz qızıl fondunda xüsusi mühafizə altında saxlayan Azərbaycan Tarixi Muzeyi səylərini birləşdirib azıxantropun yenidən YUNESKO-nun qorunan maddi mədəni irsi siyahısına daxil edilməsi təşəbbüsünü irəli sürsün və bu barədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, hörmətli Mehriban xanım Əliyevaya məlumat versin, Azıx adamı və Azıx düşərgəsi ilə bağlı ən son tədqiqat materiallarının beynəlxalq təşkilatlara təqdimatının hazırlanmasına mümkün köməklik göstərsinlər.

Azıxantropun yaş məsələsi üzərində də dayanmaq istərdim. Ehtimallara görə, Azıx adamının yaşı çox uzaq minilliklərdən soraq verir. Onun yaşı hətta son illərdə antropoloqların dünyanın müxtəlif antropogenez zonalarındakı insan düşərgələrindən əldə edilmiş insanın kəllə-beyin, üz-çənə sümüklərinin müxtəlif detallarından daha qədim olduğunu söyləməyə imkan verir. Çünki Azərbaycanın müxtəlif tipli düşərgələrindən əldə edilmiş bu tipli tapıntıların yaş ekspertizası elmin son nailiyyətləri əsasında hələ müəyyən olunmamışdır. Bu tipli tapıntılar üzərində aparılan son müasir üslublu tədqiqatlar isə heyrətamiz və sensasiyalı nəticələr doğurmuşdur. Dünyanın müxtəlif mağaralarından, kurqanlarından, məzarlıq və insan düşərgələrindən, eləcə də Şimal qütbü buzlaqları ərazilərində arxeoloji qazıntılar zamanı tapılmış qədim insan və insanabənzər meymunun kəllə sümükləri üzərində aparılmış tədqiqatlar insan antropoloji strukturunun daha qədimliyini təsdiqləyir. Ən müasir antropoloji tədqiqatlar zamanı aşkarlanmışdır ki, insanın antropoloji strukturunun yaşı yüz milyon ildən bir qədər artıq, insanabənzər meymunlarınkı isə 800 milyon ilə yaxındır. Bu isə çox ciddi fakt olub insanın meymundan törəməsi ilə bağlı məşhur nəzəri təlimləri alt-üst etməklə yanaşı, yer üzündə insan tipinin (tiplərinin) törəməsi barədə yeni axtarışlar aparmaq zərurətini gündəmə gətirir.

İnsan fiziki varlığının törəməsi, təkamülü, instinktiv düşüncədən şüurlu fəaliyyətə keçidi barədə həqiqətləri aydınlaşdırmağa mühüm kömək edən faktorlardan biri kimi Azıx adamının yaşının müəyyənləşdirməsi onun sonrakı inkişafını, təkamülünü öyrənməyə, onun etnosa çevrilib insan tipləri içərisindəki yerini dürüstləşdirməyə imkan verən mühüm məsələlərdəndir. Bu kimi tədqiqatlar, təbii ki, Azıx adamının Qafqaz antropogenez zonasındakı statusunu açıqlamağa aparan yolun başlanğıcı hesab edilməlidir. Millət üçün taleyüklü məsələlər kimi, bizcə, bu işin ən mühümü Azıx adamının yarandığı ərazidə müstəqil etnosa çevrilmə imkanının araşdırılması, onun dünyanın məlum insan tipləri ilə təmasının qarşılıqlı əlaqə və təsir formalarının müəyyənləşdirilməsi və yeni, dördüncü insan tipi modelinin bərpası, bu etnosun yayılma arealı və tarixi coğrafiyası xəritəsinin tərtibidir.

Məlumdur ki, Azıx mağarası dünya arxeologiyasının ən çoxlaylı və çoxtapıntılı insan düşərgələrindəndir. Burada insan yaşayışı tarixinin 10 mərhələsi özünü qoruyub saxlaya bilmişdir. Düşərgənin I və II laylarında Tunc və Neolit dövrlərinə, III lay Mustye, V lay Orta Aşel, VI lay qədim Aşel, VII-X laylarda isə Quruçay mədəniyyətinə dair maddi mədəniyyət nümunələri aşkarlanmışdır. Düşərgənin IV layında hələlik heç bir mədəni qalığın aşkarlanmaması isə bu barədə xüsusi ehtimal və fərziyyələr doğurur ki, onun haqqında ayrıca danışmağa ehtiyac vardır. İnsan düşərgəsinin aşağı layları isə maddi mədəniyyət qalıqlarını əks etdirən tapıntılarla daha zəngindir.

«Azıx qədim insan düşərgəsinin VIII-X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyətinin əmək alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir. Lakin Azıx düşərgəsinin ən aşağı təbəqəsinin əmək alətlərinin tipologiyasında fərqli cəhətlər vardır ki, bu da VII-X təbəqələrin materialları əsasında yeni arxeoloji mədəniyyətin yaranmasına səbəb olmuşdur» (Ə.Cəfərov. Azərbaycanın qədim sakinləri. S.41). Bütün bunlar isə Azıx adamının yayıldığı ərazidə zəngin bir tarixi mədəniyyətin — Quruçay mədəniyyətinin mövcud olduğunu təsdiqləyir. Mütəxəssislər Quruçay mədəniyyətinin yaranma və yayılma dövrü barədə konkret mülahizələrə malikdirlər. Ə.Cəfərov yazır ki, Quruçay mədəniyyətinin 1,8 milyon il bundan qabaq başlayıb 700 min il əvvəl sona çatması müəyyən olunmuşdur. Müəllif haqlı olaraq bu tarixi Azıx adamına şamil etmir və yazır: «Quruçay mədəniyyəti dövründə qədim insanların ərazidə (yəni Qarabağ ərazisində — A.N.) əsasən ovçuluq və yığıcılıqla məşğul olmaları müəyyən edilmişdir...» Qeyd edilən müddətdə Azərbaycan ərazisində insanın mövcud olduğunun və artıq ovçuluq və digər peşələrə yiyələndiyinin təsdiq edilməsi isə o deməkdir ki, bu mərhələyə qədər Azərbaycan ərazisində həmin insanların ilkin əcdadı olan etnoslar — ölkənin ilk aborigenləri yaşayıb təkamül prosesi keçmişlər. Bu əcdadın Azıx adamı və onun sonrakı dövr təkamülünün yekunu olan Azıx etnosu olmasına isə şübhə yeri qalmır.

Təbii ki, Azıx adamı və Azıx etnosunun yaranması, formalaşması, Azərbaycan və Qafqaz ərazisində yayılıb müstəqil etnosa çevrilməsi, müxtəlif antropoloji strukturlarla çarpazlaşması, öz müstəqil insan tipi formasını qoruyub saxlaması, yaxud regiona gələn hind-Avropa mənşəli etnoslar tərəfindən assimilyasiya edilməsi, yaxud onlarla qaynayıb qarışması, eləcə də böyük miqrasiyaların, erkən demoqrafik proseslərin spesifikasının açıqlanması və s. maraq doğuran problemlərdən olub hələ tariximizin soraqlanmamış yaddaşında yaşamaqdadır. Onların açıqlanması Qafqazda, xüsusilə Qarabağda yaranan yeni insan tipinin antropoloji strukturunun dürüstləşdirilməsinə, təbii ki, yeni imkanlar açır. Bu, Azərbaycan ərazisində yayılmış erkən etnosların, tayfaların yaratdığı və bütün Orta və Yaxın Şərqə yayılmış böyük bir mədəniyyətdən, onun varisi olan xalqdan, yaratdığı qədim dövlət və sivilizasiya dəyərlərindən, onun cahanşümul yüksəliş və tərəqqisindən, eləcə də sonrakı dövr tənəzzülündən və tarix səhifəsindən silinib getməsi səbəblərindən danışmağa mühüm ehtiyac vardır. Çünki tarixin yaddaşından silinib getməkdə olan Azıx adamının adı arxasında özünəməxsus faciəvi bir tale yaşayan Azıx etnosu və onun yaratdığı zəngin folklor mədəniyyəti dayanır ki, bütün bunlar barədə sonrakı məqalələrdə bəhs ediləcəkdir.

Müəllif : Azad NƏBİYEV, AMEA-nın müxbir üzvü

Mənbə : azpress.az/

0 şərh