Azərbaycanda ibtidai icma cəmiyyəti

İbtidai icma cəmiyyəti bəşər tarixinin ilkin pilləsini təşkil edir. İbtidai icma cəmiyyəti üçün istehsal vasitələri üzərində ümumi mülkiyyətin mövcudluğu, məhsuldar qüvvələrin zəif inkişafı şəraitində kollektiv istehsal və birgə məhsul bölgüsü səciyyəvidir. İbtidai icma quruluşu digər ölkələrdə olduğu kimi, Azərbaycanda da uzun sürmüşdür. Çünki bu dövrdə əmək alətləri sadə, istehsal texnikası aşağı səviyyədə olub, cəmiyyətin təsərrüfat fəaliyyəti təbii mühitdən birbaşa asılı olmuşdur.

İbtidai icma cəmiyyəti Azərbaycanda ilk insanın yarandığı vaxtdan (təxminən 1,5 milyon il bundan əvvəl) iri tayfa birliklərinin və ilkin dövlət qurumlarının yaranmasınadək (eramızdan əvvəl III — I minilliklər) olan bir dövrü əhatə edir.

İbtidai icma cəmiyyətinin arxeoloji baxımdan dövrləşməsi aşağıdakı kimidir: Daş dövrü, Tunc dövrü, Dəmir dövrü.

Daş dövrü bölünür:

  • Paleolit (Qədim daş dövrü) — təxminən 1,5 milyon il bundan əvvəl başlamış və e. ə. XII minilliyə qədər davam etmişdir.
  • Mezolit (Orta daş dövrü) — e. ə. XII — VIII minillildər.
  • Neolit (Yeni daş dövrü) — e. ə. VII — VI minilliklər.
  • Eneolit (Mis — daş dövrü) — e. ə. VI — IV minilliyin ortaları.
  • Tunc dövrü — e. ə. IV minilliyin sonlarından II minilliyin sonlarınadək davam etmişdir.
  • Dəmir dövrü — e. ə. II minilliyin sonları — I minillikləri əhatə edir.

İbtidai icma cəmiyyəti öz inkişafında üç mərhələdən keçmişdir:

  1. ibtidai insan dəstəsi və ya ulu icma;
  2. qəbilə icması;
  3. ibtidai icma quruluşunun dağılması və erkən dövlətlərin yaranması İbtidai insan dəstəsi və ya ulu icma alt və orta paleolitdə (1,5 milyon ildən — 40 min il bundan əvvələ kimi) mövcud olmuşdur. İnsanlar qida əldə etmək və heyvanlardan qorunmaq zərurəti qarşısında 20 — 30 nəfərdən çox olmayan bir dəstə halında birləşirdilər və belə ilkin insan dəstələri Qarabağda (Azıx və Tağlar mağaraları) və Qazax bölgəsində (Damcılı və Daşsalahlı mağaraları) məskən salmışlar. İbtidai insan yem əldə etmək üçün yığıcılıq və ovçuluqla məşğul olurdu və bu, istehlak təsərrüfatı adlanırdı.

Paleolit (qədim daş dövrü) 3 dövrə bölünür:

  1. Alt paleolit 1,5 milyon il bundan əvvəldən 100 min il bundan əvvələ qədər davam etmişdir. Azıx mağarası Azərbaycanda ən qədim paleolit düşərgəsidir və ölkəmizdə ən qədim daş alətlər burada tapılmışdır. «Quruçay mədəniyyəti»nə aid edilən bu alətlər təxminən 1,5 milyon il bundan əvvəl Azərbaycanda bacarıqlı insanın yaşadığını sübuta yetirir. Həmin alətlər belə söyləməyə imkan verir ki, Avroasiya ərazisində ilkin insan yurdu bizim Vətənimizdə — Azərbaycanda tapılmışdır.
    Bacarıqlı insan əmək alətləri düzəldə və onlardan istifadə edə bildiyinə görə belə adlanmışdır. Alt paleolitdə bacarıqlı insanların məcburi şəkildə birləşdiyi ibtidai insan dəstələri sadə əmək alətləri düzəldir, hazır təbiət məhsulları ilə qidalanır, yığıcılıq və ovçuluqla məşğul olurdular. Təxminən 700 min il bundan əvvəl Azərbaycanda insanlar od əldə etməyi və onu qoruyub saxlamağı bacarmışlar. Azıx mağarasında dünyada ən qədim ocaq yeri tapılmışdır. Ocağın ətrafında hörülən divar Azıx mağarasının qədim sakinlərinin daha düşüncəli və bacanqlı olduqlarını göstərir. Mağarada tapılmış insanın alt çənə sümüyü 350 -400 min il bundan əvvələ aiddir. Həmin çənə sümüyünün aid olduğu insan Azıxantrop (Azıx adamı) adlanır. Bu tapıntı Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olmasının göstəricisidir.
  2. Orta paleolit dövrü (təxminən e. ə. 100 — 40-cı minilliklər) Mustye dövrü adlanır. Bu dövrdə insanlar çaxmaqdaşı və dəvəgözü nüvələrindən lövhə və qəlpələr qoparır, iti uclu əmək alətləri düzəldərək ovçuluqda istifadə edirdilər. İbtidai insan dəstəsində kişilər ovçuluqla, qadınlar isə ev işləri və yığıcılıqla məşğul olurdular. Qarabağda Tağlar mağarasındakrocaq yerləri insanın süni od əldə etmək vərdişinə tamamilə yiyələndiyini göstərir. Orta paleolitdə yaşayan qədim insanları neandertal (bu tip insan qalıqları ilk dəfə Almaniyadakı Neandertal mağarasında tapılmışdır) adlandırırlar.
  3. Üst paleolitdə (eramızdan 40 min il — 12 min il əvvəl) ağıllı insanın meydana çıxması ilə Azərbaycanda qəbilə icması formalaşmağa başladı. Qəbilə icmasında ibtidai yaşayış daha sabit və davamlı şəkil aldı. Bir neçə qəbilənin birləşməsi ilə tayfa yarandı. Qan qohumlarından ibarət tayfa birgə təsərrüfat aparır, öz ərazisində bütün təbii ehtiyatlardan birgə istifadə edirdi. Bu zaman istehsal vasitələri və məhsul üzərində ümumi mülkiyyət mövcud idi; birgə əmək və birgə yaşayış qaydaları hökm sürürdü. Qəbilə icmasının ictimai həyatı və təsərrüfatında eneolitin sonunadək (e. ə. V.T minillik) qadın aparıcı yer tutmuşdur. Yalnız ovçuluq və balıqçılıqla məşğul olan kişilərdən fərqli olaraq qadınlar yem toplayır, ev işləri görür, odu qoruyur və uşaqların qayğısına qalırdılar. Qəbilədə qadın, ana üstün yer tutduğuna və nəsil ana xətti ilə getdiyinə görə həmin dövr matriarxat (anaxaqanlığı) adlandırılmışdır.

Mezolit (e. ə. XII — VIII minilliklər)

Azərbaycanda mezolit dövründə ox və kamanın kəşfi ovçuluğun inkişafında böyük rol oynamışdır. Heyvanların uzaqdan ovlanması imkanı yaranmış, qida ehtiyatı artmış və ovçuluq əsas peşəyə çevrilmişdi. Bu dövrdə ovçuluq və yığıcılıqla yanaşı, istehlak təsərrüfatının daha bir sahəsi olan balıqçılıq meydana çıxmışdır. İstehlak təsərrüfatı ilə məşğul olan insanlar geniş əraziyə yayılmaq imkanına malik deyildilər.

Mezolitdə insanlar heyvanları əhliləşdirilməsinə başladılar. Bununla da ibtidai heyvaııdarlığın əsası qoyulmuş oldu. İnsanlar ilk əkinçilik vər dişlərinə də bu dövrdə yiyələnərək ibtidai əkinçiliyin əsasını qoydular. Beləliklə, mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu.

Azərbaycanda mezolit dövrü Qobustan və Damcılı düşərgələri əsasında öyrənilmişdir. Qobustanın qayaüstü rəsmlərində ox — yayla silahlanmış təbii böyüklükdə insan təsvirləri böyük maraq doğurur. Qayaüstü rəsmlərdə qədim insanların ov səhnələri ilə yanaşı, totem — ovsun inancları da təsvir olunmuşdur. Maral, at və keçi, qayıq təsvirləri əsasında demək olar ki, qədim Qobustan əhalisinin əsas məşğuliyyəti ovçuluq və balıqçılıq olmuşdur. Qobustan qayaüstü rəsmlərində balıq və balıq toru təsvirlərinə rast gəlinmişdir. Buradakı baş tərəfində günəş və içərisində adamlar təsvir edilmiş qayıq rəsmləri mezolitdə balıq ovunun artıq geniş yer tutduğunu sənədləşdirmişdir. Qobustanda yaşayan insanların axirət dünyasına inamı ilə bağlı dəfn zamanı ölülərin yanına məişət əşyaları qoyulurdu.

Mezolit dövründə kiçik ölçülü (milaolit) alətlərə Damcılı mağarasında rast gəlinmişdir. Damcılı və Şuşa mağaralarında tapılmış çeşidli qaşovlar, bizlər, kəsicilər, bıçaqlarla yanaşı, kiçik lövhəciklərdən hazırlanmış quraşdırma alətlər (biçin bıçaqları) və silahlar (ox uduqları, nizələr) diqqəti cəlb edir.

Neolit (e. ə. VII — VI minilliklər)

Azərbaycanda neolit dövrü qəbilə icmasının həyatında böyük dəyişikliklərin başlanğıcını qoydu. Yeni daş dövründə istehsal təsərrüfatı və onun əsas sahələri olan əkinçilik və maldarlıq meydana çıxmışdır. İstehsal təsərrüfatının yaranması elmi ədəbiyyatda «neolit inqilabı» adlanır. Bu inqilabın nəticəsində insan ərzaq ehtiyatı üzərində ilk dəfə nəzarət etmək imkanı qazanmışdır.

Azərbaycanda istehsal təsərrüfatına keçid e. ə. VII minilliyə təsadüf edir. Qobustanda tapılan daş toxalar, dən daşları, biçin bıçaqları və çin dişləri ilk əkinçilik alətləri hesab olimur. Neolitdə insanlar daşların deşilməsi və cilalanması üsullarını mənimsəmişdilər. Gəncə-Xanlar (Göygöl) bölgəsində arxeoloji abidələrin öyrənilməsi göstərir ki, Azərbaycandakı neolit adamı artıq daşı novçalı şəklə sala, burma üsulu ilə deşə bilirdi. Əsas əmək aləti kimi toxadan istifadə olunduğundan əkinçilik toxa əkinçiliyi adlanırdı. Bu dövrün maldarlığı isə ev maldarlığı olmuşdur.

Əhalinin oturaq həyata keçməsi üçün imkan yaranmışdır. Təbriz yaxınlığındakı Yanıqtəpə və Sulduz düzündəki Hacı Firuz abidələri son neolitdə (e. ə. VI minillik) Azərbaycanda oturaq əkinçi-maldar təsərrüfatının yayıldığını sübut edir. Bu zaman möhrə və ya çiy kərpiclə hörülmüş evlərdən kəndlər salınırdı.

Neolit dövrünün əsas nailiyyətlərindən biri də gil qab istehsalının -dulusçuluğun yaranmasıdır. Əkinçilik və heyvandarlıq məhsullarını uzun müddətə saxlamaq zərurəti saxsı qabların istehsalına böyük tələbat yaratmışdı. Bu çağacan insanlar suyu yığıb saxlamaq, yemək bişirmək üçün Qobustan qayaları üstündə indiyədək qalan daş oyuqlarından istifadə edirdilər.

Neolitin sonunda saxsı qablar görünüşcə daha mükəmməl formada hazırlanırdı və hətta boya ilə naxışlanırdı. Azərbaycanda «ev peşələri» sayılan toxuculuq, tikinti və hörgü işi də neolit dövründə meydana çıxmışdır.

Eneolit dövrü (e. ə. VI — IV minilliklər)

Bu dövrdə istehsal təsərrüfatının inkişafı nəticəsində qəbilə icması özünün çiçəklənmə mərhələsinə daxil olmuşdur. Dəmyə (təbii suvarma) əkinçiliyi geniş yayılsa da, süni suvarma əkinçiliyinin izlərinə Mil düzündə Şahtəpə yaşayış yerində rast gəlinmişdir. Burada arxeoloqlar qədim suvarma arxlarının izlərini üzə çıxarmışlar. Toxa əkinçiliyinin texniki imkanları məhdud olsa da, Azərbaycanda 10-a qədər taxıl növü (buğda, arpa, darı, vələmir, çöl noxudu və s.) əkilib becərilirdi. Taxıl məhsullarını üyütmək üçün müxtəlif dən daşlarından və daş həvəng — dəstələrdən istifadə edilirdi. Yığılmış taxılı çiy kərpicdən tikilmiş anbarlarda, quyularda və iri saxsı qablarda saxlayırdılar. Şomutəpə və Əlikö-məktəpədə tapılan üzüm tumları Azərbaycanda üzümçülük təsərrüfatının eneolitdən başladığını göstərir.

Azərbaycanda atçılığın 7 minillik tarixi vardır və Azərbaycan atın ev heyvanı kimi bəslənməsi sahəsində Avrasiyada ən qədim ocaqlardan biridir.

Bu dövrün adamları parça toxumağı və gön dərini emal etməyi bacarırdılar. Azərbaycanda eneolit insanın həm də metalla ilk tanışlıq dövrüdür. Daha möhkəm əmək alətləri və silahlar düzəltmək ehtiyacı metaldan istifadə edilməsinə tələbat yaratmışdır. Qafqazda ən qədim mis məmulatının Azərbaycanda tapılması göstərir ki, burada ibtidai insanlar metal əritməyi bacarırdılar. Kültəpə, Əliköməktəpə və başqa yerlərdə soyuq döymə üsulu ilə hazırlanmış 20-dək kiçik mis alət tapılmışdır.

Eneolit dövrünün yaşayış məskənləri özünəməxsus quruluşa malik idi. Çiy kərpicdən hörülmüş dairəvi və dördkünc yaşayış evləri və təsərrüfat tikililəri kiçik həyətlə birlikdə hasar içərisinə alımrdı.

İbtidai cəmiyyətin həyatında və təsərrüfatında kişinin üstün mövqe qazanması nəticəsində eneolit dövründə anaxaqanlıq başa çatmış və öz yerini patriarxata (ataxaqanlığa) vermişdir. Qədim Şərqin bir çox bölgələrində olduğu kimi, Azərbaycanda da eneolitdə ölünün yaşayış yerində və ya divarın dibində dəfn etmək adəti var idi. Əliköməktəpədə 20-dək qəbir abidəsində ölü qırmızı boya ilə boyanmış, həsirə bükülərək qəbirə sağ və ya sol böyrü üstə gömülmüş, üzünün qarşısına isə su qabı (cam) qoyulmuşdu. Əksər qəbir abidələrinin eyni olması onu göstərir ki, cəmiyyət hələ varlı-kasıblara bölünməmişdi və ictimai bərabərsizlik yox idi.

Tunc dövrü (c. ə. IV — II minilliklər)

Qəbilə icmasının təsərrüfat həyatında böyük dəyişikliklərin baş verməsi və metal istehsalının təkmilləşməsi şəraitində e.ə. IV minilliyin sonlarında Azərbaycanda tunc dövrü başlandı. İcma təsərrüfatının yeni yaranmış sahələrindən biri metal istehsalı oldu. E. ə. III minillikdə sənətkarlar misi əritməyi, mis-mərgümüş (arsen) qatışığından tunc almağı, bu ərintini qəliblərə töküb hazır məhsul əldə etməyi bacarırdılar. Onlar bu yolla daha möhkəm, davamlı və məhsuldar əmək alətləri, müxtəlif silahlar (baltalar, nizələr, xəncərlər) düzəldirdilər. Əkinçilik və maldarlıq məhsullarının tayfalararası miqyasda mübadiləsi də bu dövrdə meydana çıxmışdır.

Təxminən 2 min il davam edən tunc dövründə məhsuldar qüvvələr daha da inkişaf etmiş, təsərrüfatın bütün sahələrində və ictimai həyatda köklü dəyişikliklər baş vermişdir. Qəbilə icmasının dağılması və erkən dövlət qurumlarının yaranması prosesi də bu dövrdə başlamışdı.

Tunc dövrü erkən, orta və son adlanan üç mərhələdən keçmişdir. Azərbaycan türkləri onunla öyünməlidirlər ki, Cənubi Qafqazın əsas eneolit və tunc dövrü mədəniyyətini onlar yaratmışlar. Cənubi Qafqazda tapılmış 150-dən çox eneolit və tunç dövrünə aid abidənin üçdə ikisindən çoxu Azərbaycanın payına düşür.

Erkən tunc dövründə (e. ə. IV minilliyin sonları — e. ə. III minilliyi əhatə edir və arxeoloji baxımdan “Kür — Araz mədəniyyəti” adlanır.) insanlar sıx yaşayış yerlərindən əkinçilik və maldarlıq üçün daha əlverişli olan vadilərə, dağ ətəklərinə yayılıb məskunlaşırdılar. Artıq e. ə. III minilliyin birinci yarısında toxa əkinçiliyi öz yerini xış əkinçiliyinə verməyə başlamışdı. Bununla bağlı olaraq iribuynuzlu heyvanlardan qoşqu vasitəsi kimi istifadə olunurdu. Xış əkinçiliyi dağətəyi bölgələrdə əkinçiliyin inkişafına yeni imkanlar açaraq əmək məhsuldarlığının yüksəlməsinə şərait yaradırdı. Düzən yerlərdə süni suvarma əkinçiliyi, dağətəyi və dağlıq yerlərdə isə dəmyə əkinçiliyi geniş yayılmışdı. Bu zaman buğdanın yumşaq növü, arpa, dan, noxud və kətan əkinləri üstün yer tuturdu.

Azərbaycanda erkən tunc dövründə ev maldarlığından köçmə, yaylaq maldarlığına keçid baş vermişdir. Əhalinin Alp çəmənliklərinin bol olduğu ərazilərə yayılması xüsusilə qoyunçuluğun inkişafı ilə bağlı idi.

Köçmə (yaylaq) maldarlığına keçilməsi ilə əlaqədar yalmz heyvandarlıqla məşğul olan qəbilələr meydana çıxırdı. Əkinçiliyin və maldarlığın bir birindən ayrılaraq müstəqil sahələr kimi fəaliyyət göstərməsi ibtidai icma cəmiyyətinin tarixində birinci ictimai əmək bölgüsü hesab edilir.

E. ə. III minillik ibtidai cəmiyyətin həyatında əmlak bərabərsizliyinin ilkin əlamətlərinin üzə çıxdığı və ilkin tayfa birliklərinin yarandığı dövr kimi də xarakterizə olunur. Bu dövrdə Azərbaycanın cənubunda kuti, lullubi tayfa birlikləri və Kür-Araz vadisində daha bir tayfa birliyi meydana çıxmışdı.

Orta tunc dövründə (e. ə. III minilliyin sonu — e. ə. II minilliyin I yarısı) qəbilə icmasının təsərrüfatı və sənətkarlığı çoxnövlü olması ilə seçilirdi. Bu zaman mülki və ictimai bərabərsizlik xeyli dərinləşmişdi.

Orta tunc dövründə cəmiyyətin həyatında yeni ictimai əmək bölgüsü baş vermiş, sənətkarlıq əkinçilikdən ayrılmışdır. Sənətkarlığın metalişləmə, dulusçuluq və toxuculuq sahələri aparıcı yer tuturdu. Naxçıvanda II Kültəpə abidəsində dörd kürəsi olan dulus emalatxanaları tapılmışdır. Həmin emalatxanalarda əllə hərəkətə gətirilən dulus çarxlarında zəngin naxışlara malik boyalı qablar istehsal edilirdi. Üzərliktəpədə tapılan toxucu qurğusunun qalığı-dörddişli alət sənətkarlıq texnikasının xeyli təkmilləşdiyini göstərir. Heyvandarlığın aparıcı sahəsi olan qoyunçuluq toxuculuq sənətini əsas xammal olan yunla təmin edirdi.

Orta tunc dövründə şəhərəbənzər yaşayış məskənlərinin meydana çıxması ilk növbədə sənətkarlığın inkişafı ilə bağlı idi. Şəhərəbənzər məskənlər möhkəmləndirilmiş müdafiə hasarları ilə əhatə olunurdu. Buradakı evlər müəyyən plan üzrə sıra ilə kvadrat kərpiclərdən tikilirdi. Naxçıvanda orta tunc dövrünə aid yaşayış məskənlərinin öyrənilməsi burada Şərqin ən qədim və ilkin şəhər mədəniyyətinin təşəkkül tapmasından xəbər verir.

Sənətkarlığın əkinçilikdən getdikcə daha çox ayniması nəticəsində sənətkarlıq məhsulları satlıq məhsula — əmtəəyə çevrilməyə başlamışdı. Alqı -satqının genişlənməsi tacirlər zümrəsinin yaranmasına doğru apanrdı. Bu dövrdə Azərbaycanda pul yerinə xırdabuynuzlu mal — davar işlənilirdi.

Orta tunc dövründə əkinçilik süni suvarmaya əsaslanır, xış əkinçiliyi tətbiq edilir, buğda, arpa və dan becərilirdi. Taxılın döyülməsində daş vəllərdən istifadə olunurdu. Kənd təsərrüfatında üzümçülük də mühüm yer tuturdu. Arxeoloji qazıntılar zamanı tapılmış mədəni üzüm tumları, şirəsıxan daş təknələr orta tunc dövründə Azərbaycanda üzüm emalının və şərabçılığın yarandığını göstərir.

Əkinçilik və maldarlıq təsərrüfatlarının çiçəklənməsi şəraitində artıq məhsul, zinət əşyaları, sürülər, otlaqlar və s. tayfa başçılarının və əyanların əlində cəmləşərək tədricən xüsusi mülkiyyətə çevrilirdi. Cəmiyyət varlılar, sənətkarlar və icmaçı kəndlilər (əkinçi və maldarlar) zümrəsinə bölünməyə başlayırdı. İcmaçı kəndlilər və sənətkarlar cəmiyyətin əsas istehsalçı qüvvəsini təşkil edirdilər. Suvarma arxlarının çəkilməsi, müdafiə qurğularının tikilməsi və tayfa ərazisinin qorunması kimi ağır vəzifələri də onlar yerinə yetirirdilər.

Son tunc — erkən dəmir dövründə (e. ə. XIV — e. ə. VII əsrlər) təsərrüfatın və mübadilənin daha da inkişaf etməsi tayfa başçılarının və əyanların icmanın əsas kütləsindən ayrılmasına, ailələr arasında əmlak bərabərsizliyinin dərinləşməsinə gətirib çıxartdı. Nəticədə ibtidai icma quruluşunun dağılma prosesi özünün son mərhələsinə çatdı. Var — dövlət və sərvət əldə etmək üçün müharibə peşəyə çevrilməyə başladı. E. ə. II minilliyin ortalarına aid külli miqdarda çoxnövlü hücum və müdafiə silahlarının tapılması tayfalararası müharibələrin geniş miqyası və amansızlığından xəbər verir. Dəmir istehsalının başlanğıc mərhələsində (e. ə. XII — e. ə. XI əsrlər) əmək alətləri ilə yanaşı, çoxlu silah düzəldilməsi cəmiyyətin silahlanmasına imkan yaratmışdı. Müharibələr zamam tutulmuş əsirlər qul edilərək istehsala cəlb olunurdular.

Bu dövrdə süni suvarmanın genişləndirilməsi əkinçiliklə yanaşı, bağçılıq, bostançılıq və üzümçülüyün inkişafına şərait yaradırdı. Yaylaq maldarlığı genişlənir, atçılıq sürətlə inkişaf edirdi. Atdan hərbi yürüşlərdə və köç arabalarında istifadə edilməyə başlanmışdı. Sarıtəpədən (Qazax) tapılmış qablar üzərində təkər, Xaçbulaqda (Daşkəsən) tapılmış tunc kəmər üzərində isə iki at qoşulmuş döyüş arabası təsvir edilmişdir.

E. ə. II minilliyin sonunda Azərbaycanda soyuqüfurmə texnikasına əsaslanan dəmir istehsalına başlanmışdı. Metallurgiya və metalişləmə sənəti yüksəliş keçirirdi. Sənətkarlıqda dabbaqlıq (gön — dəri), toxuculuq sahələri də mühüm yer tuturdu. Mingəçevirdə tapılmış boyanmış yun və kətan parça qalıqları toxuculuğun və boyaqçıhğın yüksək inkişafından xəbər verir. Saxsı qab istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxının geniş tətbiqi istehsalın həcmini və məhsulun keyfiyyətini artırmışdı. Vətənimizin Gəncə bölgəsində qara və boz rəngli qab — qacaq, Qarabağda qara cilalı və həndəsi naxışlı saxsı qab hazırlanması üstünlük təşkil edirdi. Naxçıvan və Urmiya bölgələrində insan, heyvan, quş təsvirləri olan birrəngli və çoxrəngli boyalı qablar geniş yayılmışdı. Saxsı nehrələrə də rast gəlinir.

Son tunc — erkən dəmir dövründə təsərrüfatın mühüm sahələrinin inkişafı tayfalararası və ölkələrarası ticarəti daha da gücləndirmişdi. Alqı — satqı davar, qaramal, yun, əkinçilik, maldarlıq və sənətkarlıq məhsulları ilə apanhrdı. Davarla yanaşı, müəyyən çəkisi olan metal parçaları, silah və s. pul kimi işlənilirdi. Azərbaycanın Ön Asiya, xüsusilə Mesopotamiya (İkiçayarası) ölkələri ilə müntəzəm ticarət əlaqələri var idi. E. ə. II -1 minilliklərdə Assuriyadan Azərbaycana silah və bəzək şeyləri gətirilirdi. Urmiya gölünün cənubunda yerləşən Həsənli abidəsində Assuriyadan gətirilmiş və üzərində e. ə. XIV əsrə aid yazı olan toppuzun, Xocalıda üzərində Assur hökmdarının adı yazılmış muncuğun, Qarabağda və digər yerlərdə assur tipli şirli qabların tapılması Azərbaycan — Assuriya ticarət əlaqələrindən xəbər verir. Qərbi Azərbaycanda hazırlanmış tunc kəmər və qalxan döşlüyü Kiyevədək, balta və yabalar isə Tehran və Kaşana qədər gedib çıxmışdır.

Beləliklə, ibtidai cəmiyyət daxilində xüsusi mülkiyyətin, mülki bərabərsizliyin, ictimai təbəqələşmənin yaranması və sənətkarlığın müstəqil peşəyə çevrilməsi icma daxilində birgə əmək, birgə əmlak və birgəyaşayış qaydalarının pozulmasına gətirib çıxartmışdı. Azərbaycanda qəbilə icmasının və icma təsərrüfat formasının dağılması prosesi e. ə. II minilliyin sonu — I minilliyin başlanğıcında başa çatmışdır.

 

Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan — XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova

0 şərh