Paleolit dövrü

Paleolit dövrü (yun.παλαιός paleo - qədim və λίθος litos — daş) Ən qədim daş dövrü. Bu termini İngilis bioloqu və arxeoloqu John Lubbock (1834-1913) özünün 1865-ci ildə işıq üzü görmüş "Pre-historic Times" ("Tarixöncəsi zamanlar") adlı kitabında daxil (kəşf) edib.

Bəşər tarixi işlətdikləri əsas alətlərə görə üç dövrə ayrılır: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü. Daş dövr özü də qədim, orta və yaxın daş dövrlərdən ibarətdir; bunlar yunancadan götürülmüş terminlərlə uyğun olaraq paleolit, mezolit və neolit dövrləri adını almışlar.

Paleolit dövrü daş alətlərin hominidlər tərəfindən işlənməsindən (təqribən 2,6-2,5 milyon il əvvəl) əkinçiliyin başlamasına qədər (təqribən 12-10 min il əvvəl) olan dövrü əhatə edir. Bu, bəşəriyyətin mövcud olduğu zamanın 99%-i deməkdir.

Paleolit dövründə insanlar daş alət düzəldir, lakin onu cilalamağı bilmirdilər. İlk primitiv əmək alətləri məhz Paleolit dövründə yaradılıb. Bu dövrdə insanlar bütün alətlərini daşdan, ağacdan və sümükdən hazırlamışlar.

Bu dövrdə insanın əsas məşğuliyyəti ovçuluq və yığıcılıq olmuşdur. Odun kəşf edilməsi çiy yeyilə bilməyən qidaları bişirməyə, qızınmağa, yırtıcı heyvanlardan qorunmağa imkan vermişdir.

Paleolit dövründə insanlar gil qablar (keramika) ilə tanış deyildilər. Bu dövrdə əkinçilik və heyvandarlıq yoxdu. Paleolit dövründə həyatın sosial təşkili haqqında elmin əldə etdiyi nəticələr azdır və aydın deyil.

Mağara və qaya sığınacaqlarının divarlarına çəkilən şəkillər bu dövrün nəzərə çarpan xüsusiyyətlərindəndir.

Paleolit dövrü aşağı paleolit (təqribən 300 min il bundan əvvəl və daha qədim zaman), orta paleolit (təqribən 300 min il əvvəl ilə 30 min il əvvəlin arası) və yuxarı paleolit (təqribən 40 min il əvvəl ilə 10-12 min il əvvəlin arası) olaraq üç hissəyə ayrılır.

0 şərh