Biokimyəvi nəzarətin təşkili, növləri və vəzifələri

Maddələr mübadiləsi göstəricilərinin təyin olunması kompleks yoxlamanın aşağıdakı vəzifələrini həll etməyə imkan verir: idmançı orqanizminin funksional vəziyyətinə nəzarət etmək, məşq prosesində orqanizmin funksional və energetik sistemlərində gedən adaptasiya dəyişikliklərini müşahidə etmək, idmançılarda metabolizmin patoloji dəyişikliklərinin diaqnostikası və s. Biokimyəvi nəzarət həmçinin orqanizmin fiziki yükə qarşı reaksiyasını, farmakoloji və digər bərpaedici vasitələrin qəbulunun məqsədəuyğunluğunu və s. müəyyən etməyə imkan verir. Əzələ işinin, eləcə də xarici mühit amillərinin idmançı orqanizminə göstərdiyi təsiri və onun yaratdığı dəyişikliklərin səviyyəsini biokimyəvi nəzarətin köməyi ilə müəyyən etmək olar. Bununla əlaqədar idman praktikasında idmançı hazırlığının müxtəlif mərhələlərində biokimyəvi nəzarətdən istifadə olunur.
Yüksək dərəcəli idmançıların hazırlığının illik məşq dövründə bio-kimyəvi nəzarətin müxtəlif növləri müəyyən edilir:
- plana əsasən keçirilən cari yoxlamalar;
- ildə 3-4 dəfə keçirilən mərhələli kompleks yoxlamalar;
- ildə 2 dəfə keçirilən dərin kompleks yoxlamalar;
- yarış fəaliyyətinin yoxlanılması.
Cari yoxlamalar əsasında idmançının funksional vəziyyəti müəyyən olunur. Bu yoxlamalar məşqolunmanın əsas göstəricilərindən biri sayılır, fiziki yükün sürəti və saxlanılmış məşq effektinin səviyyəsi qiymətləndirilir. Məşqlərin gedişində fiziki yüklərin korreksiyası aparılır.
İdmançılar mərhələli və dərin kompleks yoxlanılması prosesində bio-kimyəvi göstəricilərin köməyi ilə məşqin kumulyativ effektini qiymətləndirmək olar. Belə ki, biokimyəvi nəzarət həkimə pedaqoqa, məşqçiyə məşqin inkişafı və orqanizmin funksional sistemi haqqında məlumat almağa imkan verir. Biokimyəvi yoxlanmanın təşkili və aparılmasında əsas biokimyəvi göstəricilərin seçilməsidir. Bu cür göstəricilər testləşdirilən zaman onların məlumatlığı, öyrənilən prosesin mahiyyətini əks etdirməsi, idman nəticələri ilə qarşılıqlı əlaqəsi nəzərə alınmalıdır. Hər ayrıca götürülmüş hal üçün müxtəlif biokimyəvi testlərdən istifadə olunur. Çünki, əzələ işi zamanı metabolizmin ayrı-ayrı sahələri müxtəlif formada dəyişir. Maddələr mübadiləsinin o sahələrinin dəyişilməsi əsas sayılır ki, bu dəyişikliklər verilmiş idman növü üçün işgörmə qabiliyyətinin təmin olunmasında iştirak etsin. Biokimyəvi yoxlamalarda istifadə olunan metodların, onların dəqiqliyinin və həqiqiliyinin də əhəmiyyəti böyükdür. Bu metodların müəyyən olunması və maddələr mübadiləsinin gedişi haqqında dəqiq məlumatın alınması da əhəmiyyətlidir. Hazırda idman praktikasında laboratoriya ekspress metodlarından istifadə olunur ki, bunların köməyi ilə 60-a qədər biokimyəvi göstəricini müəyyənləşdirmək mümkündür. Bu məqsədlə LP-400 cihazı vasitəsilə (İsveçrənin «Doktor Lange» firmasının istehsalı) qan plazmasında müxtəlif biokimyəvi göstəricilər ani olaraq təyin olunur. Idmançıların funksional halının ekspress metodun vasitəsilə müəyyən olunmasına akademik V.Q.Şahbazovun təklif etdiyi yeni metod da əlavə olunur. Bu metodun köməyi ilə insanın energetik halı epiteli hüceyrələri növlərinin bioelektrik xüsusiyyətlərinin orqanizmin fizioloji halından asılı olaraq dəyişilməsi müəyyən edilir. Bu metod orqanizmin hemostazında baş verən dəyişiklikləri müəyyən etməyə imkan verir. Əzələ işi zamanı yorulma və digər dəyişikliklər haqqında məlumatı da bu metodun köməyi ilə əldə etmək mümkündür. Təlim-məşq proseslərində idmançı orqanizminin funksional halına nəzarəti öyrənmək üçün xüsusi diaqnostik ekspress-dəstdən (komplektdən) istifadə etməklə sidiyin biokimyəvi analizi aparılır. Bu ekspress dəstlərdən istifadə edərək sidiyin tərkibindəki qlükozanı, zülalı, vitamin C-ni, keton cisimciklərini, sidik cövhərini, hemoqlobini, nitratları və s. müəyyən etmək mümkündür. Bu zaman indikatorun üzərinə çəkilmiş reaktivlə müəyyən olunacaq maddə reaksiyaya girərək indikatorun rənginin dəyişilməsinə səbəb olur. Adətən tədqiq olunacaq sidikdən bir damla «Qlükotest», «Pentafan» və ya «Medi-testin» indikatorun, yaxud diaqnostik testlərin üzərinə qoyulur və 1 dəqiqədən sonra indikatorun şkalası ilə tutoşdurulur.
Eyni biokimyəvi metod müxtəlif məsələnin həlli üçün istifadə oluna bilər. Belə ki, qanda süd turşusunun təyini məşqolunma səviyyəsini, istifadə olunan hərəkətin istiqamətini və effektliyini, həmçinin də ayrı-ayrı idman növü ilə məşğul olmaq üçün şəxslərin seçilməsində istifadə edilir.
Qarşıda qoyulan məsələnin həllindən asılı olaraq biokimyəvi göstəricilər məşq etmiş və məşq etməmiş insanlarda nisbi sakitlik vaxtı çox da fərqlənmir. Onların biokimyəvi xüsusiyyətlərini aşkara çıxartmaq üçün səhər ac qalma (fizioloji norma), fiziki yüklərin təsiri dinamikası zamanı və onlardan sonra, eləcə də bərpa dövrünün müxtəlif vaxtlarında tədqiqatlar aparılır.
İdmançıların tibbi müayinəsində müxtəlif testləşdirilmiş yüklərdən istifadə olunur. Bu yüklər standart və maksimal (son hədd) ola bilər. Standart fiziki yüklər o yüklərə deyilir ki, görülən işin miqdarı və şiddəti xüsusi cihazların - erqometrlərin köməyi ilə məhdudlaşdırılır. Steperqometriyadan (məsələn, Harvard step-testi), veloerqometriyadan (veloerqometrdə qeyd olunmuş iş), qeyd olunmuş sürətlə hərəkət edən lentdə - tredmildə verilən yüklərdən idman praktikasında geniş istifadə olunur. Hazırda elə diaqnostik komplekslər mövcuddur ki, onların köməyi ilə xüsusi dozalaşdırılmış fiziki yükü yerinə yetirmək mümkündür (məsələn, üzən tredmil, dişli erqometr. inersion veloerqometrlər və s.). Standart fiziki yüklərin köməyi ilə ayrı-ayrı fərd metabolik dəyişiklikləri ayırd etməyə imkan verir. Bu göstəricilərdən orqanizmin məşq olunmasını xarakterizə etmək üçün istifadə olunur.
Maksimal fiziki yüklər idmançıların hazırlanmasının müxtəlif mərhələlərində xüsusi məşq olunmanın səviyyəsini müəyyən edir. Bu halda verilmiş idman növü üçün xarakterik olan yüklərdən yararlanmaq lazım gəlir. Onlar verilmiş hərəkətdə maksimal intensivliklə icra olunur. Testləşdirilmiş yükləri seçən zaman nəzərə almaq lazımdır ki, insan orqanizminin fiziki yükə qarşı reaksiyası məşqolunma səviyyəsindən asılı olmayan amillərdən, xüsusilə də testləşdirilmiş hərəkət növündən, idmançının ixtisasından, ətraf mühitdən, havanın temperaturundan, günün vaxtından və s. asılı olur.
İdmançıların istifadə etdiyi fiziki yüklərin şiddəti, intensivliyin və müddətin müəyyən olunmasının əsas şərtlərindən sayılır.
Tədqiqatların nəticəsinə ətraf mühitin temperaturu, testləşdirilmənin vaxtı və idmançının səhhəti təsir göstərir. İdmançılarda ən aşağı işgörmə qabiliyyəti ətraf mühitin yüksək temperaturunda, həmçinin səhər və axşam müşahidə olunur. Testləşdirilmiş yoxlamalara idman məşğələlərində olduğu kimi tam sağlam idmançılar buraxılmalıdır. Testləşdirilmiş biokimyəvi nəzarət nisbi istirahətdən sonra, səhər ac qarına aparılır və gün ərzində təkrarlanır. Yoxlanılmalar aparılan zaman ətraf mühitin temperaturu nəzərə alınmalıdır. Havanın temperaturu dəyişkən olduqda, alınan nəticələr müxtəlif olur.
Fiziki yüklərin təsiri altında biokimyəvi göstəricilərin dəyişilməsi məşqin dərəcəsindən, yükün həcmi, anaerob və ya aerob yönümlüyündən, idmançının cinsindən və yaşından asılı olur. Biokimyəvi göstəricilər standart fiziki yükdən soma əsasən az məşq etmiş idmançılarda, maksimal fiziki yükdən sonra isə çox məşq etmiş idmançılarda baş verir.
Mənbə İdman Biokimyası dərsliyi 2-ci cild
Müəllif Q.M.Məmmədyarov,S.A.Əliyev

0 şərh