İkinci dünya müharibəsinin başlanması və gedişi

Mövcud nüfuz dairələrini, xammal və satış bazarlarını yenidən bölüşdürmək uğrunda mübarizə güclənmişdi. Versal-Vaşinqton sisteminin sərt, ağır və ədalətsiz şərtlərindən narazı olan Almaniya və Yaponiyada millətçilik, irqçilik və qisasçılıq, İtaliyada revanşizm meyli şiddətlənmişdi. SSRİ Şərqi Avropanı ələ keçirməyə, Qara dəniz boğazlarında, Ön və Cənubi Asiyada, Uzun Şərqdə nüfuz dairəsini genişləndirməyə çalışırdı. Böyük Britaniya, Fransa və ABŞ öz xammal və satış bazarlarını, nüfuz dairələrini qoruyub saxlamaq əzmində idilər. İkinci Dünya müharibəsinin səbəblərindən biri də liberal-demokratik dövlətlərin totalitar rejimləri – faşizmi və kommunizmi, nasizmi və bolşevizmi bir-birinə qarşı qoyub zəiflətmək və məhv etmək cəhdi idi.

Müharibənin digər mühüm səbəblərindən biri də liberal-demokratik dövlətlər və SSRİ tərəfindən faşizm, nasizm təhlükəsinin lazımınca qiymətləndirilməməsi olmuşdu. İkinci Dünya müharibəsini xronoloji baxımdan üç böyük dövrə bölmək olar. Birinci dövr 1939-cu il, sentyabrın 1-dən 1942-ci ilin iyun ayınadək davam etmişdi. Bu dövr təcavüzkarın üstünlüyü şəraitində müharibənin miqyasının genişlənməsi ilə səciyyələnir. İkinci dövr – 1942-ci ilin iyun – 1944-cü ilin yanvar ayları – təşəbbüskarlıq və üstünlük antihitler koalisiyasının əlinə keçmiş əsaslı dönüş dövrüdür. 1944-cü ilin yanvarından 1945-ci ilin 2 sentyabrınadək olan üçüncü dövr faşist bloku dövlətləri ordularının darmadağın edilməsi, təcavüzkar dövlətlərdə hakim rejimlərin böhranı və dağılması ilə əlaqədardır. İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniya qoşunlarının Polşaya hücumu ilə başlandı. Alman ordusu Polşa qoşunlarının müdafiə xəttini yarıb ölkənin içərilərinə doğru sürətlə irəlilədi. Polşa hökuməti ölkəni tərk etməyə məcbur oldu. Oktyabrın 2-də Polşa ordusunun müqavimət göstərən son hissələri də təslim oldular. Polşa Almaniya hərbi təcavüzünün və nasist irqi nəzəriyyəsinin ilk qurbanı oldu. Böyük Britaniya və Fransa sentyabrın 3-də Almaniyaya müharibə elan etsələr də, ona qarşı fəal hərbi əməliyyatlara girmədilər. Hərbi qüvvə cəhətdən üstünlük təşkil etsələr də, Fransa və Böyük Britaniya 1940-cı il mayın əvvəllərinə kimi düşmənə qarşı fəal hərbi əməliyyatlar aparmadılar.

Qərb cəbhəsində buna görə İkinci Dünya müharibəsinin bu dövrü tarixə “Qəribə müharibə” adı ilə daxil olmuşdur. Almaniya ilə bağlanan protokola əsasən 1939-cu il sentyabrın 17-də Sovet qoşunları Polşaya qarşı müharibəyə başlayaraq, Qərbi Ukrayna və Qərbi Belorus torpaqlarını ələ keçirdi. Həmin ərazilər SSRİ-yə birləşdirildi. 1939-cu il, sentyabrın 28-də SSRİ ilə Almaniya arasında imzalanmış “Dostluq və sərhədlər haqqında” müqavilə Polşanın bölüşdürülməsini təsdiq etdi. 1939-1940-cı illərdə SSRİ Karel-Fini, Estoniya, Litva, Latviya, Bessarabiya və Şimali Bukovinanı işğal etdi. Təcavüzkar hərəkətlərinə görə SSRİ 1939-cu il, dekabrın 14-də Millətlər Cəmiyyətindən çıxarıldı. Almaniya 1940-cı ilin aprelində müharibədə bitərəflik mövqeyi tutan Danimarkanı, iyunda isə Norveçi təslim etdi. Mayın 10-da Hollandiya bə Belçika təslim oldu. Almanlar Kale limanını ələ keçirib mayın sonlarında 340 minlik ingilis-fransız-belçika qoşun birləşməsini Dünkerk rayonunda sahilə sıxışdırdılar. Hitlerin əmri ilə hücum dayandırıldı. Bu hadisə tarixə “Dünkerk möcüzəsi” adı ilə daxil oldu. Böyük Britaniya çox çətinliklə ordunun bir hissəsini mühasirədən çıxara bildi. Hərbi texnika isə düşmənə qaldı. Mayın 26-da alman qoşunu Fransaya hücum etdi. Son müdafiə döyüşü Ema çayı yaxınlığında baş verdi. “Majino müdafiə xətti” yaradıldı. Alman qoşunları iyunun 14-də Parisə daxil oldu. Hökumətin yeni başçısı, fransız faşistlərinin lideri marşal A.Peten Almaniyadan barışıq istədi. Barışıq sazişi iyunun 22-də Kompyen meşəsində, Foşun 1918-ci ildə Almaniyanın təslim olması haqqında barışıq imzalanmış qərargah-vaqonunda imzalandı.

Barışıq şərtinə görə Fransa iki hissəyə parçalandı: faşistlər tərəfindən istila olunmuş şimal, mərkəzi Vişi qəsəbəsi olan və Fransa hökumətinə tabe olan cənub hissələrinə. Vişi hökumətinin kiçik ordusu vardı. Donanması ləğv edilmişdi. Fransa müstəmləkələrinə inzibati rəhbərlik bu hökumətə məxsus idi. Ölkə Konstitusiyası ləğv edilmiş, Petenə qeyri-məhdud hakimiyyət verilmişdi. Kollaborsionist Vişi rejimi 1944-cü ilin avqustunadək yaşamışdı. Fransanın antifaşist qüvvələri isə general Şarl de Qollun İngiltərədə təşkil etdiyi “Azad Fransa” komitəsi ətrafında birləşib işğalçılara qarşı mübarizəni davam etdirirdilər. Fransa məğlub olduqdan sonra Qərbdə Almaniya əleyhinə kontinental cəbhə ləğv olundu. Almaniya və Böyük Britaniya bir-birinə qarşı hava hücumları yolu ilə döyüşməyə başladılar. Almaniya 1940-cı ilin avqustundan 1941-ci ilin mayına kimi Böyük Britaniyanı müharibədən çıxarmaq məqsədilə “Dəniz şiri” şərti adı altında onun şəhər və hərbi obyektlərini bombardman etməyə başladı. Almaniya təcavüzünə müqavimət göstərən yeganə dövlət Böyük Britaniya idi. Hərbi-dəniz donanması cəhətdən Böyük Britaniyadan zəif olan Almaniyanın 1940-cı ilin iyulunda başladığı desant əməliyyatından imtina etməsi də vəziyyəti yüngülləşdirdi. Böyük Britaniya faşistlərin güclü və aramsız hava hücumlarına məruz qalmasına baxmayaraq döyüşürdü. İkinci Dünya müharibəsinin döyüş cəbhələrindən biri də Şimali Afrika idi.

1940-cı il, iyunun 10-da Böyük Britaniya və Fransaya qarşı müharibəyə başlayan İtaliyanın Həbəşistandakı ordusu avqust ayında hücum edib Keniyanın bir hissəsini, Sudanın mühüm məntəqələrini və Britaniya Somalisini ələ keçirdi. Oktyabrda isə Süveyş kanalını tutmaq üçün Liviyaya və Misirə soxuldu. Lakin Böyük Britaniya qoşunları tezliklə təşəbbüsü ələ alıb italyan ordusunu Həbəşistanda təslim olmağa məcbur etdilər. Dekabrın 9-da isə hücuma keçib, az bir vaxtda, Misiri tam azad etdilər. 1941-ci ilin yanvarında Afrikadakı İtaliya ordusu darmadağın edildi. Hitler italyan faşistlərinə kömək göndərməyə məcbur oldu. Alman-italyan qoşunları Şimali Afrikada hücuma keçdilər. Tobrukdakı ingilis hissələrini mühasirəyə aldılar. Lakin onların hücumları dəf edildi. Alman-italyan qoşunlarının Süveyş kanalını ələ keçirmək niyyəti baş tutmadı. Yanvar-may aylarında ingilis qoşunları Britaniya və İtaliya somalilərini, Keniya, Sudan, Həbəşistan və Eritriyanı italyanlardan azad etdi. 1941-ci ilin aprelində Yuqoslaviya və Yunanıstan danışıqsız təslim oldular. Balkanlarda ingilislərin mövqelərinə ciddi zərbə endirildi. Britaniya korpusu geriyə — Misirə qaytarıldı. Şərqdə Yaponiya Çinin böyük bir hissəsini işğal etmişdi. Fransanın məğlubiyyətindən sonra yaponlar öz hərbi hissələrini onun müstəmləkələrində — Vyetnam, Laos və Kampuçiyada yerləşirdi. Antifaşist müqavimət hərəkatı 1939-1941-ci illərdə meydana gəlmişdi. Bu hərəkatın sıralarında Fransa, Yuqoslaviya, Yunanıstan, Norveç, Polşa, Çexoslovakiya, Çin və b. ölkələrdən milyondan çox adam vuruşmuşdu.

SSRİ-nin almanlar tərəfindən zəbt edilmiş ərazilərində də antifaşist partizan hərəkatı geniş miqyas almışdı. Partizan hərəkatında bir milyondan çox adam iştirak etmişdi. Onlar düşmənin bir milyondan artıq asgər və zabitini məhv etmiş və əsir almışdılar.

0 şərh