Müharibənin başlanması

XX əsrin 30-cu illərinin sonu üçün dünyada beynəlxalq vəziyyət olmazın dərəcəsində gərginləşmişdi. Bu zaman dünyada üç siyasi sistem: burjua-demokratik, sosializm və faşist-militarist sistemlər qarşı-qarşıya durmuşdu (marksist ədəbiyyatda iki sistemin: kapitalizm və sosializmin olduğu göstərilirdi). Müharibəyə ciddi hazırlaşan Almaniyanı cilovlamaq üçün başlıca qüvvə burjua-demokratik və sosializm sistemlərinin bloku olardı. Lakin burjua-demokratik qüvvələrin təqsiri üzündən belə blok yaradıla bilmədi. 1939-cu ilin martı-avqustu ərzində apardan ingilis-fransız-sovet danışıqları uğur qazanmadı. Bunun başlıca səbəbi burjua-demokratik sistemin sovet totalitarizminə faşizmə nisbətən daha qatı düşmən kimi baxması idi. Onların fikrincə, dünya sivilizasiyası üçün kommunizmə qarşı açıqcasına səlib yürüşü elan edən faşizmə nisbətən sovet totalitarizmi daha çox təhlükəli idi. Buna görə də ikinci dünya müharibəsinin qarşısını almaq mümkün olmadı. Bundan istifadə edən Almaniya sürətlə silahlanmağa başladı. 1934-1939-cu illərdə ölkədə hərbi istehsal 22 dəfə, qoşunların sayı 35 dəfə artdı. Sənaye istehsalının həcminə görə o, dünyada ikinci yerə çıxdı.

Alman-sovet ittifaqı


Burjua-demokratik və sosializm qüvvələrinin faşizmə alternativ ittifaq yarada bilmədiklərini görən Almaniya 1939-cu ilin avqustunda SSRİ-yə hücum etməmək barədə müqavilə imzalamağı təklif etdi. Gözlənilmədən, 1939-cu il avqustun 23-də dünya müharibəsinin başlanmasına 8 gün qalmış, Almaniya və SSRİ arasında 10 il müddətinə bir-birinə hücum etməmək haqqında müqavilə imzalandı. Müqavilədə tərəflər bir-birinə qarşı hər cür zorakılıqdan, hər cür təcavüzkar hərəkətdən imtina etməyi öhdələrinə götürdülər.
Bununla yanaşı tərəflər gizli olaraq 1939-cu il 23 avqust müqaviləsinə əlavə protokol da imzaladılar. Həmin protokolda Baltik dənizindən Qara dənizədək ərazidə hər iki tərəfin «maraq dairəsi», habelə Almaniyanın şərqdəki sərhədləri müəyyənləşdirildi. Alman qoşunları şərqdə Tissa, Narev, Visla və San çayları xəttinə qədər irəliləyə bilərdilər, Almaniya Latviyaya, Estoniyaya və Finlandiyaya (sonradan Litva da buraya əlavə olundu) hücum etməməyi öhdəsinə götürdü. Habelə, o zaman Polşanın tərkibinə daxil olan Qərbi Ukraynanın və Qərbi Belarusiyanın taleyi SSRİ-nin razılığı olmadan həll olunmamalıydı. Əslində həmin rayonlar SSRİ-yə verilirdi. Rumıniyanın tərkibində olan Bessarabiya barəsində də belə razılığa gəlinmişdi.
Qeyd edək ki, 1939-cu il 23 avqust protokolu ilə 1939-1941ci illərdə Almaniya ilə bağlanmış digər sazişlər uzun müddət gizli saxlanılmışdı. Onlara ancaq 1989-cu ildə SSRİ xalq deputatları qurultayında doğru-düzgün siyasi qiymət verilmişdi.

İkinci Dünya müharibəsinin başlanması


1939-cu il 23 avqust tarixli alman-sovet sazişi Hitlerin hələ çoxdan hazırladığı Polşaya hücum planını həyata keçirmək üçün son qərara gəlməsinə imkan verdi. 1939-cu il sentyabrın 1-də Almaniya Polşa üzərinə hücuma keçdi. Fitnə-fəsad yolu ilə hücuma keçən Almaniya sərhədləri pozaraq Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi.

Sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. İkinci dünya müharibəsi başlandı. Sentyabrın 3-10 arasında Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşuldular. ABŞ özünü bitərəf elan etdi. Yaponiya Avropa müharibəsinə qarışmadığını bildirdi.
İkinci dünya müharibəsinin başlanmasının başlıca səbəbləri: əvvala, birinci dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton sisteminin çox sərt və alçaldıcı olması; ikinci, Avropanın mərkəzində, Almaniyada qisasçılıq və militarizm ideyasının yüksək dərəcədə inkişaf etməsi; üçüncü, Hitler «reyx»inin irqçilik, «dəyərsiz xalqları» əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına nail olmaq iddiaları; dördüncü, Qərb dövlətlərinin, xüsusən İngiltərə və Fransanın nasizmin bəşəriyyət üçün təhlükə olmaq mahiyyətini dərk etməmələri, hətta onu şirnikləndirmək və sakitləşdirmək siyasətləri; beşinci, iri dövlətlərin, o cümlədən ABŞ-in «qarışmamaq» mövqeyi tutmaları; altıncı, ABŞ başda olmaqla iri dövlətlərin Almaniyanın iqtisadi-hərbi cəhətdən dirçəlməsinə yardım etmələri; yeddinci, sosializmə nifrət edən burjua-demokratik ölkələrin SSRİ ilə birlikdə faşizmə qarşı vaxtında alternativ ittifaq yaratmaq zəruriyyətini dərk etməmələri; səkkizinci, SSRİ-nin müharibəni özündən uzaqlaşdırmaq üçün Almaniyaya güzəştlər etməsi, hətta onunla iqtisadi əlaqələr yaratması; doqquzuncu, 30-cu illərin axırları üçün Avropada və Şərqdə hərbi-sənaye komplekslərinin olmazın dərəcədə şişməsi və i. a. idi.
 
İkinci dünya müharibəsində 110 milyon adam silahlandırılmışdı. Müharibədə dünya əhalisinin 4/5-ni, yəni 1,7 milyardını təmsil edən 61 ölkə iştirak etmişdi. Döyüş əməliyyatları yer kürəsinin 3 qitəsində — Avropada, Asiyada və Afrikada, habelə Okeaniya, Atlantik və Sakit okeanları rayonlarında aparılmışdı.
İkinci dünya müharibəsi tarixini 3 mərhələyə bölmək olar:
 

0 şərh