Azərbaycan iqtisadiyyatının hərbiləşdirilməsi

Böyük Vətən müharibəsinin başlandığı ilk gündən Azər- baycan xalqı ayağa qalxdı, səfərbər edildi, müsəlləh əsgər kimi döyüşə atıldı və SSRİ-nin başqa xalqları ilə çiyin-çiyinə almanfaşist işğalçılarına qarşı mübarizəyə başladı. Azərbaycan K(b)P MK 1941-ci il iyunun 28-də bütün partiya komitələrinə, yerli təşkilatlara və hakimiyyət orqanlarına məktub göndərdi. Məktubda bütün iş formalarını və hərəkət mexanizmini müharibənin tələblərinə uyğun yenidən qurmaq, xalqın sayıqlığını yüksəltmək, ehtiyat qüvvələrini səfərbər etmək barədə ciddi tapşırıqlar verildi. DMK-nın qərarına uyğun olaraq, respublikamızda ordu üçün sürətlə ehtiyat qüvvələri hazırlamaq və 16 yaşından 50 yaşınadək kişilərə məcburi hərbi təlim vermək sahəsində iş aparılırdı. Xalq təsərrüfatını hərbi qaydada yenidən qurmaq məsələsi Azərbaycan dövlətinin fəaliyyətində diqqət mərkəzində dayanırdı. Bununla belə Azərbaycan xalqı və Azərbaycan Respublikası çətin vəziyyətə düşmüşdü. Ona görə ki, təcrübəli kadrlar, işi bacaran qabaqcıl mütəxəssislər, hətta idarə və müəssisə rəhbərləri cəbhəyə getmişdilər. Azərbaycan neftçilərinin 45 faizi orduya getmişdi. Onları isə təcrübəsi olmayan, az yaşlı uşaqlar, qızlar və qadınlar əvəz etmişdilər. İşi bacarmadıqlarına görə bəzi sənaye sahələri, neft mədənləri fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Vaxt isə gözləmirdi. Mərkəz Bakıdan çoxlu yanacaq və digər ərzaq məhsulları tələb edirdi.

1941-ci ilin noyabrında Azərb.K(b)P MK və Bakı Komitəsinin plenumunda sənayenin işi haqqında məsələ müzakirə olundu və xalq təsərrüfatını hərbi qaydada yenidən qurmaq üçün yerli partiya və hakimiyyət orqanlarına konkret tapşırıqlar verildi. 1941-ci ilin dekabrında Azərb.K(b)P MK plenumu respublikanın xalq təsərrüfatını hərbi qaydada yenidən qurmağa dair ciddi tapşırıqlar verdi.
Müharibənin ilk günündən Azərbaycan xalqı «Hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarı ilə alman faşizminə qarşı mübarizəyə qalxdı. İyunun 22-də Bakıda izdihamlı mintinq keçirildi. Hamı bir nəfər kimi cəbhəyə getmək barədə öhdəliklər götürdü. Respublikanın bütün rayonlarında hərbi komissarlıqlara gedib könüllü cəbhəyə göndərilmələrini xahiş edən on minlərlə gənc növbələrə dayanırdılar. Müharibənin birinci üç günündə Azərbaycandan 18 min nəfər könüllü ordu sıralarına yola düşdü. İlk günlərdə Azərbaycanın 40 mindən çox gənc oğlan və qızı cəbhəyə getmək üçün hərbi komissarlıqlara ərizə verdi. Qısa müddətdə 186.704 nəfər xalq qoşunu dəstələrinə yazıldı. Bakı şəhərində xalq qoşunu dəstələrinə 61.780 nəfər yazılmış və 20 rota təşkil olunmuşdu. Bakı ətrafında yarıdılmış müdafıə zonası xalq qoşunu dəstəsində 12 min döyüşçü fəal iştirak edirdi. 1941-ci ilin avqustunda Bakıda üç — 101, 102 və 103-cü xalq qoşunu diviziyaları yaradıldı. Bu dviziyalarda 21.259 nəfər döyüşçü vardı. DMK-nın qərarına uyğun olaraq 16-50 yaşlarında olan kişilərə ümumi hərbi təlim keçirilirdi. 1941-ci ilin oktyabrından 1942-ci ilin dekabrınadək respublikada 172.209 nəfər hərbi təlim keçmiş, 29.925 atıcı, 1255 snayper, 363 minamyotçu, 747 pulemyotçu və b. hazırlanmışdı. Azərbaycanda 1941-1945-ci illərdə ümumi icbari hərbi təlim xətti ilə 6500 nəfərdən çox tibb bacısı, 51.254 nəfər döyüşçü hazırlanmışdı. Yaradılan qırıcı batalyonlarda işləmək üçün 12 min nəfər səfərbər edilmişdi. 1941-ci ilin iyul-oktyabr aylarında respublikada 30.480 nəfər səfərbər olundu. 1943-cü il yanvarın 1-nə qədər respublikada 464 min nəfər orduya çağrılmışdı. Respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafıə dəstəsi, 15 min nəfərlik HHM (hava hücumundan müdafıə) dəstələri yaradıldı.

Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbayandan orduya 700 minə qədər adam səfərbər olunmuşdu ki, onların 11 mindən çoxu qadın idi.
Rus dilini bilməmək Azərbaycanlı döyüşçülər üçün çətinlik törədirdi. Bunu nəzərə alaraq Azərb.KP MK-nın hərbi şöbəsi 1941-ci il oktyabrın 23-də Zaqafqaziya cəbhəsinin Siyasi İdarəsinə müraciət etdi. Bundan sonra azərbaycanlı döyüşçülərə 90 saatlıq proqram tədris edildi ki, bunun da çox böyük əhəmiyyəti oldu.
Bakıda, Naxçıvanda, Gəncədə və respublikanın digər bölgələrində müdafıəyə hazırlıq işləri görülür, hətta pioner və məktəblilər də səfərbər edilmişdilər. Yaşayış məntəqələrini qorumaq üçün xalq drujina dəstələri, tibb dəstələri yaradılırdı. Naxçıvan şəhərində 185 dərnək təşkil edilmiş, onlara 6.212 nəfər cəlb edilmiş, 31 özünümüdafıə qrupu yaradılmışdı. Bakının on minlərlə əhalisi müdafıə mövqelərinin yaradılmasına cəlb edilmişdi. Gəncədə 12 sənaye müəssisəsi müharibənin tələbləri əsasında yenidən qurulmuş, 26 adda hərbi məhsul istehsal edilirdi. Ölkənin müdafıə fonduna Azərbaycandan 1941-1942-ci illərdə 5457 yük maşını, 672 minik avtomobili, 476 traktor, 50 min at göndərilmişdi. Azərbaycan neftçiləri təkcə 1941-ci ildə 23.481 min ton neft çıxarmışlar. Bu, respublika neft sənayesi tarixində rekord göstərici idi.
Beləliklə, müharibə başlanan gündən Azərbaycan xalqı cəbhəyə bütün varlığı ilə kömək edir, onu yanacaq və ərzaqla təmin edir, canlı qüvvə və müxtəlif texnika ilə yardım edir, ağır vəziyyətdə olmasına baxmayaraq fədakarlıq, mətinlik, dözümlülük, əzmkarlıq və əsil qəhrəmanlıq nümayiş etdirirdilər.
Müharibə illərində Sovet Ordusunun silahla, döyüş sursatı ilə, ərzaqla, yanacaqla təchizatının ən güclü cəbbəxanalarından biri Sovet Azərbaycanı, neft Bakısı idi. Bakı sözün əsil mənasında Sovet Silahlı Qüwələrinin və döyüşən cəbhənin cəbbəxanası idi. O qanlı-qadalı illərdə neft sənayesinin rolu xüsusilə artmışdı. Bakı şəhərində hərbi sənaye potensialı, neft sənayesinin müxtəlif sahələri, tibbi xidmət sahəsi güclü inkişaf etmişdi. Müharibə başlanan kimi Bakının bir çox sənaye müəssisələri funksiyalarını dəyişdirib fasiləsiz olaraq hərbi məhsul istehsal etməyə başladılar. Bakı döyüşən ordunun əsil cəbbəxanası, «motorlar mübaribəsi»ni aparan hərbi texnikanı yanacaqla təmin edən güclü və etibarlı baza, 130 növ silah istehsal edən potensial cəbbəxana idi. Bütün bunları Hitler bilirdi və ona görə də Bakının işğalına xüsusi diqqət verirdi. «...Hitlerin ad gününə hazırlanmış böyük tortun üzərində Azərbaycanın xəritəsi, Bakı göstərilmişdi. Həmin o vaxt deyilmişdi ki, Bakını ələ keçirə bilsək, qələbəni əldə etmiş olcağıq».
Bakıda fəaliyyət göstərən xalq təsərrüfatı əhəmiyyətli zavodlar cəbhə və döyüşən ordu üçün silah və hərbi sursat istehsal edirdilər. 1941-ci ilin dekabrında noyabrla müqayisədə 50 mm minomyot istehsalı 6 dəfə, əl qumbarası 5 dəfə, PPŞ avtomat silahı 20 dəfə artdı. Kütləvi döyüş sursatı hesab olunan mina, aviasiya bombası, əl qumbarası istehsalına başlanıldı. 1941-ci ilin dekabrından «Yak-3» qırıcı bombardmançı təyyarələrin istehsalına başlandı. 1942-ci ilin əvvəlindən başlayaraq cəbhənin sifarişlərini yerinə yetirən təyyarə təmiri zavodu tikildi. «Motorlar müharibəsi» deyilən müharibənin lap əvvəlindən Bakı ölkənin başlıca yanacaq bazasına çevrilib, döyüşən ordunu fasiləsiz olraq yanacaqla, neft və benzinlə, mazut, vazelein və digər sürtgü yağları ilə təmin edirdi. Neft məhsullarına və birinci növbədə motor yanacağına, sürtgü yağlarına və yüksək oktanlı benzinə cəbhənin tələbatını ödəmək məqsədilə qısa müddətdə geniş benzin — liqroin fraksiyasını təkrar emal edən bir sıra qurğular istifadəyə verildi. Aviasiya yağlarının alınmasının yeni texnologiyası işlənib hazırlandı, xüsusi təyinatlı sürtgü yağlarının istehsalı artdı, keyfıyyəti yaxşılaşdı.
Neft sənayesinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə DMK-nın qərarı ilə ölkənin Cənub və Qərb rayonlarından Bakıya 20 iri müəssisə qurğuları, o cümlədən 250 dəzgah, 12 vaqon maye tökən cihaz, 53 metalkəsən dəzgah və digər alətlər gətirildi. 1942-ci ilin əvvəlindən başlayaraq «Qırmızı proletariat», «Dzerjinski» adına zavod, «Şmidt» adına maşınqayırma zavodunda poladəritmə sexi işə düşdü. Beləliklə, Bakı cəbhənin hərbi sifarişlərini yerinə yetirməyə başladı və qısa müddətdə güclü strateji və hərbi bazaya çevrildi.
Bakıda aviabombaların istehsalına başlayan gəmi təmiri zavodunun, avtomobil təmiri zavodunun və başqa zavodların kollektivi 18-20 saat işləyir, müxtəlif cür silahlar isehsal edirdilər. Şmidt adına zavodda düşməni vahiməyə salan «katyuşa» hissələri istehsal olunurdu.
Bakı neftçiləri böyük əzmkarlıq və əmək xarüqələri göstərirdilər. «Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışır, cəbhəni və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər… 1941-ci ildə neftçilərimizin gərgin səyləri nəticəsində Azərbaycanın tarixində rekord həcmdə 23,5 milyon ton neft hasil olundu ki, bu da ittifaqda çıxarılan neftin 71,4 faizini təşkil edirdi». Bakı nefti Qızıl Ordunun ən etibarlı dayağı idi. Ölkədə istehsal edilən neftin 70-75%-ni, aviasiya benzini istehsalının 85-90%-ni Bakı verirdi. Ümumiyyətlə, müharibə illərində Bakı neftçiləri 75 milyon ton neft, 22 milyon ton benzin, 22 milyon ton sürtgü yağları, 6,5 milyard kubmetr qaz istehsal etmişdilər. Tanınmış dövlət xadimi N.Voznesenski yazırdı: «Bakı cəbhəni və ölkənin xalq təsərrüfatını neft məhsulları ilə fasiləsiz təmin edir, havada və yerdə yüz minlərlə motoru hərəkətə gətirirdi». Görkəmli Sovet sərkərdələri və marşalları G.G.Jukov, R.Y.Malinovski, F.İ.Tolbuxin və b. Bakının Böyük Vətən müharibəsində mühüm rolunu dönə-dönə qeyd etmişlər. Marşal G.G.Jukov yazırdı: «Bakı neftçiləri cəbhəyə və ölkəyə vətənimizin müdafıəsi üçün, düşmən üzərində tezliklə qələbə üçün nə qədər lazım idi, o qədər yanacaq vermişdilər».
Xəzər Dəniz Gəmiçiliyi İdarəsi və Bakının neft daşıyan donanması müharibə illərində böyük əmək xarüqələri, igidlik və qəhrəmanlıq göstərmişlər. 1941-ci il iyunun 1-nə olan məlumata görə Bakının Gəmiçilik İdarəsində 69 tanker və 76 yük gəmisi var idi. Bundan əlavə SSRİ Dəniz Donanması Xalq Komissarlığının göstərişi ilə sərnişin daşımaq məqsədilə 11 tanker ayrılmışdı. «Dağıstan», «Türkmənistan», «Qırğızıstan» sərnişin teploxodları yaralıları daşımaq üçün üzən qospitala çevrilmişdi. 1941-ci ilin avqustunda Xəzər Dəniz Gəmiçiliyinin 30 gəmisi döyüş əməliyyatlarında fəal iştirak etmişdi. 1942-ci ilin ortalarında Xəzər dənizində vəziyyət xeyli mürəkkəbləşmişdi. Stalinqrad istiqamətində və Qafqaz uğrunda aparılan döyüşlərlə əlaqədar faşist təyyarələri gəmilərimizi bombalayırdılar. Bu zaman Xəzər nəqliyyat donanmasında xüsusi cədvəl tərtib edilmiş və cəbhəyə göndərilən qoşunların və yüklərin daşındığı qatar və gəmilərin növbədənkənar hərəkəti nəzərdə tutulmuşdu. Həmin vaxtlarda Bakı dəmir yol qovşağına yüzlərlə vaqonlarla yük gəlir və Xəzər dənizi vasitəsilə gəmilərdə külli miqdarda döyüş sursatı, neft məhsulları yola salınırdı. Belə bir vaxtda Bakı neftinin daşınması çox təhlükəli və qorxulu idi. Ancaq Bakı neftçiləri eyni zamanda həm də düşmənə müqavimət göstərən igid bahadırlara çevrilirdilər. Neftdaşıyan donanmanı hava basqınlarından qorumaq üçün tankerlərə müdafıə topları və zenit pulemyotları qoyulurdu.
Bakı neftçiləri dünya təcrübəsində ilk dəfə olaraq neftlə doldurulmuş sisternləri gəmilərin yedəyinə alıb aparırdılar. Bu üsulla Xəzər dənizçiləri Bakıdan Krasnovodska 35 neftdaşıyan dəmiryol sisterni, Mahaçqaladan Krasnovodska hər birinin ağırlığı beş ton olan neft çənləri daşımışdılar. Rəşadətli əməyinə, qəhrəmanlığına və igidliyinə görə Xəzər Gəmiçiliyinin 1534 işçisi SSRİ orden və medalları ilə təltif olunmuş, 160 dəfə DMK-nin və SSRİ Neft Komissarlığının keçici Qırmızı Bayrağını almışdılar. Bakı neftçiləri 280 dəfə Ümumittifaq sosializm yarışının qalibi olmuşdur. Neftin hərbi- strateji əhəmiyyətini nəzərə alaraq DMK-nin qərarı ilə minlərlə gənc ordu sıralarına çağırışdan azad edilərək neft sənayesinə göndərilirdilər. Onlardan Sosialist Əməyi Qəhrəmanları Qurban Abbasov, Ağa Nemətulla, Musa Bayramov, Yusif Fərzəliyev, Məmməd Qəmbərov, Qaraş Əmirov, Məmməd Dünyamalıyev, görkəmli mədən qazma ustaları olan Baba Qafar Muradov, Rüstəm Rüstəmov, Gülbala Əliyev və b. yüksək ad-san çıxarmış, böyük şöhrət qazanmışdılar.
Müharibə illərində Bakı əməkçiləri döyüşən orduya çoxlu yeyinti məhsulları, ərzaq və geyim məmulatı göndərmişlər. Müharibə illərində Bakıdan cəbhəyə 1260 vaqon suxarı, 1100 vaqon makaron məmulatı, 1300 vaqon tütün və siqaret, 1800 vaqon konserv, 350 vaqon ərinmiş yağ, külli miqdarda ət məhsulları, ət-süd məmulatı göndərilmişdi. Bakıda güclü qospital (hərbi xəstəxana) bazası yaradılmışdı və burada minlərlə döyüşçü müalicə olunur, yenidən həyata qaytarılırdı. 1942-ci ilin sonunda Bakıda 31400 yerlik 41 hərbi xəstəxana var idi. Müharibə illərində Bakıda yaralıları müalicə edən çoxlu qospitallar fəaliyyət göstərirdi. Bu qospitallarda 441 mindən çox yaralı və xəstə müalicə olunmuşdu. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş 44 tibb işçisinin 2-si azərbaycanlı idi. Bakının ayrı-ayrı zavodlarında çoxlu dərman preparatları, müalicə üçün lazım olan tibbi ləvazimat istehsal olunurdu. Bakılılar 1942-ci ilin aprelində ölkənin müdafıə fonduna 20 milyon manat pul, çoxlu qızıl, gümüş, istiqraz və b. qiymətli əşyalar köçürmüşlər.
Müharibə illərində Azərbaycan Dəmir yolunun Bakı şöbəsindən 1 milyondan artıq vaqon yola salınmışdı. Alman faşizmi üzərində qələbənin əldə edilməsində böyük roluna və xidmətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 24 noyabr tarixli fərmanı ilə Bakı Lenin ordeni ilə təltif edildi. Ancaq bakılılar və bütün Azərbaycan xalqı gözləyirdi ki, doğma Bakımıza obyektiv qiymət veriləcək və Qəhrəman Şəhər adına layiq görüləcəkdir. Bakılıların buna tam mənəvi haqqı var. Ancaq nədənsə bu fəxri ad verilmədi. Bu da mərkəzin qeyri-obyektiv mövqeyidir.
Müharibə Azərbaycan xalqının dinc əməyini dayandırdı və bütün respublika ərazisində yeni iş rejiminə keçildi. Sutkanın 18-20 saatını işləməyə başladılar. Müharibə Azərbaycan kəndindən də yan ötmədi. Azərbaycanın kənd əməkçiləri üzərində ağır yük qoyuldu. Qəhrəman və mərd Azərbaycan xalqı bütün varlığı ilə müharibədə iştirak edirdi. 1941-1943-cü illərdə Azərbaycan xalqı ölkənin müdafıə fonduna 15,5 kq qızıl, 952,5 kq gümüş, 311 milyon manatlıq istiqraz verdi, müharibə dövründə 1,5 milyard manatlıq istiqraz və lotareya aldı, tank və təyyarə dəstələri fonduna 230 milyon manat pul ayırdı. Müharibə illərində Azərbaycan əməkçiləri cəbhəyə 1 milyon 419 min ədəd şinel, 4 milyon 227 min dəst yay geyimi, 3 milyon 97 min alt paltarı, 1 milyon 977 min cüt çəkmə, 1 milyon 417 min patron çantası, 1 milyon 468 min dəst trikotaj məmulatı, 1,6 milyon ədəd müxtəlif əşya 125 min vaqon isti paltar göndərmişdi.
Azərbaycanın kənd əməkçiləri üzərinə ağır və məsuliyyətli yük düşmüşdü. Əli silah tutan kişilər cəbhəyə getmiş, onları isə qadınlar və qızlar əvəz etmişlər. Onların təcrübəsi, iş qabiliyyəti və əmək məhsuldarlığı təbii ki, aşağı idi. Buna baxmayaraq kənd qadınları, analarımız, nənələrimiz və azyaşlı qızlar ağır əmək növbələrində dayanır, gündüzlər tarlalarda işləyir, gecələr isə döyüşən cəbhəçilər üçün isti paltar tikir, corab və əlcək toxuyurdular. Qadınların hazırladıqları belə isti paltarlar banderollara doldurulub, ünvansız yerlərə — «ancaq cəbhəyə» sözü altında göndərilirdi. Yəni fərqi yox idi ki, kimə çatacaq, əsas o idi ki, ön cəbhədə döyüşən kim idisə, o isti paltar alacaq, ondan istifadə edəcəkdir. Ön cəbhədə döyüşən hər bir əsgərə övlad məhəbbəti ilə yanaşan kənd əməkçilərimiz onunla təsəlli tapırdılar ki, gecələr yatmayıb, toxuduqları isti paltarı əyninə geyinən döyüşçü qələbə çalacaq. Deməli, qazanılan qələbədə Azərbaycanın kənd əməkçilərinin çox böyük payı və xidmətləri olmuşdur. Müharibənin ilk ilində Azərbaycandan 5457 yük maşını, 672 digər avtomaşınlar, 476 traktor və 50 mindən artıq at cəbhəyə göndərilmişdi. Buna baxmayaraq kənd əməkçilərimiz kolxozlarda və sovxozlarda gecə-gndüz işləyərək «cəbhəyə və ölkəyə daha çox çörək, ət və sənaye üçün xammal verək!» şüarı altında fədakarlıqla çalışırdılar. Respublikada sosializm yarışına qoşularaq kənd təsərrüfatı qabaqcıllarının hərəkatı geniş vüsət aldı. 1941-ci il dekabrın 1-nə Azərbaycan kolxozçuları Müdafıə Fonduna 2850 baş iribuynuzlu və 23120 baş xırdabuynuzlu heyvan, 1079 baş donuz, 10640 sentner taxıl, 36140 litr süd, 20439 kiloqram yağ, 130 ton kartof, 194 ton göyərti, 62200 ədəd yumurta və digər məhsullar vermişdilər.
Azərbaycanın kənd zəhmətkeşləri məhsul istehsalını müntəzəm artırmağa nail olurdular. 1942-ci ildə respublikanın kolxoz və sovxozları dövlətə 1941-ci ildən 2 583 934 pud artıq taxıl, 282 962 pud ət, 40 965 pud yun təhvil verdilər. 1943-cü ildə Azərbaycanın kənd zəhmətkeşləri dövlətə plandan əlavə 1000 pud taxıl, 21,5 min pud ət, 2,2 min pud yun verdilər. 1942-ci ildə Gəncədə kənd təsərrüfatı maşınlarını təmir və ehtiyat hissələri istehsal edən zavod yaradıldı. Bakının maşınqayırma zavodları kəndə hamiliyi genişləndirdilər, Bakıdan kəndlərə ixtisaslı kadrlar göndərildi. 1943-cü ildə qəhrəman əməyinə görə Azərbaycanın 485 nəfər kənd təsərrüfatı işçisi SSRİ-nin orden və medalları ilə təltif olundu. Müharibə illərində heyvandarlığın inkişafında qazandığı müvəffəqiyyətlərə görə Azərb.SSR 4 dəfə DMK-nin Qırmızı Bayrağını almış, 45 min adam orden və medallarla təltif edilmişdi. Təltif edilənlər içərisində kənd qabaqcıllarından Bəsti Bağırova, Şamama Həsənova, Qüdrət Səmədov və b. var idi. 1943-cü il 12 dekabr tarixli «Pravda» qəzetinin baş məqaləsində deyilirdi: «Azərbaycan kolxozçularının və kolxozçu qadınlarının qiymətli təcrübəsi diqqətlə öyrənilməlidir...».
Azərbaycanın kənd əməkçiləri azad edilmiş rayonlara Leninqrada, Aşağı Volqaya, Şimali Qafqaza, Ukraynaya və b. yerlərə kömək olaraq 1943-1944-cü illərdə 177 vaqon tikinti materialı, 200 toxumsəpən maşın, 40 avtomobil, 315 traktor, 315 traktorçu, 60 traktor briqadası, 13 mexanik, 12 aqronom göndərmişdi. 1944-cü ildə respublikanın heyvandarları dövlətə plandan əlavə 20 min baş iribuynuzlu qaramal, 150 mindən artıq xırdabuynuzlu heyvan verdilər.
Beləliklə, faşizm üzərində tarixi qələbənin təmin edilməsi üçün Azərbaycanın kənd əməkçiləri yalnız fədakarlıqla çalışmaqla kifayətlənmir, eyni zamanda müxtəlif vasitələrlə cəbhəyə və orduya kömək əli də uzadırdılar. Kənd əməkçilərimiz müdafıə fonduna öz şəxsi istifadələrində olan 18 min baş mal-qara, 152 min pud taxıl, 170 min pud müxtəlif növ məhsul vermiş, cəbhəyə 742 min bağlama, 146 vaqon kənd təsərrüfatı məhsulları yola salmışlar. Bütün bunlar Böyük tarixi Qələbəyə mühüm kömək idi.

Müəllif: dosent N.Z.Məmmədov

 

0 şərh