QİÇS

QIÇS (Qazanılmış Immun Çatışmazlığı Sindromu; ingiliscə: AIDS– Acquired Immune Deficiency Syndrome) – XX əsrdə zühur etmiş, buna baxmayaraq hazırda bütün dünyada çox geniş yayılmaqda olan, müasir təbabətin, həmçinin səhiyyənin, bütün bəşəriyyətin və dünya birliyinin ən qlobal problem-lərindən hesab edilən bir patologiyadır. Immun sisteminin virus mənşəli infeksion xəstəliyi olan QIÇS insan orqanizminin tam depressiyasına, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, bütün onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da bir qayda olaraq ölümlə nəticələnir. QIÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə artmaqda davam edir.

HİV nədir?


İnsanın immunçatışmazlığı virusu (İİV və yaxud HİV ) – orqanizmi infeksiyadan qoruyan T-limfositləri – hüceyrələri pozmaqla insanın immun sisteminə dağıdıcı təsir göstərən virusdur.

HİV infeksiyasına yoluxmaq və AİDS xəstəliyinə tutulmaq – eyni şey deyil. HİV infeksiyası termini o deməkdir ki, insanın qanında virusa qarşı anticisimlər aşkar olunur. Bu vəziyyətin həyatı təhlükə qarşısında qoymasına baxmayaraq bir çox HİV-ə yoluxanlar illərlə xəstələnmirlər. Lakin onlar digər insanlar üçün virus mənbəsi ola bilərlər. Vaxt keçdikcə virus orqanizmi digər xəstəliklər üçün daha zəif etməklə onun immun sistemini dağıdır.
QİÇS — Qazanılmış İmmun çatışmazlığı Sindromu deməkdir. HİV-ə yoluxmuş insanlarda müdafiə (immun) sistemi zəiflədiyinə görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə nəticələnir.
Virus daşıyıcısı tamamilə sağlam görünə bilər.
QİÇS-ə yoluxmuş insan yoluxduğundan xəbərsiz ola bilər.
Müasir müalicə tam sağalma vermir və xəstəlik ölüm ilə nəticələnir.

AİDS diaqnozu infeksiyaya müqavimət göstərən hüceyrələrin (T-xelperlərin) səviyyəsinin 200-dən aşağı düşməsi dərəcəsində immun sisteminin zəif olduğu və pasiyentdə bir və ya bir neçə opportunistik infeksiyaların (Oİ) inkişaf etdiyi zaman HİV-ə yoluxan insana qoyulur. Opportunistik infeksiyalar – zəif immunitet fonunda inkişaf edən infeksiyadır. Onlar hətta öldürücü ola bilərlər.
Belə hesab edilir ki, hər il bu xəstəliyə yoluxmuş şəxslərin sayı iki dəfə artır. Bu qlobal problem cəmiyyətin bütün təbəqələrini əhatə edir və bütün dünya üzrə sosial-iqtisadi inkişafı sarsıdır. Xəstəliyə yoluxmuş şəxs orta hesabla 5-10 il ərzində sağlam görünür və bəzi hallarda orqanizmdə bu virusun kök salmasından heç özünün də xəbəri olmur. QIÇS-ə yoluxan xəstələrdə əvvəlcə immun sistemi zəifləyir ki, bu da artıq orqanizmin müxtəlif yoluxucu və şiş xəstəliklərindən müdafiə imkanı tamamilə tükənir. QIÇS özlüyündə bilavasitə ölümə səbəb olmur, lakin ölüm törədən digər xəstəliklərin sürətli (ağ ciyər iltihabı, digər orqanların zədələnməsi, müxtəlif infeksiyalar, xərçəng və s.) inkişafına şərait yaradır.
QİÇS, AIDS,SPİD,immunedeficit,immun sistemi
Belə güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada özünü göstərməyə başlamış və yeni mutant virus yerli əhaliyə meymunlardan keçmişdir. Daha sonra xəstəlik Afrikadan Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılmışdır. Lakin bu xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da aşkar olunmuşdur. Azərbaycanda ilk dəfə 1987-ci ildə müəyyən edilmiş IIV-ə (Insanın Immunçatışmazlığı Virusu) indiyədək 905 nəfər yoluxub, onların 59 nəfəri əcnəbidir. Ötən müddətdə bu xəstəlikdən 89 nəfər ölüb, 100 nəfərdən çox adam xəstəliyin ikinci mərhələsinə keçib.
QIÇS xəstəliyinə yoluxma əsasən 3 yolla baş verir:
1. Cinsi əlaqə yolu ilə
2. Damardaxili inyeksiyalar yolu ilə-narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı; içərisində virus olan qanın və ya qan preparatlarının sağlam adama köçürülməsi zamanı; virusla infeksiyalaşmış iynə ilə sağlam adama damardaxili inyeksiyalar zamanı və s.
3.Transplasentar yolla-xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə keçməsi (xəstə anadan uşağa bu xəstəlik laktasiya yolu ilə də keçir). QIÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətdə ehtiyatlı olmaqdır. Hələ 20 il əvvəl QIÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi baxılmışdır. Amma bugünkü reallıq başqadır. Ən başlıcası profilaktikadır və bu, daha çox insanların özündən asılıdır.

QİÇS hansı yolla keçir?


  • İV-ə yoluxmuş şəxslə prezervativsiz (kondomsuz) cinsi əlaqə zamanı.
  • İİV-ə yoluxmuş şəxslə istifadə olunmuş şpris və iynələrdən narkotik və müxtəlif iynə şəklində olan dərmanların yeridilməsi zamanı.
  • İİV-ə şəxsin qanı ilə təmasda olmuş tibbi alətlərin istifadəsi zamanı (qadın, diş və s. həkimlərin müayinəsi).
  • Gözəllik salonları və bərbərxanalarda İİV-ə yoluxmuş şəxsin qanı ilə təmasda olmuş kəsici alətlərin istifadəsi zamanı (manikür, tatuaj, qulaq deşmə, üz qırxma və s.).
  • İV-ə yoluxmuş anadan uşağa hamiləlik, doğuş və ana südü ilə qidalanma zamanı.

QİÇS Simptomları


  • Çəkinin izah olunmayan itirilməsi.
  • Uzun müddətli ishal.
  • Səbəbsiz və xroniki kandidoz (göbələk) xəstəliyi.
  • Boyunda və ya qoltuqaltı batıqlarda vəzilərin böyüməsi və ağrı verməsi.
  • Bir aydan çox sürən öskürək.
  • Uzun müddətli subfebril (37) qızdırma.
Xəstəlik zamanı virus immun hüceyrələrini dağıdaraq, insanın immun sistemini, yəni infeksiyalara müqavimətini heçə endirir. Beləliklə, insan adi bir infeksiyadan vəfat edir.

QİÇS-ə yoluxma


HİV infeksiyasına yoluxma-yoluxmuş insanın qanının, spermasının, uşaqlıq sekresiyasının infeksiyaya yoluxmayan insanın qanına və ya bilavasitə qana və ya selikli qişa yolu ilə keçməsi ilə baş verir. Körpənin anadan yoluxması ananın hamiləliyi dövründə (daxili bətndə), doğuş zamanı və ya döş əmizdirilməsi zamanı baş verir. Lakin bu günədək infeksiyanın tüpürcək, göz yaşı və ya əl sıxma və ya qucaqlaşma da daxil olmaqla məişət kontaktları ilə yoluxması halları qeydə alınmamışdır.

HİV-ə yoluxma riski aşağıdakı hallarda qeyri-mümkündür:

— Əl sıxması və ya digər məişət kontaktları (qucaqlaşma da daxil olma) zamanı;
— Məişət əşyalarından birgə istifadə edərkən;
— Ofis əşyalarından (telefon, kompyuter, karandaş və ya qələm də daxil olmaqla) birgə istifadə edərkən;
— Öskürərkən və ya asqırarkən;
— Saunada və ya hovuzda;
— Həşəratların sancması zamanı;
— Ev heyvanları ilə kontaktda olarkən;
— İdmanla məşğul olarkən;
— Unitazın oturacağı vasitəsilə;
— Yataq dəsti vasitəsilə.

Dünyada qeydə alınmış bütün HİV infeksiyasına yoluxma halları aşağıdakı şəkildə yoluxma yollarına bölüşdürülür:
1. Cinsi yol – 70-80%;
2. İnyeksion narkotiklərin istifadəsi zamanı – 5-10%;
3. Hamilə və ya süd əmizdirən anadan körpəyə – 5-10%;
4. Yoluxmuş qanın köçürülməsi – 3-5%;

HİV/AİDS-ə yoluxmamaq üçün hər kəs davranışına nəzarət etməli, yaşadığı həyat tərzinə məsuliyyətlə yanaşmalıdır!

HIV/AIDS haqqında


HIV/AIDS problemi son dərəcə aktual bir problemlərdən biridir. Hal-hazırda dünyada epidemiyanın inkişafı tendensiyası təhlükəlidir. Epidemiya ilk növbədə ona görə artır ki, bizlərin bir çoxu HIV/AIDS -in hər birimizə aid olması haqqında düşünmür və özümüzü və yaxınlarımızı qorumaq üçün heç bir tədbirlər görülmür.

HİV epidemiyası bu gün ölkəmizdə əhalinin bütün sosial təbəqələrinə toxunur və bilavasitə sənə, sənin partnyoruna, qohumuna, dostuna, tanışına, sinif və iş yoldaşına aiddir. Bütün bu ciddiliklərə baxmayaraq bu problemləri və epidemiyanı dayandırmaq mümkündür və hər birimiz bu problemin həllinin bir hissəsi ola bilərik.

Hər birimiz HİV haqqında düzgün informasiya almaq seçimini edə bilərik – bugünkü gün bilik virusa qarşı yeganə vaksindir. HİV, onun profilaktikası və müalicəsi haqqında əsas informasiyaya malik olmaq və anlamaq özümüzdən başlayaraq epidemiyanın artım tempinin aşağı salınması və HİV-lə yaşayan insanlara səbrli münasibətin formalaşmasına şərait yaradacaq qərarların qəbul edilməsi üçün imkan yaradacaqdır. Bir neçə faktlar haqqında məlumata sahib olmaq və onları anlamaq minlərlə və milyonlarla insan həyatını xilas edə bilər.
 

3 şərh

bahar

Məlumata görə təşəkkür. Bilmirəm baxıcılara inanırsınız,ya yox. Amma Zirəddin deyir ki, bu zəhrimarın çarəsi tapılacaq.


Elə bir şey olsa mən həkimlərə yox, baxıcılara inanacam.

burla xatun
həkimlərə pul verməkdənsə baxıcıya pul vermək yaxşıdır:) Baxıcılar heç olmasa yalandan adama ümid verir.
nərgiz
QİÇS xəstələrinin sayı barədə məlumat səhvvdir:
Rəsmi statistikaya görə 1987-ci ildən 2010-cu ilin 1 may tarixinədək 2427 nəfər HİV-ə yoluxmuş şəxs qeydiyyata alınıb, onlardan 305 nəfər dünyasını dəyişib. QİÇS mərhələsində olanların (yəni ölümə namizəd olanların — red.) sayı isə 470 nəfərdir.
Bu hələ rəsmi məlumatdır. Dəqiq say isə bundan dəfələrlə çoxdur.