Allergik dəri xəstəliklərinin müalicəsi və profilaktikası

Dərinin açıq hissələrini (üz, əllər) qorumaq üçün peşə geyimlərindən başqa, bir sıra mühafizəedici məlhəmlərdən, pasta və yuyucu maddələrdən də istifadə edilir. Bu maddələr iki yerə bölünür:
1) mineral yağlardan, neftdən və neft məhsullarından (lak, qatran və s.) qoruyan;
2) turşulardan, duzlardan, qələvilərdən qoruyan dərmanlar.
Birinci qrup məlhəmlərə «bioloji əlcək», «mikolan», «selikon məlhəmi» və s. aiddir. Bunlar dərinin səthində üzvi maddələri buraxmayan təbəqə əmələ gətirir.
İkinci qrup məlhəmlər zərərli su məhlullarını keçirmir.
İşdən sonra «Lanolin», «Yantar» və s. kremləri sürtmək məsləhət görülür.
Ümumiyyətlə, allergiyaların müalicəsi iki istiqamətdə aparılır:
1) orqanizmin, xüsusilə sinir sisteminin möhkəmləndirilməsi;
2) allergenin orqanizmdən çıxarılması.
Hər iki istiqamətdə həkim nəzarəti altında kompleks müalicə yaxşı nəticə verir.
Autoallergiya da ləng gedişli allergik reaksiyalara aiddir. Bunları autoallergenlər (endoallergenlər) törədir. Autoallergenlər 2 növdür:
1. Təbii autoallergenlər — orqanizmin bəzi toxumalarının (sinir liflərinin mielin qişasının, göz büllurunun, yumurtalığın və s.) immun sistem hüceyrələrindən təcrid olunmuş dəyişikliyə uğramamış zülallarıdır. Yerləşdikləri toxumalar zədələndikdə, həmin zülallar immunokompetent hüceyrələrlə təmasda olub, autoallergiya törədir.
2. Qazanılmış autoallergenlər — fiziki, kimyəvi amillərin, hipoksiyanın (qeyri — infeksion) və ya mikroorqanizmlərin, virusların (infeksion) təsirindən dəyişilmiş toxuma zülalları, yaxud zülalların kimyəvi maddələr, yaxud mikrob və ya toksinlərlə kompleks birləşmələridir.
Patogenezində autoallergik komponentin iştirak etdiyi xəstəliklər (diffuz qlomerulonefrit, qırmızı qurdeşənəyi, simpatik oftalmiya və s.) autoallergik" xəstəliklər adlanır.
Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları
 

0 şərh