Mikroblar

Mikroorqanizmlər mikroskopik - gözlə görünməyən canlılardır. Mikrobların həyat fəaliyyətini, hüceyrə quruluşunu mikrobiologiya elmi öyrənir. Mikroorqanizmlərin ölçüləri o qədər kiçikdir ki, məsələn, bir damla suda bir neçə milyona qədər mikrob hüceyrəsi ola bilər. Buna görə də onları min, on min dəfələrlə böyüdən mikroskoplarda görmək mümkündür. Bu kiçik orqanizmlərə sadə quruluşlu bakteriyalar, viruslar, ibtidai göbələklər, yosun və ibtidai heyvanlar aiddir.
Mikroorqanizmlər böyük əhəmiyyətə malikdirlər. Bunların iştirakı ilə üzvi və mineral birləşmələrin çevrilməsi prosesləri gedir. Çox qədim dövrlərdən hələ bu orqanizmlər haqqında heç bir məlumat olmadan onlardan istifadə etmişlər. Onların fəaliyyəti nəticəsində spirtli içkilər, süd məhsulları hazırlamış, xəmiri qıcqırtmışlar. Yalnız sonralar məlum olmuşdur ki, bütün bu proseslərin əmələ gəlməsinə səbəb mikroorqanizmlərdir.
Təbiətdə elə bir sahə yoxdur ki, orada mikroblar bilavasitə iştirak etməsinlər. Onlar bitki və heyvan qalıqlarının parçalanmasında, üzvi və qeyri-üzvi maddələrin əmələ gəlməsində əsas rol oynayırlar.
Mikroorqanizmlər torpağın ayrılmaz hissəsi olub, orada gedən bütün proseslərdə iştirak edirlər. Mikroorqanizmlərin bitkilərin həyatında rolu olduqca böyükdür. Mikroorqanizmlərin sənayedə də, xüsusilə yeyinti sənayesində, tibdə dərman hazırlanmasında və s. mühüm əhəmiyyəti vardır. Bir çox antibiotik maddələr, dərman preparatları mikroorqanizmlərdən hazırlanır.
Bütün bu deyilənləri ümumiləşdirərək demək olar ki, əgər mikroorqanizmlər olmasaydı, nəinki bitkilərin, hətta insanların da yaşayışı mümkün olmazdı. Bunlar təbiətdə maddələrin dövranında iştirak etməsəydilər, yer kürəsi üzərində həyat da mümkün olmazdı.
Bitki və heyvan orqanizmləri kimi, insanın bədəni də mikroorqanizmlər üçün ən əlverişli mühitdir. Ona görə də insanın dərisindən tutmuş bağırsaqlarına qədər müxtəlif saprofit və parazit mikroorqanizmlər yaşayır, onların daxilə keçməsinə dəri, selikli qişalar və onların seliyi mane olur. Dəri üzərində mikroorqanizmlərin artıb azalmasına dərinin gigiyenik vəziyyəti böyük təsir göstərir. Dəri üzərində zədə olduqda, bu mikroorqanizmlər irinli proseslər əmələ gətirir.
Sağlam insanın qanı, limfası, ödü və sidiyi tamamilə steril olur, yəni tərkibində heç bir mikroorqanizm olmur. İnsan xəstələndikdə isə bu mayelərdə də müxtəlif mikroblar tapılır. Onlar orqanizmdə müqavimətə rast gəlmədikdə, çoxalıb xəstəliklər əmələ gətirir.
Mikroorqanizmlər dedikdə mənşəyi, təbiəti və forması etibarilə bir-birindən fərqlənən, adi gözlə görünməyən və əksəriyyəti bir hüceyrədən ibarət olan kiçik canlılar nəzərdə tutulur. Bunlar başlıca olaraq aşağıdakı qruplara bölünür:
1. Bakteriyalar.
2. Göbələklər.
3. Spiroxetlər.
4. İbtidailər.
5. Rikketsiyalar.
6. Viruslar.
7. Yaşıl yosunlar.
Bunlardan bakteriyalar, göbələklər və yaşıl yosunlar bitkilər aləminə mənsub canlılar sayılır. Spiroxetlər, ibtidailər həyat tərzinə görə heyvanlar aləminin nümayəndəsi olub, nisbətən sadə quruluşlu və mikroskopik olmaları ilə başqalarından fərqlənirlər.   
Rikketsiya və viruslara gəldikdə, bunların canlılar sistemində tutduqları yer indiyə qədər aydınlaşdırılmamışdır. Rikketsiyalar morfoloji, kimyəvi xüsusiyyətlərinə görə bakteriyalara, bioloji xassələrinə görə isə viruslara yaxın olub, keçid təşkil edirlər. Viruslar ölçülərinə görə daha kiçik olub, başqa canlılardan bir sıra xüsusiyyətləri ilə fərqlənirlər.
Daim xarici mühit amilləri mikroblara təsir edir və əksinə, mikroblar da xarici mühitə öz təsirlərini göstərirlər. Belə ki, süd turşusu bakteriyaları süddə inkişaf edərək, süd şəkərini süd turşusuna, südü qatığa, sirkə bakteriyaları üzüm şərabını sirkəyə çevirir, çürümə bakteriyaları ətin üzərində inkişaf edərək zülalları çürüdür.
Mikrobların fizioloji funksiyaları onların kimyəvi tərkiblərindən çox asılıdır. Mikrob hüceyrəsinin tərkibi əsasən su, zülal, karbohidratlar, lipoidlər, mineral duzlar və s. maddələrdən ibarətdir. Su hüceyrənin 75 - 85 faizini təşkil edir; o, mikrobda gedən biokimyəvi proseslər üçün mühit olmaqla, oksigen və hidrogen mənbəyidir. Quru hissənin 50 faizi zülallardan ibarətdir.
Mikrob hüceyrəsində karbohidratlar polisaxaridlər şəklində təsadüf edir. Onda nişasta və qlikogen də olur ki, bunlar ehtiyat qida maddələri vəzifəsini daşıyır. Odur ki, onun miqdarı mikrobun yaşından, növündən, yaşadığı qidalı mühitdən asılı olur.
Lipoidlərə yağlar və yağabənzər maddələr aid olub, 1,7-40 faizə qədər olur. Bunlar mikrobların xarici mühitə davamlılığına kömək edir.
Mineral duzlar mikrob orqanizminin 1,34-14 faizə qədərini təşkil edir. Əsasən fosfor, kalium, natrium, kükürd, xlor, kalsium, maqnezium, dəmir, silisium və s. tapılır.
Mikrobların qidalanması. Göstərilən maddələr sərbəst halda mikrob tərəfindən mənimsənilə bilmir. Onlar birləşmələr şəklində qəbul edilir. Yalnız bəzi növlər azotu havadan, karbonu karbohidratlardan mənimsəmək qabiliyyətinə malikdir. Qidalı maddələr mikrobun qılafından keçərək içərisinə daxil olur, lazımsız maddələr xaricə çıxır. Bu proses osmos, diffuziya qanunlarına müvafiq gedir. Hüceyrədə, bir tərəfdən, mürəkkəb üzvi maddələr parçalanıb ən sadə qeyri-üzvi maddələr əmələ gətirir, digər tərəfdən isə sadə qeyri-üzvi maddələrdən mürəkkəb üzvi maddələr əmələ gəlir ki, bu da mikrobun qidalanması və yaşaması deməkdir. Xarici mühitdə osmos təzyiqi həddindən artıq və ya az olarsa, mikrobun məhvinə səbəb ola bilər. Yeyinti məhsullarının konservləşdirilməsi həmin prinsipə əsaslanır. Qidalanmalarına görə mikroblar iki cür olur: avtotrof, heterotrof. Avtotroflar karbonu üzvi, azotu isə qeyri-üzvi birləşmələrdən mənimsəmək qabiliyyətinə malikdirlər. Bunlara nitrifikasiya bakteriyalarını misal göstərə bilərik.
Heterotroflar isə karbonu ancaq üzvi birləşmələrdən mənimsəyən mikroblardır. Bunlar əksəriyyəti təşkil edirlər. Heterotroflar da iki cür olur: saprofitlər və parazitlər (patogen mikroblar). Saprofitlər ölü üzvi maddələrin hesabına yaşayırlar. Parazitlər isə canlı üzvi maddələri mənimsəyir, bitki, heyvan və insan orqanizmində müxtəlif xəstəliklər törədirlər. Bunlara patogen mikroblar deyilir.
Mikrobların tənəffüsü. Mikrob orqanizmində gedən fizioloji funksiyaların həyata keçirilməsi üçün enerji tələb olunur. Bu enerjini mikrob tənəffüs prosesində əldə edir. Mikroorqanizmlərin əksəriyyətinin bitki, heyvan və insan kimi tənəffüs üçün sərbəst oksigenə ehtiyacı vardır.
Sərbəst oksigenin iştirakı olmadan tənəffüs edən mikroorqanizmlər anaerob adlanır. İlk dəfə belə mikrobları L.Paster öyrənmişdir. Onlar anaerob tənəffüsə o qədər uyğunlaşırlar ki, oksigenli mühit onlar üçün zəhər kimi qəbul olunur (məsələn, tetanus, botulizm çöpləri). Elə mikroblar da vardır ki, həm oksigenli, həm də oksigensiz mühitdə tənəffüs edirlər. Bunlar fakültativ (şərti) anaeroblar adlanır. Patogen mikrobların əksəriyyəti bu qrupa daxildir.
Anaerob mikroblar başlıca olaraq azotsuz üzvi maddələri (karbohidratları) parçalayaraq cürbəcür məhsulların əmələ gəlməsinə səbəb olur. Bu hadisəyə qıcqırma deyilir. Qıcqırmadan yeyinti sənayesində, eləcə də başqa sənaye sahələrində geniş istifadə olunur. Həmin proseslərin hamısında sərbəst enerji ayrılır ki, bundan mikroorqanizm öz həyat fəaliyyətində istifadə edir.

Mikrobların inkişafı və çoxalması. Mikroblar əlverişli mühitə düşdükdə inkişaf edir və çoxalmağa başlayır. Çoxalmadan qabaq mikrobun daxilində müəyyən dəyişikliklər gedir. Bunun nəticəsində o, bölünməyə hazırlanır, həcmi böyüyür. Mikroblar aləmi müxtəlif olduğu kimi, onların çoxalması da bir-birindən fərqlənir.
Bakteriyalar sadə bölünmə yolu ilə çoxalır. Onlar hər 20-30 dəqiqədən bir 8 şəklində bölünürlər. Bu sürətlə bakteriyaların artması davam edərsə, beş gündə onlar bütün su hövzələrini doldura bilər. Lakin belə hallar olmur. Çünki onların çoxalmasına həmişə əlverişli şərait yaranmır, eyni zamanda onların çoxalmasına, inkişafına mane olan amillər çoxdur. Onlar sürətlə artdıqları kimi, sürətlə də tələf olurlar. Mikrobları süni surətdə artırdıqda bir neçə dövr keçirirlər. Birinci dövrdə mühitə uyğunlaşma prosesi gedir, ikinci dövrdə həndəsi silsilə üzrə çoxalma gedir. Üçüncü dövrdə sürətlə çoxalmış mikrobların məhv olması, çoxalması, böyüməsi paralel gedir. Bu dövr bir neçə günə qədər davam edir. Dördüncü dövr qocalma və ya sürətlə məhvolma dövrü adlanır. Bu dövrdə mühitin əlverişsizliyinin artması ilə əlaqədar mikroblar məhv olmağa başlayırlar.
Bölünmədən başqa, mikroblar sporlanma, tumurcuqlanma, cinsi yolla da çoxala bilirlər. Belə ki, göbələklər tumurcuqlanma, sporlanma, həm də cinsi yolla çoxalırlar. Cinsi yolla çoxalma ibtidailərə də xasdır.
Çoxalma zamanı mikroblar bir sıra məhsullar əmələ gətirirlər ki, bunlara mikrob ifrazatı deyilir. İfrazatlar zəhərli və zəhərsiz olmaqla iki yerə bölünür. Zəhərli ifrazat toksin adlanır. Bunlara ekzo və endotoksinlər aiddir. Ekzotoksinli mikroblarda toksin xaricə çıxır ki, belə bakteriyalara toksigen bakteriyalar deyilir. Bunlara misal olaraq qanqrena, botulizm, tetanus, difteriya və skarlatina törədən mikrobları göstərmək olar.
Patogen mikrobların bir çoxu endotoksinli mikroblardır.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

 

2 şərh

bloqçu
Bu mikroblardan elə qorxuram ki… İnşallah «gözümə bir çöp düşməz». Allah hamıya şəfa versin və canlarını salamt etsin.
Dior
Bəzən mikroblar insanlardan da olur.