Psevdomembranoz kolit

Psevdomembranoz kolit (PMK) - antibiotikoterapiya nəticəsində baş verən və qarında ağrı, diareya, yoğun bağırsağın xarakter morfoloji dəyişikliklərilə təzahür edən xəstəlikdir.
Etiologiyası.Törədicisi Clostridium difficile-dir.O, şərti patogen mikroblara aiddir, ekzotoksin ifraz edir.
Epidemiologiyası.PMK əsasən yaşlılar arasında rast gəlinir.Endogen infeksiyalara aid olsa da xəstəlik məişət-təmas yolu ilə yayıla bilər.
Patogenezi.Əksər antibiotiklər bağırsaqda C.difficle-nin çoxalmasına səbəb olur.Lakin fenoksimetil və benzilpenisillinə nisbətən C.difficle-ni ampisillin - 8 dəfə, xinolonlar və klindamisin - 12, sefalosporinlər - 34 dəfə çox artırır.Külli miqdarda mikrob kulturasının ekzotoksini bağırsaq divarından sekresiyanı gücləndirməklə yanaşı tipik morfoloji dəyişikliklər də əmələ gətirir.Fibrinoz iltihab nəticəsində damarların divarı zədələnir, selikli qişa membranla örtülür.
Klinikası.PMK-yə məxsus əlamətlər antibiotikoterapiyadan 4-9 gün sonra qarında ağrı, çoxlu, duru nəcis ifrazı, ona qanın bulaşması və qızdırma ilə başlayır.EÇS-in və CRP-nin artması xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Xəstəliyin yüngül, xeyli ağır - hemorragik və 20% hallarda residivli formaları rast gəlinir.Kolonoskopiya ilə yoğun bağırsağın distal hissəsində selikli qişanın tipik sarımtıl-boz rəngli fibrinoz iltihabı aşkar edilir.
Diaqnoz.Nəcisdən C.difficle və onun toksinini tapmaqla PMK-nin diaqnozu təsdiq olunur.İFA üsulu toksini daha tez və sadə yolla əldə etməyə imkan verir.Müayinələri müalicəyə qədər tətbiq etmək lazımdır.
Müalicəsi.Qızdırması olmayan yüngül xəstələrə antibiotikoterapiyanın dayandırılması kömək edir.Xəstəlik qarında ağrı, profuz ishal, nəcisə qan qarışması və qızdırma ilə gedərsə laborator müayinələrin cavablarını gözləmədən kliniki diaqnoza əsasən müalicəyə başlanılır.C.difficle-yə yaxşı təsir göstərən metronidazol 400 mq gündə  dəfə - 10 gün, ağır xəstələrə vankomitsin 125 mq gündə 4 dəfə təyin edilir.İnfuzion terapiya və peroral rehidratasiya xəstəliyin ağırlığına uyğun olaraq seçilir.Residiv baş verdikdə təkrar metronidazol, bundan sonra isə də residiv olarsa vankomitsinlə müalicə aparılırş
Profilaktikası.Antibiotiklər göstərişə uyğun təyin edilməlidir.PMK-yə yoluxmamaq üçün əlləri təmiz saxlamaq, ərzaq məhsullarını və suyu yaxşı mühafizə etmək lazımdır.Diareyalı xəstələr təcrid olunmalıdır.Sefalosporinlərlə müalicə zamanı bağırsağın mikrob mənzərəsi vaxtaşırı yoxlanmalıdır.

Müəllif: Ələsgər Vəliyev

Kitab: İnfeksion xəstəliklər

Erkən differensial diaqnozu, müalicəsi

 


0 şərh