İnformasiya və informatika

İnformasiya latın dilindəki «informatio» sözündən olub “məlumat, ifadə, izah” deməkdir. Bu termin informatikada ilkin olduğundan ona tərif verilmir.
Praktikada, əsasən, “informasiya” əvəzinə “verilənlər” və ya “bilik” sözlərindən istifadə olunur. Buna səbəb həmin terminlər arasında çox incə fərqin olmasıdır. İnformasiyanı saxlamaq və başqa insanlara ötürmək üçün onları hər hansı bir dildə ifadə etmək (məsələn: nəql etmək, yazmaq, şəklini çəkmək və s.) lazımdır. Yalnız bundan sonra onları saxlamaq, emal etmək, ötürmək olar, həm də bu işlərin öhdəsindən kompüter də gələ bilər. Hər hansı bir formada qeyd edilmiş (kodlaşdırılmış) informasiyanı elmi ədəbiyyatda verilənlər adlandırırlar; nəzərdə tutulur ki, kompüter onlar üzərində hansısa əməliyyatlar apara bilir, ancaq onların mənasını anlamır. Verilənlərin informasiya olması üçün onları anlamaq və dərk etmək lazımdır, buna isə yalnız insan qadirdir. Əgər məlumatı alan insan onun yazıldığı dili bilirsə, o həmin məlumatın mənasını anlaya, yəni informasiya ala bilər. İnformasiyanı emal etməklə və nizamlamaqla insan qanunauyğunluqları aşkarlayır, yəni bilik qazanır.
Məsələn, ‘19091985’ hər hansı malın kodu da ola bilər, kiminsə doğum günü də (19 sentyabr 1985) — onun nəyə aid olduğunu bildikdə o bizim üçün informasiyaya çevrilir.
İnformasiya o zaman biliyə çevrilir ki, biz onunla manipulyasiya apara bilmək üçün qayda, yaxud qaydalar toplusundan istifadə edirik.
Məsələn, 19091985 sətrinin kiminsə doğum günü (19 sentyabr 1985) olduğunu bilirsinizsə, siz nəticə çıxara bilərsiniz ki, həmin adamın yaşı 18-i ötüb və o, seçkilərdə iştirak edə bilər. Burada siz “18 yaşından yuxarı vətəndaşlar seçkilərdə iştirak edə bilər” qaydasından istifadə edərək informasiyadan bilik əldə etdiniz.
İnsan informasiyanı öz duyğu orqanları — gözləri, qulaqları, ağzı, burnu və dərisi vasitəsilə alır. Ona görə də aldığımız informasiyanı aşağıdakı növlərə ayırmaq olar:
görmə informasiyası (vizual informasiya) gözlər vasitəsilə daxil olur. Müxtəlif qiymətləndirmələrə görə, bu növ informasiya aldığımız bütün informasiyanın 80-90%-ni təşkil edir;
səs informasiyası (audial informasiya) qulaqlar vasitəsilə qəbul olunur;
dad informasiyası dil vasitəsilə daxil olur;
qoxu informasiyası burun vasitəsilə alınır;
taktil informasiya dəri vasitəsilə alınır.
Bəzən əzələlər vasitəsilə alınan informasiyanı ayrıca növ kimi qeyd edirlər. İnsanın bədən hissələri hərəkət etdikdə əzələlər və oynaqlardan beyinə impulslar daxil olur. Bəzi canlılar Yerin maqnit sahəsini hiss edir və bunun əsasında öz hərəkət istiqamətlərini müəyyənləşdirirlər.
İnformasiya obyektləri ikili təbiətə malikdir. Bir tərəfdən o, maddidir, çünki informasiya maddi dünyanın obyektləri və hadisələri haqqında bilgi verir. Başqa tərəfdən isə onlar insan təfəkkürünün xüsusiyyətləri ilə bağlı olan məntiqi (qeyri-maddi ) təbiətə malikdir, çünki eyni bir informasiya obyektini müxtəlif insanlar müxtəlif cür qəbul edə bilər. İnsanın aldığı informasiya onun əvvəlki həyat təcrübəsindən və ilkin biliklərindən, informasiya alarkən istifadə etdiyi alət və vasitələrdən asılı olur; məsələn: 7 × 9 = 63 olması sizin biliklərinizi artırmayacaq, ancaq vurma cədvəlini öyrənən üçün yeni informasiya olacaq.
İnformasiya ilə baş verən dəyişikliklər informasiya prosesləri adlanır. Bu proseslər nəticəsində formasiyanın məzmunu və ya təqdimedilmə forması dəyişir.
İnformasiya prosesləri bir-biri ilə sıx bağlıdır; məsələn, informasiyanın toplanmasını informasiyanın ötürülməsindən ауrı düşünmək olmaz.
İnformasiyanın saxlanması, ötürülməsi və emalı ilə bağlı məsələləri insanlar bütün dövrlərdə həll etmişlər: qazanılmış bilikləri nəsildən-nəslə ötürmək, saxlanclardan zəruri kitabları axtarıb tapmaq, məxfi yazışmaları şifrləmək lazım gəlmişdir. XIX əsrin sonlarında kitabxanalarda sənədlərin sayı o qədər çoxalmışdı ki, toplanmış informasiyanın saxlanması və axtarışı məsələsinin həlli üçün elmi yanaşmaların tətbiqi zəruri olmuşdu. Bu zaman sənədli informasiyanı, yəni sənədlər (kitablar, jurnallar, məqalələr və s.) şəklində olan informasiyanı öyrənən yeni elmi istiqamət meydana çıxdı. Bu istiqaməti ingilis dilində «information science» (informasiya elmi, informasiya haqqında elm) adlandırdılar.
Kompüter texnikasının tətbiqi çox zəhmət tələb edən işləri avtomatlaşdırmaqla informasiya ilə işləmək sahəsində insanların imkanlarını əhəmiyyətli dərəcədə artırdı. XX əsrin ortalarında informasiya prosesləri elmi araşdırmaların mövzusu oldu və informasiya proseslərini öyrənən elm — informatika meydana çıxdı. Hesab edilir ki, «informatika» sözü iki sözün — «informasiya» və «avtomatika» sözlərinin birləşdirilməsi nəticəsində yaranıb. Beləliklə, informatika «informasiya ilə avtomatik iş» anlamını verir. İngilisdilli ölkələrdə «informatika» əvəzinə «computer science» (kompüterlər haqqında elm) terminindən istifadə olunur.
XX əsrin 70-ci illərində müstəqil elm sahəsinə çevrilən çağdaş informatika kompüter sistemlərinin köməyi ilə informasiyanın emalının nəzəriyyə və praktikasını öyrənir.
Adətən, informatikaya aşağıdakı elmi istiqamətlər aid edilir:
nəzəri informatika (informasiya nəzəriyyəsi, kodlaşdırma nəzəriyyəsi, riyazi məntiq, avtomatlar nəzəriyyəsi və s.);
hesablama texnikası (fərdi kompüterlər, kompüterlərin və kompüter şəbəkələrinin quruluşu);
alqoritmləşdirmə və proqramlaşdırma (alqoritmlərin və proqramların yaradılması);
tətbiqi informatika (tətbiqi proqramlar, informasiya sistemləri və s.);
süni intellekt (obrazların tanınması, nitqin anlaşılması, maşın tərcüməsi, məntiqi nəticələr, özünüöyrətmə alqoritmləri).
Əvvəllər bu məsələlər qismən riyaziyyatda, dilçilikdə, elektronikada və başqa elmlərdə öyrənilirdi. Kompüterlər meydana çıxdıqdan sonra aydın oldu ki, bu istiqamətlərin hamısı bir-biri ilə sıx bağlıdır və getdikcə elmi fəaliyyətin yeni istiqaməti formalaşmağa başladı. İnformatikanın formalaşması prosesi bu gün də davam edir və onun əhatə etdiyi məsələlərin dairəsi gələcəkdə dəyişə bilər.

Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 10 Ümumtəhsil məktəblərinin 10 cu sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK

0 şərh