İnformasiya modellərinin təqdimolunması

Bizi əhatə edən aləmdə çox sadə kimi hesab edilən obyektlər də, əslində, çox mürəkkəbdir. Hər hansı obyekti, hadisəni, yaxud prosesi başa düşmək üçün bəzən onun sadələşdirilmiş variantından — modelindən istifadə etmək lazım gəlir. “Model” termini latın dilindəki “modulus” sözündən alınıb və “örnək, nümunə” anlamını verir.
Model obyektin, hadisənin və ya prosesin müəyyən xüsusiyyətlərini əks etdirən təqdimolunma formasıdır. Modelin yaradılması prosesi modelləşdirmə adlanır. Modeli yaradılan obyektin özünə orijinal, yaxud prototip deyilir. informasiya modellərinin təqdim olunması
Bəs nə üçün insanlar orijinalın özü ilə deyil, onun modeli ilə işləyirlər? Bunun bir neçə səbəbi var:
  1. Obyekt öyrənilən zamanda orijinal mövcud olmaya bilər: o ya keçmişin, ya da gələcəyin obyektidir. Dinozavrların nəslinin kəsilməsi, Yerdə həyatın əmələ gəlməsi nəzəriyyələri belə yaranıb. Bu üsulun köməyi ilə gələcəyə də baxmaq olar. Fiziklər nüvə müharibəsi olarsa, planetimizdə yarana biləcək “nüvə qışı” adlanan nəzəri model qurmuşlar.
  2. Orijinal çoxlu xassələrə və qarşılıqlı əlaqələrə malik ola bilər. Obyektin sadələşdirilmiş təsviri olan modeldə isə yalnız tədqiqatçını maraqlandıran xassələri saxlamaqla qalanları “atmaq” olar; məsələn, biologiya dərslərində çox mürəkkəb insan orqanizmini öyrənmək məqsədilə onun müxtəlif modellərindən istifadə olunur.Model real mövcud olan obyektlərin mücərrəd ümumiləşməsi olur. Yeni geyim biçimi nümayiş etdirən maneken (model) hər hansı real insanı deyil, müəyyən ümumiləşdirilmiş ideal obrazı, standartı təmsil edir. Coğrafiya dərsində təbiət hadisələrindən danışarkən biz hər hansı konkret təbiət hadisəsini (məsələn: zəlzələni) deyil, həmin hadisənin ümumiləşdirilmiş formasını — modelini nəzərdə tuturuq.
  3. Müəyyən səbəblərdən orijinal obyekt tədqiqatçı üçün əlçatan olmaya bilər: molekullar müşahidə üçün çox kiçikdir; Yer səthində dağ silsiləsinin formalaşması prosesi həddindən artıq yavaş gedir; sınaq atom bombasının partlayış mərkəzindəki şərait orada insanın iştirakını mümkünsüz edir. Bütün bu hallarda obyektləri, hadisə və prosesləri onların modelləri ilə əvəz etmək zərurəti yaranır.
Modellərdən tədrisdə tez-tez istifadə olunur. Coğrafiyada Yer haqqında ilk təsəvvürləri onun modeli olan qlobusu öyrənməklə alırıq, fizikada daxiliyanma mühərrikinin işini onun modeli əsasında öyrənirik, kimyada maddələrin quruluşunu öyrənmək üçün molekulların və kristal qəfəslərin modellərindən istifadə edirik, biologiyada anatomik mulyaj əsasında insanın quruluşunu öyrənirik və s.
Müxtəlif texniki qurğuların, maşın və mexanizmlərin, binaların, elektrik dövrələrinin və başqa obyektlərin layihələndirilməsi və yaradılmasında modellər çox mühüm rol oynayır. Qabaqcadan sxemi yaratmadan nəinki təyyarəni, hətta onun sadə bir detalını da hazırlamaq mümkün deyil. Bina və tikililərin layihələndirilməsi prosesində sxemlərdən əlavə, çox zaman onların maketini də hazırlayırlar. Uçuş aparatlarının hazırlanması prosesində onların modellərinin hava axınlarında hərəkəti aerodinamik boruda tədqiq olunur.
Real obyektlərin quruluşunu, xassələrini və hərəkətlərini əks etdirən nəzəri modellər (nəzəriyyələr, qanunlar, fərziyyələr və s.) yaradılmadan elmin inkişafı mümkün deyil. Yeni nəzəri modellərin yaradılması bəzən bəşəriyyətin ətraf aləm haqqında təsəvvürlərini kökündən dəyişir (Kopernikin dünyanın heliosentrik sistemi, Rezerford və Borun atom modelləri, genişlənən kainat modeli və s.). Nəzəri modellərin doğruluğu, yəni onların gerçək dünyanın qanunlarına uyğunluğu təcrübə və eksperimentlərlə yoxlanılır.
Modelin başlıca xassəsi onun adekvatlığıdır, yəni modelin orijinalın modelləşdirilən xüsusiyyətlərinə uyğunluq dərəcəsidir. Modelin orijinala tam uyğun olması vacib deyil.
Uyğunluq dərəcəsi modelləşdirmənin məqsədlərindən asılıdır. Modelin orijinala həddindən artıq uyğun olmasının da əhəmiyyəti yoxdur; məsələn, uşaq oyuncaqları real obyektlərin modelləridir və onların uyğunluq səviyyəsi uşağın yaşından asılı olur. Kiçikyaşlı uşaqlar üçün oyuncaqlar, adətən, yalnız obyektin formasını modelləşdirir: 3—4 yaşlı uşaqlar üçün avtomobilin modelində gövdənin, kabinənin, dörd fırlanan təkərin olması və real avtomobilə uyğun nisbətlərin saxlanılması yetərlidir. Daha mürəkkəb oyuncaqlarda orijinal obyektin elementləri arasında qarşılıqlı əlaqə də modelləşdirilir: qapılar və kapot açılır, sükanla idarəetmə elementləri işləyir.
Eyni bir obyekt üçün müxtəlif modellər yaratmaq olar. Bu, qoyulan məsələnin şərtlərində hansı xüsusiyyətlərin vacib hesab olunmasından asılıdır.
Hər bir obyektin çoxlu sayda müxtəlif xassələri olur. Modelin qurulması prosesində (modelləşdirmənin məqsədi baxımından) tədqiqat üçün ən önəmli xassələr seçilir; məsələn, aerodinamik boruda təyyarənin modelinin aerodinamik keyfiyyətlərini araşdırmaq üçün modelin orijinala həndəsi formaca oxşarlığı vacibdir, onun hansı rəngdə olması isə heç bir əhəmiyyət daşımır. Elektrik dövrələrinin modellərini — elektrik sxemlərini qurarkən dövrə elementlərinin bir-birinə qoşulma ardıcıllığı önəmlidir, onların bir-birinə nəzərən həndəsi olaraq necə yerləşməsi isə əhəmiyyət daşımır.
Obyekt və prosesləri müxtəlif elmlər fərqli baxış bucaqlarından tədqiq edir və cürbəcür modellər qururlar. Fizikada obyektlərin qarşılıqlı təsiri və dəyişilməsi prosesi, kimyada onların kimyəvi tərkibi, biologiyada canlı orqanizmlərin quruluşu və davranışı öyrənilir. Nümunə olaraq insanı götürək; müxtəlif elmlər onu fərqli modellər çərçivəsində öyrənir. Mexanikada insana bir maddi nöqtə, kimyada müxtəlif kimyəvi maddələrdən ibarət obyekt, biologiyada özünü saxlamağa çalışan sistem kimi baxmaq olar.
Bədii yaradıcılığın özü də faktik olaraq modellərin yaradılması prosesidir; məsələn, təmsil kimi ədəbi janr insanlar arasındakı gerçək münasibətləri heyvanlar arasındakı münasibətlərə keçirir və əslində, insan münasibətlərinin modelini qurur. Bundan başqa, demək olar ki, istənilən ədəbi əsərə real insan həyatının modeli kimi baxmaq olar. Rəsm, heykəltəraşlıq əsərləri, teatr tamaşaları gerçəkliyi əks etdirən bədii formalı modellərdir.


Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 10 Ümumtəhsil məktəblərinin 10 cu sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK

0 şərh