Telekonfrans

İnternetin geniş yayılmış kommunikasiya xidmətlərindən biri də telekonfrans rabitəsidir. Telekonfrans şəbəkə istifadəçiləri arasında müəyyən mövzu üzrə mütəşəkkil informasiya mübadiləsidir. Elm və texnikanın müxtəlif sahələrə geniş inteqrasiyasını nəzərdə tutan müasir dövrümüzdə bu telekommunikasiya ünsiyyət növü xüsusilə aktualdır. Telekonfranslar üçün nə coğrafi, nə də dil sərhədləri var. Telekonfransda mühüm rolu aparıcı oynayır. İştirakçıların dəvət edilməsi, ünsiyyət dilinin seçilməsi, müzakirələrin idarəolunması və onlara yekun vurulması kimi təşkilati işlər aparıcıya həvalə edilir. Konfrans iştirakçılarının tərkibinə və sayına, eləcə də onun müddətinə heç bir məhdudiyyət qoyulmur, müzakirələr yarım il də çəkə bilər. TelekonfransÖz məruzəsini, yaxud məlumatını təqdim edən iştirakçı ayrıca bir adresata deyil, konfransın bütün iştirakçılarına müraciət edir. Adətən, telekommunikasiya şəbəkəsində eyni vaxtda müxtəlif mövzularda çoxlu sayda konfranslar keçirilir və istifadəçi onların istənilən birində iştirak edə bilər.İnternet üzərindən telekonfranslar təşkil etmək üçün çox sayda proqramlar vardır. Onların içərisində Cisco TelePresence, Google Hangouts, Skype, GoToMeeting, TrueConf kimi proqramlar daha populyardır.
Skype («skayp» kimi tələffüz edilir) kompüterlər arasında İnternet vasitəsilə mətn, səs və video əlaqəni təmin edən proqram təminatıdır. İlk versiyası 2003-cü ildə Estoniyada Priit Kasesalu və Jaan Tallinn tərəfindən işlənib hazırlanıb, hazırda Microsoft şirkətinə məxsus Skype Technologies tərəfindən inkişaf etdirilir. Skype proqramından IP-telefoniyada geniş istifadə olunur. İstifadəçilər istər səsli, istərsə də görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər.
Telekonfrans ünsiyyətində də müəyyən etik qaydalar vardır. Bu qaydaların bəziləri həm dostcasına söhbətlər, həm işgüzar ünsiyyət, həm də elmi polemikalar üçün məqbuldur:
  • Fikirləriniz üst-üstə düşməsə də, başqalarının fikirlərinə hörmətlə yanaşın.
  • Səhvlərinizi etiraf etməyi bacarın.
  • Fikirlərinizi təsdiq etmək üçün dəlil-sübutlara əsaslanın.Mənasız danışıqları vaxtında kəsməyi bacarın.
Telekonfranslarda insanlar müəyyən bir mövzunu müzakirə etməyə yığışdığından yuxarıda sadalanan qaydalarla yanaşı, onlara başqa normalar da xasdır:
  • Məlumatlar qısa olmalıdır.
  • Söylənilən fikirlər problemin mahiyyətinə uyğun olmalıdır.
  • Məlumatlar bütün həmsöhbətlərə ünvanlanmalıdır.
  • Özünü reklam yolverilməzdir.
  • İrqçi xarakterli fikirlər, təhqirlər və nəzakətsiz qeydlər qadağandır.
Skype proqramında konfrans yaratmaq çox asandır və bunu bir neçə yolla etmək olar. Bunun bir yolu <Ctrl> klavişini basıb saxlamaqla əlaqələr siyahısından həmsöhbətləri seçmək və sonra alətlər panelində Conference düyməsini çıqqıldatmaqdır. Həmsöhbətlər çağırışa cavab verdikdən sonra onlar konfransa əlavə olunacaqlar. İkinci yol isə belədir: əgər siz kiminləsə söhbət edirsinizsə və bu söhbətə başqasını da əlavə etmək istəyirsinizsə, siçanın göstəricisini həmin insanın adının üzərinə aparıb sağ düyməni basırsınız və Invite to conference (Konfransa dəvət et) bəndini seçirsiniz.

Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 10 Ümumtəhsil məktəblərinin 10 cu sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK

0 şərh