Cədvəl informasiya modeli

İnformasiyanı təqdim etməyin çox əlverişli formalarından biri cədvəldir… Cədvəl sətir və sütunlardan ibarətdir, onların kəsişməsi isə xana əmələ gətirir. Xanalarda istənilən informasiya, o cümlədən ədəd, mətn və şəkil ola bilər.
Verilənlərin cədvəl şəklinə salınması informasiyanın nizamlanması üsullarından biridir. Cədvəllər verilənləri əyani şəkildə göstərir, onlar arasındakı əlaqəni görməyə imkan verir. cədvəl

Məlumdur ki, hər bir obyektin çoxlu xassələrini qeyd etmək olar. Ancaq informasiya modelində onlardan yalnız ən mühüm olanlar göstərilir. Cədvəl qurarkən də bu məsələ diqqətdə saxlanılmalıdır. Başqa sözlə, cədvəldə obyektin qarşıya qoyulmuş məqsədə uyğun xassələrini əks etdirmək lazımdır. Tutaq ki, siz şəxsi kitabxananızın informasiya modelini qurmaq istəyirsiniz. Əlbəttə, kitabın müəllifi, adı, nəşr ili, qiyməti, səhifələrinin sayı, tirajı, nəşriyyatın adı onun xassələridir. Ancaq bir kitabı başqasından fərqləndirmək üçün onun adı, müəllifi və nəşr ili yetərlidir. Əgər kitabxananızda kitab çoxdursa, axtardığınız kitabı tez tapmaq üçün onun qoyulduğu rəfin nömrəsi də vacib informasiyadır.
Beləliklə, yuxarıdakı cədvəl sizin şəxsi kitabxananız üçün yaxşı informasiya modeli ola bilər:
Göründüyü kimi, kitabxananız haqqında informasiya belə bir cədvəldə daha nizamlı şəkildə saxlanılır. Bu cədvəldən hər hansı kitabın sizdə olub-olmadığını, yaxud axtardığınız kitabın hansı rəfdə olduğunu asanlıqla bilmək olar. Şəxsi kitablarınızın sayı artdıqca belə bir cədvəlin əhəmiyyəti də artır. Beləliklə, cədvəl modeli informasiyanın asan və tez axtarılıb tapılması baxımından adi mətnlə müqayisədə böyük üstünlüyə malikdir.
Bəzən məsələlərin həll alqoritmini yaxşı anlamaq üçün onları cədvəl formasında göstərmək çox əlverişli olur.
Çayı keçmə haqqında məsələ. İki əsgər çayı keçmək istəyir. Onlar qayıqda gəzən iki uşaq görürlər. Qayıq balaca olduğundan ora iki uşaqdan, yaxud bir əsgərdən artıq kimsə minə bilməz. Başqa sözlə, bir uşaq və bir əsgər, yaxud iki əsgər birlikdə qayığa yerləşmirlər. Bəs əsgərlər çayın o biri sahilinə necə keçsinlər?
Həlli. Əsgərləri və uşaqları şərti olaraq belə işarələyək: əsgərlər Ə1 və Ə2, uşaqlar isə U1 və U2 olsun. Qayığın hərəkət istiqamətini isə oxla göstərək. Onda məsələnin həll alqoritmini aşağıdakı cədvəl formasında təqdim etmək olar:
informasiya cədvəli
 
 
Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 7 Ümumtəhsil məktəblərinin 7 — ci sinfi üçün İnformatika fənni üçün Dərslik

0 şərh