Axtarış sistemləri

İnternetdə istənilən mövzuda infonnasiya tapmaq miimkündür. Lakin informasiya həddindən artıq çox olduğundan lazımi materialları oradan tapmaq bəzən çox çətin olur. Bununla belə, yaşadığımız dövrdə informasiya gündən-günə daha sürətlə artdığından hər hansı mövzu üzrə səmərəli axtarış aparmaq çətin məsələyə çevrilir. Ona görə də İnternetdə uğurlu axtarış aparmaq üçün əlverişli vasitələrin olması çox vacibdir. Belə bir vasitə axtarış sistemləridir.
Axtarış sistemi (search engine) müəyyən bir proqramdır. İnternetdə yüzlərlə axtarış sistemləri vardır. Bu axtarış sistemlərinin içində kiçik fərqlər olsa da, onların əksəriyyətini ümumi xüsusiyyətlər birləşdirir; məsələn, bu sistemlərin hamısı axtarışı açar sözlərə (keywords) görə həyata keçirir.
Bəs axtarış sistemi necə işləyir? Hər bir axtarış sistemi üç əsas hissədən ibarətdir:
  • 1.Axtarış sisteminin proqramı onun əsas hissəsidir. Bu proqram verilənlər bazasında saxlanılan milyonlarla yazının arasında axtarış aparır.
  • 2.İkinci hissə hörümçək (spider), yaxud soxulcandır (crawler). Hörümçək açar sözlərə görə İnternetdə axtarış aparır və tapdığı səhifələri axtarış sisteminə verir. Onun «hörümçək», yaxud «soxulcan» adlandırılmasına səbəb Veb-də aramsız “sürünməsi”, veb-saytları yoxlaması və istinadları tapması ilə bağlıdır. Yeni dəyişiklikləri nəzərə almaq üçün hörümçək, yaxud soxulcan tez-tez əvvəllər baxmış olduğu veb-saytlara yenidən “girə” bilər.
  • 3.Axtarış sisteminin üçüncü hissəsi indeksləyicidir. Hörümçək veb-səhifəni tapan kimi onu indeksləyiciyə təqdim edir. Veb-səhifə indeksləndikdən sonra o bu axtarış sisteminin hər bir istifadəsi zamanı “göz qabağında” olacaq.
Bəzən siz minlərlə uyğun, yəni verdiyiniz sorğu ilə üst-üstə düşən cavablar ala bilərsiniz. Əlbəttə, belə böyük siyahıda faydalı informasiyanı tapmaq çox çətin olardı. Ona görə də bəzi axtarış sistemlərində relevantlıqdan, yəni tapılan informasiyanın axtarış meyarına uyğunluq dərəcəsindən istifadə olunur. Relevantlıq dərəcəsi, adətən, faizlə ifadə olunur: belə ki, 100% tam üst-üstə düşməyə uyğun olur. Axtarış sistemlərinin əksəriyyəti tapılan cavabları relevantlıq dərəcəsinə uyğun olaraq düzür, ona görə də siyahının əvvəlindəki cavablar daha dəqiq olur. Cavablar siyahısında aşağı düşdükcə cavabın sorğuya uyğunluq dərəcəsi azalır, belə ki, həmin saytlarda axtarılan açar sözlərin hamısı olmur. Bu yerdə sizin bir neçə seçiminiz ola bilər:
  • İstənilən istinadı çıqqıldadıb saytdakı informasiyaya baxa bilərsiniz.
  • Açar sözləri dəyişib başqa cür təyin edə bilərsiniz.
  • Başqa axtarış sistemindən istifadə edə bilərsiniz.
Diqqət!
Elə bir veb-alət yoxdur ki, bütün Veb-i indeksləsin, yaxud nizamlasın. Hər bir axtarış sisteminin öz verilənlər bazası var və o, axtarışı həmin baza əsasında aparır. Bu verilənlər bazası bütövlükdə Veb-in özü deyil, axtarış nəticəsində formalaşmış bazadır.
 
 
Müəllif: Ramin Mahmudzadə,Naidə İsayeva,İsmayıl Sadıqov
Mənbə: Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün İnformatika fənni üzrə Dərslik
 

0 şərh