İnternet iqtisadiyyatı

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından (İKT) iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması təsərrüfatların bazar infrastrukturunu (maliyyə, ticarət, biznes və s.) informasiya texnologiyaları əsaslarına çevirməyə imkan verir. Bu isə elektron biznes mühitinin texnoloji bazisinin, elektron kommersiyasının, informasiya-marketinq şəbəkələrinin yaradılmasına imkan verir.

Son zamanlar aparılan tədqiqatların nəticələri göstərişmişdir ki, internet texnologiyalarının marketinqə tətbiqi real iqtisadi səmərə verir. Bu şirkətlərə bir tərəfdən öz xərclərini azaltmağa, digər tərəfdən isə mənfəətlilik səviyyəsini artırmağa imkan verir. İnformasiya cəmiyyəti quruculuğunun müasir vəziyyətində internet-marketinqin rolu getdikcə artmaqdadır.

Məkan baryerlərinin qısaldılması hər zaman insanlara daha az xərclərlə öz iqtisadi fəaliyyətini koordinasiya etməyə imkan verən yeni sosial şəbəkələrin yaradılmasını stimullaşdırmışdır. Belə şəbəkələrdən biri və ən geniş yayılmış olan İnternet şəbəkəsidir.

İnternet şəbəkəsi iqtisadiyyatda həm mikro, həm də makro səviyyədə böyük dəyişikliklərə səbəb olmaqla yeni eranın əsasını qoymuşdu.

Məlumdur ki, 1990 - ci illərdə, internet bumu yaşanan zaman bəzi firmalar internetin onların qarşısında açdıqları imkanları düzgün dəyərləndirə bilmədilər. Bir qrup şirkətlər isə uzun müddət İnternetdən öz biznesin inkişaf istiqamətində istifadəyə real baxmırdı. Nəticədə "onlayn" şirkətlər "ənənəvi" şirkətlərə ciddi rəqib oldular və onların biznesi üçün real təhlükəyə çevrildilər.

Təcrübə göstərir, bu yeniliklərin iqtisadiyyatda ləng tətbiqi Qərbi Avropa ölkələri və Rusiya şirkətləri üçün mənfi nəticələnmişdir. Bu yeniliklərin tətbiqin labüd hesab edən ölkələr "rəqəmsal iqtisadiyyat"ı ümumi iqtisadiyyatın lokomotivinə çevirməyi qarşısına məqsəd qoydu. Çünki, internet iqtisadiyyatı daha qlobal xarakter daşıyır. Amma bu o demək deyil ki, bütün dünya ölkələri elektron ticarət infrastrukturunu eyni dərəcədə inkişaf etdirir və bu sahədəki nailiyyətləri öz milli iqtisadiyyatlarına eyni dərəcədə tətbiq edirlər.

Müşahidələr göstərir ki, internet-texnologiyaların iqtisadiyyata tətbiqi yalnız ayrı-ayrı müəssisələr səviyyəsində deyil, makroiqtisadi səviyyədə də geniş imkanlar açmaq iqtidarındadır. Yeni iqtisadiyyatın yaranması tendensiyası yalnız mikro iqtisadiyyatda deyil, bütünlükdə iqtisadi münasibətlərin yenidən qurulması və təkmilləşdirilməsində müşahidə olunur.

Bu zaman bütün biznes planlarda internet birinci yerə çıxır. İnternet informasiya məkanında əməkdaşlıq vasitəsi olmaqla biznesi yeni inkişaf mərhələsinə daşıdı. O, bir tərəfdən şirkətlərə maksimal istehlakçı auditoriyası yığmağa, digər tərəfdən isə istehlakçılara öz fərdi tələbatları haqqında məlumatları istehsalçılara çatdırmaq imkanı verdi.

Beləliklə, yeni virtual dünyada hər kəs özünün imkanlarını və məqsədlərini əks etdirən informasiya obrazını yaratmağa daha maraqlı oldu. Həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, İnternet yeni qlobal informasiya infrastrukturunun prototipinə çevrilir. Belə informasiya müxtəlif firmaların lokal biznes təcrübəsinə əsaslı təsir göstərir.

Yeni iqtisadiyyatın əsas hərəkətverici qüvvələri


Dünya iqtisadiyyatında islahatların aparılması zamanı texnologiyalar, qloballaşma və bazarın dövlətsizləşdirilməsi kimi bir çox amillər mühüm rol oynayırlar.

Müasir dövrdə bütün dünyada biznes fəaliyyəti başlıca olaraq insanları və şirkətləri birləşdirən şəbəkələr vasitəsilə təşkil edilir. Qısa haşiyəyə çıxaraq qeyd edək ki, insanları bir kompaniya daxilində bir-biri və baş kompyuterlə əlaqələndirən şəbəkəyə intranet; kompaniyanı onun malgöndərənləri və distribyuteri ilə əlaqələndirən şəbəkəyə Ekstranet; nəhayət, istifadəçiləri "ümumdünya informasiya anbarı" ilə əlaqələndirən şəbəkəyə isə İnternet deyilir. İnternet vasitəsilə alqı-satqı əməliyyatlarını həyata keçirən kompaniya malgöndərənlər və müştərilərlə qarşılıqlı əlaqədə olur.

Təcrübə sübut edir ki, əvvəllər firmalar istehsal etdikləri məhsulları satmağa çalışdıqları halda, indi, onlar sata biləcəkləri məhsulların istehsalına üstünlük verirlər. Yeni iqtisadiyyatdakı praqmatik meyllər biznesin sosial-etik məsələlərində və qarşılıqlı etimadın təmin edilməsi sahəsində də özünü göstərir. Şirkətlər müştərilərlə qarşılıqlı əlaqənin təmin olunmasına küllü miqdarda vaxt və vəsait sərf edirlər. Müştərilərin məlumat bazasının yaradılmasına imkan verən yeni texnologiyalar bu sahədə şirkətlərin işini xeyli yüngülləşdirə bilər.

Müasir dövrdə istehlakçıların əksəriyyəti həm real, həm də onlayn alışlar həyata keçirirlər. Bu tip istehlakçıları razı salmaq üçün kompaniyaların əksəriyyəti həm ənənəvi, həm də onlayn bazarda mövcud olmalıdırlar. Bunu nəzərə alaraq, artıq şirkətlər yeni şəraitlərə uyğunlaşaraq öz satış metodlarında düzəlişlər edirlər. İstənilən müəssisədə biznesin inkişaf strategiyası rəhbərliyin həll edəcəyi ən mühüm məsələlərdən biridir. İnternet ənənəvi biznesdə analoqu olmayan elə forma və sxemlər yaratmışdır ki, artıq ənənəvi biznes metodologiyası əsasında "yetişmiş" biznes-analitiklər, şirkət rəhbərləri və marketoloqlar narahatlıq keçirməyə başlamışdır.

İndi bir çox şirkətlər internet bizneslə məşğul olmağa, elektron- kommersiya və ya biznesin elektron idarə olunması metodlarını mənimsəməyə çalışırlar. Lakin onların heç də hamısı özlərinə hansı e-biznes formasının uyğun olduğunu müəyyənləşdirə bilmirlər.

İnternet -biznes Azərbaycanda 2003-cü ildən sonra əsaslı inkişafa başlamışdır. "Ekspert" jurnalı Azərbaycandakı internet-layihələrin siyahısını hazırlanmışdır. Onların ekspert qiymətləndirilməsinə görə 2008-ci ildə Azərbaycandakı internet-mağazaların, ticari internet-sistemlərinin sayı 60-dan artıqdır. SpyLoq Reseach şirkətinin məlumatına görə 2004-cü ilin dekabrında Azərbaycan internet istifadəçilərin sayı təxminən 0.5 milyon nəfər olmuşdur.

2010-cu ilin 9 ayının yekunlarına görə əhalinin 45%-i internet istifadəçisidir.

Real və virtual mağazaların fərqi

İnternet-mağazada məhsul sifarişi istehlakçının baxış bucağından tamamilə fərqli görünür. Reytinqlər, rəqəmlər, XXI əsrin ticari texnologiyalarından istifadəyə çağırış, istifadəçinin virtual - dükanda məhsul seçimi və sifarişin rəsmiləşdirilməsindən tutmuş, ödəməyə kimi olan problemlərlə üzləşməsi səbəbini izah edə bilmir.

Əsas məsələlər xidmət, ödəmə sistemi və onların təhlükəsizliyidir.

İnternet-layihələr real servis tələb edir. Ənənəvi mağazaların alıcıları müxtəlif alıcılıq qabiliyyətinə malik insanlardır. Adətən alıcılar şəbəkə prinsipi (2 və daha artıq filialın mövcudluğu) əsasında fəaliyyət göstərən, geniş məhsul çeşidi (10-15 min vahid) təklif edən və yüksək səviyyəli xidmət təklif etməklə istehlakçı loyallığı qazanmağa çalışan mağazalara üstünlük verirlər. Şəbəkədə "keyfiyyətli xidmət" dedikdə, əmtəənin sürətli axtarışı, alıcı üçün rahat ödəmə forması (nəğd, Azərbaycan və beynəlxalq ödəmə sistemlərinin plastik kartları, bank köçürmələri), qiymət güzəşti sistemi və bir-birini müşayiət edən məhsulların, əlavə xidmətlərin bir ticarət meydançasından alınması imkanı başa düşlür. On-line alışlara qərar verən alıcı yüksək texnologiyalı axtarış, müqayisə, alış və ödəmə üsullarından istifadə etməyə hazırdı. Bunun əvəzində onlar yüksək keyfiyyətli xidmət tələb edirlər. İlk dəfə on-line alış həyata keçirmiş şəxslər məyus olurlar. Belə ki, virtual mağazalarda xidmət və məhsul çeşidi ənənəvi dükanlardan xeyli geri qalır.

Bu kontekstdə mövcud internet mağazaları iki qrupa bölmək olar:

Web-vitrinlər- onları yaradanlar internet ideyasının özünə aludə olmuş və ticarət sahəsinə qeyri-peşəkarlardır. Web-saytın bazasında elektron mağazaların layiləşdirilməsi zamanı onlar unudurlar ki, texnoloji təminatla yanaşı (kataloqların mövudluğu və sifarişlərin rəsmiləşdirilməsi), mağaza alıcılar üçün əlverişli prinsiplər əsasında fəaliyyət göstərməli, yəni real dükan funksiyasını yerinə yetirməlidir. Xidmətin zəifliyi şəraitində alıcıda şirkətə qarşı mənfi rəy formalaşır. 60% hallarda alıcı sifarişi kredit kartı ilə ödəyə bilmir, 99% hallarda isə əqdlərin təhlükəsizliyi təmin olunmur.

İnternet-portallar (consumer portal)- pərakəndə ticarət təşkilatları üçün qəbul edilmiş qaydalar əsasən fəaliyyət göstərən internet-mağazalardır. İstehsalçının kompyuterdən istifadə mədəniyyəti artdıqca, onun elektron dükanlara qoyduğu tələblər də ciddiləşir. Belə portallar internetə - son istehlakçılarla əks əlaqənin yeni üsullarını və ya web-marketinqin təşkili aləti kimi baxan real ticarət şirkətlərinin bazasında yaradılır. İstehlakçı yönümlü internet-portalın yaradılması pərakəndə ticarətçiyə özünün bazarda mövcudluğu coğrafiyasını genişləndirməyə, məhsulların tez reallaşdırılmağa, əlavə reklam və marketinq kanalı əldə etməyə imkan verir.

İstehlakçı yönümlü portallar keyfliyyətli xidmət (kataloqların əlyetərliyi, saytda aydın təlimatların mövcudluğu, çatdırılan məhsullun alıcının sifarişinə uyğunluğu, çatdırılmanı vaxtında yerinə yetirilməsi və s.) göstərilməsi və müxtəlif marketinq proqramlarının həyata keçirilməsi ilə istehlakçı sadiqliyinə nail olmağa çalışırlar.
loading...

1 şərh

Vlad
İnternt iqtisadiyyatının inkişafı üçün Azərbaycanda elektron ticarət,elektron ödəmə inkişaf etməlidir.