Proqramlar

Kompüter digər qurğulardan fərqli olaraq onun üçün əvvəlcədən hazırlanmış proqrama uyğun işləyən və ona daxil olan informasiyanın təhlilinə aid istənilən əməliyyatları yerinə yetirən qurğudur. Odur ki, kompüter üçün onun başa düşəcəyi dildə və ətraflı əməllər ardıcıllığı, yəni proqram tərtib olunmalıdır.  Proqram-maşının addım-addım yerinə yetirəcyi təlimatlar və yaxud əmrlər siyahısıdır. Kompüterdən istifadə etmək və onun tətbiq sahəsini genişləndirmək üçün onlar proqram təminatına malik olmalıdır. Proqram təminatı elə proqramlar kompleksidir ki, onsuz kompüterin işini təsəvvür etmək olmaz. Proqram təkcə konkret məsələni həll etmək üçün deyil, istifadəçi ilə kompüter arasında ünsiyyət yaratmaq, informasiya emalı prosesini idarə etmək, məsələnin həllində proqramçıya kömək etmək, səhvləri aşılayıb ona çatdırmaq və s. üçün lazımdır. Proqram təminatı kompüter istifadəçisinin araşdırdığı problem və məsələlərin həllini təşkil edən proqramlar yığımıdır.
İş üsuluna görə proqram təminatına daxil olan proqramlar üç kateqoriyaya bölünürlər:

  • Sistem proqramları. Belə proqramlar həmişə işə hazır vəziyyətdə olub yaddaşda saxlanılırlar. Onların əsas vəzifəsi kompüterin qurğuları və aparat hissəsi ilə iş prosesində istifadə edilən digər proqramlar arasında əlaqə yaratmaqdır. Belə proqramlara  BİOS proqramını göstərmək olar;
  • Qeyri-rezident (adi) proqramlar. Ən geniş yayılmış kateqoriyalı proqramlardır. Bu proqramlar vasitəsilə istənilən növ məsələni kompüterdə həll etmək mümkündür. Bu proqramlar işlərini bitirdikdən sonra əməli yaddaş boşaldılaraq idarəetmə digər proqramlara verilir.
  • Rezident proqramlar. Belə proqramlar adi proqramlardan fərqli olaraq idarəetməni digər proqramlara ötürdükdə əməli yaddaşdan silinmirlər və onlar proqramların icrası qurtardıqdan sonra idarəetməni öz üzərinə götürürlər.

Kompüterdə istifadə olunan proqram təminatı funksional təyinatına görə üç qrupa bölünürlər:

  1. İdarəetmə və müxtəlif köməkçi funksiyaları yerinə yetirən sistem proqram təminatı. Məsələn, istifadə olunan informasiyanın surətinin çıxarılması, kompüterdə qurğunun işçi vəziyyətdə olmasının yoxlanması və s.
  2. Kompüterdə yeni proqramların yaradılmasını təmin edən proqramlaşdırma sistemləri və ya instrumental sistemlər;
  3. İstifadəçinin müəyyən işlərini həyata keçirən tətbiqi proqramlar. Məsələn, mətn redaktorları, şəkil və qrafiklərin çəkilməsi və s.

Sistem proqram təminatı:
Sistem proqram təminatı kompüterdə informasiyanın emalı prosesini təşkil edir.Sistem proqramları aşağıdakılardır:

  • Əməliyyat sistemləri;
  • Şəbəkə sistemləri;
  • Xidməti proqramlar və s.

Sistem proqramlarının vasitəsilə diskləri formatlaşdırmaq, kompüterə qoşulan xarici qurğuların parametrlərini təyin etmək, əməli yaddaş və digər qurğuları testdən keçirmək, çapı təşkil etmək, lokal və qlobal şəbəkələrlə əlaqə yaratmaq mümkündür.
Əməliyyat sistemləri sistem proqram təminatının əsasını təşkil edir. Əməliyyat sistemləri fərdi kompüterlərin vacib elementlərindən biridir. Əməliyyat sistemi kompüter qoşulduqda işə düşən, kompüterin bütün hissələrinin işləməsini təmin edən və informasiyanı idarə edən proqram sistemidir. Əməliyyat sistemi məlumatların saxlanması və onun emalının idarə edilməsi ilə yanaşı istifadəçi üçün də interfeysə malikdir.
Şəbəkə əməliyyat sistemlərilokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Şəbəkə proqram təminatı paylanmış hesablama şəbəkəsinin ümumi ehtiyatlarını idarə edir. Ümumi ehtiyatlara yaddaş qurğuları, periferiya qurğuları, ortaq proqram təminatı və s., şəbəkə proqram təminatına isə  Windows 2000 for Server, Windows NT Server, Netware,  Windows for Workgroup və s. aiddir.
Əməliyyat sisteminin tərkibinə bir sıra işləri yerinə yetirən xidməti proqramlar daxildir. Bu proqramlar kompüterdən istifadəni və onun texniki xarakteristikalarını xeyli yaxşılaşdırır. Bu proqramlar kompüterin aparat hissəsinin işinə nəzarət edir, nasazlıqları aşkarlamağa, onların harada baş verdiyini müəyyənləşdirir, əməliyyat sisteminin nüvəsinə müraciət etməyə, proqramların xarici yaddaş qurğularından (disklərdən və viçesterdən) əməli yaddaşa yüklənməsinə, iş zamanı səhvləri düzəltməyə, proqram modulları arasında əlaqə yaratmağa, disklərin formatlaşdirilmasına və sair işlərin həyata keçirilməsinə imkan verir.
Xidməti proqramlara aşağıdakılar aiddir:

  • interfeys proqramları;
  • fayl, kataloq və qovluqlarla işləmə proqramları;
  • antiviruslar;
  • arxivləşdirmə proqramları;
  • proqram örtükləri;
  • qurğuların iş qabiliyyətini yoxlayan proqramlar;
  • qurğuların işini idarə edən proqramlar — drayverlər;
  • köməkçi proqramlar.

Xidməti proqramlar kompüterin istismarı zamanı aşağıdakı köməkçi funksiyaları yerinə yetir:

    • kompüteri diaqnostika edərək nasazlıqları aşkar edir və imkan daxilində onları aradan qaldırır;
    • arxivləşdirmə proqramları faylları sıxaraq həcmlərini kiçildir (ARJ, ZİP, WINZIP? WINRAR);
    • antivirus proqramlar kompüterin viruslrla yoxlanmasının qarşısını alır və əmələ gələn virusları arada götürür (NOD32, Антивирус Касперского və s.).

İnstrumental proqramlar (Proqramlaşdırma sistemləri):
İnstrumental proqramlar və ya proqramlaşdırma sistemləri yeni proqram vasitələri (sistem və tətbiqi) yaratmaq üçün istifadə edilir. Proqramlaşdırma sistemləri maşın dilində deyil, istifadəçi üçün daha asan olan proqramlaşdırma dillərində işləməyi təmin edir.
Maşın dili çoxsaylı əmrlər ardıcıllığından ibarət kompüterin birbaşa başa düşə biləcəyi kodlarla işləyir. Lakin çoxsaylı istifadəçilər üçün bu dildə işləmək əlverişli deyildir. Ona görə də təbii dilə yaxın olan simvolik dillərdən istifadə olunur. Bu cür dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dilində yazılan proqramlar maşın dillərinə çevrilərək yerinə yetirilir.
Alqoritmik dillər yüksək səviyyəli dillər hesab edilir. Belə dillərdə tərtib olunan proqramlar istənilən kompüterdə işləyir və onlarla işləmək əlverişli və asandır. Çatışmayan cəhətləri kompüterin texniki xarakteristikalarının nəzərə alınmasının mümkün olmaması və icrasına daha çox vaxtın sərf edilməsidir.
Alqoritmik dillər aşağıdakı qruplara ayrılırlar:

  • məntiqi məsələlərin həlli üçün;
  • elmi-texniki və iqtisadi məsələlərin proqramlaşdırılması üçün;
  • texnoloji proseslərin idarə olunması və modelləşdirilməsi məsələlərinin proqramlaşdırılması üçün.

Proqramlaşdırma dilində yazılan proqram yerinə yetirilmədən əvvəl translyator adlanan proqramlar kompleksinin köməyi ilə maşın dilinə çevrilirlər.
Translyatorlar iki üsulla təşkil oluna bilərlər: interpretasiya və kompilyasiya yolu ilə. Məhz buna görə də translyatoru uyğun olaraq interpretator və ya kompilyator adlandırırlar.
İnterpretator proqramın operatorlarını bir-bir təhlil edir və onu bütövlükdə yaddaşa yükləyir. Bu səbəbdən də proqramın işləmə vaxtı uzanır.
Kompilyator bütün proqramı maşın koduna çevirərək səhvlər haqqında məlumatları vaxtında istifadəçiyə çatdırır. Burada operatorların təhlili və maşın koduna çevrilməsi bir dəfəlik aparılır. Buna görə də kompüterin işləmə sürəti artır və proqramın icrası prosesdən asılı olmur. Nəticədə proqramın əməli yaddaşa yüklənməsinə ehtiyac duyulmur və əməli addaşdan digər məqsədlər üçün istifadə edilməsinə şərait yaranır.

Tətbiqi proqramlar
İnsan fəaliyyətinin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir. Tətbiqi proqramlar iki hissədən ibarətdir:

  • tətbiqi proqramlar paketi (TPP);
  • standart proqramlar kitabxanası.

Tətbiqi proqramlar paketimüəyyən sinif məsələləri həll etmək üçün nəzərdə nəzərdə tutulmuş elə proqramlar kompleksidir ki, kompleksin komponentlərindən biri idarəedici rolunu oynayaraq, istifadə edilən bütün proqramların bir-biri ilə əlaqəsini təşkil etmiş olur.
Standart proqramlar kitabxanası isə  riyazi funksiyaların hesablanması, standart məsələlərin həllini, verilənlərin emalını və sairə bu kimi işləri yerinə yetirən proqramlardır. Bu proqramlar əvvəlcədən hazırlanaraq istifadə üçün kompüterin yaddaşına yazılır.
Hal-hazırda ən çox istifadə edilən tətbiqi proqramlar aşağıdakılardır:

  • kompüterdə mətnlərin hazırlanması-mətn redaktorları (WordPad, Microsoft Word);
  • cədvəl verilənlərinin emalı-cədvəl prosessorları (Lotus 1-2-3, Microsoft Excel);
  • nəşriyyat sənədlərinin hazırlanması-nəşriyyat sistemi (PageMarker? QuarkXpress);
  • informasiya massivlərinin emalı-verilənlər bazasının idarə edilməsi sistemləri (Microsoft Access);
  • təqdimatların (prezentasiyaların) hazırlanması (Microsoft Power Point);
  • iqtisadi əhəmiyyətli proqramların hazırlanması (Финэксперт, Бухгалтерия 1С);
  • videofilmlərin, şəkillərin yaradılması üçün proqramlar-qrafik sistemlər (Presto! Mr. Photo);
  • verilənlərin statistik təhlili proqramları (SPSS, Statistika);
  • kompüter oyunları, öyrədici proqramlar, tərcümə proqramları və s. (Polyqlot, PROMT).

Tətbiqi proqramlar paketi hər hansı məsələ və ya məsələlər sinfi, həmçinin istifadəçilər üçün nəzərdə tutulan proqram vasitələrinin toplusu və ya kompleksidir.
Tətbiqi proqramlar paketi aşağıdakı əlamətlərə görə təsnif olunurlar:

  • tətbiq sahəsi və həll olunan məsələlər sinfinə görə;
  • informasiyanın işlənməsi üsullarına görə;
  • paketlərin reallaşmasın qaydasəna görə.

Tətbiqi proqramlar paketi tətbiq sahələri üzrə aşağıdakı kimi təsnif olunurlar:

  • əməliyyatlar sistemlərinin imkanlarını genişləndirən tətbiqi proqramlar paketi;
  • ümumi təyinatlı tətbiqi proqramlar paketi;
  • mühəndis, iqtisadi və sairə məsələlərin həlli üçün istifadə olunan tətbiqi proqramlar paketi.

İnformasiyanın işlənməsi üzrə tətbiqi proqramlar paketi üç qrupa bölünürlər:

  • üsulyönlü proqramlar paketi;
  • problemyönlü və ya problemlə bağlı  proqramlar paketi;
  • texnologiyayönlü proqramlar paketi.

Üsulyönlü tətbiqi proqramlar paketi hər hansı üsulla (məsələn, simpleks üsulla xətti proqramlaşdırma məsələlərinin həlli) məsələlərin həlli üçün istifadə edilir.
Problemyönlü tətbiqi proqramlar paketihər hansı problemlə bağlı (uçot, təhlil, audit və s.) məsələlərin həlli üçün istifadə edilir.
Texnologiyayönümlü tətbiqi proqramlar paketi informasiyaların işlənməsi texnologiyası və məlumatların icrası üçün nəzərdə tutulur.
Tətbiqi proqramlar paketlərini əməliyyatyönümlü və problemyönümlü paketlər kimi də fərqləndirmək mümkündür.
Əməliyyatyönümlü paketlər də  öz növbəsində iki yerə bölünür:

  • məlumatların işlənməsini təmin edən paketlər;
  • məlumatların məntiqi-riyazi işlənməsini təmin edən paketlər.

Tətbiqi proqramlar ixtisaslaşmış və inteqrasiya olunmuş proqram paketlərinəbölünürlər. İxtisaslaşmış tətbiqi proqramlar paketi ayrıca sahə və ya ayrıca götürülmüş məsələnin həlli üçün təyin olunmuş və istifadə edilən proqram paketidir. İnteqrasiya olunmuş proqram paketləri ümumi təyinatlı tətbiqi proqramlar paketi funksiyalarına görə fərqləndirən, müxtəlif proqram paketlərini özündə birləşdirən tətbiqi proqramlar paketidir. Müasir inteqrasiya olunmuş tətbiqi proqramlar paketi tərkibinə mətn redaktorları, elektron cədvəllər, qrafiki redaktorlar, informasiya bazalarını idarəetmə sistemləri və kommunikasiya sistemləri daxildir. Buraya digər komponentləri əlavə etmək də olar. Müxtəlif komponentlərin inteqrasiya edilməsi istifadəçi imkanlarını genişləndirir.
Fərdi kompüterin proqram təminatı aşağıdakı sxemdə göstərilmişdir:

 Fərdi kompüterin proqram təminatı

Əməliyyat sisteminin köməyi ilə istifadəçi-kompüter dialoqu yaranır, əməli və daimi yaddaş qurğuları iş prosesinə qoşulur, kompüter idarə edilir və istənilən proqram işə düşür. Beləliklə, əməliyyat sisteminin əsas funksiyası kompüterlərin ehtiyatlarının və hesablama sistemləri proseslərinin idarə olunmasıdır. Əməliyyatlar sistemlərinə PC DOS, OS/2,MS DOS, UNİX, Windows-u göstərmək olar.
Əməliyyat sistemiləri yerinə yetirdikləri funksiyalarına görə üç qrupa bölünürlər:

  • birməsələli (bir istifadəçidən ibarət) əməliyyat sistemiləri;
  • çoxməsələli (çox istifadəçidən ibarət) əməliyyat sistemiləri;
  • şəbəkə əməliyyatlar sistemləri.

Birməsələli əməliyyat sistemiləri bir istifadəçinin iş prosesində yalnız konkret bir məsələnin həlli üçün istifadə edilir. Belə sistemlərə MS-DOS əməliyyat sistemini göstərmək olar.
Çoxməsələli əməliyyat sistemiləri fərdi kompüterlərdən istifadəçilərin multiproqram vaxt bölgüsü rejimində kollektiv istifadəni təmin edir. Bu vaxt kompüterin yaddaşında bir neçə proqram və məsələ olur ki, mikroprosessor kompüterin resurslarını onlar arasında bölüşdürür. Belə əməliyyat sistemilərinə UNİX, OS/2, Windows, Windows NT-ni göstərmək olar.
Şəbəkə əməliyyat sistemiləri lokal və qlobal kompüter şəbəkələrinin meydana gəlməsi ilə əlaqədar istifadəçinin hesablama şəbəkəsinin bütün resurslarına müraciəti təmin edir.
Hal-hazırda İBM PC markalı kompüterlər üçün aşağıdakı əməliyyatlar sistemi geniş istifadə olunur:

  • MS-DOS və onunla uzlaşan PC-DOS və Novell Dos əməliyyat sistemləri;
  • Windows 3.1, Windows 3.11,  Windows 95,  Windows 98, Windows 2000/NT, Windows XP, Windows Vista.
  • UNİX, LUNİX.

Bu əməliyyat sistemləri 8, 16, 32 mərtəbəli mikroprosessorlar üzərində qurulmuş fərdi kompüterlər üçün yaradılmışdır.

MS-DOS əməliyyat sistemi

MS-DOS əməliyyat sistemi İBM PC kompüterləri ilə eyni vaxta yaradılmış və 16 mərtəbəli mikroprossesorlar üzərində qurulmuş fərdi kompüterlərdən istifadə edilir.
MS-DOS əməliyyat sisteminin ilk versiyası 1981-ci ildə Mickosoft firması tərəfindən yaradılıb. 1987-ci ildə bu əməliyyat sisteminin 3.3(3.0) versiyası yaradılır və 3-4 il ən geniş istifadə edilən versiya olur. Daha güclü kompüterlər üçün sonralar MS-DOS əməliyyat sisteminin 5.0 və 6.0 versiyaları yaradılır. Həmin versiyalar əməli yaddaşın    640 Kbayt-dan çox  tutuma, maqnit disklərinin isə 32 Mbayt-dən artıq tutuma malik olmasına imkan verdi. 6.0 versiyası rezerv proqramlar yaratmağa, diskdəki sıxılmış informasiyalardan və antivirus proqramlarından istifadəyə imkan verdi. Hazırda MS-DOS-un 6.20 versiyası istifadə edilir.
MS-DOS əməliyyat sistemi ilə uzlaşan PS DOS və Digital Research firmasının DR DOS əməliyyat sisteminin 6.0 və 7.0 versiyalarından istifadə edilir. Onların çatışmayan cəhəti diskdəki informasiyanın bir-biri ilə uzlaşmamasıdır.
MS-DOS  əməliyyat sistemi kompüterin daimi yaddaşında saxlanan əsas idarəetmə proqramı olub, yaddaşın proqramlar üçün bölünməsini, faylların diskdə yerləşdirilməsini, kompüter avadanlıq və qurğularının (klaviatura, di spley, sərt disk, disk sürücüləri) daxil olan siqnallara və işləyən proqramlara xidmətini həyata keçirir.
MS-DOS əməliyyat sistemi minimal funksiyalar yığımından ibarət olmaqla bir nəfərin vahid proqramla işləməsinə imkan yaradırdı.
Bu sistemi hazırlayarkən iki prinsipə üstünlük verilmişdir:

  • MS-DOS-un ilkin və sonrakı versiyaları üçün tərtib edilmiş proqramlar arasında uzlaşma olmalıdır;
  • MS-DOS-un istənilən versiyası İBM və onunla uzlaşan istənilən kompüterlər ilə işləmə imkanına malik olmalıdır.

Hazırda Windows 95, Windows 98 və ya Windows NT əməliyyatlar sistemindən geniş istifadə MS-DOS əməliyyat sisteminin əhəmiyyətini heçə endirmir. Çünki:

    • çoxlu sayda yaradıcı sahələrə aid MS-DOS-da tərtib edilən proqramlar müvəffəqiyyətlə istifadə edilir.
    • Windows əməliyyat sistemi və onun müxtəlif versiyalarında baş verən nasazlıqların aradan qaldırılmasında  MS-DOS proqramlarından istifadə edilir.

MS-DOS əməliyyat sisteminin üstün cəhətləri bunlardır:

  • geniş imkanlı əmrlər sisteminə malikdir;
  • fayllarla ardıcıl qurğularla işlənilən kimi işləməyin mümkünlüyü;
  • çoxsəviyyəli kataloqların təşkil olunma imkanları;
  • əlavə qurğuları qoşarkən onların idarəedici proqramlarının, drayverlərinin sistemə qoşulması mümkünlüyü;
  • istifadəçilər ilə dialoq müddətində digər məsələnin həllinin mümkünlüyü;

MS-DOS əməliyyat sistemi modul prinsipi ilə qurulmuşdur və onun əsas hissələri aşağıdakılardır:

  • Giriş-çıxış baza sistemi (BİOS)- kompüterin daimi yaddaş qurğusudur. Bu modul həm aparat, həm də proqram vasitələrinin tərkib hissəsi kimi fəaliyyət göstərir. Onun köməyi ilə daxiletmə və xaricetmə ilə əlaqədar sadə və universal əməliyyatlar sistemi həyata keçirilir. O, həmçinin yaddaşın işini yoxlayır, əməliyyat sisteminin yüklənməsi üçün lazım olan proqramı hazır vəziyyətdə saxlayır;
  • Əməliyyat sisteminin yükləyicisi, ilkin yükləmə proqramı (boot record) — bu qısa proqram olub, sistem diskinin birinci sektorunda yerləşir. Onun vəzifəsi DOS və onun digər iki modulunun yaddaşa yüklənməsi prosesini tamamlamaqdır;
  • Disk faylları- (İO,SYS və MSDOS,SYS). Disk faylları əməliyyat sisteminin yükləyicisi tərəfindən yüklənir və kompüter yaddaşında daimi qalırlar;
  • Əmrlər prosessoru COMMAND.COM fayl olub, sistem diskinin istənilən yerində saxlanıla bilər. O, istifadəçi tərəfindən verilən əmrləri təhlil edir. Əmrə uyğun proqramı tapıb yükləyir, iş tamam olduqdan sonra həmin proqramı yaddaşdan silir və növbəti hal üçün hazır vəziyyəti alır;
  • DOS-un xarici əmrləri-utilitlər. Disklərin yoxlanması, formatlaşdırılması (FORMAT.COM), çapın təşkili (PRİNT.COM) kimi əməliyyatların yerinə yetirilməsini təmin edirlər;
  • Qurğuların idarəedici proqramları olan drayverlər. Bu drayverlər kompüterin yaddaşına köçürülür və onların adları CONFİG.SYS faylında göstərilir.

UNİX əməliyyatlar sistemi:

UNİX əməliyyatlar sisteminin üstünlüklərindən biri ondan ibarətdir ki,  bu sistem sayı çox olmayan intuitiv aydın anlayışlara əsaslanır. Əvvəldən UNIX əməliyyatlar sistemi interaktiv sistemi kimi nəzərdə tutulmuşdur. Başqa sözlə UNİX terminal iş üçün təyin olunmuşdur. Sistemə daxil olan istifadəçi fayl sistemi ilə işləməyə başlayır. Fayl sistemi ağacvarı quruluşa malikdir. Ağacın kökündə qurğu və ya əsas (kök) kataloq durur. Sonrakı şaxələnmə alt kataloqlar və fayllar üzrə aparılır. İstifadəçi adətən, fayl və kataloqları silə, yenilərini əlavə edə və dəyişdirə bilər.
İstifadəçinin UNİX sistemi ilə işləməsi ənənəvi olaraq əmrlər dilindən istifadəyə əsaslanır. Sistemə daxil olduqdan sonra hər hansı əmrlər interpretatoru işə düşür. Adətən sistemdə oxşar olan, lakin əmrlər dilindəki fərqlərə malik bir neçə əmrlər interpretatoru olur. UNİX əməliyyatlar sisteminin istənilən əmrlər interpretatorunun ümumi adı  SHELL (örtük) –dir. Çağırılmış əmrlər interpretatoru növbəti əmrlərin daxil edilməsini tələb edir. Yeni əmrlər sətrində yerinə yetiriləcək sadə əmrlərdən biri daxil edilməlidir. Əmrə uyğun nəticə ekrana verildikdən sonra yenə də əmrlər sətrində yeni əmrin verilməsi üçün şərait yaradılır. Bu prosesin başa çatdırılması üçün istifadəçi əmrlər sətrində LOGOUT əmrini yazmalı və ya CTRL-D düymələrini basmalıdır. UNİX əməliyyatlar sistemində hər bir istifadəçi öz sistem tərəfindən qeydiyyata alınmış unikal (təkrarlanmayan) identifikatoruna görə (UİD- USER İDENTİFİER) tanınır. Bununla bərabər hər bir istifadəçi istifadəçilər qrupuna (GİD- GROUP İDENTİFİER) aid olur. Hər bir istifadəçi üçün mövcud olan  UİD və GİD sistemin uçot fayllarında saxlanılır və müraciətə uyğun olaraq yerinə yetirilir. Aydındır ki, UNİX sistemində də sistemin adminstratoru (inzibatçısı) da mövcud olur. Bu istifadəçiyə, yəni adminstratora uyğun olan UİD sıfırıncı UİD adlanır. Adminstartor digər istifadəçilərə nisbətən daha çox imkanlara malik olur. O, digər istifadəçilərdən fərqli olaraq, sistemdə dəyişiklik etməyə, istənilən istifadəçiyə aid olan fayl və kataloqları dəyişməyə və ya ləğv etmək imkanlarına malik olur. Adətən adminstratoru superistifadəçi (superuser) və ya ROOT  adlandırırlar. UNİX əməliyyatlar sistemində müxtəlif proqramlaşdırma dillərindən FORTRAN, PASCAL, MODULA, ADA və s. istifadə oluna bilər. Lakin bu sistemdə daha çox C (C++) dilindən istifadə olunur. Bu onunla izah olunur ki, UNİX sisteminin özü C dilində hazırlanmışdır. Bu səbəbdən də C dilində yazılan proqramlarda aparat hissəsi ilə əlaqəli işləmək daha effektivdir.
UNİX əməliyyatlar sistemində giriş-çıxışa istiqamətləndirmə mexanizmi güclü və eyni zamanda sadə mexanizmlərdən biridir. UNİX interaktiv sistem olduğundan proqramlar mətn şəklində klaviatura vasitəsilə daxil edilir və daxil edilmiş proqram mətni ekrana çıxışa verilir. Əslində bu prinsip vasitəsilə məlumatlar fayldan alınaraq digər fayla da verilə bilir. UNİX əməliyyatlar sistemində klaviatura və ekranla iş də fayllarla işləmə kimi qəbul edilir. İstənilən fayla daxil olma onun deskriptoruna müraciətlə həyata keçirilir. Deskriptor tam müsbət ədəddir. Faylların deskriptoru 1, 2 və ya 3 ola bilər. Deskriptoru 1 olan fayl standart giriş faylı adlanır (STDİN); deskriptoru 2 olan fayl standart çıxış faylı adlanır (STDOUT); deskriptoru 3 olan fayl diaqnostik məlumatların standart çıxış faylı adlanır (STDERR). Qeyd etmək lazımdır ki, ixtiyari prosesdə işə salınan proqram özündən əvvəlki proseslərdə istifadə edilən faylların deskriptorlarını qəbul edir. İstənilən çoxistifadəçi əməliyyatlar sistemi kimi UNİX əməliyyatlar sistemi də istifadəçilərin bir-birindən mühafizəsi, sistem verilənlərinin kənar istifadəçilərinin müdaxiləsindən qorunması üçün nüvəyə malikdir. Bu sistem nüvəsi kompüter resurslarını idarə edir və istifadəçilərə baza xidmətlər yığımını təklif edir.
UNİX əməliyyatlar sisteminin nüvəsinin əsas hissəsi aşağıdakı komponentlərdən ibarətdir:

  • aşağı səviyyədə sistemin inisalizasiyası və aşılması;
  • daxili və xarici kəsilmələrin ilkin emalı;
  • yaddaşın idarə edilməsi;
  • nüvə və istifadəçi rejimləri arasında kontekst proseslərin birindən-digərinə keçidin təmini;
  • qurğuların drayverlərinin sistemin əsas platforması ilə əlaqələndirilməsi.

UNİX əməliyyatlar sisteminin nüvəsinin əsas funksiyaları aşağıdakılardır:

  • Sistemin insalizasiyası- işə salma və açılma (bootstrap) funksiyası. Bu funksiya tam nüvəni kompüterin yaddaşına yükləyir və nüvəni işə salır.
  • Proseslərin idarə edilməsi;
  • Yaddaşın idarə edilməsi.
  • Fayl sisteminin idarə olunması;
  • Kommunikasiya vasitələri. Bu vasitələr eyni bir kompüterdə proseslər arasında verilənlərin mübadiləsini, lokal və qlobal şəbəkələrə verilənlərin ötürülməsini və proseslərlə xarici qurğuların drayverləri arasındakı əlaqəni təmin edir.
  • Proqram interfeysi- istifadəçinin funksiyalar və çağırışlarla nüvənin imkanlarına daxil olmasını təmin edir.

Windows əməliyyatlar sistemi:

MS-DOS-da idarəetmə sisteminin sadəliyi, əmrlər interfeysinin narahatlığı, disket-lərdə olan fayl və kataloqların proqramları işə salan ləvazimatlarla idarə olunması və s. bəzi proqramçıları onlara lazım olan ləvazimatları tərtib etməyə, ya da müxtəlif proqramlar kitabxanasından istifadə etməyə məcbur edirdi. Digər tərəfdən müxtəlif proqramlara müraciət etməyin özü və müxtəlif proqramların istifadəçi tərəfindən eyni vaxtda istifadə olunması çox çətinlik yaradır.
Buna görə də çoxpəncərəli qrafik interfeysə malik örtük proqramları yaradılırdı. İlkin olaraq belə interfeysli ilk əməliyyat sistemini Macintosh tipli kompüterlər üçün Apple Computer firması hazırladı. Sonra 1992-ci ildə Microsoft firması kütləvi istifadə olunan IBM PC tipli kompüterlərdə istifadə olunan MS-DOS əməliyyat sistemləri üçün qrafik Windows 3.0 örtük proqramını yaratdı. Tezliklə firma fərdi istifadə üçün   Windows 3.1, lokal şəbəkədə istifadə üçün Windows 3.11 for Workgroup proqramlarını hazırladı.
Microsoft firmasının 1995-ci ilin avqust ayında istehsal etdiyi yeni variantı Windows 95 adlandıracağını elan etməsi kompüter istifadəçiləri üçün bir sürprizə çevrildi. Elan edilən sürpriz bununla tamamlanmırdı. Çünki firma Windows 95-i kompüter bazarına çıxararkən sistemin gözlənildiyindən də artıq yeniliyə sahib olduğunun və müstəqil bir əməliyyat sistemi kimi işlədiyinin şahidi oldu.
1998-ci ildə Microsoft firması tərəfindən yeni Windows 98 əməliyyat sistemi yaradıldı. Sonrakı illərdə firma öz imkanlarının genişlənməsindən istifadə edərək Windows-un yeni variantlarım (Windows NT-2000, Windows XP) kompüter istifadəçilərinə təqdim edir.
Windows-un hər növünün bir neçə variantı — Amerika, panavropa və bəzi dövlətlərin öz lokal variantları vardır. Bu variantlar aşağıdakılardır:

  • Amerika variantları ingilis dilli interfeysə malikdir və ABŞ-da işləmək üçün nəzərdə tutulub. Başqa dilli proqramlarla işləmək imkanı yoxdur;
  • Panavropa variantı ingilis dilli interfeysə malik olmaqla yanaşı, tərkibinə Avropa dillərində işləmək üçün proqram vasitələri daxildir;
  • Bəzi dövlətlər üçün Microsoft firması əməliyyat sisteminin lokal variantını təklif edir. Bu proqramların əmrlər dili və qrafik interfeysi həmin dövlətin dilindədir.

Windows əməliyyat sistemlərini əsasan iki qrupa bölmək olar:

  • Fərdi kompüterdə istifadə üçün (Windows-un 3.1, 95, 98, 2000 və Millenium variantı);
  • Lokal və qlobal şəbəkədə istifadə üçün (Windows 3.11, Windows NT Server and Workstation, Windows 2000 Professional).

Birincidən, adından bəlli olduğu kimi, lokal şəbəkə olmayan sahələrdə istifadə edirlər. Bunlar üçün həddindən artıq tətbiqi proqramlar tərtib edilmişdir. İkincidən isə lokal və qlobal şəbəkələrin qurulduğu yerlərdə istifadə edilir.

Windows-un üstün cəhətləri:

  • proqramın xarici qurğulardan asılı olması.Windows və DOS arasında əsas fərq ondan ibarətdir ki, DOS proqramı (DOS-a ehtiyac olmadan) kompüter avadanlığı (displey, klaviatura, printer və s.) ilə birbaşa işləyə bilir. Windows mühitində işləyən proqramlar isə xarici qurğulara Windows-un köməyi ilə müraciət edir. Deməli, Windows bütün işləri, yəni konkret xarici qurğularla uzlaşma problemini öz üzərinə götürdüyü üçün tədqiqatçının konkret xarici qurğularla birgə işləməsinin təmin olunması problemi aradan götürülmüş olur. Odur ki, Windows proqramı konkret xarici qurğulardan asılı olmur və qurğularla o zaman əlverişli işləyir ki, bu qurğular müstəqil olaraq Windows-la işləyə bilirlər. İş prosesi zamanı ən çox istifadə edilən avadanlıqların işini lazımi səviyyədə saxlamaq üçün drayverlər Windows-un tərkibinə daxil edilir.
  • istifadəçi interfeysinin yaradılması üçün avadanlıq. Windows-a istifadəçi interfeysinin yaradılması üçün lazım olan funksiyalar: pəncərələr, menyu, sorğular, siyahılar və s. daxildir. Buna görə də Windows-un istifadəçi interfeysi ən yaxşı nümunələrdən biri sayılır və bu mühitdə işləyən digər proqramlar Windows-un funksiyalarından istifadə edir.
  • əməli yaddaşdan tam istifadə. DOS-dan fərqli olaraq Windows-da kompüterin əməli yaddaşı tam həcmdə istifadə edilir. Bu isə həcmli proqramların qurulmasını asanlaşdırır.
  • proqramlar kitabxanasının dinamik quruluşu. Windows-da proqram tərtib edərkən, proqramlar kitabxanasından Windows-un köməyi ilə istənilən proqramı götürüb istifadə etmək olur, yəni seçilmiş proqramı kompüterin yaddaşına yükləmək mümkündür.
  • vahid istifadəçi interfeysi.Windows istifadəçi interfeysini yaratmaq üçün proqramçıları lazım olan bütün ləvazimatlarla təmin etdiyindən, iş prosesi zamanı proqramçılar bu ləvazimatlardan tam istifadə edirlər. Belə geniş imkanların onlara verilməsi istifadə üçün analoji ləvazimatlar yaratmağa sövq etmir. Nəticədə Windows proqramının istifadəçi interfeysi müəyyən dərəcədə daima təkmilləşir və istifadəçiyə istənilən proqramlar arasında əlaqə yaratmağa imkan verir. Bundan əlavə, istifadəçi kompüterdə istifadə edilən hər bir proqramı ayrıca öyrənməyə ehtiyac duymur.
  • çoxlu sayda məsələlərin eyni anda həlli.Windows müxtəlif sayda proqramların eyni zamanda həll edilməsinə və onlar arasında məlumat mübadiləsinə imkan yaradır. Digər tərəfdən Windows-da bir proqramın və ya məsələnin həllindən digərinə keçmək mümkündür.
  • DOS əlavələri ilə uyğunluq.Windows elə qurulmuş sistemdir ki, onunla işləyərkən DOS proqramlarına müraciət etmək və ya DOS proqramı ilə işləmək lazımdırsa, bu işləri Windows-dan çıxmadan həyata keçirmək mümkündür. Amma onu da qeyd etmək lazımdır ki, DOS proqramları Windows-un təsiri altında icra olunarkən onlar aşağı sürətlə işləyirlər.
  • verilənlərin mübadiləsi buferindən (clipboard) istifadə. Windows-un  müxtəlif proqramları  arasında  verilənlərin   dəyişməsini aşağıdakı üsullarla təşkil etmək olar:
  1. müəyyən proqramın verilənlərini buferə yerləşdirib, digər proqram üçün verilənlər lazım olarsa, buferdəki verilənlərdən istifadə etmək olar;
  2. verilənlərin dinamiki dəyişməsi (Dynamic Data Exchange, DDE), yəni başqa proqram üçün hazırlanmış verilənlər digər proqram üçün də istifadə edilə bilər. Orijinal proqramda olan verilənləri həmişə «təmizləmək» mümkündür;
  3. əlaqə mexanizmi, yəni bir proqramdan digərinə keçmək çox asanlıqla başa gəlir. Məsələn, qrafik redaktor vasitəsilə displeydə alınmış şəkli Mouse-un sol düyməsini iki dəfə basmaqla başqa lazımi proqrama keçirmək olar.

Windows-dan istifadə etməklə istifadəçi mürəkkəb məsələlərin həllini asanlaşdırır və belə məsələlərin həlli üçün tələb olunan çoxlu sayda proqramların əvəzinə bir proqramdan istifadə etmiş olur.

  • miqyaslaşdırılmış şriftlərin əldə edilməsi.Təcrübədə müxtəlif işləri görməkdən ötrü müxtəlif ölçülü şriftlərdən istifadə etmək lazım gəlir. Windows 3.1-ə qədər belə işlərin həyata keçirilməsi çoxlu sayda problemlər ilə bağlı idi və çətinliklə başa gəlirdi. Windows-da bu problem True Type şriftlər formatından istifadə etməklə həddindən artıq asanlaşmışdır. Bu formatın göməyi ilə istənilən forma və ölçüdə şriftləri displeyin ekranına çıxarmaq və nəhayət, printerdə çap etmək mümkündür.
  • əlavə qurğularla əlaqənin sadəliyi.DOS-dan fərqli olaraq Windows-da istənilən xarici qurğunu həmin qurğunun drayveri vasitəsilə kompüterə qoşmaq mümkündür (DOS-da bu işləri yerinə yetirmək üçün hər bir qurğunun qoşulma proqramını DOS-a sazlamaq tələb olunur ki, bu da istifadəçi üçün müəyyən çətinliklər əmələ gətirir).
  • multimedia imkanları.Windows-un təkmilləşdirilmiş xüsusiyyətlərindən biri multimedianın saxlanmasıdır. Yəni Windows-un müəyyən qurğularına mikrofon, kompakt-disk və ya MIDI sintezator, videokamera, səs ilə müşaiyyət olunan təsvirlər qoşmaq mümkündür. Belə imkanların olması kompüterdən qeyri-ixtisasçıların da istifadə etməsinə, təlim və oyun proqramlarının təşkilinə böyük imkanlar yaradır.
  • əməli yaddaşın daha səmərəli istifadəsi.

Əvvəlki proqramlara nisbətən əməli yaddaşla iş elə qurulur ki, istifadəçi üçün yaddaş çatışmazlığı problemi aradan qalxmış olur və əlavə olaraq:

  • Windows Explorer proqramının tətbiqi qurğular və fayllarla aparılan əməliyyatları sadələşdirir və əyani edir;
  • Windows mühitində işləyən proqramların idarə olunmasının eyniliyi proqramların əmrlər sistemini eyniləşdirir, yəni File, Edit, View və s. menyu əmrləri demək olar ki, bütün proqramlar üçün eynidir;
  • Plug and Play prinsipinin tətbiqi kompüterə qoşulan qurğuların tapılması prosesini avtomatlaşdırır.

Windows-un çatışmayan cəhətləri

Kompüter texnikasında istifadə edilən istənilən proqramın müsbət və ya mənfi cəhətləri olduğu kimi, Windows proqramının da belə xüsusiyyətləri vardır:

1. Windows-un əsas mənfi cəhəti ondan ibarətdir ki, yuxarıda göstərilən müsbət cəhətləri əldə etmək üçün aparat təminatına düşən yükü çoxaltmaq lazımdır. Qrafik interfeys, miqyaslı şriftlərin əldə edilməsi, mürəkkəb məsələlərin həlli və s. güclü mikroprosessorun olmasını, əməli yaddaşın və disk sahəsinin genişləndirilməsini tələb edir. Baxmayaraq ki, Windows ilə işləmək üçün formal olaraq əməli yaddaş 2 Mbayt, sərt diskdə isə tutumu 10-12 Mbayt olan 80386 mikroprosessoru kifayətdir. Həqiqətdə isə bu işi yerinə yetirmək üçün əməli yaddaşı 4 Mbayt-dan, sərt diskdə yaddaşı 40 Mbayt-dan az olmayan 80486 mikroprosessorundan istifadə etmək əlverişlidir. Kompüterdə Windows və Windows əlavəsi ilə rahat işləmək üçün əməli yaddaş 8 Mbayt, sərt disk yaddaşı isə 80-100 Mbayt-dan az olmayan 80486 mikroprosessorundan istifadə etmək lazımdır.

2.  Windows-un digər mənfi cəhəti DOS-a nisbətən istənilən məsələnin həllinə vaxtı çox sərf etməsidir. Məsələn, DOS proqramı kompüterdə məsələni həll etmək üçün Windows-dan 1.5-2 dəfə tez işləyir.
3.  Windows əslində çoxməsələli sistem deyil:
a) Bir məsələnin həlli üçün lazım olan proqram bütün Windows proqramlarından asılı olur;
b) Əməli və disk yaddaşın böyük tutuma malik olmasına baxmayaraq, Windows 3-4 sayda proqramı eyni vaxtda həll edə bilmir;
4.  İstənilən proqramın xarici qurğularla işləməsi birbaşa Windows-da həyata keçirilir, bəzi hallarda isə xarici qurğularla intensiv işləyən proqramlar üçün bu hal qəbuledilməzdir.
Bütün göstərilən mənfi cəhətlər Windows-un qiymətini heç də aşağı salmır və onu göstərir ki, Windows heç də universal proqram deyil.

 

0 şərh