Çe Qevara azərbaycanlı olsaydı...

Bir dəfə sosial şəbəkələrin birində, konkret olaraq twitter`də Çe Qevara haqqında bir yazının linkini paylaşıb “Bir Çemiz də olmadı” yazmışdım. Həmin twit`ə müxtəlif cavablar gəldi. Nəsə bu cavablar məni “Çe Qevara azərbaycanlı olsaydı nə olacaqdı?”sualı barədə fikirləşməyə vadar etdi. Nə fikirləşdim, indi onları yazacağam.

Əvvəlcə Çe`nin kimliyi barədə bir neçə kəlmə qeyd edim ki, tanımayanlar da bilsinlər söhbətin kimdən getdiyini. Çe Qevara argentinalı marksist-inqilabçı olmuşdur. Argentinalı olsa da, adı daha çox Kuba ilə əlaqəli çəkilir. Bu da onun Kuba inqilabının rəhbərlərindən biri olması ilə bağlıdır. İnqilabın qələbəsindən sonra isə o, “doğuşdan kubalı” elan edilmişdir.

İndi də Çe`nin inqilab üçün Argentinadan Kubaya yox, Azərbaycana gəldiyini təsəvvür edək. Nə olacaqdı? Elə bir şey olmayacaqdı. Çe Qevara Azərbaycanda inqilab etmək fikrinə düşsəydi, məğlubiyyətə uğrayacaqdı. Niyə? Səbəblər müxtəlifdi. İlk öncə ona görə ki, bizim cəmiyyət qorxaq cəmiyyətdir. Heç kim Çe`yə qoşulmazdı. Bizim insanların inqilab qorxusu bu sözü dilinə belə almamaları həddindədir. İnqilab Azərbaycanda yalnız küçə adı ola bilər. Ondan o yana bir şey yox. Bizim təfəkkürümüz bunu qəbul edəcək qədər deyil. Bizim beynimiz “dövlətlə dövlətlik etmək olmaz” dərəcəsində “inkişaf edib”. İl boyu “sovetin vaxtında gül kimi yaşıyırdıq” deyə təəssüflənib, 20 yanvarda şəhidlər xiyabanına getməyimiz, saç-başımızı yolmağımız bizim mahiyyətimizdəki paradoksdan xəbər verir. Bütün iqtisadi, siyasi, sosial səbəbləri bir qırağa qoyub, “SSRİ-ni yıxan 20 yanvar hadisəsi oldu” deməyimiz bizim düşünmə qabiliyyətimizin hansı səviyyədə olmasını göstərir. Bu paradoksla, bu beyinlə, bu qorxaqlıqla tək Çe Qevara yox, Fidel Kastro da, lap Lenin də azərbaycanlı olsa, biz inqilab edə bilməzdik.

ölməz Çe

Ümumiyyətlə, azadlıq elə bir şeydir ki, o heç zaman tam məhv olmur. Azadlığın özündə bir sərbəstlik var, bir ölməzlik var. Onu nə qədər boğmağa çalışsalar belə o bir yerdən hava tapıb nəfəs alır, yaşayır.  Ən qatı diktator rejimlərində belə müəyyən azadlıqlar olur. Eləcə də bizdə var. Bir müddət əvvəl Fəvvarələr meydanında əsgər ölümlərinə etiraz etmək məqsədiylə bir aksiya təşkil olundu. 2003-cü il hadisələrindən bu yana axır ki, hansısa aksiyada polis sayından çox etirazçı görə bildik. Təsəvvür edin 2500-3000 nümayişçi, cəmi 100-150 (bəlkə daha az) polis və bu qədər nümayişçi polisdən qorxur. Halbuki eyni şeyi fikirləşib, bir nöqtəyə istinad etsələr 10 dəqiqə içərisində o meydanda polis deyə bir şey qalmayacaqdı. Amma nə oldu, 10 dəqiqə sonra etirazçı tapmaq mümkün deyildi artıq. Polis milləti pərən-pərən salmıışdı. Aksiyanın müəyyən hissəsində az sayda qalmış etirazçını dörd-bir yandan çoxlu polis əhatələmişdi. Belə qərara alındı ki, hamı otursun yerə. Elə də etdik. Bu halda heç bir hərəkət olmadığı üçün polis bir şey edə bilməzdi. Bu, bizim həmin o ölməyən azadlığımız idi. Amma birdən bir ərik qurusu dölbeyin ayağa qalxır, onun arxasınca da başqa bir kartof qızartması və daha biri… Beləcə polis yenə işə başlayır. Hərə bir tərəfə qaçır. 1 saat müəyyənləşdirilən mitinq cəmi 15-20 dəqiqə davam edir. Nəticə olaraq biz öz hüququmuzu bilmirik. Vətəndaş polisdən qorxmalı deyil, qorxmamalıdır. Biz bunu dərk etməmişik hələ.

Bu yerdə “bir Çe`miz olsaydı, çox əla olardı” deməyi gəlir adamın. Ən azından təşkilatlanardıq, aramızda nizam-intizam olardı. Daha hansısa dölbeyinə görə dəyənək yeməli olmazdıq.

Bir də Çe`nin Azərbaycana gəlməsində milli mənsubiyyət məsələsi var. Çe bir argentinalıdır, eyni zamanda Kuba inqilabçılarının tərkibində yeganə argentinalıdır, həm də rəhbərdir. Və təsəvvür edək ki, həmin argentinalı azərbaycanda inqilaba rəhbərlik etmək fikrinə düşür. Heç kim ona qoşulmazdı. Hazırda bir aksiya keçirməyə cəhd edənləri, sağ müxalifətimizi “xaricdən maliyyələşir” deyə itiham etməklə  onlara qoşulmayanlar, bir millətcə xariciyəmi qoşulacaqdılar? Yoxsa, “Türkün türkdən başqa dostu yoxdur” deyən cəbhəçilərmi qoşulacaqdı Çe`yə? Yaxud, dildə müxalifətəm deyib, əməlində bunu əks etdirməyənlər, facebook`da aksiya event`lərinə iştirak edəcəyini qeyd edib, amma mitinqə getməyənlərmi qoşulacaqdı Çe`yə? Təbii ki, heç biri. Biz inqilab etmək istəyiriksə, ilk öncə mövcud stereotipləri qırmağı bacarmalıyıq. Elə milli mənsubiyyətdən başlasaq yaxşı olar. Biz inqilab etmək istəyiriksə, “Ümummilli Lider”, “Ulu Öndər” kimi anlayışları silməliyik beynimizdən. Söhbət müxalifətin liderindən, ulu`sundan gedir – Rəsulzadədən. Artıq məndə elə belə fikir formalaşıb ki, bizim millət ümummillisiz, öndərsiz yaşaya bilmir. Lakin onlar dərk etmirlər ki, Heydər Əliyevə “Ulu Öndər” deyənlə, Məmməd Əmin Rəsulzadəyə “Ümummilli Lider” deyən arasında mahiyyətcə heç bir fərq yoxdur. Bu amil isə ölkənin müxaliffikirli insanlarına birləşmək imkanı vermir. Məsələn, biri elə mən. Düşünəndə ki, bir müqəddəsin tərəfdarları getsə və yerlərinə başqa bir bütün tərəfdarları gəlsə heç bir dəyişiklik olmayacaq, onda bu müxalifətə qoşulmağı lazım bilmirəm.

Bəs biz niyə inqilab etməliyik? Azad olmaq üçün. İnqilab üçün ilk öncə düşüncələrimizdə dəyişiklik etməiyik. Beləliklə, əziz doslar,

Sağ sol nə fərqi var ki, deməyin.
Vətən SAĞ olduqca insanlar SOL'ur,
Vətən SOL olsun ki, insanlar SAĞ qala bilsin...

 

 Həmçinin bax: Çe Gevara və Azərbaycan ziyalıları

6 şərh

ctrlA
Sondakı sağ və sol haqdakı fikirlər, bir dosta aiddir, özümün deyil. Qeyd etməyi vacub bildim.
pascal

ctrlA, beyninizin məhsulu olan bu gözəl nəşrə görə sağ olun. Faydalı copy pastelərə nə qədər dəyər verirəmsə, istifadəçinin öz əməyinin, beyninin məhsuluna ikiqat artıq dəyər verirəm. 

Topiki həvəslə oxudum. Elə ağlımda yaradan ilk fikri də yazıram. 

Burda azadlıq, azad fikir, hüquqi cəmiyyətdə yaşamaq, sərbəstlik və s. kimi məsələlərə insanlarımızın münasibətini, kobud dillə desəm,  «bu millətin xasiyyətini»  xarakterizə etmisiniz. Fikirinizin daha qüvvətli səslənməsiçünsə toplumumuza xas cümlələr də işlətmisiniz. «dövlətlə dövlətlik etmək olmaz» kimi. Hətta bu tezislərə mən də birin əlavə edə bilərəm. «Mənim deməyimlə bir şey dəyişəcək guya?» Belə, «zərbi-məsəllər»ə çevrilmiş sözlər bizim cəmiyyətimizdə tez-tez işlədilir. Amma, bu topikdə mənə nəsə öyrədən bir şey olmadı. Niyə? Çünki, bu yazını da bir az incələsək, dediyim o «zərbi-məsəllər»dən yeni birini icad etmiş olarıq. Məsələn, elə bu cümləni götürək: «Bir Çemiz də olmadı» Niyə axı bu millət həmişə qıraqdan gələn qüvvələrə gözün dikir? Niyə biz həmişə Çe kimilərin yolun gözləyirik, Çe kimiləri gözümüz axtarır. Məgər o, Çe özümüz ola bilmərik? Bu qədərmi acizik? Özümüzdə olmayan nəyi isə başqasından gözləmək nə dərəcədə düzgündür? Başqasının bizim üçün gəlib gördüyü «iş» nə qədər uzun müddətli ola bilər ki? Səncə bu yanlış fikir deyil? Səncə bu millətin özündə olmayan bir qüdrəti başqasından "ödünc" alması nə qədər məqsədəuyğundur?

Uzun sözün qısası, nə qədər «ctrlA»lar, «pascal»lar özləri Çe olmayacaqsa, cəmiyyət belə yaşamağa məhkum olacaq. Peyğəmbərimizin (s.ə.s) belə bir sözün eşitmişdim :   «Unutmayın, başçınız sizin içinizdən seçiləcək adam olacaq.» Yəni, mən bu gün nə cür cəmiyyətdə yaşayır, hansı xalqı təmsil edirəmsə, elə bu cəmiyyətə layiq insan da mənim rəhbərimdir. Vəssəlam. 

Bir az uzun şərh oldu, bağışlayın.

ctrlA
Əvvəlcə, verdiyiniz yüksək dəyərə görə minnətdarlığımı bildirirəm. Şərhinizin uzun olması isə sevindirdi məni. Oxuyub fikir bildirdiyinizə görə təşəkkür edirəm.
İndi isə «Bir Çemiz də olmadı» ilə bağlı fikirimi aydınlaşdırım. Bu fikir qeyd etdiyim kimi, bir sosial şəbəkədə yazdığım fikirdi. Ola bilər yazıda düzgün izahı verməmişəm, amma mənim deməyim o deyil ki, xaricdən biri gəlib bizi xilas etsin. «Bir Çe`miz olmadı» ifadəsini, «aramızdan bir Çe çıxmadı» mənasında başa düşməyinizi xahiş edirəm. Bunun isə səbəbləri müxtəlifdir. İlk səbəb isə dediyiniz o «pascal»lara, «CtrlA»lara Çe olmaq imkanının verilməməsidir. Əbəs yerə türkçülük məsələsini qeyd etmmişəm. Məsələn, mən milliyyətcə türk deyiləm. Mənim üçün bunun əhəmiyyəti yoxdur, amma insanlar bunu öyrəndikləri zaman mənə qarşı ayrı-seçkilik edirlər çox zaman. Çe olmağa imkan verməyən digər səbəb isə, insanlarımızın «sındırılması»dır. Bunu isə, həbslərlə, külli cərimələrlə edirlər. Son zamanlar düzdü, bu yol o qədər də işə yaramır. Amma «cibinə ot atıb» neçəsini həbs ediblər indiyə qədər. Yaxud haqq sözünü dediyinə görə neçə qəzeti bağlayıb, külli miqdarda cərimələyiblər. Bunlar hamısı faktlardır. O ki qaldı, «biz özümüz niyə Çe olmuruq, niyə başqasından gözləyirik» məsələsinə, onda da qeyd edim ki, bu ölkədə əslində Çe olmaq qeyri-mümkündür. İlk öncə bu beyinlərlə bağlıdır. Məncə, birbaşa insanları meydanlara axıtmağa çalışmaqdansa, bu cür inqilab ruhlu yazılarla insanların beynində müəyyən etiraz rüşeymləri əmələ gətirməyə səy etmək lazımdır. Bu da maarifçi xarakterli yazılarla mümkündür. Təbii ki, bu ilk mərhələdir. Bu yazımda da bunu əsas götürmüşəm. Hələlik gileylənmək, xalqı, insanlarımızı qınamaqla başlamaq lazımdır. Bu tip yazılar nə qədər çox olsa o qədər yaxşı olar. Biz bu məsələləri ictimaiyyət səviyyəsinə qaldırmalıyıq. Artıq elə bir vəziyyət yaranmalıdır ki, bizim fikirlərimizə etiraz edənlərə qarşı, inqilaba çağırışı qəbul etməyənlərə qarşı ictimai qınaq yaransın. Bu yazı da məhz ona xidmət üçün yazılıb. Hələlik insanların beyin hüceyrələrini tidrədək, sonra Çe də, Fidel Castro da ola bilərik. Unutmayaq ki, adlarını çəkdiklərim hansısa yazılara, konkret Marksın nəzəriyyəsinə əsaslanaraq Çe, Castro olublar…
DrELM
Fikirlerinizle razıyam. Her kesin de üzerine düşeni canla-başla etmeli olduğunu düşünürem. İndi ele bir dövrdeyik ki, sadece vezifelerimizi yerine yetirerek  ferdi inkişafa sebeb olmaq azdır. Komfort zonamızı genişlendirib paralel olaraq milletimize de xeyirli işlerde çalışmalıyıq.
seyidova
beli bizde ne inqilab ne üsyan heçne olası deyil.çünki bizler başımızı aşağı salıb işe gedib gelirik aldığımız mevacible de razılaşıb otururuq,ölkede olan qanunsuzluqlara,rüşvete ses çıxartmırıq.çünki bunu sen,men,o edecek bes onlar??? 3neferinde bu olanları deyişdirme gücü çatmır.neyse.bu mövzu barede o qeder danışmaq olarki amma ne fayda?netice etibari ile yene eli boş qalacıq.elimizde olan yene boş sözler olacaq.
azadmamedov90
Hm… Tarixi şəxsiyyərlərin fikirləri hər zaman cəlb edir bizləri, ama nəinki burada heç yerdə inqilabdan söz gedə bilməz, çünki insanların çoxu indi olub Zombi- öz beyinlərini çıxarıb qoyublar soyuducuya, nə vaxtsa lazım olar deyə, başqalarınınkını istifadə edirlər.)) Məncə elə peyğəmbər nəvəsini də bu səbəbdən öldürüblər…