Beynəlxalq hüququn xüsusiyyətləri

     Təbii ki, obyektiv mənada hüquqa xas olan əlamətlər beynəlxalq hüquq normaları üçün də səciyyəvidir. Ən əsası, bu normalar da müvafiq subyeklər üçün hüquqi ümumməcburi xarakter daşıyır və onların yerinə yetirilməsi müəyyən sanksiya ilə təmin edilir. Lakin beynəlxalq hüquq onu dövlətdaxili (milli) hüquqdan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Bu xüsusiyyələr, hər şeydən öncə, beynəlxalq hüququn mövcud olduğu və faliyyət göstərdiyi dövlətlərarası mühitlə və suveren, formal baxımdan bir-birindən asılı olmayan dövlətlərin olması ilə əlaqədardır. Birincisi, fiziki və hüquqi şəxslər və dövlət orqanları arasıdakı münasibətləri nizama salan dövlətdaxili hüquqdan fərqli olaraq, beynəlxalq hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri (beynəlxalq təşkilatlar və s.) arasıda yaranan münasibətləri nizama salır. İkincisi, beynəlxalq sistemdə qanunverici orqan yoxdur. Heç bir beynəlxalq təşkilat və ya orqan, o cümlədən Birləşmiş Millətlər Təşkilatı dövlətlər üçün hüquqi cəhətdən məcburi olan normalar yaratmaq səlahiyyətinə malik deyildir. Beynəlxalq təşkilatların orqanlarından biri kimi fəaliyyət göstərən parlametlər də (məsələn, Avropa İttifaqında — Avropa parlamenti, Avropa Şurasıda – Parlament Assambleyası və s.) milli parlamentlərə xas olan bəzi əlamətlərə malik olsalar da, “qanunvericilik” səlahiyyətindən məhrumdurlar. Üçüncüsü, beynəlxalq sistemdə, dövlətin daxilində olduğu kimi, mərkəzləşdirilmiş icra və məhkəmə mexanizmi yoxdur. Beynəlxalq hüquq normalarının yerinə yetirilməsinin təmin edilməsi dövlətlərin öz ixtiyarına buraxılmışdır; beynəlxalq hüququn yaradıcısı və başləca təminadçısı dövlətlərdir. Lakin bəzi hallarda bu funksiyanı dövlətlər müqavilələr vasitəsilə bu və ya digər dərəcədə beynəlxalq təşkilat və ya orqanlara həvalə edirlər. BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq sülhə və təhlükəsizliyə real qorxu yaradan dövlətə qarşı hərbi və qeyri-hərbi sanksiyalar tətbiq edə bilər. BMT-nin Beynəlxalq Məhkəməsi ilə bağlı qeyd etmək lazımdır ki, o, bu və ya digər işə yalnız müvafiq dövlətlər buna razılıq verdikdə baxa bilər. Sadə dillə desək, ən ağır beynəlxalq hüquq pozuntusu törətmiş döbləti belə onun razılığı olmadan Beynəlxalq Məhkəməyə “vermək” olmaz.
Beynəlxalq hüququn xüsusiyyətlərini düzgün başa düşmək ücün olduqca mühim bir məqama diqqət yetirmək lazımdır. Əslində biz burada beynəlxalq hüququ dövlətdaxili hüquqdan fərqləndirən daha bir cəhəti nəzərə çatdırmaq istəyirik. Söhbət ondan gedir ki, səlahiyyətli dövlət orqanları tərəfindən müəyyən olunmuş və ya tanınmış hüquq normaları prinsip etibarilə dövlətin bütün ərazisinə və bu ərazidə olan bütün hüquqi bə fiziki şəxslərə şamil edilir. Beynəlxalq hüquq isə belə yekcins deyildir və ola da bilməz. Bu baxımdan beynəlxalq hüquq anlamı elə qəbl edilməməlidir ki, söhbət burada yalnız dünyanın bütün dövlətlərini əhatə edən, bütün dövlətlərin riayət etməli olduğu hüquqdan gedir. Qeyd edildiyi kimi, beynəlxalq hüququ dövlətlər özü yaradır və bunun nəticəsində iki dövlət arasında bağlanan ikitərəfli müqavilə də, bütöv regionu əhatə edən razılaşma da və bütün dünya dövlətləri ücün məcburi olan norma da beynəlxalq hüquq deməkdir. Bunu nəzərə almaqla, beynəlxalq hüquq sisteminin özündə ümumi beynəlxalq hüququ və partikulyar beynəlxalq hüququ ayırmaq olar. Beynəlxalq məhkəmə təcrübəsində çox geniş istifadə olunan “ümumi beynəlxalq hüquq ” termini vasitəsilə bütün dövlətlər   məcburi olan beynəlxalq hüquq normaları ifadə olunur. Bu normalara hamılıqla tanınmış prinsiplər və ya hamılıqla tanınmış normalar da deyirlər. Partikulyar beynəlxalq hüquqa isə müəyyən regionda və ya iki dövlət arasında mövcud olan normalar daxildir. Bu baxımdan, məsələn, hər hansı bir dövlətin beynəlxalq hüququ pozması dedikdə, biz bunu, daha dəqiq desək, həmin dövlətin bu və ya digər səviyyədə öz üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozması kimi başa düşməliyik.

 

0 şərh