Qloballaşma dövründə kiberterrorçuluq təzahürlərinin dövlət təhlükəsizliyi üçün yaratdığı təhdidlər

Son illər informasiya-kommunikasiya texnologiyaları (İKT) elə bir sürətlə inkişaf edir ki, onun sonrakı fəsadlarının əvvəlcədən dəqiq müəyyən edilməsi çox zaman mümkün olmur və sonradan yaranan neqativ vəziyyətin aradan qaldırılmasına yetərincə vəsait, zaman və bilik sərf etmək lazım gəlir. Əsasən də, İnternet qlobal şəbəkəsində tətbiq edilən yeni texnologiyalar, layihələr və müxtəlif proqramlar ilk baxışdan faydalı və zərərsiz görünsə də, təcrübə göstərir ki, bir çox hallarda onların yaratdığı problemlərin qarşısını tam almaq mümkün olmur.
Kompüter şəbəkələrinin genişlənməsi kibermünaqişələrdə şəbəkə texnologiyalarının imkanlarından daha geniş istifadə etməyə, şəbəkə istifadəçilərinin fəaliyyətlərində koordinasiyanın, əhatəliliyin və mürəkkəbliyin artmasına şərait yaradır. Bu isə kibermünaqişələrin çoxalmasına, onların daha təcrübəli və müasir İKT vasitələri ilə təmin olunmuş istifadəçilər tərəfindən aparılmasına səbəb olur.
 Kiberməkanda fəaliyyət göstərən gizli sosial şəbəkələrin həyata keçirdikləri mütəşəkkil cinayətkarlıq dövlət və cəmiyyətə qarşı, ilk növbədə isə, ölkə iqtisadiyyatına dağıdıcı təsir gücünə malikdir. Bu gün kiberməkanda “qaranlıq veblər” (dark webs), “gizli iqtisadiyyat” (underground economy), gizli şəbəkə (covert network) kimi yeni problemlər yaranmışdır. Gizli şəbəkələr heç bir dövlət tərəfindən nəzarət olunmayan şəbəkələrdir və insan alveri, kibercinayətkarlığın və terrorçuluğun yayılmasında əsas əlaqələndirici vasitədir. Eyni zamanda, kibermünaqişələrdə bu şəbəkələrdən geniş istifadə olunmaqdadır[1].
Müasir İKT-nin müxtəlif sahələrə tətbiqi kiberməkanda yeni fəaliyyət növlərinin – şəbəkə müharibələrinin, kiberhücumların, kibercinayətkarlığın, kibermünaqişələrin, kiberterrorçuluğun və buna bənzər bir sıra xoşagəlməz hadisələrin yaranmasına və genişlənməsinə səbəb olmuşdur. Yuxarıda sadalanan informasiya əməliyyatları yüksək dərəcədə təsiretmə və çox az ehtimalla aşkar olunma qabiliyyətinə malik olduqlarından, bu gün kiberməkanda milli informasiya təhlükəsizliyinin təmini məsələsi hər bir dövlətin üzərinə düşən ən aktual problemlərdəndir[2].
“Kiber” sözü “kibernetika” sözündən yaranmışdır. “Kibernetika” termini qədim yunan dilində “kibernetes” sözündən alınmış, mənası “idarə edən” deməkdir. İnternet texnologiyalarının inkişafı ilə “kiber” əsaslı yeni sözlər yaranmağa başladı, bu sözlərdə “kiber“ sözü “İnternet və virtual reallığa aid olan” mənasında işlənir [3].
Kiber məkan terminindən ilk dəfə 1984-cü ildə Uilyam Qibsonun «Yanan Xrom» (Burning Chrome) romanında istifadə edilmişdir. Kiber məkan müasir mənada kompüterlər və kompüter yaddaşı vasitəsilə dünyada istifadə edilən açıq məkan anlayışıdır. Fransız filosofu Pyer Leviyə görə, kiber məkan hamar, yüksək dəqiqliyi ilə seçilən, interaktiv və virtual şəkildə real zamanda emal olunan məkandır[4].
Kiber məkan anlayışına müxtəlif ölkələrin rəsmi dairələrində müxtəlif izahlar verirlər. Sənədlərdə o da göstərilir ki, kiberməkan real coğrafiya ilə əlaqəlidir və geosiyasətin əsas elementidir. Belə ki, kommunikasiyalar, serverlər və texniki əlaqələr coğrafi lokalizasiyaya malikdir. Digər tərəfdən, kiber məkan domen zonalarına, istifadə olunan dilə və dövlət nəzarətinə görə milli identifikasiyaya malikdir.
Kiber məkan kiber əməliyyatların reallaşdırıldığı məkandır. Kiber məkanda informasiya əməliyyatları hücum, müdafiə və kəşfiyyat xarakterli olur.
Amerikanın “The Economist” jurnalı kiberməkanı yer, dəniz, hava və kosmosdan sonra 5-ci müharibə məkanı elan etmişdir. Kiberməkan təbii məkanlardan onunla fərqlənir ki, bu məkan zamanla dəyişdirilən İKT vasitələri ilə yaradılmışdır. ABŞ və Avropanın bir sıra inkişaf etmiş ölkələrində kibermüharibələrdə iştirak etmək üçün xüsusi kiberəsgərlər hazırlanır [6].
 XXI əsrin başlanğıcından kiber məkandakı bütün qlobal proseslər dünya ölkələri arasında bu məkana nəzarəti ələ keçirmək üçün bir mübarizənin başlanmasına səbəb oldu. Sosial, iqtisadi, siyasi, ictimai və digər məsələlərin həll edildiyi kiber məkan ona nəzarət edənlərin marağına xidmət edərək, həyatın bütün sahələrini öz təsiri altına alır.
Kiber məkanın əsas tərkib hissələrindən biri də internetdir ki, bu, dünyanın istənilən yerindən dərhal və ucuz qoşulmaq vasitəsi kimi məlumat mübadiləsinin, əməliyyatların çevik və rahat həyata keçirildiyi məkandır.
Məlumatlara görə, dünyada 1,2 milyarddan çox internet səhifəsi mövcuddur. İnternet saytların, böyük və kiçik şəbəkələrin xaos yaratdığı təəssüratı yaranır. Müəyyən mənada həqiqəti əks etdirsə də bu, idarə olunan xaosa bənzəyir.
Kiber məkan həm də böyük həcmdə məlumat toplusudur və burada kəşfiyyat fəaliyyəti üçün də geniş imkanlar mövcuddur. Böyük dünya gücləri kiber məkanın yaratdığı imkanlardan məharətlə istifadə edərək burada öz hərbi, iqtisadi və siyasi maraqlarına uyğun fəaliyyətlər aparırlar.
Dünyada gedən proseslər — terror, müharibələr, iqtisadi mübarizələr kiber məkana da sıçrayaraq leksikonumuza yeni «kibermüharibə», «kiberterrorçuluq'', „kibercasusluq'' və s. kimi terminləri gətirmişdir. Ənənəvi silahlardan fərqli olaraq, kiber məkanında istifadə olunan müharibə vasitələri dinc dövrdə də istifadə olunur. Bu vasitələrin əsas xüsusiyyətlərindən biri də budur ki, onlar nəinki dövlət, eyni zamanda, terrorçular, kriminal aləm və ayrı-ayrı şəxslər tərəfindən istifadə oluna bilər.
Müasir dövrün əsas tələblərindən biri də məhz kiber məkanda baş verən prosesləri izləmək, orada gedən hadisələrə müəyyən mənada inteqrasiya olunmaqdan ibarətdir. Bu mənada özümüzdən asılı olmayan səbəblərdən bizi hadisələrin içərisinə daxil olmağa vadar edən reallıqlar çoxdur. Kiber məkandan gələ biləcək hər hansı bir təhlükədən qorunmaq üçün özünümüdafiə sistemi hər zaman çevik reaksiya vermək fazasında olmalı, müdafiə üçün isə kiber məkanın, internetin, sosial şəbəkələrin yaratdığı imkanlardan səmərəli və düşüncəli şəkildə istifadə olunmalıdır.
Kiber məkanın insanlar üçün yaratdığı qorxulu təzahürlərindən biri də müasir informasiya — telekommunikasiya texnologiyalarından istifadə etməklə həyata keçirilən kiberterrorçuluqdur. Kiberterrorçuluq hüquq-mühafizə orqanlarının nəzarətindən çıxmaqla, artıq çox ciddi dövlət və beynəlxalq problemdir.
Kiberterrorçuluğu terrorçuluğun texnologiya növünə aid etmək olar. Bu termin təqribən 1997-ci ildə meydana gəlmişdir. Məhz həmin vaxt FTB-nin xüsusi agenti M.Politt terrorçuluğun bu növünü “informasiya, kompüter sisteminə, kompüter proqramları və məlumatlarına submilli qruplar və ya gizli agentlər tərəfindən zor tətbiq etmək şəklində əvvəlcədən müəyyən edilmiş siyasi cəhətdən  motivləşdirilmiş hücum” kimi müəyyənləşdirmişdir.
Məşhur ekspert D.Denninq kiberterrorçuluq haqqında belə fikir irəli sürür: “hökumət orqanlarını özlərinin siyasi və ya sosial məqsədlərini həyata keçirməyə məcbur etmək məqsədilə kompüterlərə, şəbəkələrə qeyri-qanuni həmlə edilməsi və həmlə edilməsinə cəhddir [7].
Ümumiyyətlə, kiberterrorçuluq dedikdə, kompüterdə emal olunan informasiyaya, kompüter sisteminə və şəbəkəsinə düşünülmüş, siyasi motivlərə əsaslanmış hücum başa düşülür. Əgər belə hərəkətlər ictimai təhlükəsizliyin pozulması, əhalinin qorxudulması, hərbi konfliktlərin, təxribatlarının  törədilməsi məqsədilə həyata keçirilmiş olarsa, onda bu hücum insanların həyatı və sağlamhğı və ya digər ağır fəsadların baş verməsi üçün daha böyük təhlükə yaradır.
Kiberterrorçuluq cinayətkar niyyətlərin əldə olunması məqsədilə əhalinin, hakimiyyət orqanlarının qorxudulması kimi qəbul edilir. Bu, müəyyən siyasi və ya digər məqsədlərin əldə olunması, şəxslərin, təşkilatların və ya hakimiyyət strukturlarının müəyyən hərəkətlərə məcbur edilməsi, kiberterrorçunun şəxsiyyətinə və terrorçu təşkilata diqqətin yönəldilməsi məqsədilə əhalinin təhlükəyə məruz qoyulması, daimi qorxu vəziyyətində saxlanması şəklində özünü göstərə bilər.
Qeyd olunanlar nəzərə alınmaqla müasir dövrdə kiberterrorçuluğa verilmiş aşağıdakı tərifləri xüsusi qeyd etmək olar:
  • Kiberterrorçuluq — ölkənin həyati vacib (mühüm) informasiya infrastrukturlarına maksimal dərəcədə ziyanın vurulması ilə müşayiət olunan planlaşdırılmış kompüter hücumlarıdır.
  • Kiberterrorçuluq — hər hansı məsələ ilə bağlı dövlət, təşkilat və ya fiziki şəxs tərəfındən qərarın qəbul olunmasına təsir etmək məqsədi ilə asayişin pozulması, cəmiyyətin qorxudulması və əsarət altında saxlanılması üçün kompüter sistemlərinin dağıdılması və kibernetik məkanın sabitliyinin pozulmasıdır.
  • Kiberterrorçuluq — ictimai təhlükəsizliyi pozmaq, əhalini qorxutmaq və ya hərbi münaqişəyə təhrik etmək məqsədilə insanların həyat və sağlamhğına xətər yetirilməsinə, eləcə də daha ağır nəticələrin meydana gəlməsinə səbəb ola biləcək təhlükələr yaratmaq üçün kompüterdə emal olunan informasiya resurslarına, kompüter sistemlərinə və şəbəkələrinə düşünülmüş hücumlar və törədilmiş digər cinayətlərdir.
Kiberterrorçuluğa belə bir tərif verilməsi daha məqsədəuyğun olardı: “Kiberterrorçuluq- kibernetik məkandan və ümumdünya kompüter şəbəkəsindən istifadə etməklə cəmiyyət üçün nəzərdə tutulmayan məlumatların korlanması, pozulması, kənar edilməsi, təhrif olunması, terror qruplarının bir anda maliyyələşdirilməsinin həyata keçirilməsi və bu əsasda cəmiyyəti qorxutmaq və ya ruhi əzab vermək yolu ilə dövləti, beynəlxalq təşkilatları və yaxud fiziki şəxsləri istənilən qərarı qəbul etmələri və ya etməmələrinə təsir göstərilməsidir” [8].
Kiberterrorçuluq, qlobal dəyişmənin katalizatoru olaraq, kiber kainatdan meydana gələn, surətli ve dəqiq inkişaf edən, bir tərəfdən dövlətlərin və cəmiyyətlərin sosial-iqtisadi və siyasi təcrübələrini müsbət  istiqamətdə təsir göstərərkən, bir digər tərəfdən də asimmetrik və çox ölçülü təhdid ünsürü yaratmaq istəyən cinayət təşkilatları üçün də siyasi hədəflərinə çatmaqlarına, güc və ictimaiyyət meydana gətirməklərinə köməklik göstərən fəaliyyət vasitəsidir. Bütün bunlar informasiya texnologiyaları vasitəsilə pis niyyətli terrorçu qruplara, yeni yol və üsullarla yeni təhdid ünsürü meydana gətirmə imkanları ilə təmin etmişdir[9].
Kiber mühitin təqdim etdiyi fürsətlər sayəsində, qloballaşan məlumatdan, dövlətlərlə yanaşı  cinayət təşkilatları da əhəmiyyətli dərəcədə faydalanmaqda və internet üzərindən partlayıcı maddələrin istehsal texnikalarını izah etmək kimi imkanlara sahib ola bilməkdədir. Bununla yanaşı mütəşəkkil cinayətkar qruplarının və terror təşkilatlarının əllərində saxladıqları pul məbləği  ilə texniki infrastrukturlarını sürətlə inkişaf etdirməsi, hüquqi qanunlara tabe olan  təhlükəsizlik qüvvələrinin əksinə, heç bir qanuna bağlı olmadan hərəkət etməsi və lazım gələrsə bu sahəyə çox böyük maliyyə ehtiyyatları köçürməsi kimi imkanlar, dövlətlərin informasiya cinayətləri ilə mübarizədə ciddi çətinliklər ilə qarşılaşmasına səbəb olmaqdadır.
         Hal-hazırda hər cür kompüter avadanlıqları, proqramlar, internet şəbəkələri və rabitə vasitələri kimi kiber mühitin daxilindəki bütün vasitələr böyük nisbətdə terror qrupları tərəfindən rahatlıqla və asanlıqla istifadə edilə bilər. Məsələn, İŞİD, internet aləmində fəaliyyət göstərən Kiber Xəlifə Ordusunu (CCA) hücumlar icra etmə tutumu baxımından qeyri-kafi qiymətləndirmiş, bunun yerinə tam təşəkküllü hücumlar etmək tutumunu artırmaq üçün kiber ordu yaratmağa çalışmışdır. IŞİD üzvləri kiber hücum planlarını detallarıyla paylaşmış, kiber əsgər şəbəkəsini genişləndirməyə istiqamətli onlayn bir kurs açaraq, “İŞİD tərəfdaşı bir adam qərb kəşfiyyatını hədəfləyən necə kiber hücum həyata keçirilir“ adı altında  dərslər verməyə başlamışdır.
         Dövlətlər hərbi, iqtisadiyyat və xidmət müəssisələrində informasiya sistemlərindən geniş şəkildə istifadə edirlər. Dövlətlərin informasiya texnologiyalarından və şəbəkə sistemlərindən istifadə etməsi ilə yanaşı, eyni zamanda pis niyyətlərə sahib təcavüzkarların, terrorçuların, sərhəd aşan cinayət təşkilatları kimi digər cinayət ünsürü təşkil edən vahidlərin də kiber mühitdən faydalanmaq üçün istifadə etdikləri gözə dəyməkdədir. Yaxın dövrə qədər hətta klassik şərti döyüş vasitələrinə sahib olmayan terror qrupları dövlətlərə istiqamətli təhdid ünsürü olma və hərəkətləri vasitəsilə səs gətirmə şansını kiber mühitin dövlətlər əleyhinə yaratmış olduğu  problemərdən faydalanmaq imkanı ilə əldə etmiş, dövlətləri təhdid etməyə, bərabər şərtlər irəli sürməyə başlamışdır[10]. Bu səbəbdən dövlətlərin və cəmiyyətlərin informasiya texnologiyalarına artan bu asılılığı, terror qruplarına dövlətlərin milli müdafiə və vacib infrastruktur sistemlərinə istiqamətli hücum hədəflərini həyata keçirmək üçün müxtəlif növ və xüsusiyyətdə hücum imkanı yaradır[11].
         Terrorçuluğun təyin olunmasına dair beynəlxalq səviyyədə və intellektual ictimaiyyətdə ixtilaf nə qədər yüksəkdirsə, kiberterrorçuluğun təyin olunmasına istiqamətli ixtilaflar da bir o qədər yüksəkdir.
         Əslində kiberterrorçuluq anlayışı xüsusilə 21-ci əsrin əvvəllərindən günümüzə qədər beynəlxalq, yazılı və vizual mətbuatda yer almış və bu müddət ərzində də davamlı təhlükəsizlik təhdidləri cədvəlində üst sıralarda göstərilmişdir[12].
 Kiberterrorçuluq anlayışını ilk dəfə 1990-cı illərdə dilə gətirən Collin-ə görə kiberterrorçuluq, beynəlxalq mühitdə informasiya sistemlərinin, network şəbəkələrinin bütün komponentləri ilə terorçuluqda sui istifadəsi şəklində təsvir edilmişdir. Collindən sonra anlayış mütəxəssislər tərəfindən təhlükəsizlik lüğətinə daxil edilmiş və ədəbiyyatda tədricən adından söz etdirməyə başlamışdır[ 13].
Dövlət səviyyəsində kiber terrorçuluq anlayışını, terrorçuluq qanununda ilk yer verən ölkə mövqesindəki İngiltərənin qanununa görə, kiberterrçuluq, höküməti və cəmiyyəti təsir ya da təzyiq meydana gətirmək məqsədi ilə rəsmi vahidlərin elektron sistemlərinə daxil olmaq və hücumlarla sistemi pozmaq şəklində təyin olunmuşdur (UK Terorism Act, 2000) [14]. Anlayış, gün keçdikcə öz əhatə dairəsini genişləndirmişdir.
Kiberterrorçular interneti bir çox məqsədlər, o cümlədən terrorçu hərəkatlar üçün vəsait toplamaq, terror hərəkatları, onların məqsəd və qarşılarına qoyduqları məsələlər barədə saytlar yaratmaq, partlayıcı maddələr, qurğular, zəhərlər, zəhərləyici qazlar, eləcə də onların hazırlanması üçün təlimatların internet saytlarında yerləşdirilməsi və s. üçün istifadə edirlər.
Kiberterrorçuluqda əsas diqqət “çirkli pulların yuyulması”, kompüter proqramlarını əqli mülkiyyət hüququnun pozulması, kommersiya və ya sənaye casusluğu və elektron ödəmə kartları ilə aparılan əməliyyatlara yönəldilməlidir. Beləki, Mastercard elektron ödəmə kartı ilə 703 milyon dollar, VİSA ilə isə 1.2 milyard dollar vəsait kompüter vasitəsilə dələduzlar tərəfindən mənimsənilmişdir.
Mərkəzi və Şərqi Asiya ölkələri hüquq-mühafizə orqanlarının əməkdaşlığı üzrə İnterpolun işçi qrupunun kompüter cinayətlərinə qarşı mübarizə məsələləri üzrə altıncı iclasında Nyunster 28-30 avqust 2000-ci il qeyd edilmişdir ki, kibercinayətkarların gəliri narkotrafika və qeyri-qanuni silah alverindən alınan gəlirdən sonra üçüncü yeri tutur.
11 sentyabr 2001-ci il faciəsindən sonra kiberterrorçuluqda yeni virus “ soxulcan” VBS/Nedal (Laden sözünün tərsinə yazılışı) meydana gəldi və bu “ soxulcan” həmin faciə barədə mətndən istifadə edərək hazırlanan faylları məhv edir. O, elektron poçt vasitəsilə Microsoft Outlook ünvanlar kitabında tapılan hər bir ünvana viruslu kompüterdən göndərilməklə yayılır. Məktubun  məzmunu belədir: “ Osama Bin Laden Comes Back!”(Usama Ben Laden qayıdır) və burada İsrail və Amerika Birləşmiş Ştatlarının tam məhv edilməsi çağırışı yayılır. Dəfələrlə deyilmişdir ki, “əl-Qaida” komputer texnologiyası və “ Promts” komputer proqramları üzrə yüksək ixtisaslı mütəxəssislərə malikdir və o bunu köməkliyi ilə Amerikanın xüsusi xidmət orqanların fəaliyyətini izləyir, Amerika Birləşmiş Ştatlarının strateji obyektləri barədə məxfi məlumatları əldə edir və heç bir  problem olmadan “ çirkli pulları” yuyur.
İnternet vasitəsilə terrorçular öz cinayətkar planları barədə biri-birini məlumatlandırır, hərəkətlərini əlaqələndirir, təbliğat aparır və öz sıralarına yeni üzvlər cəlb edirlər. Mərkəzi Kəşfiyyat idarəsinin məlumatına görə “ Hezbolla”, “Həmas”, “Abu Nidal” və “ Əl-Qaida” kimi beynəlxalq terror təşkilatları kompüterin imkanlarından öz cinayətkar fəaliyyətlərini həyata keçirmək üçün geniş istifadə edirlər.
Kiberterrorçuluq getdikcə daha geniş vüsət alır. Kiberterrorçuluq kompüter şəbəkələrindən istifadə etməklə dövlətin kritik infrastrukturunun sıradan çıxarılmasına və ya vətəndaşlara psixoloji təsir məqsədi daşıyır. İqtisadi və dövlət sistemlərinin şəbəkədən asılılığı cəmiyyətdə kiberterrorçuluq təhlükəsinin artmasına səbəb olmuşdur.
Kiberterrorçuluq təhlükəsi dünya səviyyəsində medianın, müdafiə dairələrinin və məlumat texnologiyası mütəxəssislərinin diqqətini çəkməkdədir. Bəzi jurnalistlər, siyasətçilər və mütəxəssislər kiberterrorçuların kompüter infrastrukturlarına müdaxilə edərək anbarlardan yol hərəkəti sistemlərinə qədər bir çox dövlət infrastrukturuna müdaxilə edərək zərər verə biləcəklərini irəli sürməkdədirlər. Bunun nəticəsi olaraq, kiberterrorçuluğun milyonların həyatını əngəlləyə biləcəyinə və qlobal müdafiəsinə  təhlükə yarada biləcəyi istiqamətində ssenarilər olduqca məşhur hala gəlməkdədir.
  Xüsusilə qeyd etmək lazımdır ki, bir ölkə texnologiya cəhətdən nə qədər inkişaf etmişsə infrastruktur sistemlərinə ediləcək kiber hücumlara qarşı həssaslıqda o qədər artar.
Kiberterrorçuluğun potensial təhlükələri qarşısındakı narahatlıqlar  yerindədir. Ancaq, bu vəziyyət, xüsusilə beynəlxalq medyanın daha çox ön plana çıxartdığı narahatlığın məntiqli və məqbul olduğu mənasına gəlməməlidir. Mediada tez-tez yer alan bu qorxular real deyildir və şişirdilməməlidir. Buna əlavə olaraq, kiber terrorçuları potensial zərərləri ilə həqiqi zərərləri arasındakı ayrı-seçkilik gözardı edilməkdədir. Bu hakerlərin hücumları ilə qarışdırılmaqdadır.
Kiberterrorçuluğun təhdid potensiyalı hər keçən gün daha da artmaqdadır. Bir çox təhlükəsizlik mütəxəssizi kiber terrorçuluğun inkişaf etmiş və inkişafda olan dövlətlərin vətəndaş, hərbi, iqtisadi və xidmət sahələrindəki texnologiya infrastrukturlarını və şəxsi komüter sistemlərinə hücum ehtimalının olduğunu açıqlamışdır. Bu potensial təhdid hədd mərhələdədir.
Müasir dövrün ən böyük təhlükəsi, kiberterrorçuluq adı altında birləşmişdir. Texnologiya vasitələrindən və muasir vərdişlərdən zərər qorxusu, kompüter texnologiyalarına birləşərək bir kiberterrorçuluq qorxusu yaratmışdır.
Kiberterrorçuluğun heç şübhəsiz səssizliyi, kütləvi zədə verə bilmə potensialı, psixolojik təsiri və mediada diqqət çəkə bilmək kimi xüsusiyyətləri müasir terrorçular tərəfindən maraq görməkdədir. Bütün bunlara baxmayaraq kiber qorxu həddindən artıq şişirdilməkdədir. Terrorçular tərəfindən milli altqrumların kritik vahidlərinə, kiberterrorçuluq adını ala biləcək dərəcədə, qəsdən həyata keçirilən bir kiber hücüm mövcud deyildir.
Kiberterrorçuluq potensialının şişirdildiyi düşünülə bilər. Lakir, belə bir təhlükəni inkar etmək və ya görməməzlikdən gəlmək yalnışdır. Terrorçuluqla mübarizədə əldə olunan naliyyətlər, terrorçuları kiberterrorçuluq kimi qeyri-adi üsullara yonləndirə bilər.
Kiberterrorçuluğun ortaya çıxartdığı təhlükə nə qədər gerçəkdir? İnkişaf etmiş cəmiyyətlərin  həyati əhəmiyyətə malik infrastrukturları kompüter şəbəkələrinə bağlı olduğu üçün kiberterrorçuluğun təhlükəsi altındadır. Azərbaycanında kompüter infrastrukturlarına asılılığı artmaqdadır. Bu günə qədər kompüter sistemlərinə zərər vermiş hücumlar, hakerlərin dünya səviyyəsində kompüter viruslarından ibarət olsa da, kiberterrorçuluğun potensiyalı gələcəkdə narahatverici səviyyəyə çata bilər.
Azərbaycan inkişaf etmiş ölkə olmasa da kiberterrorçuluq təhlükəsini gözardı edə bilməz. Çünki texnologiya sistemlərinin təhlükəsizliyini qorumaq çətin məsələdir. Daxili və xarici terrorçu ünsürlərin hədəfləri arasında yer alan Azərbaycanın rəsmi və şəxsi texnologiya infrastrukturları daha təhlükəsiz hala gətirilməzsə, kiberterrorçuluq təhlükəsi hər keçən gün artacaqdır.
Kiber təhlükəsizlik anlayışı və onunla bağlı anlayışlar son zamanlarda gözlənilməz sürətlə inkişaf etmiş və inkişaf davam edir. İnformasiya və informasiya texnologiyalarındakı inkişaflara paralel olaraq bu sahədəki anlayışlar da olduqca dinamik və sürətli bir şəkildə çıxarılmaqda və çoxalmaqdadır.
Kiber təhlükəsizliyə istiqamətli şəbəkələr vasitəsilə təhdid meydana gətirən əsas hücum vasitələri də mühitin özünəxas təbiəti etibarilə fərqlidir. Bu nöqtədə dövlətlərin kiber təhlükəsizliyinə istiqamətli əsas təhdidləri dövlətlərin bir-birlərinə qarşı meydana gətirdiyi kiber təhdidlər və xarici aktyorların dövlətlərin kiber təhlükəsizliyinə istiqamətli təhdidlər şəklində sinifləndirilmişdir. Bu sinfə görə də, kiber qarşıdurmalar və iqtisadi əsaslı cəsusluq və kəşfiyyat təhdidləri daha çox dövlətlər ilə əlaqələndirilərkən, kiber şəbəkələr vasitəsilə işlənən cinayətlər və kiber terrorçuluq  isə xarici aktyorlar ilə əlaqələndirilmişdir.
Kiber məkanın kompleks və çox ölçülü özünə xas mühiti kiber təhlükəsizliyin prioritetli təhlükəsizlik sahələrindən biri halına gətirmişdir. Kiber mühitdəki hər cür məlumatın qorunması şəklində təyin olunan kiber təhlükəsizlik, eyni zamanda məlumatın istehsalı, saxlanılmasını özündə əks etdirir. Bu çərçivədə ən ümumi mənada kiber təhlükəsizlik kiber mühitdə, təşkilat, quruluş və istifadəçilərin varlıqlarını qorumaq məqsədi ilə istifadə edilən; vasitələr, təhlükəsizlik konsepsiyaları, risklərin idarə yanaşmaları, fəaliyyətlər, təhsil və texnologiyanı ümumi şəkildə özündə əks etdirir. Təhlükəsizliyin bu yeni ölçüsünün son hədəfinə çata bilməsi üçün kiber mühitdə bəzi təhlükəsizlik meyarlarının və xüsusiyyətlərin təmin edilməsi lazımdır. Bunlar gizlilik, orijinallığı, düzgünlük, bütövlük, ardıcıllıq, etibarlılıq, davamlılıq və ölçüləbilərlik şəklində olmalıdır.[15] İnformasiya sistemlərinə olan hücumlar nəticəsində gizli məlumatların yayılması, xaosun baş verməsi  dövlətləri çətin vəziyyətə sala bilər. Məsələn, 2007-ci ildə Estoniyada meydana gələn kiber hücum, bir ölkənin kritik infrastrukturlarının internetdən gələn təhlükələr qarşısında nə qədər müdafiəsiz ola biləcəyini gözlər önünə sərmişdir. Estoniya baxımından bu təhdidin həyati məna kəsb etməsinin səbəbi, ölkədəki ictimai və özəl sektora bağlı bir çox fəaliyyətin internet vasitəsilə icra edilməsidir.  Yenə, Avstraliyada hirsli bir işçinin kompüter sistemlərini manipulyasiya edərək çay və parklara saldığı tullantı sular, proqramlar vasitəsilə ABŞ-da 11 adamın ölümünə gətirib çıxaran və 50 milyon adamın çarəsiz qalmasına səbəb olan elektrik kəsintisi və İran nüvə təsislərinə istiqamətli şəkildə reallaşdırılan Stuxnet hücumları ağıla gələn nümunələr arasındadır.
Kiber təhlükəsizliyin təbəqələrini tətbiq təhlükəsizliyi, xidmət təhlükəsizliyi və infrastruktur təhlükəsizliyi şəklində və əhatə etdiyi sahəsinin və ölçülərinin daxili nəzarəti, identifikasiyası, məlumat gizliliyi, rabitə təhlükəsizliyi, məlumatların bütövlüyü şəklində sinifləndirən Unverin fikrincə, istiqamətli  məhvetmə, ziyan vermə, silmə, ifşa etmə, maneə törətməyə istiqamətli təhdid və hücumlar kiber təhlükəsizliyin məğzini müəyyən edir [16].
Bu xüsuslar işığında, təhlükəsizliyin təmin edilməsi nöqtəsində edilən işlər, milli siyasət və bu siyasət çərçivəsində hazırlanmış bir kiber təhlükəsizlik strategiyası tələb edir. Kiber hücumların, ümumiyyətlə mala və ehtimal daxilində də olsa cana təsir edən nəticələri ola biləcək olduğundan kiber təhlükəsizliyin təmin edilməsində bu nəticələrin və bu nəticələrə gətirib çıxaran hərəkət və üsulların cinayət olaraq təyin olunması və cəzalandırılması böyük əhəmiyyət kəsb edir.
 
Ədəbiyyat
  1. Имамвердиев Я.Н. Модель ситуационного управления информационной безопасностью электронного правительства // Информационные технологии. 2014. № 8. С. 24–33.
  2. Алгулиев Р.М., Володин А.В., Устинов Г.Н. Некоторые подходы к технологии обеспечения информационной безопасности при работе в сети Интернет // Тез. докл. юбилейной научно-технической конференции профессорско-преподавательского, научно и инженерно-технического состава МТУСИ. М., 2001, с. 265–266
  3. İmamverdiyev Y.N. Yeni nəsil milli kibertəhlükəsizlik strategiyalari // İnformasiya cəmiyyəti problemləri, 2013, №2 (8), 42–51.
  4. GibsonW. Neuromancer, Ace Books, 1984, 271 p.
  5. Klimburg A., Mirtl Ph. Cyberspace and Governance. The Austrian Institute for International Affairs, 2012, 65 p.
  6. COM (2001) 521 final, 2001/0217 (CNS)
  7.  Тони Блер. Корни терроризма. « Россия в глобальной политике». Том 5. № 1. Январь-февраль 2007
  8.  Ələkbər Nəbiyev BEYNƏLXALQ  TERRORÇULUQ Bakı  2011səh 112-113
  9.  Özcan, Mehmet (2004). Yeni Milenyumda Yeni Tehdit: Siber Terör, Türk Harb-İş Dergisi, 210, 39-40
  10.  Taliharm Anna-Maria (2010). Cyberterrorism: in Theory or in Practice? Defence Against Terrorism Review, 3(2), 59-74.
  11.  Weimann, Gabriel, (2004). Cyberterrorism How Real Is the Threat? Unıted States Instıtute of Peace, 2004, Special Report. What is a Script Kiddie? www.pctools.com/security-news/script-kiddie/ (Erişim Tarihi: 03.02.2016).
  12. Cox, Christopher (2012). Cyber Capabilities and Intent of Terrorist Forces. Information Security Journal: A Global Perspective, 24(1-3), 31-38.
  13. Collin, Barry (1996). The Future of CyberTerrorism, Proceedings of the 11th Annual International Symposium on Criminal Justice Issues, The University of Illinois at Chicago. www.acsp.uic.edu/OICJ/CONFS/terror02.htm (Erişim Tarihi: 14.04.2016).
  14.  www.legislation.gov.uk/ukpga/2000/11/pdfs/ukpga_20000011_en.pdf
  15.  Gorman, Sean P. (2006). A Cyber Threat to National Security? (Edited By: Philip E. Auerswald, Lewis M. Branscomb, Todd M. La Porte, and Erwann O. Michel-Kerjan). Seeds of Disaster, Roots of Response. Cambridge: Cambridge University Press, 239-257.
  16. Ünver Mustafa ve Canbay Cafer. (2010). “Ulusal ve Uluslararası Boyutlarıyla Siber Güvenlik”, Elektrik Mühendisliği Dergisi, Sayı 438.
 
 
The threats for government security originated by cyberterrorism during the period of globalization
Alizada Cavid Shirzad
The department of “The legal provision of state security” of the Institute on Law and Human Rights of the Azerbaijan National Academy of Sciences
Researcher of the department
 
Summary
 
The challenges of cyber terrorism are examined in the article. The causes, characteristics and consequences of cyber terrorism are analysed. The situation regarding cyber terrorism is explained and relevant proposals are put forward.
It's obvious that, the network creates completely the same opportunities for any person who uses it in point of user as well as a criminal, terrorist in order to realize their felon purposes. 
Today computer crime and cyberterrorism have become an international-level danger by getting out of control of law enforcement agencies.
 
 
 
Угрозы национальной безопасности, созданные явления глобализации, кибертерроризм
 
Ализада Джавид Ширзад
Институт Права и Прав Человека при НАНА,  
 научный сотрудник отдела «Правое обеспечение
 государственной безопасности»
Резюме
В статье рассматриваются  проблемы кибертерроризма. Анализируются  причины, особенности и последствия кибертерроризма. В связи с этим  в статье  кибертерроризм  освещаетсы как явление  и  с другой стороны выдвигаются некоторые предложения.
Очевидно, что сетью интернета могут пользоваться абсолютно все, в том числе преступники и террористы потому что интернет дает всем одинаковые возможности для реализации своих намерений.
На сегодняшний день компьютерная преступность и кибертерроризм выйдя из контроля правоохранительных органов, превратилось в серьезную проблему на государственном и международном уровне, став угрозой.
 Əlizadə Cavid Şirzad oğlu
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Dövlət təhlükəsizliyinin hüquqi təminatı” şöbəsinin elmi işçisi

0 şərh