Şəbəkədə kompüterlərin ünsiyyəti

İnsanlar ünsiyyət üçün çox zaman şifahi nitqdən istifadə edirlər. Ancaq belə birbaşa ünsiyyət yalnız həmsöhbətlər bir yerdə olduqda mümkündür. İndi tutaq ki, başqa bir yerdə (şəhərdə, ölkədə) yaşayan tanışınıza hansısa məlumatı çatdırmaq istəyirsiniz.
Bu halda müəyyən hərəkətlərsiz keçinmək mümkün deyil: mətni kağız vərəqinə yazmaq, onu imzalamaq, zərfə qoymaq, zərfin üzərində göndərən və alanın ünvanlarını göstərmək, marka yapışdırmaq və poçtalyona vermək (yaxud poçt qutusuna atmaq) lazımdır.
Bu məktubun sonrakı taleyi artıq sizdən deyil, poçt xidmətindən asılıdır. Məktub qatar, gəmi, təyyarə və ya başqa yolla tanışınızın yaşadığı ölkəyə, şəhərə çatır, sonra isə onun yaşadığı ərazinin poçt şöbəsinə çatdırılır və nəhayət, onun poçt qutusuna düşür. Yalnız bundan sonra tanışınız zərfi aça və yazdığınız məlumatla tanış ola bilər.
Hansı halda məktub tanışınıza yetişməyə bilər?
Şəbəkədə ünsiyyət zamanı kompüterlər də eyni qaydada hərəkət edir. Onların birbaşa ünsiyyət üsulu yoxdur — kompüterlər bir-biri ilə «danışmağı» hələ ki öyrənməyib. Ona görə də ünsiyyət qurmaq üçün onlar ardıcıl yerinə yetirilən və şəbəkə protokolları adlandırılan bir sıra prosedurlardan istifadə etməli olur.
Protokolların etibarlı və uzlaşdırılmış şəkildə işləməsi üçün onların hər bir əməliyyatı ciddi qaydaya salınır. Müxtəlif istehsalçıların proqram və avadanlıqlarının bir-biri ilə qarşılıqlı əlaqədə olması üçünsə protokollar müəyyən sənaye standartlarına uyğun olmalıdır.
Protokol şəbəkədəki kompüterlərin qarşılıqlı əlaqə ardıcıllığını tənzimləyən qaydalar və prosedurlar toplusudur.                                                                                                                                                            OSI modelinin 7 səviyyəsiKompüter şəbəkələrinin mövcud olduğu uzun illər ərzində istər açıq (ödənişsiz istifadə üçün dərc edilən), istərsə də qapalı (kommersiya şirkətləri tərəfindən yaradılmış və istifadə üçün lisenziya tələb edən) olmaqla çoxlu sayda müxtəlif protokollar yaradılmışdır. 1984-cü ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (International Organization for Standardization, ISO) kompüterlər arasında bağlantının qurulmasını və informasiya mübadiləsinin minimal xətalarla aparılmasını nizamlayan qaydalar və ya standartlar toplusunu — OSI modelini (Open Systems Interconnection) təsdiq etdi. Bu model ISO/OSI modeli kimi də tanınır.
OSI («o-es-ay» kimi oxunur) modeli hər birinin öz funksiyası olan 7 səviyyəli şaquli struktura malikdir. Hər bir səviyyəyə ciddi müəyyən olunmuş əməliyyat, avadanlıq və protokol uyğundur. Səviyyələr arasında gerçək qarşılıqlı əlaqə, yəni bir kompüterin daxilində informasiyanın ötürülməsi yalnız şaquli istiqamətdə və yalnız qonşu səviyyələrə (bir səviyyə aşağı və ya yuxarı) mümkündür.


Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 11 — Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK 

0 şərh