Qərbi Avropa ölkələri

Sahəsi 3,8 mln km2 olan bu regiona 24 IEÖ daxildir. «Böyük 7-liyə» daxil olan ölkələrin 4-ü AFR, Fransa, Ingiltərə və Italiya burada yerləşir. Bu regiondan Vatikan, San-Marino, Malta, Monako, Lixtenşteyn, Andorra cırtdan və ya mikro dövlətlərindir. Dövlət quruluşuna görə bu regionun ölkələrinin 12-si respublika,12-si isə konstitusiyalı monarxiyadır.
Qərbi Avropa ölkələrinin coğrafi mövqeyi 3 başlıca əlamətlə səciyyələnir.
1. Bir-birinə görə sıx qonşuluq mövqeyi.
2. Əksər ölkələrin dəniz mövqeyi və onların ən gediş-gəlişli dəniz yollarının yaxınlığında yerləşməsi.
3. Şərqi Avropa ölkələri ilə geniş quru və dəniz sərhədlərinə malik olması.

Qərbi Avropa

Əhalisi 393 mln nəfər olub, əhalinin təbii artımının birinci tipinə aiddirlər. Əhali az artdığından işçi qüvvəsi çatışmır. Belə vəziyyət Qərbi Avropanı dünyanın başlıca əmək immiqrasiyası mərkəzinə çevirib. Indi regionda 18-20 mln xarici fəhlə yaşayır.
Milli tərkibinə görə region əhalisi nisbətən yekcins olub əsasən Hind-Avropa dil ailəsində danışır. Dünyanın ən çox urbanizasiyalaşmış regionlarından biri olan Qərbi Avropada əhalinin 2/3-si şəhərlərdə yaşayır. London, Paris və Reyn-Rur Avropanın ən iri aqlomerasiyalarıdır.
Təsərrüfatı: Bu region iqtisadi gücünə görə ABŞ-dan sonra dünyanın 2-ci böyük regionudur.
Kənd təsərrüfatı istehsal həcminə görə ABŞ-dan geri qalsa da, yüksək məhsuldarlığı ilə fərqlənir. Buğdanın məhsuldarlığına görə (hər hektardan 60-70 sentner) Qərbi Avropanın dünyada tayı-bərabəri yoxdur.
Qərbi Avropa ərzaq məhsulları ilə əhalinin təlabatını tam ödəyir. Burada yalnız tropik əkinçilik məhsulları və yem taxılı idxal edilir. Şimali və Orta Avropa ölkələrində heyvandarlıq, Cənubi Avropada isə əkinçilik daha yaxşı inkişaf edib.
Nəqliyyat şəbəkəsinin sıxlığına görə dünyada 1-ci yer tutur. Avtomobil və dəniz nəqliyyatı daha güclü inkişaf edib.
Enerji və xammaldan kasıb Qərbi Avropa ölkələri daha qənaətcil texnologiyaya keçməyə məcbur olmuşlar. Nəticədə bu ölkələr ekstensiv iqtisadiyyatdan intensiv iqtisadiyyata keçmiş və ekoloji vəziyyəti xeyli yaxşılaşdıra bilmişdir.
Coğrafi, tarixi və təsərrüfat fərqlərinə görə Qərbi Avropanı 3 regiona- Orta, Şimali və Cənubi Avropaya ayırırlar. Ərazisinin böyüklüyünə görə bu regionlar təxminən bərabər, əhalinin sayına görə isə olduqca müxtəlifdir. Bu 3 regiondan Orta Avropa daha güclü inkişafı ilə fərqlənir.

0 şərh