Nəqliyyatın coğrafiyası

Əhəmiyyətinə görə nəqliyyat maddi istehsalın üçüncü sahəsidir. Bu sahə ölkələr arasında coğrafi əmək bölgüsünün əsasını təşkil edir. Beynəlxalq coğrafi əmək bölgüsü (BCƏB) region və ölkələrin müəyyən məhsul və ya xidmət sahəsi üzrə ixtisaslaşması və onun mübadiləsidir. Ölkələr arasında məhsul mübadiləsi nəqliyyatın müxtəlif sahələri vasitəsilə həyata keçirilir.
ETİ dövründə nəqliyyatda konteynerləşmə — yüklərin iri metal qutularda, yəni konteynerlərdə daşınması nəqliyyatın bütün növlərinin inkişafına təkan vermişdir.
ETİ-nin təsiri ilə dəmiryol nəqliyyatının rolu bir qədər azalsa da, uzaq və orta məsafələrə ağır yüklərin daşınmasında, habelə şəhərdaxili sərnişin daşınmasında öz əhəmiyyətini saxlayır. Avtomobil nəqliyyatı şəhərdaxili və şəhərətrafı sərnişin daşınmasına görə birincidir. İstismarının asanlığı, yükləri “qapıdan-qapıya” daşıması xüsusiyyəti ilə əlaqədar şəhərlərarası və beynəlxalq daşımalarda avtomobil nəqliyyatının rolu getdikcə artır. Dəniz nəqliyyatı beynəlxalq ticarəti təmin etsə də, sərnişin daşınmasında az iştirak edir. Hava nəqliyyatı orta və uzaq məsafələrə sərnişinlərin, həmçinin təcili və qiymətli yüklərin daşınmasında böyük rola malikdir.
Nəqliyyat sistemi region və ölkələr üzrə müxtəlifdir. İnkişaf etmiş ölkələrdə nəqliyyat yüksək texniki səviyyəsi və sıxlığı ilə fərqlənir. Dünyada nəqliyyat yollarının uzunluğunun 70-80%-i bu ölkələrin payına düşür. Son onilliklərdə inkişaf etməkdə olan ölkələrin nəqliyyat sistemində müsbət dəyişikliklər baş versə də, onların çoxunda nəqliyyat iqtisadiyyatın geridə qalan sahəsi olaraq qalmaqdadır. Belə ölkələrdə nəqliyyatın bir və ya iki növü inkişaf etmişdir. Avtomobil nəqliyyatı yaxın və orta məsafələrə sərnişin və yüklərin daşınmasında xüsusi əhəmiyyətə malikdir. Bu səbəbdən də avtomobil yollarının uzunluğu ildən-ilə artır. Uzunluğuna görə bütün yolların yarısı ABŞ, Rusiya, Hindistan, Braziliya, Çin və Yaponiyanın payına düşür.
Dəmir yollarının uzunluğuna görə ABŞ, Rusiya, Hindistan, Çin, Kanada, Avstraliya fərqlənir. Avtomobil və dəmir yollarının sıxlığı Qərbi Avropa və Yaponiyada daha yüksəkdir. XXI əsrdə irimiqyaslı dəmir yolu layihələri həyata keçirilir. Uzunluğu 10 min km olan Böyük İpək yolu bərpa olunur (İstanbul-Bakı-Daşkənd-Pekin), Asiya-Sakit okean layihəsi isə hazırlanmışdır (Sinqapur-Banqkok-Pekin-Yakutsk-Berinq dənizi tuneli-Vankuver-San-Fransisko). Fransa və Yaponiyada yüksəksürətli qatarlar istehsal olunur və daxili sərnişin daşımalarında əsas yer tutur. Onların sürəti Fransada 585 km/saat, Yaponiyada isə 581 km/saat-a çatır. Ada ölkələrinin çoxunda, dağlıq relyefə malik ölkələrdə və inkişaf etməkdə olan ölkələrin bəzilərində dəmir yolları yoxdur.
Boru kəməri nəqliyyatı neft və təbii qazın hasilatının sürətlə artması, həmçinin hasilat və istehlak rayonlarının bir-birindən uzaqda olması ilə əlaqədar inkişaf etməyə başlamışdır. Ən uzun boru kəmərləri MDB ölkələrində, Kanada, ABŞ və Yaxın Şərq ölkələrində (Cənub-Qərbi Asiya) yerləşir. Aralıq dənizindən Əlcəzair-İtaliya, Əlcəzair-İspaniya qaz kəmərləri çəkilmişdir. Dünya nəqliyyat sisteminin ən mühüm tərkib hissəsi dəniz nəqliyyatıdır (a). Beynəlxalq yükdaşımaların 80%-i bu nəqliyyat vasitəsilə həyata keçirilir. Dəniz yolları ilə, əsasən, neft və neft məhsulları, kömür, filiz, taxıl və s. daşınır. Dəniz daşınmalarını dəniz ticarət donanması həyata keçirir. Dəniz ticarət donanması ölkənin yük gəmilərinin məcmusuna deyilir. Dünya ticarət donanmasına inkişaf etməkdə olan ölkələr — Panama və Liberiya başçılıq edir. Buna səbəb əksər inkişaf etmiş ölkələrin bir az köhnəlmiş gəmilərinin öz ölkələrində yüksək vergi ödəmək istəmədikləri üçün Panama və Liberiya, həmçinin digər kasıb ölkələrin bayrağı altında (“ucuz bayraq”) üzməsidir. Bu yolla daşınan yüklər üçün alınan haqq fraxt adlanır.
Dəniz nəqliyyatında limanların rolu böyükdür. Dünyada 2,2 mindən çox dəniz limanı vardır. Onların arasında yük qabiliyyəti ildə 50 milyon tondan çox olan 50 ən böyük liman fərqlənir. Son illərin göstəricilərinə əsasən, yük dövriyyəsinə görə dünyanın ən böyük limanları Asiyada, xüsusilə Çində (Şanxay, Quançjou, Sindao, Tyanszin) yerləşir. Bu limanlar Sinqapur, Avropa (Rotterdam-Niderland) və Şimali Amerika (Yeni Orlean — ABŞ) limanlarını geridə qoymuşdur.Dünyanın dəniz nəqliyyatıDəniz yük daşımalarında əsas yeri Atlantik okeanı tutur. Daşınan yüklərin yarısı bu okeanın payına düşür. Yaponiya, Çin, ABŞ-ın qərb rayonları və Avstraliyada yükdaşımaların artması ilə bağlı Sakit okeanın rolu getdikcə artır.
Dəniz nəqliyyatında kanalların da rolu böyükdür. Onlardan ən mühümləri Süveyş, Panama və Kil kanallarıdır. La-Manş, Cəbəlüttariq, Hörmüz, Malakka boğazları dəniz nəqliyyatında ən çox istifadə edilən boğazlardır.
Daxilində böyük çaylar və göllər olan inkişaf etmiş ölkələrdə daxili su nəqliyyatı inkişaf etmişdir. Avropada Reyn-Dunay çay sistemi, Rusiyada Volqa çayı — Baltik dənizi yolu, ABŞ-da Missisipi və Böyük göllər su sistemləri iri daxili su nəqliyyatı şəbəkələrini əmələ gətirir. Hava nəqliyyatı ən gənc və dinamik nəqliyyat növüdür. Hava nəqliyyatında yükdaşımalara görə daha çox Şimali Amerika və Qərbi Avropa, ölkələr üzrə isə ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya, Çin və Fransa seçilir. Hava nəqliyyatının coğrafiyası hava limanlarının şəbəkəsi ilə müəyyən olunur. Dünyanın ən böyük hava limanları: ABŞ-da (Atlantada Hartsfild-Cekson; Çikaqoda O-Hara), Çində (Pekində Şoudu), Avropada (Londonda Hitrou, Frankfurtda Reyn-Mayn, Parisdə Şarl de-Qoll) və Yaponiyada (Tokioda Haneda) yerləşir. Qitələrarası sərnişin daşınmalarında hava nəqliyyatı birincidir. Hava xətlərinin ən böyük hissəsi Atlantik okeanı üzərindən keçir.

Müəllif: Yaqub Qəribov, Oqtay Alxasov, Şərafət Hüseynli,Məhbubə Babayeva
Mənbə: Coğrafiya 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK

Oxşar məqalələr

0 şərh