Avropa, Şimali Amerikanın və Avstraliyanın əhalisi

Avropa, Şimali Amerika və Avstraliya həyat səviyyəsinin yüksək olduğu regionlardır. Bu regionlarda doğum və ölümün aşağı göstəriciləri və bunun nəticəsi kimi təbii artımın azlığı müşahidə olunur. Keyfiyyətli qidalanma və tibbi xidmət səviyyəsinin yüksəlməsi orta ömür müddətinin artmasına səbəb olmuşdur. 2012-ci ilin göstəricilərinə görə, orta ömür müddəti İtaliyada 83 il, Fransada isə 82 il təşkil edir.
Son illərdə Avropa, Şimali Amerika və Avstraliyada doğulanların sayının azalması isə bir çox amillərlə bağlıdır:
– qadınların ictimai fәallığının artması (ali tәhsil almaları, müxtәlif vәzifәlәrdә çalışmaları vә s.)
– gecikmiş nikahların üstünlük tәşkil etmәsi (tәhsilin gec başa çatması, gәlәcәk üçün karyera vә yüksәk maddi tәminat istәyi);
– uşaqların tәhsil vә tәrbiyәsinә sәrf olunan xәrclәrin artması;
– ailә tәmәllәrinin zәiflәmәsi;
– әhalinin maddi vә mәdәni tәlәbatlarının artması;
– yaşlı valideynlәrin övladlarının deyil, dövlәt himayәsindә yaşaması.
Bəzi Avropa ölkələrində tәbii artım sıfıra bərabərdir, yəni doğulan və ölənlərin sayı eynidir. Məsələn, İspaniya, Avstriya, Danimarka və s. ölkələrdə, sadəcə, nəsillərin əvəz olunması baş verir. Bir sıra ölkələrdə isə əhalinin tәbii artımı sıfırdan aşağıdır, yəni təbii azalma prosesi baş verir.
ABŞ, Avstraliya, Avropa ölkələrində doğulanların sayının azalması və orta ömür müddətinin artması əhalinin yaş tərkibinə də təsir edir. Onlar üçün uşaq və gənclərin xüsusi çəkisinin azalması, yaşlıların isə artması səciyyəvidir. Bu proses “millәtin qocalması” adlanır. Yaşlıların xüsusi çəkisinin 12–14% olması demoqrafik qocalmanın başlanğıcı, 16–18%-dən artıq olması isə yüksək həddi hesab edilir.
Əhalinin yaş tərkibində baş verən dəyişikliklər əmək ehtiyatlarının azalmasına, demoqrafik yükün artmasına və digər sosial problemlərin yaranmasına səbəb olur:
  • Dövlət büdcəsindən təqaüdlərə ayrılan vəsaitin artması tələb olunur.
  • Yaşlılara göstərilən tibbi və sosial xidmətlərin genişləndirilməsi tələb olunur.
  • İşləyən əhalidən dövlət büdcəsinə vergi daxilomalarının miqdarı azalır.
Əhalinin ümumi sayının dəyişməsinə yalnız təbii artım deyil, mexaniki artım da səbəb olur. Böyük Coğrafi kəşflər dövründən başlayaraq emiqrasiya regionu hesab olunan Avropa hazırda dünyanın əsas immiqrasiya regionuna çevrilmişdir. Hazırda Avropada 18–20 mln. nəfər əcnəbi işçi vardır ki, onların çoxu vətəndaş statusunda deyil, qastarbayter (almanca “gast“ – qonaq + “arbeiter”– işçi) kimi bu regionda yaşayır. Məsələn, əcnəbi işçilər Lüksemburqda (ümumi əhalinin 39%-i), İsveçrədə (20,1%) üstünlük təşkil edir. Bu ölkələrə xarici işçi qüvvəsi, əsasən, Avropa Birliyi ölkələrindən gəlir ki, onlara da işləmək və yaşamaq üçün xüsusi icazə almağa ehtiyac yoxdur. Avropanın digər ölkələrinə gələn immiqrantlar, əsasən, inkişaf etməkdə olan ölkələrdəndir.
ABŞ, Kanada və Avstraliyada da əhalinin sayı, əsasən, immiqrasiya hesabına artır. Amerika xalqının formalaşmasında kütləvi miqrasiyaların mühüm rolu olmuşdur. Müasir amerikalılar dünyanın müxtəlif regionlarından gələnlərin etnik qarışmasının nəticəsidir. ABŞ-da immiqrasiyanın xarakter və miqyası tarixən dəfələrlə dəyişmişdir.
İmmiqrant axınının əsas səbəbi kasıb ölkələrdən gələnlərin Avstraliya, Amerika və Qərbi Avropa ölkələrində daha əlverişli həyat şəraiti, yüksək əməkhaqqı və normal əmək şəraitinə nail olmaq istəyidir.


Müəllif: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova
Mənbə: Coğrafiya 9 Ümumtəhsil məktəblərinin Coğrafiya fənni üzrə Dərslik
 

0 şərh