Əhalinin sayının artımı və onun tənzimlənməsi

Dünya əhalisinin təbii artımında yüksək göstəricilər üstünlük təşkil etmişdir. Əhali artımının ənənəvi tipi adlandırılan II tip çox yüksək doğum və aşağı ölüm nəticəsində yüksək təbii artımla (hər 1000 nəfərə 12 nəfər və daha artıq) səciyyələnir.
Doğumun yüksək olması adət-ənənə, dini amillər, təhsil, ailə planlaşdırılmasının olmaması ilə əlaqədardır. Belə ölkələrdə kənd təsərrüfatı işlərində işçi qüvvəsi tələb olunduğu üçün erkən yaşlarından uşaqlar əməyə cəlb edilir. Əvvəllər ölüm hallarının yüksək olması əhalinin sanitar-gigiyenik həyat şəraitinin pis və səhiyyənin zəif inkişafı ilə əlaqədar idi. Tez-tez baş verən epidemiyalar və müharibələr də çoxsaylı insan itkisinə səbəb olurdu.  XX əsrdən başlayaraq səhiyyənin inkişafı, insanların həyat şəraitinin yaxşılaşması ölümün azalmasına səbəb olmuşdur. Doğumun yüksək səviyyədə qalması əhalinin təbii artımının çoxalması və sayının kəskin artması ilə nəticələnmişdir.XX əsrdə elmin, təbabətin inkişafı, ailə planlaşdırılması siyasəti, qadınların ictimai aktivliyinin artması, şəhər həyat tərzinin yayılması nəticəsində təbii artım səviyyəsi aşağı düşdü. Sənayenin inkişafı kənd əhalisinin şəhərlərə köçməsinə səbəb oldu. Şəhərlərdə yaşayan ailələrdə isə uşaqların sayı kənd ailələrinə nisbətən həmişə az olmuşdur.
Hazırda dünyanın müxtəlif region və ölkələrində demoqrafik vəziyyət fərqlidir. Afrika, Asiya və Latın Amerikası ölkələrinin əksəriyyətində əhalinin təbii artımı yüksəkdir. Belə ölkələrdə demoqrafik partlayış baş verir, yəni ölümün az, doğumun çox olması nəticəsində əhalinin sayının yüksək templə artması müşahidə edilir.
Avropa, Şimali Amerika və Avstraliyada isə təbii artım göstəriciləri aşağıdır. Bu ölkələrdə əhali artımının I tipi – doğumun və ölümün aşağı olması (hər 1000 nəfərə 12-dən az) nəticəsində təbii artımın aşağı göstəricisi səciyyəvidir. Bəzi ölkələrdə isə təbii artım mənfidir, yəni yerli əhalinin ümumi sayında azalma baş verir. Bu proses demoqrafik böhran adlanır.
Hər hansı ölkədə demoqrafik vәziyyәtә uyğun olaraq demoqrafik siyasәt yürüdülür. Demoqrafik siyasət əhalinin sayının tənzimlənməsi məqsədilə həyata keçirilən inzibati, iqtisadi, təbliğatı və s. tədbirlər sistemidir. Adətən demoqrafik siyasət təbii artımın yüksək olduğu ölkələrdə doğumu azaltmağa doğru, təbii artımın aşağı düşdüyü ölkələrdə isə onu yüksəltməyə doğru aparılır. Demoqrafik siyasət nəticəsində təbii artım kəskin dəyişə – doğum arta və ya azala bilər. Əhalinin təbii artımının kəskin şəkildə dəyişməsi demoqrafik inqilab adlanır.
Azərbaycan Respublikasının “Ailə kodeksində” üçuşaqlı ailələr ideal ailə kimi qiymətləndirilir. Beş uşağı olan analar isə vaxtından xeyli əvvəl pensiya almaq hüququ qazanır.


Müəllif: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova
Mənbə: Coğrafiya 9 Ümumtəhsil məktəblərinin Coğrafiya fənni üzrə Dərslik

0 şərh