Maddi və qeyri-maddi istehsal sahələri

Hər hansı məhsulun istehsal edilməsi prosesi müxtəlif sayda təsərrüfat müəssisələrini əhatə edir. Eyni tələbatı ödəyən müəssisələr tәsәrrüfat sahәlәri yaradır. Məsələn, insanların qidaya olan tələbatını ödəmək üçün fəaliyyət göstərən müəssisələrin yeyinti sәnayesi adlanır. Kənd təsərrüfatı məhsulları istehsalı isə kənd təsərrüfatı sahəsini əmələ gətirir.
Maddi və qeyri-maddi istehsal sahәlәri vardır. Təsərrüfat sahəsinin tərkibi və istehsal olunan məhsullar nə qədər mürəkkəbdirsə, istehsal sahələri də bir o qədər çoxsahəlidir; məsələn: bir təyyarə yüz iyirmi mindən çox hissə və detaldan ibarətdir. Onların hazırlanması yüzlərcə müəssisədə xeyli sayda ixtisaslı kadr, daim yenilənən texnoloji avadanlıq və s. tələb edən mürəkkəb bir istehsal prosesidir. Hər hansı istehsal prosesi elektrik enerjisi, nəqliyyat vasitələri və yolları olmadan fəaliyyət göstərə bilməz.
Maddi istehsalın ən mürəkkəb sahəsi sənayedir. Sənaye iki qrupa bölünür:
A qrupu. İstehsal vasitələri istehsal edən, yəni digər məhsulları istehsal etmək üçün istifadə olunan avadanlıqların istehsalını birləşdirir və ağır sәnaye adlanır. Onun tərkibinə energetika, dağ-mədən, maşınqayırma, metallurgiya, kimya və meşə sənayesi daxildir. Hər hansı məhsulun istehsalı prosesində təbiətə xeyli miqdarda tullantı atılır. İstehsal tullantılarının qarşısının alınması müasir dövrün ən mühüm problemlərindən biridir. Elmi-texniki tərəqqinin nailiyyətlərini tətbiq etməklə, istehsal tullantılarını minimuma çatdırmaq mümkündür. Lakin tamamilə tullantısız istehsal prosesini yaratmaq hələlik mümkün deyil.
B qrupu. İstehlak malları, yəni bilavasitə əhalinin istifadə etdiyi məhsulları istehsal edən sahədir. Bura yüngül və qida sənaye sahələri daxildir.
Maddi və qeyri-maddi istehsal sahələrinin əhalinin tələbatına xidmət edən sahəsi xidmət sahələrini əmələ gətirir. Bu sahədə hər hansı maddi məhsul istehsal edilmir. Xidmәt sahәsini digәrlәrinә fayda verәn, rahatlıq yaradan sahә adlandırırlar. Xidmət sahələri оlduqcа müxtəlifdir.
  1. İnfrastruktur xidmәtlәri – istеhsаl prosesini tənzimləmək üçün göstərilən xidmətlərdir: nəqliyyat, rabitə, elektrik, su, qaz təchizatı, təmir və s. Bu xidmət növləri tətbiq edilmədən A və ya B qrupuna daxil olan sahələri inkişaf etdirmək qeyri-mümkündür.
  2. Fәrdi xidmәtlәr – əhalinin fərdi olaraq məişət tələbatını ödəmək üçün göstərilən xidmətlərdir: istirahət-əyləncə, bərbərxana, dərzi, kimyəvi təmizləmə, mühafizə-xidməti və s.
  3. İşgüzar xidmәtlәr – istehsalçının təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edir: bank marketinq, reklam, hüquq məsləhətxanası və s.
  4. Sosial xidmәtlәr – vətəndaşların təhsil, səhiyyə, idman, mədəniyyət və s. sahələrə olan tələbatlarının ödənilməsinə xidmət edir.
Xidmət sahələrinin inkişafı cəmiyyətin inkişafını əks etdirən ən mühüm sahələrdən biridir. Lakin bu sahələrin inkişafı həm də məhsul istehsal edən sahələrdə texnikanın tətbiqi və əhalinin həyat səviyyəsinin inkişafı ilə əlaqədardır.


Müəllif: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova
Mənbə: Coğrafiya 9 Ümumtəhsil məktəblərinin Coğrafiya fənni üzrə Dərslik

0 şərh