A.Mizesin neoliberalist baxışları

Neoliberalizmin görkəmli nümayəndələrindən biri də Çikaqo məktəbinin iqtisadçısı Lyudviq fon Mizes (1881-1973) olmuşdur. O, F.Xayeklə birlikdə həm də Avstriya məktəbinin davamçısı hesab olunur.
L.Mizes Avstriyada anadan olmuş, Vyana Universitetində təhsil almış, orada işləmiş, professor dərəcəsinə yüksəlmişdir. 1940-1969-cu ildən isə Nyu-York Universitetində beynəlxalq iqtisadi münasibətlər kafedrasında çalışmışdır. Özünün iqtisadi baxışlarını "Pul və kredit" nəzəriyyəsi (1912), "Sosializm" (1922), "Bürokratiya" (1944), "İnsan fəaliyyəti: iqtisadiyyat haqqında traktat" (1949), "Nəzəriyyə və tarix" (1957) əsərlərində şərh etmişdir.
Qeyd etmək lazımdır ki, XIX əsrin sonlarında əvvəllər nəzəri bilik səviyyəsində olan Qərb iqtisadi fikri ilə marksist iqtisadçıları arasında mərkəzi planlaşdırma və bazarın rolu haqqında mübahisələr real sosializmin mövcudluğu ilə daha da kəskinləşmişdi. Sosialist nəzəriyyəçiləri bazarsız, əmtəəsiz, mərkəzdən idarə edilən cəmiyyətin üstünlüyünü sübut etməyə çalışırdılar. Qərb iqtisadçıları isə bazar sisteminin çatışmazlıqlarını aradan qaldırmaq üçün dövlətin tənzimləyici rolunu qəbul edirdilər. Həmçinin kapitalist ölkələrinin iqtisadiyyatlarında baş verən dəyişikliklər-korporativ mülkiyyət formalarının üstünlük təşkil etdiyi qarışıq sistemin yaranması, dövlətin tənzimləyici fəaliyyəti, sahibkarlığın genişlənməsi - yeni iqtisadi ideyaların yaranmasını zəruri edirdi. Ona görə də Mizes (Xayeklə birgə) bazar qanunlarının fəaliyyətinin aradan qalxdığı mərkəzi idarəetmədə iqtisadi ehtiyatlardan səmərəli istifadənin mümkün olub-olmaması kimi mühüm problemlərin müzakirəsinə qoşuldu.
L.Mizes 1936-cı ildə yazdığı "Sosializm" əsərində sosializmin təhlili və tənqidçisi kimi çıxış edir. İstehsal vasitələri üzərində ictimai mülkiyyət və planlı iqtisadi tənzimləmə şəraitində ehtiyatların səmərəli bölgüsünün mümkün olub-olmaması məsələsinə dəqiqlik gətirir. Göstərir ki, mərkəzi idarəetmədə planlı tənzimləməyə iqtisadi ehtiyatların səmərəli bölgüsü baş verə bilmir. Ümumi bir qanunauyğunluq kimi ehtiyatların səmərəli bölgüsü yalnız əmtəə istehsalına və bazar münasibətlərinə əsaslanan cəmiyyətdə mümkündür. Yəni bazar mexanizminin köməyi ilə tələb və təklifin uyğunlaşması əsasında yaranan obyektiv qiymətlər ehtiyatların səmərəli bölgüsünə səbəb olur. Bununla da, o, qiymətin əmələ gəlməsi və iqtisadi ehtiyatlardan səmərəli istifadə olunması prosesində bazar mexanizminin üstün rolunu əsaslandırır, sosializmi qeyri-səmərəli bir iqtisadi sistem adlandırır.
Eyni zamanda L.Mizes tənzimlənən iqtisadiyyatda səmərəli iqtisadi fəaliyyəti təmin etmək üçün istehlakçıların azad seçiminin, tələbinin, zəruriliyini qeyd etmişdir. Bazar sistemində tələbatlara uyğun olaraq ehtiyatların bölgüsü mexaniki olaraq baş verir. Sosializmdə isə dövlət tərəfindən müəyyən olunan qiymətlər tələb və təklifi əks etdirmədiyi üçün istehslın inkişafı istiqamətini tuta bilmir, bu isə iqtisadi tarazlığı pozur.
L.Mizes burada insanların iqtisadi mənafeyini də ön plana çəkir. Göstərir ki, sahibkarlar öz mənfəətləri naminə istehsal edirlərsə bu son nəticədə ictimai tələbatların ödənilməsinə xidmət edir.
L.Mizes iqtisadi liberalizm prinsipindən çıxış edərək iqtisadiyyata dövlətin müdaxiləsini zəruri hesab etmirdi. Müasir cəmiyyətdə təsərrüfat subyektlərinin tam tarazlığına əsaslanan səmərəli iqtisadi siyasət kimi xüsusi mülkiyyəti, əmək bölgüsünü və azad mübadiləni əsas sayırdı. Azad rəqabət vasitəsilə bazarın daim fasiləsiz fəaliyyət göstərməsi üçün dövlətin müəyyən qanunlar çərçivəsində fəaliyyətini, xüsusi sahibkarlığın stimullaşdırıcı rolunu qəbul edirdi.

 

0 şərh