Qiyamətin əlamətləri

Hədis alimləri qiyamətin əlamətləri barədə Peyğəmbər(ə)-nin müxtəlif kəlamlarının olduğunu qeyd ediblər. Məsələn, «On böyük əlamət görünməyincə qiyamət qopmaz. Bunlar Duman; Dəccal; Dəbbətül -ərz; Günəşin Qərbdən doğması; İsa(ə)-nin zühuru; Yəcus və Məcusun ortaya çıxması; Qərb, Şərq və Ərəbistanda yerin batması; Yəməndə bir atəşin peyda olmasıdır».

İslam alimlərindən Suyuti (v.e. 1505) və başqalarına görə qiyamətin əlamətləri iki növdür. Böyük və kiçik. Əmanətə xəyanət, adam öldürmək, fitnə-fəsad yaratmaq, məhəbbət və etimadın azlığı, şit və hay-küylü musiqi, haramların çoxalması qiyamətin kiçik əlamətləridir. Çağdaş dünyanın durumuna bu kontekstden qısaca nəzər salsaq aydın olar ki, artıq bəşər kiçik qiyamət durumunda yaşayır. Çünki zinaya qanuni don geydirmək, əmanətə xəyanət, sələmçilik, hətta Allah evlərində terror və təxribat, əsli bilinməyən şit və hay-külü musiqi, ikiüzlülük, haramları halal kimi qəbul etmək, təbiətə qeyri insani münasibət artıq dünyanın adi həyat tərzinə çevrilib.

Böyük qiyamətin iki mərhələsi
Quran qiyamətin iki mərhələdən ibarət olduğunu buyurur.
1. «Sur (birinci dəfə) çalınacaq, Allahın istədiyi kimsələrdən (Cəbrail, İsrafil, Əzrail və Mikaildən yaxud Ərşi daşıyan mələklərdən və ya İslam şəhidlərindən) başqa dərhal hamı öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərdən) çıxıb (Allahın əmrinə) müntəzir olacaqlar» (Zumər, 68). Ayədən göründüyü kimi, Allah birinci mərhələdə istədiyi kimsələrdən başqa hamının ölümünə hökm verəcəkdir İkinci mərhələdə isə bütün ölülər qəbirlərdən qalxıb, Allahın əmrini gözləyəcəklər.

İmam Qəzzali (1058-1111) surun birinci və ikinci dəfə üfürülməsini belə şərh edib: «Sur birinci dəfə üfürüləndən sonra Allah İsrafil(ə) də daxil olmaqla, hər şeyi və hər kəsi öldürəcək. 40 ildən sonra Allah İsrafil(ə)-ni dirildəcək və o, suru ikinci dəfə üfürəcək. Bu zaman bütün insanlar diriləcəklər».

Əksər müfəssirlərə görə, sur böyük bir borudur və Qiyamət günü Allahın əmrilə həz.İsrafilin bu aləti üfürməsilə başlayacaq. Lakin Razi (v.e. 1219) və başqaları hesab ediblər ki, sur məcazi mənanı ifadə edir. Yəni bu, orduya şeypur vasitəsilə dayanmaq əmri necə verilirsə, hərəkət etmək əmri də həmin şeypurla verilir. Qiyamətin birinci və ikinci mərhələləri də həmin sur ilə veriləcək. Qiyamətin qopması müddətini isə Quran belə açıqlayır: «Qiyamətin qopması (əmri) bir göz qırpımında, yaxud daha tez olar. Allah, həqiqətən hər şeyə qadirdir» (Nəhl 77). Yəni ölülərin qəbirlərdən qalxması vahid mərkəzdən şəbəkəyə qoşulan elektrik cihazları kimi bir göz qırpımında olacaq.

Bunkerlər xilas edəcəkmi?
Qiyamətin nə vaxt qalacağı barədə tarixən müxtəlif fikirlər olsa da, fəqət baş verəcək bu fövqəlbəşər hadisənin vaxtı Rəbbimizin sirridir. Qiyamətin əsas əlaməti barədə Rəbbimiz buyurub: "Şübhəsiz ki, o (İsanın zuhuru) qiyamət saatı üçün bir əlamətdir" (Zuxruf,61). Bu kəlamdan sui-istifadə edən bir çox yalançı Məcih və Mehdilər cəmiyyəti aldadaraq özlərini Məcih və Mehdi də adlandırıblar. Bununla yanaşı müxtəlif dövrlərdə qlobal problemlərlə üzləşən bəşər, qiyamətin qopacağı barədə yanlış fikirlər də söyləyib. Məs., orta əsrlərdə vəba kimi yoluxucu xəstəliklərin yayılması, daşqınlar, vulkan püskürmələri və digər bəlaların gəlməsini qiyamətin əlamətləri kimi qəbul edənlər də olub. Həmin dövrdə qiyamətin qopacağı barədə keşişlərin xəbərdarlığına rəğmən bir sıra Avropa dövlətləri hətta ölüm cəzasına məhkum olan caniləri belə azad ediblər. Və nəticədə bu qatillər sonradan qiyamətin dəhşəti qədər fitnə-fəsad törədiblər...

XXI əsrdə baş verən ekoloji fəlakətlər, kataklizmlər, qlobal istiləşmə, qara dəlik və digər bəlalar da dünyanın aparıcı alimləri tərəfindən qiyamətin əlamətləri kimi qəbul edilir. Onlar bu siyahıya Apofis asteroidini də əlavə ediblər.

Apofis qədim Misirin zülmət və xarabalıq allahının adıdır. 2004-ci ildə kəşf edilən bu asteroidə törədə biləcəyi fəlakətə görə Apofisin adı verilib. Artıq dünya mətbutında Apofisin Yerlə toqquşacağı il də müəyyənləşdirilib.

2012-ci il. Lakin dəqiq hesablamalara görə Apofis nəinki yerlə toqquşacaq, hətta onların arasındakı məsafə daha da çoxalacaq. Alimlər hesab edirlər ki, asteroidin Yerə yaxınlaşması 2029-cu ilə təsadüf edə bilər. Bəzi astronomlara görə bu halda da elə bir qorxulu hadisə baş verməyəcək. Lakin digər alimlər təsdiq edirlər ki, 2029-cu ildə Yerin cazibə qüvvəsi elə dəyişə bilər ki, Apofis 2036-cı ildə Yerlə toqquşar. Faciənin miqyası ağlasığmaz dərəcədə ola bilər. Çünki kütləsi 26 milyon ton olan bu asteroid Yerdəki bütün canlıları məhv etmək gücünə malikdir. Hazırda dünya alimləri bu problem üzərində baş sındırırlar. Bəzi milyardlerlər isə çıxış yolunu bunker tikintisində görürlər.

Məs., ABŞ-da elit daşınmaz əmlakın yeni növü peyda olub: Qlobal faciədən qorunmaq üçün bunker-sığınacaqlar. Bu işlə məşğul olan şirkət yer altında sığınacaqlar düzəldir. Su, enerji, hava, qida, hətta trenajer zalı və dustaqxanaları olan bu əmlakın qiyməti 50 mindən 1,5 mln. dollara qədərdir. Artıq alıcılar var və qiyamətin yaxın gələcəkdə (2012-2036-cu illir arası) qopacağı barədə mediya xəbərləri bu bazarın fəaliyyətini daha da qızışdırıb. Koliforniyalı həkim-terapevt S.Kramer deyir: «Nuh gəmisini düzəldərkən hamı ilə düşünürdü ki, o, dəli olub. Sonra tufan qopdu. Mən artıq özüm və ailəm üçün bunkerlərdən birini almışam».

ABŞ Ali hərbi-dəniz məktəbinin professoru C.Knopf sığınacaqlara təlabatın çoxalmasına belə şərh verib: «Bu günki siyasi vəziyyət çox məziyyətlərilə „soyuq müharibə“ dövrünü xatırladır. O vaxtı dövlətlər bombadan qorunmaq üçün sığınacaqlar tikirdilər. İndi insanlar ekoloji faciə, teraktlar və atom bombasının terroristlərin əlinə keçməsini düşünürlər» Şirkətin rəhbərinə görə ərzaq ehtiyatı bir ilə kifayət edicək.

Dünyəvi elmlər və kommersiya sirrlərinə vaqif olan bu insanlar hələ də başa düşmürlər ki, Nuh(ə)-nin xilas olması Rəbb istəyilə olub. Onlar həm də Rəbb kəlamlarından xəbərsizdirlər. Çünki Qiyamət Rəbb iradəsilə bir göz qırpımında, yaxud daha tez ola bilər. Bu zaman insan özünə hansı alınmaz qala tiksə belə, faydası olmaz.

Qiyamətin dəhşətləri
Qurani-Kərim qiyamətin dəhşət və əzəmətini müxtəlif misallarla başa salır. Məs., «Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir!» (Həcc.1). Əslində planetdə baş verən lokal zəlzələlər o böyük zəlzələnin — Qiyamətin əlamətlərindən biridir. Qiyamət ərəfəsində çox dəhşətli hadisələrin olacağını Rəbbimiz belə bəyan edir: «Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət günü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi, dirildib əvvəlki halına salarıq» (Ənbiyə 104). Buradakı «kitab səhifəsi kimi büküb qatlayacağımız» ifadəsi, Azərbaycan dilindəki «filankəsin kitabı bağlanıb» termininin sinonimidir. Yəni «insanların kitabı bağlandığı» kimi, qiyamət vaxtı kainat kitabının səhifəsi də bağlanacaq. Məs., Günəş və dağlar yox olacaq. Ulduzlar sönüb parçalanacaq və s. və i. a.

Bu dəhşətli mənzərəni Quran belə təsvir edir: «Günəş (əmmamə kimi sarınıb) sönəcəyi zaman, ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman, dağlar yerindən qopardılacağı zaman» (Təkvir 1-3). Dağların və göylərin qiyamətdəki durumları onların təkcə yox olması və yerindən qopardılması ilə məhdudlaşmayacaq. «Dağlar (həm də) didilmiş yun kimi olacaqdır» (Qariə); «O gün göy göyərmiş mis kimi olacaq» (Məaric -8), "(Qiyamət günü) göy ayrılıb (dağlanmış) dəri (yaxud dağ edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman halınız necə olacaq?!" (Rahmən 37) Göründüyü kimi, Qiyamətdə yerin, göyün, dağların qorxunc bir vəziyyətdə olması insanlar üçün əyani ibrətdir. Yəni ey insanlar, bilin və yadda saxlayın ki, sizin ayaqlarınızın altındakı Yer kürəsi və başınızın üstündəki səmanı yaradan da, onları bu dəhşətli hala salan da Mənəm! Və siz elə güman etməyin ki, həmin hal sizin başınıza gəlməyəcək. Yerə və göyə sığmayan təkəbbürünüzü, dağlardan da artıq əzəmətinizi elə hala salacam ki, özünüz özünüzü tanımayacaqsınız.

Qiyamətdə insanların durumu
Kiçik bir aləm olan insan bu dünyadan ayrılarkən çox əziyyət çəkir. Təsadüfi deyil ki, canvermə anında insanın çəkdiyi məşəqqət həm də onun kəffarəsi kimi qəbul olunur. Quran bu anı "Ölüm qorxusundan qıçın-qıça dolaşacağı zaman" (Qiyamət 29) adlandırır. Zəməxşəri demişkən, ruhun bədəndən çıxması anı olan bu hal, çox əziyyətli və çox çətindir. Qiyamətdə isə bu məşəqqət son dərəcə şiddətli olacaq. Göylərin və Yerin, Günəş və ulduzların qiyamətdəki vəziyyətlərini açıqlayan Quran, həmin məkanda insanların durumunu belə bəyan edir: «O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək, çəyirtkə kimi bir-birinə qatışacaqlar» (Qariə 4). «Onlar elə zəif, aciz, zəlil və elə peşiman olacaqlar ki...» (Zəməxşəri).

İnsanların qiyamətdəki digər hallarını xarakterizə edən Rəbbimiz buyurur: «Onu (qiyaməti) görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar. İnsanları sərxoş görərsən, halbuki, onlar sərxoş deyillər» (Həcc 2). Quran qiyamət dəhşətinin şiddətini və bu şiddətin insana necə təsir etməsini belə nəql edir: «Uşaqları ağsaçlı qocalara döndərəcək gündən özünüzü necə qoruyacaqsınız» (Muzəmmil 17). Göründüyü kimi, böyük dərd və bəlaya düçar olan insanın bir gecədə qara saçının ağarması və ya yuxusunda Cəhənnəm əzabını görən bir kəsin ertəsi gündəki halı, həmin ayədəki məşəqqətin cüzi hissəsidir. Çünki ayə həddi-büluğa çatmış gəncin yox, uşaqların ağsaçlı qocalara dönəcəyindən xəbər verir. Qiyamətdəki məşəqqətin şiddəti və müxtəlifliyini Quran belə açıqlayır: "Üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çövrələrin qaralacağı qiyamət günündən (qorxun)" (İnsan 10); «O gün onları başlı-başına buraxarıq. Onlar dalğalar kimi bir-birinə qarışarlar» (Kəhf 99). Yəni, insanlar eybəcər şəkildə su dalğaları kimi bir-birinə qarışıb tanınmaz hala düşərlər.

Qiyamət əbədiyyətin qapısıdır
Qiyamət və onun iki mərhələsi: Surun birinci dəfə çalınması ilə hamı öləcək, ikinci dəfə isə hamı dirilib həşir meydanına gətiriləcək. Həmin gün kimi üçün qəhr, kimi üçün isə fəxr günüdür. O zaman gözlər, barmaqlar, əl və ayaqlar, Günəş, Ay, ulduzlar, gecə və gündüzlər və daha nələr-nələr gördüklərinə, bildiklərinə və eşitdiklərinə şahidlik edəcəklər. Bir yanda vaxtilə ilahilik iddiasında olan birisi, digər tərəfdə isə rüşvət, korrupsiya və digər haramlarla tanınan tanış bədbəxtlər üzü üstə sürünəcəklər. O biri tərəfdə isə "çürümüş sümükləri kim dirildəcək" deyənlər şaşqınlıq, peşimançılıq və dəhşət içində qıvrılacaqlar. Orada haqq batilə, ədalət zülmə, halal harama qalib gələcək. Kimisi əbədi səadət evinə, kimisi də irinli və atəşli Cəhənnəmə… Bir sözlə, insanlar o gün ölüm deyilən ilahi bir rəhmətdən ilahi bir qüdrətlə yenidən dirilərək, məhşərə çəkiləcəklər.

Dünya hikmət, axirət isə qüdrət aləmidir. Dünya hikmət aləmi olmasaydı, hər şey birdən yaranardı. O zaman baba nəvədən, ağac da çiçək və meyvədən məhrum olardı. Axirət qüdrət aləmi olmasaydı, qiyamət bir anda qopmazdı və Allahın möhürü olan insan da bir anda «ol» möhürü ilə dirilməzdi.

Bəli, böyük aləm olan Kainatı da və kiçik aləm sayılan insanı da qədər qələmi kim yazıbsa, möhürü də vuran Odur. Lakin Kainatda ən axırda yaradılan insan olduğu üçün, son xətm də və son möhür də Bəşərdir. Və heç kim də özünün Allahın möhürü olduğuna əmin olub güman etməsin ki, həmin gün ondan etdikləri işlər barədə heç nə soruşulmayacaq. Əks halda qiyamətə, məhşərə, sorğu-suala Cənnət və Cəhənnəmə ehtiyac da qalmazdı.

Vaqif Cəliloğlu
Bakı xəbər.- 2010.- 31 may.- S.12.

0 şərh