Təqlidin hökmləri

Məsələ 1: Hər bir müsəlmanın üsuli-dinə əqidəsi bəsirət və dəlillə olmalıdır. Üsuli-dində təqlid mümkün deyil. Yəni üsuli-dində ayrı bir şəxsin sözünü, yalnız onun deməsinə etimad edərək qəbul etmək olmaz. Amma İslamı əqidələrə yəqini olan bir şəxs onları izhar edirsə, bu əqidəsi bəsirət üzündən olmasa da, o şəxs müsəlman və mömin sayılır, bütün İslam və iman hökmləri də onun üzərinə düşür. Müsəlman dinin zəruri və qəti olmayan hökmlərində ya müctəhid olub dəlillərdən nəticə çıxara bilməli, ya bir müctəhidə təqlid etməli, ya da öz təklifini yerinə yetirərkən yəqin edəcək bir şəkildə, ehtiyat yolu ilə əməl etməlidir, məsələn, bir əməlin, müctəhidlərin bəzisi haram, digərləri isə haram olmadığını söyləyirlərsə, o əməli etməməli və əgər bir əməli müctəhidlərdən bəzisi vacib, digərləri isə müstəhəbb buyururlarsa, onu etməlidir. O halda müctəhid olmayan şəxslər və ehtiyata əməl edə bilməyənlər, bir müctəhidə təqlid etmələri vacibdir.
Məsələ 2: Hökmlərdə təqlid, müctəhidin göstərişlərinə əməl etməkdir. Təqlid ediləcək müctəhid kişi, həddi-buluğa yetmiş, ağıllı, 12 imam (ə.s) şiəsi, halalzadə, diri və adil olmalıdır. Adil, üzərinə vacib olan işləri yerinə yetirib, ona haram olan şeylərdən çəkinən şəxsə deyilir. İnsanın zahirdə yaxşı olması ədalətin nişanəsidir, belə ki, onunla eyni yerdə yaşayan camaatda, qonşulardan və ya onunla əlaqədə olan şəxslərdən, onun haqqında soruşsalar, onun yaxşı bir insan olduğunu təsdiq etsinlər. Ehtiyac duyulan yerdə və ümumi məsələlərdə müctəhidlər arasında fətva ixtilafı olduğu təqdirdə insanın təqlid etdiyi müctəhid ələm olmalıdır. Yəni Allahın hökmlərini fəhm etməkdə zəmanəsinin müctəhidlərinin hamısından daha bilikli olmalıdır.
Məsələ 3: Müctəhid və ələmi üç yolla tanımaq mümkündür:
1. İnsanın özü yəqin etsin; məsələn, insanın özü elm əhli olub müctəhid və ələmi ayırd edə bilsin.
2. Müctəhid və ələmi tanıyan iki adil alimin, bir şəxsin müctəhid və ya ələm olduğunu təsdiq etmələri ilə; yalnız bunlar kimi başqa iki adil alim, bunların sözlərinin əksini söyləməməsi şərti ilə; hətta daha güclü bir fikrə görə, bir şəxsin müctəhid və ya ələm olmağı, insanın inamı olan bir şəxsin sözü ilə də sübut oluna bilər.
3. Müctəhid və ələmi tanımağa qadir olan və sözlərindən xatircəmlik hasil olan bir dəstə elm əhlinin bir şəxsin müctəhid və ya ələm olduğunu təsdiq etmələri ilə.
Məsələ 4: Əgər aralarında ələm və qeyri-ələm olduğu bilinən iki və ya daha çox müctəhidlərin ehtiyac duyulan və ümumi məsələlərdə ixtilaflı fətvaları olduğu bilinərsə və ələmi tanımaq mümkün olmazsa, mümkün olduğu təqdirdə ehtiyat odur ki, mükəlləf bütün məsələlərdə onların fətvalarının arasında ehtiyat etməlidir. Hərçənd ki, bu məsələ daha geniş kitablarda açıqlanan bir təfsilə malikdir. Amma ehtiyata əməl etmək mümkün olmasa, ayrı müctəhidlərdən ələm olduğu ehtimalı verilən müctəhidin fətvasına əməl etməlidir. Əgər hər ikisinin ələmiyyətinin eyni səviyyədə olduğuna ehtimal verirsə, hansının fətvasına istəyirsə, əməl edə bilər.
Məsələ 5: Müctəhidin fətvasını əldə etmənin dörd yolu vardır:
1. Müctəhidin özündən eşitmək.
2.Müctəhidin fətvasını nəql edən iki adil şəxsdən eşitmək.
3.İnanılmış bir şəxsdən eşitmək.
4.Düzlüyünə əmin olunmuş, müctəhidin risaləsində görmək.

Məsələ 6: İnsan müctəhidin fətvasının dəyişdiyini yəqin etməyənə qədər, onun risaləsində yazılmış fətvalara əməl edə bilər. Əgər hökmün dəyişdiyinə ehtimal versə, axtarış aparmaq lazım deyil.
Məsələ 7: Ələm müctəhidin fətva verdiyi bir məsələdə, o müctəhidin müqəllidi, yəni ona təqlid edən şəxs başqa müctəhidin fətvasına əməl edə bilməz. Amma fətva verməsə və «Ehtiyat bu şəkildə əməl etməkdir» deyərsə, məsələn; ehtiyat budur ki, namazın birinci və ikinci rükətində həmdi oxuduqdan sonra şəxs bir surə oxumalıdır, müqəllid vacib ehtiyat deyilən şeyə əməl etməlidir. Yaxud təqlidi caiz olan bir müctəhidin fətvasına əməl edibsə və o müctəhid də həmdi kifayət bilirsə, buna əsasən o surəni tərk edə bilər. Həmçinin ələm müctəhid bir məsələnin düşünülməli və ya işkallı olduğunu deyərsə, bu da eyni hökmdədir.
Məsələ 8: Ələm müctəhid, bir məsələdə fətvasını verdikdən sonra və fətva verməzdən əvvəl, o məsələdə ehtiyat bir hökmü açıqlayarsa, məsələn; nəcis bir qab kürr suda bir dəfə yuyularsa, pakdır, amma ehtiyat odur ki, üç dəfə yuyulsun deyirsə, onun müqəllidi bu ehtiyatı tərk edə bilər və buna müstəhəbb-ehtiyat deyilir.
Məsələ 9: Əgər insanın təqlid etdiyi müctəhid dünyadan köçərsə, vəfatından sonra da dirilik hökmünü daşıyır. Buna görə, əgər diri olan müctəhiddən ələm olarsa, ehtiyac duyulan məsələlərdə fətva fərqləri olduğu təqdirdə vəfat etmiş müctəhidin təqlidində baqi qalmalıdır. Amma diri müctəhid ondan ələm olarsa, diri müctəhidə təqlid etməlidir. Məsələnin əvvəlində gələn təqliddən əsas məqsəd, müctəhidin fətvasına əməl etmək deyil, müqəllid üçün fətvalarını əməl etdiyi müctəhidin müəyyən olmasından ibarətdir.
Məsələ 10: Əgər mükəlləf, bir məsələdə bir müctəhidin fətvasına əməl edirsə, onun ölümündən sonra eyni məsələdə diri müctəhidin fətvasına əməl edərsə, həmin məsələni ölən müctəhidin hökmünə uyğun yerinə yetirə bilməz.
Məsələ 11: İnsanın ehtiyac duyduğu məsələni öyrənməsi vacibdir.
Məsələ 12: İnsan, hökmünü bilmədiyi bir məsələylə qarşılaşarsa, ya ehtiyata əməl etməlidir, ya da deyilmiş şərtlərə əsasən bir müctəhidə təqlid etməlidir. Amma əgər o məsələdə, ələm müctəhidinin fətvasını öyrənmək imkanı yoxdursa, ələm müctəhidin qeyri-ələmlə fətva fərqlərini bilsə də, qeyri-ələmə təqlid etməyi caizdir.
Məsələ 13: Bir şəxs bir müctəhidin fətvasını başqa bir şəxsə söyləyərsə, sonradan o müctəhidin fətvası dəyişərsə, ona fətvanın dəyişdiyini xəbər verməyə ehtiyac yoxdur. Amma fətvanı söylədikdən sonra səhv dediyini başa düşsə, onun fətvanı səhv deməsi, o şəxsin şəri vəzifəsinə əksinə əməl etməsinə səbəb olarsa lazım ehtiyata əsasən imkan daxilində o səhvi aradan qaldırmalıdır.
Məsələ 14: Bir mükəlləf, əməllərini təqlidsiz etdikdən sonra bir müctəhidə təqlid edərsə, əgər o müctəhid, onun təqlidsiz etdiyi bu əməllərin düzlüyünə hökm edərsə, əməlləri səhihdir, əks təqdirdə həmin əməllər batil hökmünü daşıyır.

0 şərh