Şüur və İbadət

İnsanın, insanlığın və təbiətin xüsusiyyətini pozan müasir ağılsızlığa qarşı, iman mərkəzli yeni bir həyatın inşası zəruridir. Bu zərurət yalnız Ümməti Məhəmmədin xilası üçün deyil, insanlığın və hətta təbiətin və exo sistemin salamatlığı üçün də keçərlidir.

İnsanüzlü bir həyatın yenidən inşası üçün yeni bir cəmiyyətin inşası şərtdir. İnşa ediləcək bu yeni cəmiyyətin vəzifəsi yer üzündə tövhid və ədaləti yenidən təsis etmək olacaq. Bu keyfiyyətdə olacaq bir cəmiyyətin ən böyük xüsusiyyəti digər cəmiyyətlərə analıq edə biləcək ləyaqətdə olmasıdır. Quran, məhz bu cəmiyyətə "ümmət" adını verir. Ümmət, yəni kəlmə mənası ilə "ana cəmiyyət". İnsanlığa ana kimi yar olan, onları şəfqət və mərhəmətlə qucaqlayıb səadətə çağıran, bir xoşbəxtlik simvolu kimi ürək - ürək insanlığa hüzur daşıyan, onlara azadlığın və ədalətin həqiqi qapısını göstərən bir cəmiyyət. Qula qulluğu yox edib Allaha qulluğa çağıran, insanlığın dəyişməz dəyərlərinin o biri adı olan İslam ilə məxluqatın şərəf siyahısında ilk sırada olan insanı görüşdürən bir cəmiyyət.

Yeni bir cəmiyyətin inşası üçün yeni bir insanın inşası qaçınılmazdır. Yeni bir insan; Allaha, özünə, cəmiyyətə və əşyaya qarşı məsuliyyətinin şüuruna çatmış, özü ilə davalı deyil barışıq olan, daha doğrusu özü və Rəbbi ilə tanış olan bir insan. Bəşər olmaqdan xilas olub insan olma şərəfinə çatan, öz səadətini üzvü olduğu insanlıq ailəsinin səadətində görən, özünə qarşı yadlaşmayan, başqa sözlə həqiqətə qarşı da yadlaşmayan, öz həqiqi yüzünü ürək aynasında seyr etməkdən çəkinməyəcək qədər doğru bir insan. 

Bilməklə kifayətlənməyib tanıma səviyyəsinə ucalan, hiss etməklə kifayətlənməyib şüura ucalan, baxmaqla kifayətlənməyib görən, eşitməklə kifayətlənməyib qavrayan, mücərrəd bir inancla kifayətlənməyib inancını həyata çevirən, şirkdən uzaq dayanmaqla kifayətlənməyib İbrahim kimi bütləri qıran, tövbə etməklə kifayətlənməyib Adəm kimi cənnətini axtaran, şeytana uymamaqla kifayətlənməyib şeytanı daşlayan, cəsədini qurban verməklə kifayətlənməyib İsmayıl kimi nəfsini qurban edən bir insan.

Azadlıq və əminliyini imanı ilə zəmanət altına almış, şəxsini və şəxsiyyətini bədəl ödəyərək tapmış, izzət və şərəfi imtina edilməyəcək dəyərlər arasında bilmiş, xam ikən bişmiş bir insan.
Yeni bir insanın inşası yeni bir idrakın inşası ilə mümkündür. İdrak yəni köhnəlməz ifadəsi ilə şüur. 

Modern fərdin alt-üst olmuş dəyər mühakiməsini yenidən əsl mövqeyinə çevirən bir şüur. 

Öz özünü dərk edən və başqası tərəfindən də o dəqiqə dərk edilən bir şüur. 

Sahibini sürüdən biri olmaqdan çıxarıb şəxsiyyət edən bir şüur. 
Bir düşünün: Dəvə də Məkkəyə gəlir, dəvənin üzərindəki insan da. Ərafata, Məşarilharama, Minaya dəvə ilə gedər. Əgər bir səbəbi varsa, dəvə ilə təvaf və say edə bilər. Siz dəvənin yerinə maşını qoya bilərsiniz, heç nə dəyişməyəcək. Ancaq dəvə ya da maşın hacı olmaz, insan hacı olar. İkisi arasındakı fərq şüur fərqidir. Dəvə nə üçün gəldiyinin fərqində deyil, lakin insan nə üçün gəldiyinin fərqindədir. 
Məhz bu səbəblə şüur, bir davranışı ibadətə çevirən yeganə eliksirdir.

Nəyə lazımdır yeni bir şüur inşası? Çünki hər biri fərdi və ictimai xəstəliklərimizə məlhəm, problemlərimizin həlli olan ibadətlərin yenidən qazanılması, yalnız yeni bir şüurla mümkündür.
"İbadətlərin yenidən qazanılmasından" söz etdim. Bəli, çünki biz ibadətləri itirmişik. Nəbinin hələ o vaxtlar "namazı itirəcəklər" möcüzəvi xəbərində olduğu kimi (Əhməd b. Hanbəl, 3/28) namazı itirdik. Orucu itirdik. Zəkatı itirdik. Həcci itirdik. Bayramı itirdik. Qurbanı itirdik. Namaz qıldıq, oruc tutduq, amma ruhunu itirdik. Həzrəti Peyğəmbərin dili ilə desək, "bizə yalnız yorğunluğumuz və aclığımız" qaldı. Halbuki, bütün ibadətlər, fərdi və ictimai bir çox dərdə dərman olma xüsusiyyəti daşıyır. Məsələn; Qurana görə "namaz insanı pisliklərdən və ifratdan qoruyurdu" [29.45]. 
Oruc, "insanda Allaha qarşı məsuliyyət şüuru oyadırdı" [2.183]. Zəkat, "insanı və cəmiyyəti saflaşdırar və təmizləyər." Həcc, "insana ayaqları üzərində durmağı, qiyamı, müqaviməti, üsyanı öyrədirdi" [5.97]. Bütün bunlar cinayət, günah, anarxiya, haqsızlıq, zülm, təcavüzkarlıq, zorakılıq, zillət, miskinlik, tənbəllik, cəhalət, bədbəxtlik, ümidsizlik və daha bir çox xəstəliklərin dərmanı idi. 

İtən hər bir ibadət bizdən bir az səadəti uzaqlaşdırır, bizi bir az da fəlakətə yaxınlaşdırırdı. Ruhunu və şüurunu itirdiyimiz ibadətləri qurbanını kürəyində daşıyan Qabil kimi kürəyimizdə daşıyır, onlarla tezliklə dəfn edilməsi lazım olan bir ölü kimi davranırdıq. Halbuki, hər ibadət bizi əbədi xoşbəxtliyə daşıyan bir Burak (İslam qaynaqlarında Peyğəmbərin meracda mindiyi minik. Burak kəlməsi İldırım, şimşək, parıldamaq, işıldamaq mənalarına gələn Brek kəlməsindən törədilmişdir) olmalı idi. İbadətlərlə ənginliklərə "uçmalı" deyildikmi? Ruhunu itirdiyimiz ibadətlər bizi cənnətə deyil, ardında buraxdıqları doldurulmaz boşluğun uçurumuna yuvarladılar. 

Hər ibadəti insanın Allaha göndərdiyi bir məktuba bənzədə bilərik. 
Şüursuz və ruhsuz ibadətlərimiz içi boş məktuba döndülər. Zərf vardı. Hətta çox gözəl, bəzək - düzəkli. Amma məktub yox idi. Halbuki zərf, qiymətini içində daşıdığı mesajdan alırdı. İçərisində məktub olmayan zərf yalnız boş bir zərf deyil, bəzi hallarda göndərilənə qarşı həm də təhqir mənası da daşıyırdı. Yəni, içərisi boş olaraq göndərilən bir zərfin daşıdığı bir mesaj varsa da, bu sahibini xəcalətli edən pis bir mesaj idi. 
Bax, içərisində şüur olmayan bir ibadət də, içi boş bir zərfi xatırladırdı. Nəticədə, mesaj yerinə çatmadı. İbadətdən gözlənilən nəticə alınmadı. Və bütün bunların nəticəsində ibadətlər itirildi.

Namazı yenidən qazanmaq lazımdır.
Orucu, zəkatı yenidən qazanmaq lazımdır.
Xüsusilə həcci yenidən qazanmaq lazımdır.
Onları iyləmək, dadmaq, hiss etmək, duymaq, geyinmək və yaşamaq lazımdır. Məhz o zaman bəlkə Peyğəmbərin bu sözünün mənasını qavraya bilərik: 

"Dünyanızdan mənə üç şey sevdirildi. Birincisi, gözümün nuru namaz..." 
(Əhməd b. Hanbəl, 3/28, №12315; Nesai, 5911) 
Lap yaxşı, qiblə şüuru olmadan namaz şüuru necə ola bilər? 
Əlbəttə, ola bilməz. Qiblə, - ərazi şüurunu, - ən gözəl şəkildə həcc ibadəti oyandıra bilər.

İbadətlər içərisində həcci, peyğəmbərlər içərisində Həzrəti Məhəmmədə və səmavi mesajlar içərisində Qurana bənzədə bilərik. Necə ki, Həzrəti Peyğəmbər hər peyğəmbərin ən güclü xüsusiyyətlərini özündə birləşdirən bir şəxsiyyətdir, Quran bütün vəhylərin hamısını vücudunda daşıyan bir xitabdırsa, həcc də bütün ibadətlərin hamısını vücudunda birləşdirən başqa bir ibadətdir.
Həcc, eynilə namaz kimi, məlum zamanlarda və məlum məkanlarda edilən rukunları ilə zaman şüuru və məkan şüuru qazandırır. 

Həcc, həm namaz və oruc kimi cismani, həm zəkat kimi maddi, həm cümə və cihad kimi ictimai və siyasi bir ibadətdir. Bu üç ölçünü bu cür diqqətəlayiq bir şəkildə vücudunda toplayan yeganə ibadətdir. Buna görə də Həzrəti Peyğəmbərin dilindən digər heç bir ibadət üçün verilməyən müjdələr həcc üçün verilmişdir. Yeganə bir şərtlə: Məqbul olması, xeyirli olması, yəni qəbul olunmuş olması şərti ilə. Həzrəti Peyğəmbər buyurub: "Allah qatında məbrur [qəbul olmuş] həccin qarşılığı şübhəsiz ki, cənnətdir." 
(Buxari, № 1683, Ay, Müslüm, Əbu Davud, Tirmizi və baçqaları)

Gördüyümüz kimi, həccin məqbul olanı və olmayanı var. Məqbul olmayan həcc, sıxıntılı turistik səyahətdən başqa heç bir şey deyil. Qəbul olunmuş bir həcc isə, bütün digər ibadətləri dirildən bir həyat eliksiridir. Hər kəsi əmin edərəm ki, həccini diriltmiş bir insanın namazı, orucu, zəkatı, cihadı, dəvəti, fərasəti, bəsirəti, fitrəti və şəxsiyyəti yenidən diriləcək. Bu mənada həcc, sanki bütünlüklə bir "bası bə'dəl - məvt" ["yenidən diriliş"] hərəkətidir. İbadətlərin hamısını diriltmənin və yenidən qazanmanın ən qısa və möhkəm yolu həcci diriltməkdən keçir. Həcci dirildən bir fərd, şəxsiyyətini diriltmiş olacaq. Həcci dirildən bir ümmət isə itirdiyi qürur və şəxsiyyətinə yenidən qovuşacaq. 

Həcc universal bir diriliş müjdəsidir. Hacı, Allahla müqaviləsini yeniləmiş insandır. Məkkə özünü Həzrəti İbrahimə nisbət edən hər kəsin ortaq mərkəzidir. Özünü Həzrəti İbrahimə nisbət edən hər kəs onun inanc soyuna mənsubdur. Həzrəti İbrahim və İsmayılın duası, eynilə miladi VII əsr cahiliyyəsində qəbul olunduğu kimi, həcc təkrar dirildiyi zaman, XXI əsr cahiliyyəsində də qəbul olunacaq:
"İbrahim, İsmayılla birlikdə Kəbənin təməllərini yüksəldərkən belə yalvardılar: 'Rəbbimiz! Bizdən qəbul buyur! Yalnız Sənsən bütün duaları eşidən, və könüllərdəkini bilən də yalnız Sənsən! Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et! Nəslimizdən də Sənə hər zaman təslim olacaq öndər cəmiyyətlər var et! Bizə necə qulluq edəcəyimizi göstər və bizi bağışla! Heç şübhə yoxdur ki, Sən, tövbələri çox qəbul edənsən, rəhmətlə rəftar edənsən'!" [Bəqərə, 127-128]

Mənbə: azerislam.com

0 şərh