Dinimizdə elmin yeri

Elm insan həyatında ən mühüm vasitələrdən biridir. Allah Təalanın bizə vermiş olduğu bu nemət sağlam düşüncəmizin, doğru mübarizə şəklimizin,  sağlam əqidəmizin təşəkkülündə əsas rol oynayır. Bu səbəbdən Allah (a.c.) Qurani Kərimdə ilk olaraq "oxu" əmri ilə başlamışdır. Allah  Rəsuluna (s.a.v.) ilk nazil olan ayələr buna dəlalət edir:

 

''(Ya Peyğəmbər! Qur'ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana   bilmədiklərini öyrətdi." (Alaq, 1-5) Ayələrdən göründüyü kimi Rəbbimiz tövhid pozulmasının, insanlar arasında zinanın, faizin, bir çox pisliklərin yayılmış olduğu bir ortamda "oxu" əmri ilə insanları haramları halaldan, pisi yaxşıdan ayırmağa çağırmışdır. Allahın adı ilə oxumaq və oxuyaraq yaradılışımızın fərqinə varmaq, varlığımızı dərk edərək üzərimizdə olan haqq sahiblərinə haqqlarını vermək. Məhz bu baxımdan, bəs dinimizdə elm dedikdə nə nəzərdə tutulur? Elmlər dini və dünyəvi olaraq bölünməlidirmi? Bu gün müsəlmanlar hansı elmləri öyrənməlidirlər? Və bu kimi suallara Allahın izni ilə cavab verməyə çalışacağıq...                                                     
İslam aləminin qızıl əsrlərinə baxdıqda alimlərimizin mühəddis, müfəssir, fəlsəfəçi olması ilə yanaşı həm də təbabət, riyaziyyat, astronomiya v.s. elmləri də bildiklərini görürük. Bu belə bir nəticəyə gəlməyə imkan verir ki, əvvəlki dövrlərdə alimlərimiz dini və dünyəvi elm deyə elmləri ayırmazdılar. Yəni elmləri Allahın adı ilə və Allah rizası üçün öyrənərdilər. Əsl olan öyrənilən elmin hansı yöndə istifadə olunmasıdır. Yəni bir müsəlman öyrəndiyi fəlsəfə ilə Allahın yoxluğunu ortaya qoymağa çalışanlara qarşı mübarizə apararsa, bir astronomiya alimi öyrəndiyini ulduzların kəşfi, kainatdakı möhtəşəmliyi və ya digər möcüzəvi hesablamaları ortaya qoymağa çalışarsa, bir kimyagər yiyələndiyi elmlə maddələrdəki kimyəvi mürəkkəbliyi tanrının da nələrə qadir olduğuna gətirib çıxararsa əlbəttə Allah rizası üçün vaxtını və elmini sərf edər. Dini və dünyəvi elm ayrılması isə planlı şəkildə dini dövlətdən ayırmağı, müsəlmanları isə yalnız məscidlərə və mədrəsələrə bağlamaqdan başqa bir şeyi güdmürdü. Çox heyf bu məqsədi güdənlər də məqsədlərinə nail oldular! Bu gün islam dünyası verən əl deyil, alan əl funksiyasındadırlar. Peyğəmbərimiz (s.a.v.) də buyurduğu kimi "Verən əl alan əldən üstündür" dilənçiyə verilən pul misalı kimi verilən bu hədis bu gün istehsal edən ölkələrin, həmin istehsal olunan malları alan ölkələrə verdikləri mallar üçün də  uyğundur. Nə qədər ki, müsəlmanlar Avropada,  ABŞ-dan, Yaponiyadan, Çindən v.s. ölkələrdən müxtəlif məhsulları alaraq hazıra nazir olacaqsa, almaqda asılı olduğumuz kimi, siyasətimizdə də asılı olacağıq. Bu inkişafı əldə etmək üçün isə Allahın əmrlərinə tam təslimiyyətlə boyun əyərək, onun ayələrini və peyğəmbərimizin hədislərini doğru anlayıb, hər bir sahədə tətbiq etmək lazımdır! Böyük islam alimi İ. Qəzzali öz dövründə müsəlmanların fiqhi öyrənməsini qadağan etmişdir. Xüsusilə qadınlara təbabəti öyrənməyi təşviq etmişdir. Alimin belə bir təşviqi fiqhin ehtiyac olmayan elm olmasına görə deyil, müsəlmanların ancaq buna meyl etməsindən və müsəlman qadınların yəhudi həkimlərin yanında müalicə almasından qaynaqlanırdı! Eyni hadisə günümüzə də daşınmalıdır. Çünki  hamımızın  hər bir sahəni mükəmməl bilməyə deyil öz sahəmizdə mahir olub, o məharəti həyatda tətbiq etməyimiz lazımdır...                                                                                                     
Peyğəmbərimizdən də elmin və alimin dəyəri barəsində bir çox hədislər rəvayət olunmuşdur. Bunlardan biri "Kim elm tələbi ilə evdən çıxarsa o, evinə qayıdana kimi Allah yolundadır" (Tirmizi/Elm) hədisi şərifidir. Hədisdən göründüyü kimi elm tələbəsi elm yolunda Allah üçün axtarışlar edərsə, o axtarışı səbəbi ilə Allah yolundadır. Müasir islam alimlərindən Mustafa İslam oğlu isə "Əshabi Suffani" islam tarixində ilk universitetə bənzədir. İlk təhsil ocağı kimi peyğəmbərimiz buradakı əshabələri döyüşlərə aparmaz, elm tələbəsi kimi yetişdirərək qövmlərə dəvət, insanlara islamı öyrətmək üçün göndərərdi. Bundan əlavə  Rasulullah (s.a.v.) kadr mövhumuna da xüsusi yer ayıraraq yetişmiş kadrları yaşlarına görə deyil bilik və iş bacarıqlarına görə qiymətləndirər və yönləndirərdi. Bir sözlə əmanət sahibinə əmanətini verərdi Allah (a.c.) əmrinə uyğun olaraq: "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!" (Nisa 4/58)                                                                          
İslamda elmin təriflərindən biri də belədir "elm yaşanarsa elmdir, əgər yaşanmazsa sadəcə yük kimidir!". Bu təsnif elmin də üzərimizdə haqqının olduğunu ortaya qoyur. Allah Təala Qurani Kərimdə buyurduğu kimi:  "Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. (Muhamməd (a.s.) həqiqi peyğəmbər olmasına dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü doğru yola yönəltməz!" (Cuma 62/5)  Bir çox ayəni tarixə bağlayıb, həmin insanlara aid olduğunu iddia edib, yalnız yəhudiləri içinə aldığını iddia etməyək. Doğrudur yəhudilər Tövrat göndərildikdən sonra ona əməl etmədiklərinə görə "kitab yüklü ulaq" adlandırılır, amma, biz də Quran göndərildikdən sonra ona əməl etməsək nəyə bənzədiləcəyimizin fərqinə varmaq o qədər də çətin deyil! Bu mənada elm də əgər oxunaraq, öyrənilərək həyata keçirilmədən qalarsa, yükdən başqa bir şey olmaz və yük sahibinə xeyir vermədiyi kimi heç kəsə də xeyir verməz... Necə ki, xüsusilə də böyüklərimiz arasında yayılan "dediyimi et, etdiyimi etmə " anlayışına çevrilər.  Elm alimlərin ölümü ilə ortadan qalxar. Peyğəmbərimiz (s.a.s.) hədislərin birində belə buyurur: "Allah Təala elmi insanların hafizələrindən silib unutdurmaq yoluyla deyil, ancaq alimləri öldürüb ortadan qaldırmaq sürəti ilə alar. Nəticədə ortada heç bir alim qalmaz və insanlar bir qisim cahilləri özlərinə lider seçərlər. Onlara bəzi məsələlər soruşular, onlar da bilmədikləri halda fətva verərlər. Nəticədə həm özləri azar, həm də insanları azdırarlar." (Buxari Elm 34, Muslim Elm)  Hədisdən gördüyümüz kimi Allah rəsulu alimin dəyərini belə ifadə edərək, alimsiz dövrün gələcəyini və bu vaxt insanların elmsiz alimləri idarəçiliyə gətirəcəyindən 14 əsr bundan əvvəl danışmışdır. Bu gün də başımıza gələn bir çox faciə, müsibətlərin bundan qaynaqlandığının fərqinə varmaq məncə çətin deyil! Bundan başqa xüsusilə xalqımız arasında məşhur olan bir hədis üzərində durmaq istərdim:                                                                      
"Bir saat elm oxumaq, 60 il ibadətdən üstündür" hədisi şərifindən danışsaq, bunu iki cür izah etmək olar. Bir tərəf hədisin bir saat elmin 60 il ibadətdən üstün olduğunu iddia edərək ibadəti tərk edərək "ancaq oxumaq lazımdır" çünki elm ibadətdən üstündür iddia edir. Hədisdə keçən 60 il ibadət nafilə ibadət barəsindədir. Yəni fərz namaz, oruc, zəkat v.s. ibadətlərin yerini heç bir şey verə bilməz! Qəsd olunan Allah yolunda elmə sərf olunan vaxtın sünnət, nafilə ibadətlərə sərf olunacaq vaxtdan nə qədər fəzilətli olduğunu bildirmək üçün istifadə olunmuşdur. Digər tərəf isə bu hədisin əsilsiz olduğunu iddia edərək boş şeydir və ya o bir saat elm ancaq Quran və hədisləri oxumaqdan ibarətdir iddia edir. Doğrudur islam dünyasını ilk yüksəldən Quran və Sünnət olduğu kimi son yüksəldən də o iki əmanət olacaq inşallah. Amma unutmayaq ki, hədis və Qurani Kərim bir siyasət, informatika, kimya, fizika, müasir texnologiyaları əhatə edən kitablar deyil insanları hidayətə, doğru yola götürən və insanlara sağlam düşüncəni aşılayaraq sağlam mübarizəni, əxlaqı, əqidəni öyrədən kitablardır... Əslində bir saat elm Allah rızası üçün sərf edilərək öyrənilən və yaşanan hər bir elm ola bilər. Tərcüməsini başa düşmədiyimiz bir saatlıq Quran oxunuşu, üzərində düşünmədən keçdiyimiz peyğəmbər kəlamları o bir saatı dərk edərək müsəlmanlara xeyir verəcək bir kimyəvi, bioloji, fiziki kəşfə sərf olunacaq vaxtdan üstün ola bilməz. Xüsusilə də ölülərimizə oxuduğumuz Quran surə və ayələrindən üstündür. Ən doğrusunu Allah bilir...                               
Elmdən danışarkən elm əhlinin də vəsflərindən danışmalıyıq. Elm əhli "ağac bar verərkən başını aşağı əydiyi kimi" elmləndikcə də başını aşağı əyərək, daha təvazökar olmalı, təkəbbürə varmalı deyil. Çünki böyüklük, təkəbbür yalnız Allaha yaraşar. Çünki onun elmi və mülkü hər şeyi əhatə etmişdir. Bizim elmimiz isə məhdud olub ən qısa müddətdə baş verənləri əhatə edir. Gələcəyə bağlı düşüncə və qərarlarımız isə zənnlərdən başqa bir şey deyil. Bu mənada dinimizdə məzhəb alimlərinin dilindən onların təvazökarlığına dair misallara baxaq. Əbu Hənifə (r.) belə buyurmuşdur:  "Bu Numan bin Sabitin rəyidir. Çıxara bildiyimiz rəylərin ən gözəli budur. Kim bundan daha gözəlini irəli sürərsə doğruya daha yaxın olan odur" alimin sözündən də görünür ki, onun məzhəb davası və ya insanları ancaq mən dediyim doğrudur deyə çağırışı yoxdur! 
İmam Şafi (r.) həyatda ən çox istifadə etdiyi söz "bilmirəm" idi. Onun bilmirəm sözü isə bilməməzliyindən deyil, suallara verəcəyi cavabdan daşıyacağı məsuliyyətdən qaynaqlanırdı. Haqqında 40 nəfər elm əhli razılıq verəndən sonra insanlara şəri məsələlərdə fətvalar vermişdir.                                                               
İmam Cəfər Əs Sadiq (r.a.) "Düşünmədən əməl edən xırman eşşəyinə bənzər" deyir. İmam Cəfərin sözündən də aydın olur ki, o, özü də kor-koranə təqlidə, dindəki təəssübkeşliyə qarşı çıxır. Düşünmədən əməl edən insanı isə xırmanda fırlanan və düşünməyə belə vaxtı olmayan ulağa bənzədir! 
İmam Malik isə "Mən bir bəşərəm. Bəzən xəta, bəzən də doğru qərar verərəm. Bu səbəblə mənim rəy və ictihadımı tədqiq edin. Kitab və sünnətə uyğun görsəniz qəbul edin, uyğun olmazsa rədd edin" islamla şərəflənmiş alimin öz fikirlərinə verdiyi dəyər bu şəkildə olmalıdır. Çünki elm əhli elmin haqqını verərək, hər zaman Rəbbi qarşısında aciz olduğunu bilməlidir. Bu acizlik onu qürurlanmamağa, təkəbbürə varmamağa  sövq etməlidir! Gətirilən misallardan çıxaracağımız nəticə məzhəb alimlərinin etmədiyi məzhəb davasını etməmək, bizə qoyulan mirasa sahib çıxmaq, 5-10 kitab oxuduqdan sonra təkəbbürə vararaq böyük alimlərə, əshabə nəslinə dil uzadıb lənət etməmək, onları təhqir etməməkdir və elmimiz artdıqca qürurlanmamaqdır...

loading...

0 şərh